Xeyirxah əməllərin müəllifi
Azərbaycan müstəqil dövlətdir. Bu töhfə eyni zamanda qərinələrlə, əsrlərlə milli azadlıq mücadiləmizin məntiqi yekunudur. Artıq 19 ildir ki biz bu yolla gedirik. Bu yolda kifayət qədər çətinliklər və maneələr də olmuşdur. Müstəqilliyi qorumaq, saxlamaq və möhkəmləndirmək onu qazanmaqdan da çətindir. Şanlı tariximizin bu səhifələrinin yazılmasında dünyanın ən görkəmli ictimai-siyasi dövlət xadimlərindən biri ümummilli lider Heydər Əliyevin rolu, xidmətləri əvəzolunmazdır. Bu gün müstəqil Azərbaycanımızın dünya birliyində yeri Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, uzaqgörən çoxşaxəli fəaliyyətinin nəticəsində gündən-günə möhkəmlənir.
Вu şərəfli fəaliyyətdə möhtərəm Prezidentimizlə onun həyat yoldaşı, millət vəkili, Azərbaycan Mədəniyyətinin Dostları, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, xalqın dərin hörmətini və məhəbbətini qazanmış Mehriban xanım Əliyeva da qoşa addımlayır. O da sözün həqiqi mənasında tarixi şəxsiyyət olduğunu özünün çox istiqamətli fəaliyyəti ilə artıq çoxdan sübut etmişdir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini istər mətbuatımız və istərsə də nəşr edilmiş ədəbiyyatlar tam olmasa da işıqlandırıblar. Bütün bunlara baxmayaraq ümumxalq məhəbbəti qazanmış, ürəyində intəhasız vətən sevgisi gəzdirən Mehriban xanım Əliyeva haqqında bir məqalə çərçivəsində böyük minnətdarlıq hissi ilə ürək sözlərimi qələmə almağı özümə borc bildim. Çünki mənim dünyaya göz açdığım Hacıqabul rayonunun Qızılburun kəndində də yüksək səviyyəli yeni məktəbin inşası, onun kompyuterləşdirilməsi, kəndə asfalt yolun çəkilməsi bu xeyirxah xanımın adı ilə bağlıdır.
Mehriban xanım Əliyeva iki böyük məktəbin yetirməsidir. İlk öncə xalqımızın böyük yazıçısı Mir Cəlalın milli vətənpərvərlik ruhunda yazılmış əsərlərindən bəhrələnmiş, doğma xalqına məhəbbət və sevgi, milli dəyərlərə hörmət qanına hopmuşdur. Görkəmli ziyalı, akademik Arif Paşayevin, nəinki keçmiş SSRİ məkanında, bütün Şərqdə tədqiqatçı-alim kimi tanınan Aida xanım İmanquliyevanın ailəsində milli ruhda böyüyüb, boya başa çatan, onların tərbiyə məktəbindən keçən məmləkətin birinci xanımı belə də olmalı idi.
Mehriban xanım mükəmməl təhsil almış yüksək intellektə malik bir şəxsiyyət kimi formalaşmışdır. Belə ki, orta məktəbi qızıl medalla başa vuraraq, M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, həkimlik peşəsinə yiyələnmiş, Elmi-Tədqiqat İnstitutunda bilik və təcrübəsini daha da zənginləşdirmişdir. Fəlsəfə elmləri namizədidir. Elmin bu sahəsinə maraq onun milli ruhundan, tarixi adət-ənənələrimizə bağlılığından, milli mədəniyyətimizə dərin hörmətdən yaranmışdır.
Onun bir şəxsiyyət kimi formalaşmasında Ulu öndər Heydər Əliyev siyasi məktəbinin güclü təsiri olmuş, onun bir siyasi və dövlət xadimi olaraq bilik və təcrübəsindən, qeyri-adi zəkasından bəhrələnmişdir. Heydər Əliyev ideyalarına, vətənə, xalqa bağlılığı, zəngin mədəniyyətimizə dərin hörmət və qayğısı Mehriban xanımın həyat amalına çevrilmişdir.
Yaşadığımız dünya nə qədər praqmatik olsa da mənəvi meyar və bəşəri dəyərlər hər zaman aktual olur. Xeyriyyəçilik, yaxşı əməl, mənəvi saflıq hər bir bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdən sayılır. Mənəvi kamillik səviyyəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsil ziyalı vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilir. Məmləkətin birinci xanımı kübar həyatdansa ölkənin siyasi həyatında tədricən, lakin dönmədən özünün iştirak imkanlarını artırmaqla son dərəcə mühüm kulturoloji, sosial layihələr həyata keçirməklə, siyasətçi, diplomat, ictimai xadim yolunu seçdi və həyatının mənasını xalqına, vətəninə məhəbbətdə gördü. Xalqımızın minilliklərlə yaradıb yaşatdığı bəşəri dəyərlərin hamisinə və əsl qayğıkeşinə çevrildi.
Mehriban xanımın 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratması məhz bu bəşəri amalları reallaşdırmaq arzusundan irəli gəlmişdi. Fondun prezidenti kimi milli mədəniyyətimizin inkişafı, xalqımızın tarixi və mədəniyyətinin xaricdə təbliği, bir neçə il sonra isə həm də Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri kimi ölkəmizdə bu idman növünün yüksəlişi istiqamətində gördüyü işlər cəmiyyətdə razılıqla qarşılandı. Azərbaycan Mədəniyyətinin Dostları Fondu Mehriban xanımın rəhbərliyi altında faydalı tədbirlərin beşiyinə çevrilmiş, beynəlxalq səviyyəli tədbirlər-festivallar, konsertlər, sərgilər təşkil etməklə əslində mədəniyyətimizin mükəmməl təbliğatçısı olmuşdur. Mehriban xanım Əliyevanın xalq musiqisinin, bənzərsiz muğamlarımızın, poeziyamızın inkişafındakı xidmətləri onun milli ruhlu olması, xalqa, onun bəşəriyyətə verdiyi töhfələrə böyük hörməti və tükənməz qayğısı ilə bilavasitə bağlıdır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə, 1996-cı ildən Azərbaycan, rus, ingilis dillərində çap olunan "Azərbaycan-İrs" jurnalını təsis etmişdir.
İndiki qloballaşma əsrində təkcə xalqların malik olduğu milli-mədəni irsin deyil, bütövlükdə ümumbəşəri dəyərlərin ziyanlı, mənfi təzahürlərdən qorunması vacib məsələ kimi önə çıxaraq müasir dövrün ictimai sifarişinə çevrilmişdir. Dünyamızda gedən bu prosesləri məmləkətin birinci xanımının daha düzgün qiymətləndirməsi ilə çoxşaxəli fəaliyyəti həmahəng səslənir. Onun bu fəaliyyəti bəşəri mədəniyyətlərin inkişaf yolunu izləyən, onun qorunub-saxlanmasına xüsusi səylər göstərən beynəlxalq institutların da diqqətini özünə cəlb etmiş, Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqisinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə o, 2004-cü ildə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Çünki Mehriban xanım Əliyevanın fəaliyyəti bəşəriyyətin xilasına yönələn milli mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Fondun çox şaxəli fəaliyyəti YUNESKO tərəfindən də diqqətlə izlənir və yüksək rəğbətlə qarşılanır. YUNESKO-nun Baş direktoru Koişiro Matsuura fondun prezidentinin gördüyü işlərin təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya üçün müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdır. "Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahəsindəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir."
Ümummilli liderimiz, Ulu öndər Heydər Əliyev müasir, demokratik Azərbaycan dövlətini yaratdı, onu cənubi Qafqazın nüfuzlu, hegemon ölkəsinə çevirdi. Azərbaycanda dövlətçilik təfəkkürünün formalaşmasında, azərbaycançılıq ideyasının təşəkkülündə böyük rol oynadı və xalqımızın əbədi lideri statusunu qazandı. Bu gün onun xalqı bütün zamanlarda olduğundan daha rahatdır. Çünki dahi liderimiz Heydər Əliyevin ideyaları, siyasi kursu möhtərəm Prezidentimiz, xalqın sevimlisi cənab İlham Əliyev tərəfindən ləyaqətlə, yaradıcılıqla davam etdirilir. Mehriban xanım Əliyeva da Heydər Əliyev siyasi məktəbinə sədaqətini, onun zəngin və şərəfli həyat yolunun, ideyalarının, irsinin öyrənilməsini, təbliğini, yeni nəsillərə aşılanmasını hər şeydən zəruri sayıb Heydər Əliyev Fondunun yaradılması təşəbbüsündə oldu. 2004-cü ilin may ayında bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında təsis olunan Heydər Əliyev Fondu zəmanənin diktə etdiyi zərurətdən, müasir dövrün ictimai sifarişindən yarandı. Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyətə başlayan Fond elmə, təhsilə xüsusi qayğı ilə yanaşdı. Ona görə ki, müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının vacib şərti kimi çıxış edir. Müasir dövrdə dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin müasir texnologiyalara dərindən yiyələnməsi gündəmə gəlmişdir. Fondun prezidenti kimi məmləkətin birinci xanımı ulu öndərimizin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Mehriban xanım sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına və həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Millət vəkilidir. Onun rəhbərlik etdiyi fond yarandığı gündən istər paytaxtda, istərsə də regionlarda yüzlərlə təhsil və tərbiyə müəssisəsi inşa etdirmiş, bayram günlərində kimsəsiz, qaçqın və köçkün, şəhid balalarının qonağı olmuş, onları sevindirmişdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyət dairəsi ildən-ilə genişlənir. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya görə "İlin qadını", ictimai mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət məsələlərinin dəstəklənməsinə Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdür.
Son illərdə ölkəmizdə xeyriyyəçilik institutu formalaşıb, inkişaf etməkdədir. Bu müqəddəs işdə Mehriban xanım Əliyevanın rolu daha böyük və əvəzsizdir. Bu ali hissin fəlsəfəsini Mehriban xanım belə izah edir: "Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqalarının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir". Mehriban xanım xeyirxah əməlləri bir fəlsəfi kateqoriya səviyyəsinə qaldırır: "Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividentlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır".
Mehriban xanım Əliyevanın həyat fəaliyyətinin ən mühüm cəhətlərindən biri də kimsəsiz, fiziki qüsurlu uşaqlara qayğı ilə yanaşması, onların kövrək qəlblərini sevindirməsidir. Bundan böyük savab iş nə ola bilər. Burada Mehriban xanımın yüzlərlə görüşlərindən bir neçəsini xatırlamaq yerinə düşərdi. Bakının Nərimanov rayonundakı kar və zəif görən uşaqlarla görüşü, məktəb ləvazimatı, görməyənlər üçün yazı cihazları təqdim etməsi, onlara olduqca səmimilik və mehribanlıq göstərməsi, bayram şənliklərində iştirakı, həyat şəraiti ilə yaxından tanış olması, bir də Nəsimi rayonunun 218 saylı yardımçı məktəbində olması, şagirdlərə müxtəlif məktəb ləvazimatları, bayram sovqatları paylaması, onların çıxışlarına heyran qaldığını söyləməsi, uşaqların təhsili, təlim-tərbiyəsi ilə də maraqlanması şübhəsiz uşaqların uzun müddət yadlarından çıxmayacaq. Bu görüşlərdən aldığı təəssüratını jurnalistlərlə bölüşən millət vəkili demişdi: "Mən çox xoşbəxtəm ki, bu gün uşaqlarla bir yerdəyəm. Görürsünüz nə gözəl, nə göyçək uşaqlardır, nə gözəl oynayır, nə gözəl oxuyurlar. Hesab edirəm ki, böyük xoşbəxtlikdir ki, bizim belə uşaqlarımız var, Azərbaycanın belə gələcəyi var. Mən özümü onlarla çox-çox yaxşı hiss edirəm".
Kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların 2005-ci ilin 3 yanvarı yadımdadır. Həmin gün Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi altında "Gülüstan" sarayında müxtəlif orta məktəblərdə təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərdə tərbiyə alan, qaçqın və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənliklərini keçirdi. Ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən filmin nümayişi iştirakçılarda xoş duyğular oyatdı. Bayram şənliyində təşkil edilmiş maraqlı müsabiqələrin qaliblərinə Heydər Əliyev Fondunun mükafatları və hədiyyələri təqdim edildi.
Xoşməramlı səfirin kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlarla görüşməsi, onlara yardımları bu gün də davam etməkdədir. Mehriban xanım Əliyevanın uşaqlara qayğısı, məhəbbəti təkcə paytaxt Bakı ilə məhdudlaşmamış, geniş miqyasda Azərbaycanın digər şəhər və kəndlərini də əhatə etmişdir. Bununla əlaqədar yüzlərlə misallar gətirmək olar ki, onların hamısında xoşməramlı səfirin qayğısı və zəhməti vardır. Fondun Prezidenti Mehriban xanım Əliyeva öz çıxışlarında dönə-dönə qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, məmləkətin gələcək inkişafı təhsildən, savadlı və sağlam nəslin yetişdirilməsindən də çox asılıdır. Odur ki, xoşməramlı səfirin sosial proqramlarında ictimai-siyasi fəaliyyətində təhsilə qayğı xüsusi yer tutur.
Mehriban xanım Əliyevanın vətənə, onun övladlarına qayğısı sevgisi, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının təqdimatındakı nitqində aydın görünür: "Bu proqramın adı onun mahiyyətini əks etdirir. Ölkəmizdə günbəgün yeniləşmə gedir. Bu yeniləşmə təhsil sistemində də getməlidir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnməli, dünya təhsil sisteminə, inteqrasiya olunmağı bacarmalıdır... Amma biz böyüyən nəslin qarşısında, belə tələblər qoyarkən, münasib şərait yaratmağa borcluyuq."
Prezident İlham Əliyevin qonşu ölkələrlə münasibətlərin daha da genişləndirilməsinə, təhsil və digər sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verdiyini nəzərə alan Heydər Əliyev Fondu "Təhsilə dəstək" proqramı çərçivəsində Qax, Zaqatala və Balakən rayonlarının tədrisin gürcü dilində aparılan məktəblərinin 1-2-ci sinif şagirdlərinə yeni dərsliklərin və məktəb ləvazimatlarının verilməsi tədbirini də müvəffəqiyyətlə həyata keçirmişdir. Adı çəkilən layihə əsasında Heydər Əliyev Fondunun nümayəndə heyətinin Rusiya paytaxtındakı 157- saylı etno-mədəni təmayüllü məktəbdə olmaları bu təhsil ocağına 10 ədəd kompyuter dəsti, rəngli printer, 2 ədəd surətçıxarma aparatı hədiyyə etməsi xoşməramlı səfirin respublikadan kənarda yaşayan gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.
Xoşməramlı səfir, millət vəkili Mehriban xanım Əliyevanın səhiyyəmizin inkişafına da göstərdiyi qayğı və diqqət xüsusi qeyd edilməlidir. Bakıda mövcud olan tibb müəssisələrinin əsaslı təmirində, yenilərinin inşasında, Bakı qəsəbələrinin inkişafına dair xüsusi proqrama uyğun olaraq yeni tibb ocaqlarının tikilib istifadəyə verilməsində Heydər Əliyev Fondunun prezidenti xoş məramlı səfir, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi rolu olmuşdur. Eyni sözləri regionlara da aid etmək olar. Bununla yanaşı xarici şirkətlərin hədiyyə etdiyi tibbi avadanlıqların dərhal Səhiyyə Nazirliyinə təqdim edilməsi, "Dövlətli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələrinin qəbulu və reallaşdırılmasında Mehriban xanım Əliyevanın böyük rolu olmuşdur. Onun rəhbərliyi altında tibb müəssisələri ilə sıx əlaqə qurulmuş, lazımi tədbirlər həyata keçirilmişdir. Ölkə səhiyyəsi üçün prioritet məsələlərdən olan Talassemiyasız həyat problemini həll etmək məqsədi ilə xoşməramlı səfirin təşəbbüsü və dəstəyi ilə Bakıda ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Talassemiya Diaqnostika Mərkəzi inşa olunmuşdur. Ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qisminə isə xüsusi ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir.
Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanımın qarşısında duran nəcib əməllərdən biri də ailə qayğısından məhrum uşaqların ailələrə verilməsi ilə onların müdafiəsi sahəsində ümumxalq tədbirinin həyata keçirilməsi idi. Mehriban xanımın bu nəcib təşəbbüsü ölkə Prezidenti İlham Əliyevin 29 mart 2006-cı il tarixli "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deins-titusionalizisiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" sərəncamı ilə öz həllini tapdı.
Səhiyyəyə göstərdiyi qayğı və diqqət beynəlxalq aləmdə də yüksək dəyərləndirilmişdir. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci ilin yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür.
Təsis olunduğu vaxtdan bu günə qədər xoşməramlı səfirimiz Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir neçə layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş, ulu öndərimizin ali ideallarını özündə təcəssüm etdirmişdir.
12 iyun 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfransın Bakıda keçirilməsi tarixi bir hadisə olub, tarixi ənənələrimizə qayğı və hörmətin bariz nümunəsi idi. Konfransın açılış mərasimində ABŞ, Almaniya, Böyük Britaniya, Bəhreyn, Estoniya, Gürcüstan, İsrail, Misir, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrdən 50-dən çox nümayəndə, bir sıra beynəlxalq təşkilat təmsilçisi, Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, xarici ölkələrin səfirləri iştirak edirdilər. Burada qonaqlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu və zəngin siyasi, dövlətçilik fəaliyyəti ilə bağlı bütün məlumatları qayğıkeşliklə toplayaraq etibarlı surətdə qoruyub saxlayan Fondun məqsəd və məramı barədə ətraflı məlumat verildi. Bu işdə Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulandı. Heydər Əliyev Fondunda təşkil edilmiş qədim əlyazmalar və kitablar sərgisi də qonaqlarda böyük maraq doğurdu.
Məlumat verildi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar institutunda saxlanılan 11 minə qədər əlyazmanın 364-ü tibbə aiddir. Həmin əlyazmalardan xüsusi əhəmiyyət daşıyan 3-ü YUNESKO-nun Dünya Yaddaşı Beynəlxalq registrinə daxil edilmişdir. Bunlar XI əsrdə yaşamış Əbülqasım Zəhrəvinin «Əl-Məqalət əs-Səlasun» (Cərrahiyyə və alətlər haqqında») çoxcildlik əsərinin 13-cü hissəsi, Əbu Əli Sinanın XII əsrdə Bağdadda üzü köçürülən "Əl-Qanun fit Tibb" ("Tibb qanunları") kitabının 2-ci cildi və Rüstəm Cür-caninin XII əsrdə üzü köçürülmüş "Zaireiy-Nizamşah" ("Nizamşahın ehtiyatları") əlyazmasıdır. Ümumbəşəri sərvət olan və dövrün məşhur xəttatları tərəfindən üzü köçürülmüş bu mədəni irs nümunələri Əlyazmalar İnstitutunda qorunub saxlanılır.
Konfransı giriş nitqi ilə Mehriban xanım Əliyeva açdı. Sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Yaşayan tarix" filmini seyr etdilər. Film Azərbaycan tarixi, mədəniyyəti, abidələri, eləcə də bunların qorunub saxlanılmasına Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi ardıcıl diqqət və qayğı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsinə verdiyi töhfələr, qurumun beynəlxalq əlaqələri barədə geniş təsəvvür yaratdı. Xüsusilə ölkəmizdə xalq təbabətinin qədim tarixi, ənənələri, Azıx mağarasından tapılan əşyalar, Qəbələ, Təbriz, Şamaxıda VII-XIV əsrlərdə mövcud olan əczaxanalar, tibb məktəbləri, alim-həkimlər, Azərbaycanın flora və faunası, dərman bitkiləri, onlardan istifadə qaydaları, mineral ehtiyatları barədə verilən elmi-tarixi məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.
Qeyd etdiyimiz kimi, 1996-cı ildə Mehriban xanım Əliyevanın təsisçiliyi ilə nəşrə başlayan "Azərbaycan-İrs" jurnalı bu gün də tariximizə, mədəniyyətimizə, incəsənətimizə dair maraqlı materiallar, görkəmli incəsənət xadimlərinin yubileyləri və xatirə gecələri haqqında məlumatlar dərc edir. Azərbaycan mədəniyyətinin Mehriban xanımın timsalında özünə etibarlı hami və xilaskar tapması yüksək qiymətləndirilməlidir. "Öz milli mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi YUNESKO çərçivəsində qeyd olunan "Kitabi-Dədə Qorqud" eposu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik. Bu gün yüksək texnologiyalar, qloballaşma və informasiya inteqrasiyası dövründə qeyri-maddi irsin qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir"- deyə Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun fəaliyyətində bu məsələni xüsusi diqqətdə saxlayacağını bildirir. O, belə hesab edir ki, Azərbaycan xalqının milli mədəniyyətinin qorunması üçün ilk növbədə, maddi-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, habelə ictimai şüurda daha möhkəm intişar tapmasına səy göstərmək lazımdır: "İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə düşünülmüş münasibət göstərməsi son dərəcə vacibdir". YUNESKO-nun "Dünya İrs Siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası Heydər Əliyev Fondunun prezidentinin çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindəndir. Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması Heydər Əliyev Fondunda incəsənətimizin bu qiymətli, dəyərli sahəsi haqqında dəyirmi masaların keçirilməsi məhz bu diqqət və qayğının nəticəsi idi.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Azərbaycan Muğam sənətinin inkişafı və qorunması istiqamətində "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşr olunması və "Gülüstan" sarayında təqdimat mərasiminin keçirilməsi, muğam ensiklopediyasının hazırlanması, elmi nəzəri traktatların tərcümə edilməsi və çapa hazırlanması, onun tarixi köklərimizə bağlılığından, vətənə dərin məhəbbətindən xəbər verən danılmaz cəhətlərdir. Bütün dünyada diqqətlə izlənilən və böyük marağa səbəb olan 2007-ci ilin muğam müsabiqəsi də onun bitib, tükənməyən fəaliyyətinin nəticəsi idi.
Ölkənin ildən-ilə artan nüfuzu, iqtisadiyyatın sürətli inkişafı, ictimai-siyasi sabitlik Azərbaycanı bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərin mərkəzinə çevrilmişdir. Heydər Əliyev Fondunun beynəlxalq əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi tədbirlər də bu qəbildəndir.
Fondun dəstəyi ilə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik, kimyaçı alim, akademik Yusif Məmmədəliyev və görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyləri böyük təntənə ilə qeyd olunmuşdur. Dünya şöhrətli musiqiçilər Mstislav Rostropoviç və Dmitri Şostakoviçin yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevanın himayəsi ilə 2007-ci il noyabrın 1-də "Gülüstan" sarayında "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfrans keçirildi. Konfrans "Gənclər sivilizasiyaların alyansı naminə: arzular həyata keçir" filminin nümayişi ilə başlandı. Konfransda Prezident İlham Əliyevin təbrik məktubu oxundu. Konfransı açan Mehriban xanım öz çıxışında ilk olaraq Qətər dövlətinin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnədi və konfransın digər iştirakçılarını salamladı. İngilis dilində çıxış edən Mehriban xanım Əliyeva dedi: "Təqribən 50 ölkənin gənc liderləri, Beynəlxalq təşkilatların təmsilçiləri, siyasətçilər, alimlər və ictimai xadimlər yeni beynəlxalq hərəkatın təsis edildiyi yerə - Bakı şəhərinə toplaşmışlar. Hələ qədim vaxtlardan Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmətlə yanaşmış, dözümlülük ənənələri ilə yanaşmışdır". Sivilizasiyalararası dialoqda gənclərin rolunu yüksək qiymətləndirən Mehriban xanım demişdi: "Əminəm ki, bu mötəbər forum müxtəlif mədəniyyətlərə, ənənələrə və dinlərə malik olan gəncləri bir araya gətirəcək, mədəniyyətarası anlaşmanı möhkəmləndirəcəkdir".
Bakıda 14 may 2008-ci il tarixdə Dünyada Savadlılığın Dəstəklənməsi üzrə "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovasiv yanaşmaların tətbiqinə dəstək" mövzusunda YUNESKO-nun regional konfransı məhz Mehriban xanımın təşəbbüsü ilə keçirilmişdir. Konfransda bu beynəlxalq təşkilatın baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, İordaniyanın şahzadəsi xanım Ferial, İspaniyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə Avropanın 31 ölkəsindən nümayəndə heyəti iştirak etmişdir. "Gülüstan" sarayında mövzu ilə bağlı konfrans iştirakçılarına 18 adda qədim kitab, "Qurani-Kərimin" müxtəlif nüsxələri və 183 dərs vəsaiti nümayiş etdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbriki oxundu. Konfransı açan xoşməramlı səfirimiz, millət vəkili Mehriban xanım Əliyeva demişdi: "Mən bu cür mühüm konfransın Bakıda keçirilməsini təhsil sahəsində öz siyasətinin təşviq olunmasında Azərbaycanın əldə etdiyi nailiyyətlərin bəyənilməsi kimi qiymətləndirirəm". YUNESKO-nun baş direktoru Koişiro Matsuura təhsil və mədəniyyət sahəsində bir çox layihələrin Mehriban xanımın rəhbərliyi ilə uğurla keçirilməsindən öz razılığını bildirdi: "Biz Azərbaycanla təhsil, mədəniyyət və elm sahələrində sıx əməkdaşlığı davam etdirəcəyik".
Azərbaycan bu gün paralel olaraq həm Qərbə, həm də Şərqə inteqrasiya etməklə bərabər, hər iki sivilizasiyanın dialoqu prosesində vasitəçi kimi iştirak edir, mədəniyyətlərarası yaxınlaşmaya öz töhfəsini verir. 2008-ci ilin avqustunda Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.
2008-ci il noyabrın 7-də Parisdə Fransa Dövlət Şərq dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsi açıldı. Bu hadisə Azərbaycan adlı məmləkətə beynəlxalq miqyasda marağın artmasından və onun nüfuzunun gün-gündən yüksəlməsindən xəbər verdiyi kimi, doğma dilimiz Azərbaycan dilinə marağın artmasını göstərir. Fakültənin açılışında xoşməramlı səfirimiz iştirak etmişdi. Burada çıxış edən institutun müəllimi Jil Otye Azərbaycanda olduğunu və Azərbaycanda yaşayan kiçik xalqların dillərini tədqiq etdiyini bildirərək dedi: "Dünyanın ən gözəl dili Xəzər sahillərində, Kür və Araz çaylarının qovşağında danışılır və yazılır. O, Mehriban xanım Əliyevaya bu missiyanın reallaşmasında göstərdiyi əməyə görə təşəkkürünü də bildirdi. Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə Fondun Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarının açılması da qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsi baxımından geniş imkanlar açır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla xanım Əliyeva Fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. 2007-ci ilin dekabrında Leyla xanım Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan "Bakı" jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız barədə daha dolğun məlumatları əldə edə biləcəklər.
Rusiyanın keçmiş birinci xanımı Lyudmila Putinanın himayəsi ilə 2007-ci ilin oktyabrında Moskvada keçirilən "BibliObraz-2007" beynəlxalq festivalında Azərbaycanın xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun Moskva Filialının rəhbəri Leyla xanım Əliyevanın iştirakı Rusiya ilə hərtərəfli əlaqələrə xüsusi önəm verildiyindən xəbər verir. Ölkəmiz Heydər Əliyev Fondunun bilavasitə iştirakı ilə əlvan və rəngarəng proqram hazırlamış, Azərbaycanın tarixini, bu gününü, zəngin mədəniyyətini hərtərəfli təmsil etmişdir. Festival iştirakçılarının etirafına görə "Azərbaycan stendi" ən maraqlı və zəngin stend idi.
Mehriban xanım Əliyevanın fəaliyyətinin bir sahəsi də Milli Məclisin deputatı kimi gördüyü işlərdir. O, Bakı rayonlarından birini nümunəvi rayona çevirmiş, genişmiqyaslı amnistiya aktı keçirilməsi barədə təşəbbüslə Milli Məclisə müraciət etmiş, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Şimali Amerikaya uğurlu səfər etmiş, daha neçə-neçə xeyirxah təşəbbüs göstərmişdir.
Biz bu məqalədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, qəlbi vətən sevgisi, xalq məhəbbəti ilə döyünən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin cüzi bir hissəsinə işıq sala bildik. İnanırıq ki, məmləkətin birinci xanımı möhtərəm Prezidentimiz İlham Əliyevlə çiyin-çiyinə öz xalqı, vətəni naminə bundan sonra da böyük işlər görəcəkdir. Bu şərəfli və işıqlı yolda ona uğurlar arzulayırıq.
Fəxrəddin Məmmədov,
Azərbaycan Tibb Universitetinin professoru
İki sahil.- 2009.- 14 may.- № 88.- S. 4.