"Mən anayam, bu səsimdə Yerin, Göyün dərdi var..."
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva insanları dünyamızın bəlalarına əlac etməyə çağırdı
Müstəqillik dövrümüzdə Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlərin ən mötəbəri olan COP29 elə təşkil olunub ki, bu konfransla bağlı bir tədbirə baxanda mütləq əvvəlki tədbirdəki unudulmaz məqamları xatırlayırsan. Məsələn, noyabrın 12-də Yaşıl Zonada keçirilən “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzulu konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışını dinləyəndə mən o andaca xəyalən günün ilk tədbirinə – Liderlər Sammitinə “qayıtdım”.
Nə üçün? Çünki Liderlər Sammitində çıxış edən Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif bizim ulu şairimiz Nizami Gəncəvinin müdrik sözlərinə müraciət edərək dedi ki, o böyük insanın fikrincə, müxtəlif çətin çağırış dövrlərində imkanlar tapmaq lazımdır: “Bu imkanlar məhz sülh ilə gələcək və biz təbiətlə sülh yaratmalıyıq”.
Mən isə Mehriban xanım Əliyevanın tarixi çıxışını dinləyəndə ulu Nizaminin yaratdığı Nüşabə obrazını xatırladım. Nüşabə ölkələri fəth eləmək, fərqli xalqlardan yeni-yeni ərazilər qoparmaq, böyük torpaqlara sahib olmaq üçün minlərlə insanın ölümünə səbəb olmuş, çaylar, ümmanlar qədər qan axıtmış fatehi qarşılamaqdan ötrü açdırdığı süfrəyə toz, torpaq, daş, qum düzdürmüşdü. Fateh “Bunları ki, yemək olmur!” – deyəndə Nüşabə cavab vermişdi ki, əgər onları yemək olmursa, onda nə üçün torpaqdan ötrü bu qədər insanları qırırsan?
Fikrimizcə, qılıncının üstündəki qan illər boyu qurumayan fatehə bu dərsi Azərbaycan qadını verə bilərdi və verdi.
Mehriban xanım Əliyevanın çıxışındakı bu qətiyyətə diqqət yetirin: “Uzun müddətdir ki, iqlim fəaliyyəti beynəlxalq arenada ən vacib və prioritet məsələlərdən biridir. Atılmış addımlara baxmayaraq, bəşəriyyətin üzləşdiyi çağırışlar və təhdidlər günbəgün daha da ciddiləşir. Bunu nəzərə alaraq, qlobal məsələlərin həllində tətbiq olunan yanaşma və üsullara yenidən baxılması vaxtı yetişib. Bu gün mən açıq və düzgün qeyd olunmalı digər mühüm mövzuya toxunmaq istəyirəm: riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür.”
Fikrimcə, dünyanın, demək olar ki, bütün ölkələrini təmsil edən 70-dən çox liderin və 72 min təmsilçinin önündə özünü dünyanın sahibi sayanları riyakar adlandırmağı Azərbaycan qadını bacarardı və bacardı.
Üstəlik, azərbaycanlı xanım Yer kürəsinin çirklənməsinin əsas baiskarlarının da kimlər olduğunu söylədi: “Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edirlər. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər”.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva xatırlatdı ki, beynəlxalq aləmdəki iqlim dəyişmələrinə səbəb olmuş ölkələrin təmsilçilərindən fərqli olaraq, Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğan “Sıfır Atık Fondu”nun yaradılmasında təşəbbüs göstərmiş və ətraf mühitin, eləcə də mədəni irsin qorunmasına yönələn layihələrə şəxsən töhfə vermişdir.
Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ötən il 2024–2030-cu illərə aid iqlim gündəliyində uşaqların və gənclərin iştirakını, o cümlədən dayanıqlı inkişafı təşviq etmək məqsədilə Mərkəzi Asiya Strategiyasının qəbul edilməsinə təşəbbüs göstərmiş və buna nail olmuşdur. Yaxud, Qırğızıstanın birinci xanımı ətraf mühit gündəliyi barədə maarifləndirmənin artırılmasında, həmin gündəliyə gənclərin qoşulmasında kifayət qədər mühüm rol oynamışdır. Bu qəbildən olan daha çox faktları sadalamaq mümkündür”.
Bütün bunların fonunda planetin tarazlığını pozanları kənarda qoyaraq Türk dünyasına və ya Azərbaycana qarşı böhtanlar, iftiralar səsləndirilməsi absurddur və qərəzçilik əlamətləridir. Adı çəkilən problemin həllinə Azərbaycanın verdiyi töhfələrin bir qismini xatırladan birinci xanım qeyd etdi ki, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik: “Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik”.
Bəs bizim bədxahlarımız bu istiqamətdə hansı addımları atıblar? Heç bir addımı. Sadəcə olaraq, BMT-nin tədbirlərinə qatılmamaqla elə bilirlər ki, dünya onların günahlarından xəbərsizdir.
Mehriban xanım çıxışının əvvəlində COP29-da təmsil olunan ölkələrə sülh və əmin-amanlıq dilədi. Sonra isə bir ana kimi fəxrlə xatırlatdı ki, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir: “Mən COP29-da iştirak edən və qayğı ilə yanaşan bütün gəncləri, ekofəalları, gənclər təşkilatlarının bütün nümayəndələrini salamlayıram”.
Diqqət yetirin, Azərbaycanın birinci xanımı hamıya sülh arzulayır, anamız Yer kürəsinin ağrılı problemlərinin həlli üçün çalışan qüvvələrə dəstək verir, COP29 “hücumlar arenası deyil” – deyərək, bədxahlarımızı da daşı ətəyindən tökməyə çağırır. Bəs onun ermənistanlı həmkarı, işğalçı ölkənin birinci xanımı Anna Akopyan neyləyir? Dağda, Azərbaycan sərhədlərinə yaxın ərazilərdə təlim keçən əsgərlərin arasına uzanaraq ölkəmiz tərəfə güllə atmağı öyrənir və ya öyrədir. Bunu erməni qadını bacarardı və bacardı.
Sonda bir köhnə faktı yada salmaq istəyirəm. Mehriban xanımın çıxışındakı sülh, əmin-amanlıq, uşaq və gənclərimizin gələcəyi üçün təhlükəsiz dünya arzularını dinləyəndə on illər əvvəl şəhid anası Fəzilə Kərimovadan eşitdiklərim yadıma düşdü. Atamın əmisi nəvəsi İlham Kərimov Birinci Qarabağ müharibəsində şəhid olmuşdu (otuz ilə yaxındır ki, Mirzəbəyli kənd orta məktəbi onun adını daşıyır). Kəndə yasa getmişdik. Hamı şəhid anasına başsağlığı verirdi. Özünün qol gücünə və fərasətinə güvənən gənclərdən biri dedi ki, gələn həftə mən də əsgərliyə gedirəm: “İlhamın qisasını almaq üçün 15–20 erməni öldürməsəm, namərdəm”. Bu məqamda şəhid anası nə desə yaxşıdır? “Yox, ay bala, niyə öldürürsən? Onun da anası var. Çoxlu güllə atın, qorxub, qaçıb getsinlər”.
Hamının sözü tükənmişdi. Oğlunun qanı, özünün göz yaşları qurumayan qadın erməni əsgərinin öldürülməsini istəmirdi. Bunu Azərbaycan qadını edə bilərdi və etdi. Mehriban Əliyeva məhz belə qəlbə malik anaların, qadınların birincisidir.
Elə ona görə də BMT-nin dünya miqyaslı tədbirinin tribunasından çıxış edərkən düşmənlərimiz və bədxahlarımız qarışıq (hərçənd onlar çox sözlərə layiqdirlər) heç kəsin ünvanına xoşagəlməz ifadələr işlətmədi. Əksinə, hamını ədalətli olmağa çağırdı: “Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var. Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir!”
İttifaq Mirzəbəyli
Xalq qəzeti. - 2024.- 14 noyabr. - № 250. - S. 10.