Çap etmək   ⁞     ⁞   Fond haqqında

Gənclərin inkişafına Heydər Əliyev Fondundan misilsiz töhfə

20 ildir ki, Ulu Öndərin ideyalarına sadiq qalan, onun əməllərini yaşadan və arzularını gerçəkləşdirən Heydər Əliyev Fondu səmərəli fəaliyyəti ilə ölkəmizin gələcək tərəqqisinə, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsinə yeni-yeni töhfələr bəxş edir

Heydər Əliyev Fondu tariximizə müasir müstəqil dövlətimizin qurucusu kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Fond Ümummilli Lider Heydər Əliyevin xatirəsinə 2004-cü il 10 may tarixində təsis olunmuşdur. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran dahi şəxsiyyət Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. 20 illik fəaliyyəti dövründə Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman bu amala sadiqliyini nümayiş etdirmişdir. Əldə olunan çoxşaxəli uğurlarımızda Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolu danılmazdır.

Müasir dünyada hər bir ölkənin inkişafında, onun dünya birliyinə inteqrasiyasında təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmuş milli təhsil modelinin gerçəkləşdirilməsinə yardımçı olmaqdır. Bu məqsədə çatmağın yolu təhsilin infrastrukturunun yeniləşdirilməsindən, müasir tipli yeni məktəblər inşa etməkdən, təlim-tədris prosesi üçün lazımi şərait yaratmaqdan keçdiyi üçün Fond öz fəaliyyətində yeni məktəblərin tikintisinə, tədris müəssisələrinin bərpasına, təmirinə və müasir avadanlıqlarla təchiz olunmasına xüsusi önəm verir. Bu baxımdan Fondun ardıcıl həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı ölkədə xüsusilə böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində 2004-cü ildən ölkənin şəhər və rayonlarında 500 məktəb tikilmiş və təmir olunmuşur. Fond 2023-cü ilki Bilik Günündə 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində istifadəyə vermişdir.  Bildirək ki, yeni tədris ilində Heydər Əliyev Fondu Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil ocağını – 19 məktəb və 3 məktəbəqədər müəssisəni müəllim və şagirdlərin istifadəsinə verib. 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur.

Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı istiqamətlərdən birini xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etmək, onların cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək təşkil edir. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. “Uşaqlar bizim gələcəyimizdir. Onları necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaq.” Ümummilli Lider Heydər Əliyevin ən müdrik kəlamlarından olan bu tövsiyələrdə bu günümüzün, sabahımızın qurucuları olan gənc nəslə etibarı, inamı öz əksini tapıb. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da bura əlavə etsək deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Əsas təşkilatçısı Heydər Əliyev Fondu olmaqla “Hər uşağın ailəyə ehtiyacı var” kampaniyasının həyata keçirilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Bu baxımdan Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Fonda ünvanlanmış minnətdarlıq məktublarının sayı sonsuzdur.

Diabetli və hemofiliyalı uşaqların müalicəsinin ölkədə və respublikadan kənarda təşkili üçün Fondun göstərdiyi xidmətlər əvəzsizdir. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişlər. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan bankının yaradılması gələcək nəslin sağlamlığına ən böyük töhfədir. “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən işlər daim təqdir olunur. Həmçinin uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Belə ki, Fond təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görür. BMT-nin İnkişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan böyük əhəmiyyət kəsb edir. Həmin sazişə əsasən Azərbaycanda kor və görmə qabiliyyəti zəif olanların informasiya-kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları vasitəsi ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğun artırılmasına, ümumən bu insanların yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir. Həmin saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk uğurlu nəticəsidir. Gələcəyin ixtisaslı mütəxəssislərinin hazırlanması mexanizminin əsası məktəb illərində qoyulduğu üçün təhsil müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasına başlıca vəzifə kimi diqqət yetirilir. MDB məkanında yeganə olaraq Azərbaycanda bütün siniflər üzrə təhsil alan şagirdlər pulsuz olaraq dərsliklərlə, oxu materialları və əlavə tədris vəsaitləri ilə təmin olunurlar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi profilli və sadələşdirilmiş tədris proqramlarına uyğun məktəblər, internatlar fəaliyyət göstərir.

Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə daxilində və xaricində çox böyük layihələr həyata keçirir, beynəlxalq tədbirlər təşkil edir. Eyni zamanda, beynəlxalq təşkilatların tədbirləri Fond tərəfindən ölkəmizdə və xaricdə uğurla təşkil olunur. Dünyanın bir sıra dövlətləri, beynəlxalq qurumlar Heydər Əliyev Fondunun bu fəaliyyətini yüksək qiymətləndirib, Fondun prezidentini ən yüksək mükafatlarla təltif ediblər. Bütün bu uğurların təməlində Mehriban Əliyevanın gərgin əməyi dayanır. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Bakıda Muğam Mərkəzi açılıb, Qarabağ xanəndələrinin albomu hazırlanıb, muğam festivalları keçirilir, ayrı-ayrı ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri təşkil edilir, xalqımızın adət-ənənələri, milli mətbəxi, musiqisi geniş təbliğ olunur. Məhz Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan muğamı, xalçaları, Novruz bayramı, aşıq musiqisi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin təbliğində, təhsilin, səhiyyənin inkişafında Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Prezident İlham Əliyev 2022-ci il yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı mərasimindəki çıxışında Heydər Əliyev Fondunun da xeyriyyəçilik fəaliyyətinə toxunmuşdur: " ... Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə ikinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır”.

Bütün bu fəaliyyət istiqamətləri Fondun reallaşdırdığı kompleks tədbirlər sisteminin əsas məcmusudur. Fondun rasional siyasəti nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir. 20 ilə yaxın tarixi dövrü əhatə edən Fondun səmərəli fəaliyyəti Azərbaycan həqiqətlərinin beynəlxalq spektrli tanıdılmasında və nümayişində qarant rolunda çıxış etmiş, subyektiv rəy və təhriflərin əsassızlığını sübut etmişdir.

Sevinc Azadi

İki sahil.-2024.-30 yanvar.-№17.-S.5.