Çap etmək   ⁞     ⁞   UNESCO

Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin yığıncağı keçirilmişdir


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xoşməramlı səfirlərin illik yığıncağında iştirak etmək üçün Parisə gəlmişdir. Martın 15-də YUNESKO-nun iqamətgahında xoşməramlı səfirlərin illik yığıncağı keçirildi. Mehriban Əliyevanı YUNESKO-nun protokol rəhbəri Jan Lui Şan və xoşməramlı səfirlər proqramının başçısı xanım Basma İrşeyd qarşıladılar.

Yığıncaq başlamazdan əvvəl YUNESKO-nun baş direktoru Koişiro Matsuura Mehriban Əliyevanı Azərbaycan parlamentinin deputatı seçilməsi münasibətilə bir daha təbrik etdi. Xoşməramlı səfirlər də Mehriban xanımı təbrik etdilər və deputatlıq fəaliyyətində müvəffəqiyyətlər arzuladılar.

Sonra yığıncaq başlandı. Yığıncağı giriş sözü ilə açan YUNESKO-nun baş direktoru Koişiro Matsuura yenidən bu vəzifəyə seçilməsi münasibətilə ona təbrik məktubu göndərənlərə minnətdarlığını bildirdi, yığıncağın gündəliyi barədə məlumat verdi. O, ötən il ərzində mədəniyyət, elm və təhsil sahəsində görülmüş işlərdən danışdı, dünyanı narahat edən problemlərin aradan qaldırılmasında YUNESKO-nun yaxından iştirakından bəhs etdi və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı.

YUNESKO-nun əsas prinsiplərindən biri olan mədəni və bəşəri irslərin qorunmasında 30 xoşməramlı səfirin gördüyü işlərə toxunan baş direktor Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etdi və ona təşəkkürünü bildirdi. Koişiro Matsuura YUNESKO tərəfindən həyata keçirilən “Hamı üçün təhsil” layihəsinin müvəffəqiyyətlə reallaşdırıldığını xatırlatdı. Yığıncaqda çıxış üçün söz Mehriban Əliyevaya verildi.


YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı

– Hörmətli baş direktor!

Hörmətli xoşməramlı səfirlər!

Xanımlar və cənablar!

Bu, YUNESKO-nun 60 illiyini qeyd etdikdən sonra bizim ilk görüşümüzdür. 60 il ərzində bu təşkilat özünün ən yüksək ideyalarına xidmət etmişdir. Həmin müddət ərzində gözəçarpacaq nailiyyətlər əldə olunmuş, böyük işlər görülmüş və bir çox mühüm layihələrdə uğurlar qazanılmışdır.

Cənab Matsuura, icazə verin, YUNESKO-nun 60 illiyi münasibətilə sizi bir daha səmimi qəlbdən təbrik edim və bütün YUNESKO ailəsinə təhsilin, mədəniyyətin və elmin inkişaf etdirilməsində uğurlar arzulayım, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında konstruktiv dialoqun daha da möhkəmləndirilməsində nailiyyətlər diləyim.

YUNESKO-nun baş direktorunun rəhbərlik etdiyi böyük bir nümayəndə heyətinin qurumun 60 illiyi ərəfəsində Azərbaycana səfəri ölkəmizin tarixində daim yaşayacaqdır. Buna görə də mən öz səmimi minnətdarlığımı, nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmiş xoşməramlı səfirlərə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Biz onlarla birlikdə təhsil problemlərini müzakirə etdik. Çünki bu problemlər hər bir ölkənin gələcəyi üçün çox vacibdir.

Biz birlikdə tarixi Qobustana səfər etdik. Tanınmış Norveç alimi Tur Heyerdalın dediklərinə görə, Qobustan bizim hamımızın eyni köklərə, eyni keçmişə malik olduğumuzu sübut edir. Biz Suraxanıda Atəşgahda təşkil olunmuş gözəl konsert dinlədik və bu tarixi Atəşgah onu nümayiş etdirir ki, Azərbaycan müxtəlif mədəniyyətlərə məxsus irsi lazımınca qorumaq iqtidarında olmuşdur.

Biz hamımız Muğam Mərkəzinin təməl daşını qoyduq və ümidvaram ki, yaxın gələcəkdə biz onun açılış mərasimində iştirak edəcəyik. Mən bütün həmkarlarımı məlumatlandırmaq istəyirəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu Azərbaycanda öz fəaliyyətini genişləndirmişdir. 2005-ci ilin mart ayında keçirilmiş illik konfrans zamanı bildirdim ki, YUNESKO-nun tədbirlərində iştirak etmiş hər kəs “Hamı üçün təhsil” proqramının vacibliyini, onun həyata keçirilməsinin əhəmiyyətini lazımınca qeyd etmişdir. Lakin, eyni zamanda, mən xüsusilə aydın şəkildə vurğulamaq istəyirəm ki, dünyanın hər bir guşəsində bu proqramın həyata keçirilməsi müxtəlif millətlərə qeyri-tarazlı münasibətdən, yanaşmadan azad olmalıdır. Misal üçün, önəmli bir faktdır ki, YUNESKO-nun işçi qrupu Azərbaycanda qaçqın və məcburi köçkünlərin uşaqlarının təhsil problemlərinin həllinə yardım etmək üçün ölkəmizə gəlmişdir.

Nəhayət, 2006-cı ildə həyata keçirdiyimiz ilk layihə iki xoşməramlı səfir tərəfindən təşkil olunmuş festival oldu. Bu, Mstislav Rostropoviçlə həyata keçirdiyimiz birgə layihə idi. Fevralın 20-dən etibarən bir həftə ərzində biz Azərbaycanda dünya şöhrətli bəstəkar Dmitri Şostakoviçin 100 illiyini qeyd etdik. Mən belə gözəl musiqi bayramına görə, festivaldan dərhal sonra Azərbaycanda qızılcaya qarşı aparılmış genişmiqyaslı peyvənd kampaniyasına görə Mstislav Rostropoviçə bu gün öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətli dostlar, mən sizi bir daha görməyimdən çox şadam. Sizə çoxlu

uğurlar, möhkəm cansağlığı və səadət arzulayıram.

* * *

Fasilə zamanı YUNESKO-nun baş direktoru və xoşməramlı səfirlər xatirə şəkli çəkdirdilər. Sonra YUNESKO-nun baş direktoru Koişiro Matsuura xoşməramlı səfir Mehriban Əliyevanı qəbul etdi. Görüş zamanı baş direktor ölkəmizdə təhsil, mədəniyyət və elm sahəsində gedən proseslərlə maraqlandı.

Yığıncaqdan sonra YUNESKO-nun baş direktoru adından xoşməramlı səfirlərin şərəfinə ziyafət verildi.


Xalq qəzeti.- 2006.- 16 mart.- № 57.- S. 3.