Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu: 18 ilin reallıqları

Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında özünü göstərir. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Fondun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurmasına gətirib çıxarıb. Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali bir dəyərə söykənir. İllərdir ki, yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu fəaliyyət özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir". Mehriban xanım Əliyeva valideynlərindən əxz etdiyi dəyərləri hər zaman üstün tutaraq, onların öyrətdikləri həqiqətə və mənəviyyata can atmağı özünün həyat məqsədinə çevirib: "Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur". Bu yol həqiqətə, insanlığa, mərhəmətə aparan yoldur.

Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla qurtaran deyil. "Uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun, fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur", - deyən Mehriban Əliyeva onların xoşbəxt gələcəyi üçün müxtəlif layihələr həyata keçirib. Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli inkişafı, onlara yüksək səviyyədə səhiyyə xidmətlərinin göstərilməsi Heydər Əliyev Fondunun diqqətdə saxladığı ən vacib məsələlərdəndir. Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları onlarla internat məktəbi və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Hətta, kimsəsiz uşaqlara ev şəraitinə uyğun mühit yaradılmışdır. Gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan Fond ölkədə həyata keçirilən təhsil və səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir.

Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəlmişdir. Məktəbəqədər hazırlıq müəssisələrinin, uşaq bağçalarının müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində ölkəmizdə uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə yaşayan uşaqların problemlərini daim diqqətdə saxlanılıb. Müasir tələblərə cavab verən uşaq evlərində inşa edilmiş hamam, üzgüçülük hovuzu, yay konsert meydançası, stadion, iclas, idman, rəqs salonları, həyətdəki yaşıllıqlar, uşaqların əl işləri muzey-sərgisi burada balacaların fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün hər cür şərait yaradıldığına, Fondun xeyirxah fəaliyyətinin bəhrəsinə əyani sübutdur.

"Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri Onun humanizm prinsiplərindən qaynaqlanır. Bütün bu reallıqlar Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətində reallığa çevrilib.

"AZƏRBAYCAN - TOLERANTLIĞIN ÜNVANI"

Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.

Bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, ölkəmizdə müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.

Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir. "Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq 2007-ci ildə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirdi. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub. Rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general - adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları rus dilində nəşr olunub.

Heydər Əliyev Fondu azərbaycançılıq ideyalarının çarçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, belə bir dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir.

Bildiyimiz kimi, hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirilir ki, bunların hər birində təşəbbüskar Heydər Əliyev Fondudur.

BƏŞƏRİYYƏTİN ALİ İDEALLARINA XİDMƏT

Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, "Kəlağayı simvolizmi və ənənəvi sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Heydər Əliyev Fondunun rolu xüsusidir.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti, yüksəkliyidir. O, 2004-cü ildən Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə YUNESKO-nun Xoşməramlı səfiri adını daşıyır. 2005-ci ildə Mehriban xanım Əliyeva "İlin qadını" seçilib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülməsi Onun dünya miqyasında əməllərinin birmənalı olaraq qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edildi. Bir il sonra isə Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edildi. Elə həmin il YUNESKO-nun "Qızıl Motsart" medalı Mehriban xanım Əliyevaya təqdim olundu. Mehriban xanım Əliyeva Türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə "Heydər Əliyev Mükafatı" ilə təltif edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan xalqı qarşısında xidmətlərinə olan mükafat və qiymətdir.

2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib. 2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib. 2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub. 2019-cu ildə Mehriban Əliyeva Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. 2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib.

"YAXŞILIĞI HEÇ VƏCHLƏ GÖZƏ ÇARPDIRMAQ OLMAZ"

Fəaliyyəti dövründə əldə etdiyi bu nailiyyətlər Fondun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Gördüyü işlərində təvazökarlıq göstərir. "...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur", - deyə Mehriban Əliyeva bildirib. Mehriban xanım Əliyeva həqiqətən gördüyü işlərlə kimliyini, böyüklüyünü bu dünyada gördüyü işlərlə reallaşdırır. Həyat və vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur. Bu təqdimatda Azərbaycan və onun inkişafı dayanır.

Heydər Əliyev Fondu ölkəmizin çətin zamanında xalqımıza dəstək oldu. Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Bununla yanaşı, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərdi.

"QARABAĞ BÖLGƏSİNDƏKİ ABADLIQDAN ƏSƏR-ƏLAMƏT QALMAMIŞDIR"

Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə yeni layihəyə başlayıb. Fondun prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsindəki paylaşımında bildirmişdi ki, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik: "Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır".

Mehriban Əliyeva qeyd etmişdir ki, layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

18 illik fəaliyyəti dövründə əldə etdiyi bu və ya digər nailiyyətlər fondun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin əsasında qeyd etdiyimiz məsələlərin daha da geniş bir planda həyata keçirilməsi dayanır.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Səs.-2022.-12 may.-№82.-S.3-4.