Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun fəaliyyəti Vatikanda da müsbət qiymətləndirilir

Qeyd edildiyi kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Vatikanda da müsbət qiymətləndirilir. Bu da təsadüfi deyil, çünki Fond genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal rol oynaması isə xüsusi qeyd edilməlidir. Fondun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir. Fond tərəfindən Vatikanda bir sıra layihələrin həyata keçirilməsi də ayrıca qeyd edilməlidir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir.

2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən “Müqəddəs Komodiliya” katakombalarmdakı mavzoleyin bərpası işlərinin aparılması da yüksək dəyərləndirilir. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canffanko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi də olduqca önəmlidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəm¬ləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir. Bu isə kritik - taleyüklü anlarda və məqamlarda strateji amilə çevrilir. Konkret bir məqama nəzər salaq: məlumdur ki, Ermənistanla yanaşı, bəzi geosiyasi mərkəzlər İkinci Qarabağ müharibəsinə dini don geyindirməyə, məsələni “sivilizasiyalararası savaş” kimi təqdim etməyə çalışırdılar. Məqsəd din amilindən istifadə edərək xristian dünyasından Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq idi. Hətta onlar Roma Papası tərəfindən Azərbaycan əleyhinə bəyanat səsləndirilməsinə cəhd göstərsələr də, buna nail olmadılar. Bu fakt yuxarıda bəhs olunan sistemli, məqsədyönlü işlərin tarixi və strateji əhəmiyyətini, uğurlu nəticələrini əks etdirir. Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin ölkəmizə səfəri isə qarşılıqlı əlaqələrimizi daha da gücləndirəcək.

Yeni Azərbaycan.-2023.-17 yanvar.-№8.-S.4.