Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Azərbaycana həsr edilən şərəfli missiya

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi 4 illik nümunəvi fəaliyyəti dünyada uğurlu model kimi qəbul edilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük rəğbət və nüfuz qazanıb. Bunun səbəbi heç də tutduğu yüksək vəzifəsi və mövqeyi ilə bağlı deyil. Bu, xalqına, millətinə, dövlətinə bağlı olan müdrik Azərbaycan qadınının əzmkarlığı və humanistliyinin təzahürüdür.

Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq nümayiş etdirir. Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub yaratmaq həvəsi ilə yaşadığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Ümumiyyətlə, xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir.

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından dörd il keçir. Bu müddətdə Birinci vitse-prezident dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. O, əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Fondun bu sahədə gördüyü işlər sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna əhəmiyyəti var. 2003-cü ildən indiyədək ölkədə 3 mindən çox məktəb tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Beləliklə, ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi indi də məhəbbət hissi ilə xatırlanır. Bu bir daha göstərir ki, onun Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır.

Vətən savaşında Birinci vitse-prezident Mehriban Əliyevanın “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!” sözləri qalib xalqın qürurunu daha da möhkəmləndirdi, qazi və şəhid ailələrinin ürəyinə su səpdi. Bəli, biz cənab İlham Əliyev kimi müdrik sərkərdənin, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı işğaldan azad etdik, bölgədəki erməni faşizmini məhv etdik.

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını şərtləndirən amillər sırasında böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən etibarlı silahdaşı, ən bacarıqlı yardımçısı, ən böyük mənəvi dəstəkçisi olmasıdır.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. Azərbaycan qadını ölkənin birinci xanımı Mehriban Əliyevanın şəxsində özünə həmişə etibarlı dayaq, əqidə və ideya dostu tapıb.

Onun nəinki ölkəmizdəki, hətta bütün dünyadakı siyasi və ictimai fəallığı Azərbaycan qadınına örnəkdir. Bir sözlə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi dördillik fəaliyyəti təkcə Azərbaycan üçün deyil, dünya miqyasında model olaraq qəbul və təqdir edilir. Bütün bu uğurların mərkəzində isə xalqın sevgisi, inamı dayanır.

Səbuhi Abbasov,
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri,
internet-media eksperti

Azərbaycan. - 2021.- 21 fevral. - № 40. - S. 1,6.