Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Xaçmazda yeni məktəb binası inşa edib

Xaçmaz rayonunun İstisu qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İstisu qəsəbəsindəki tam orta məktəbin 1938-ci ildə inşa olunmuş köhnə binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən qəsəbədə Heydər Əliyev Fondunun təhsil sahəsindəki növbəti layihəsi icra olunub və müasir məktəb binası inşa edilib.

Açılış mərasimində bildirilib ki, yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramları icra edərək, ölkəmizdə bu sahəyə öz dəstəyini göstərir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ölkəmizdə həyata keçirilən təhsil siyasəti, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi haqqında danışıb. Bildirilib ki, bu il Xaçmaz rayonunda orta məktəbi bitirən məzunlardan 599-u tələbə adını qazanıb, onlardan 30-u 600-dən, 89-u isə 500-dən yuxarı bal toplayıb. Bundan başqa, rayon üzrə 11 şagird respublika fənn olimpiadasının qalibi olub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, son 20 ildə ölkəmizdə 4 mindən çox məktəb binası əsaslı təmir edilib və yeniləri tikilib. Bunun nəticəsində 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Bu məktəblərdən 500-dən çoxu Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenilənib.

“Heydər Əliyev Fondu ölkəmizin sosial iqtisadi inkişafında çox mühüm rol oynayır. Elm, təhsil, mədəniyyət, sosial və bir çox başqa sahələrdə fond tərəfindən uğurlu layihələr icra edilib. Bu sahələr ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir və təhsil də burada xüsusi rola malikdir. Buna görə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün təhsil işçiləri adından xüsusi təşəkkür edirəm”, - deyə nazir müavini söyləyib.

Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova isə çıxışında bildirib ki, Fondun inşa etdiyi, əsaslı təmir işləri apardığı təhsil kompleksləri tədrisin keyfiyyətini yüksəltmək məqsədinə xidmət edir.

Fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2004-cü ildən etibarən respublikamızın bütün regionlarında, dağlıq rayonlarda, ucqar kəndlərdə 500-dən çox məktəb binasının inşasını, yenidən qurulmasını və əsaslı təmir olunmasını təşkil edib. Müasir tələblərə cavab verən məktəb binaları tikilib və avadanlıqlarla təmin olunub. Bütün bunlar gənc nəslin savadlı böyüməsi üçün atılan addımlardır.

Daha sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Məktəbin direktoru Aygün Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib ki, köhnə binada müasir tələblərə cavab verən təlim-tədris proqramını həyata keçirmək üçün şərait yox idi. Yeni məktəb binasında isə bunun üçün bütün şərait qurulub: “Köhnə məktəb binası 86 il əvvəl inşa olunmuşdu. Heç bir şəraiti yox idi. İndi isə şagirdlərimiz çox gözəl, hər bir şəraiti olan məktəbdə dəsr keçəcəklər. Bizim məktəbdə 300-dən çox şagird təhsil alır. Yeni məktəb binasının istifadəyə verilməsi valideynlərin, xüsusilə də müəllim və şagirdlərin böyük sevincinə səbəb olub. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.

Yeni məktəb binasının inşasına cari ilin əvvəlində başlanılıb və tikinti işləri qısa müddətdə yekunlaşdırılıb. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. Zəruri mebel və avadanlıqla təmin olunan 320 şagird yerlik təhsil ocağında fənn kabinetləri, fizika, kimya, biologiya, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları var, laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə, həmçinin kitabxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Azərbaycan. - 2024.- 17 sentyabr. - № 202. - S. 9.