Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu və ictimai diplomatiya

Bu gün qeyri-hökumət təşkilatları ictimai diplomatiyada tam hüquqlu bir amil halına gəlib. Onlar öz fəaliyyətlərində "yumşaq güc" vasitələrindən peşəkar şəkildə istifadə etməklə dünya miqyasında ölkənin müsbət imicini formalaşdırır və bir sıra xarici siyasət məsələlərinin həllində həlledici rol oynayırlar. 

Bu baxımından Azərbaycanda ən önəmli qurum Heydər Əliyev Fondudur. Fondun ardıcıl və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan muğamı YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına salınıb, Xocalı faciəsi Bosniya və Herseqovina, Çexiya, İordaniya, Pakistan, Rumıniya, Sudan, Cibuti, Şotlandiya, eləcə də bir neçə Latın Amerikası ölkəsi və ABŞ-ın 19 ştatı tərəfindən soyqırımı kimi tanınıb.

Heydər Əliyev Fondunun Müasir Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi çoxsaylı layihələr həm də bu təşkilatın fəaliyyətinin elmi cəhətdən hərtərəfli araşdırılması zərurətini ortaya çıxarır. Ölkəmizin tarixi-mədəni irsinin təbliğinə yönəlmiş layihələr Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  İnzibati idarəetmə fakültəsində "İctimaiyyətlə əlaqələrin təşkili və idarəolunması" tədris intizamı çərçivəsində müntəzəm olaraq tədqiq edilir. Bu mövzuda keçirilən məruzələr zamanı tələbələr Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumatlar alır, seminarlar zamanı bu mövzuya dair hazırlanmış sərbəst işlərini slaydlar şəklində təqdim edirlər. Bundan əlavə, bu ilin iyun ayında Akademiyanın bakalavr səviyyəsində Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş iki buraxılış işi müdafiə olunub. Bu buraxılış işlərində xüsusi olaraq vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən  Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq aləmdə təbliğinə yönəldilmiş böyük işlər görülüb. Buraxılış işlərində həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası da geniş təhlil olunub.

Ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Akademiyanın tələbələrinin Heydər Əliyev Fondunun fəaliyyətini elmi-tədqiqat obyekti kimi seçmələri azərbaycanlı gənclərin bu mövzuya böyük maraq göstərmələrindən xəbər verir. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu mövzu təkcə Azərbaycanda deyil, həm də Rusiyadakı tələbələr tərəfindən tədqiq edilir. 2010-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakultəsində  Fondun Rusiya Federasiyasında gördüyü işləri və şəxsən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətinin əsas aspektlərini təhlil edən diplom işi müdafiə olunub. Bundan əlavə, MDU-nun İnformasiya-Analitik Mərkəzinin saytında bu mövzuda dəfələrlə məqalələr dərc edilib.  Bu ilin iyun ayında Mərkəzin saytında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri haqqında məqalə çap olunub, onların Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən buraxılış işlərinə yer verilib.

2012-ci ilin aprel ayında, Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində MDU-nun İnformasiya-Analitik Mərkəzinin saytı "Avroviziya və Azərbaycanın yeni obrazı" adlı məqalə dərc edib. Məqalənin müəllifləri qeyd edirlər ki: "Avroviziya"nın imic dəyəri ondan ibarətdir ki, bir çox avropalı üçün bu müsabiqə Sovet İttifaqının dağılmasından 20 il sonra, Qərbdə hələ də bir çoxları tərəfindən terra incognita (naməlum ərazi) kimi qəbul edilmiş gözəl ölkəni ziyarət etmənin ilk səbəbi olacaq.  Bu stereotipi təkcə dünya KİV-lərində  reklam və Azərbaycanın imicinin təbliği ilə pozmaq mümkün deyil. Səyahət edən insanın, amerikalılar dediyi kimi, çox seçimi varsa, o, reklam nəşrlərinə istiqamətlənməyəcək, əksər hallarda stereotip üzərindən hərəkət edəcəklər. Tutaq ki, bu mövsüm Tibet dəbdədir, gələn mövsüm isə Qoa. Eləcə də Azərbaycan, hesab edirik ki, minlərlə avropalının Xəzər dənizinin sahillərini ziyarət etməsi, "ulduzları bir gün görmə" arzusu və gözəl əylənmək istəməsi sayəsində dəbli bir yer ola bilər. Lakin həqiqətən heyranedici olan əsl ulduz, müsabiqənin qalibi deyil, Bakı şəhəri olacaq və bu halda qalib-duet El&Nikki öz missiyasını yerinə yetirəcək, Azərbaycanı, hətta dünənəcən onun dünya xəritəsində belə varlığından xəbərdar olmayanlar üçün də, təkrar-təkrar dönməli olacaqları bir ölkə kimi tanıdacaq".

Məqalənin müəlliflərinin proqnozları özünü doğrultdu. Hazırda Azərbaycandan bütün dünyada söz açılır və artıq onun barəsində sadəcə, keçmiş sovet məkanının neft dövləti kimi deyil, dinamik inkişaf tempi yaşayan, dayanıqlı iqtisadiyyatı olan, əhəmiyyətli beynəlxalq musiqi və idman müsabiqələrinə evsahibliyi edən bir ölkə kimi danışılır. Bir faktı qeyd edək ki, Rusiyanın təkcə bir telekanalında Azərbaycanın turizm irsinin təbliği layihəsi çərçivəsində doqquz reportaj efirə gedib. Artıq bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın turistlər üçün cazibədar bir ölkə imicini yaratmaq üçün cəhdlər öz bəhrəsini verir.

Bu ilin mart ayında "Dünya siyasəti" adlı beynəlxalq elmi jurnalda mənim "Heydər Əliyev Fondunun nümunəsində ictimai diplomatiyada qeyri-hökumət təşkilatlarının rolu" adlı məqaləm dərc olunub. Məqalədə Fond müasir Azərbaycan barədə müfəssəl fikir formalaşdıran, çoxşaxəli fəaliyyəti ilə fərqlənən, elm, təhsil, mədəniyyət və media sahəsində bir sıra layihələrə imza atan böyük bir təşkilat kimi təhlil edilib.

Aparılan araşdırmalar da deməyə əsas verir ki, son illər Azərbaycanda gerçəkləşdirilən bir çox böyük miqyaslı tədbirləri məhz Heydər Əliyev Fondunun BMT, YUNESKO, İSESCO, İslam Əməkdaşlıq Təşkilatı, QHT "Vital Voice" və digər mötəbər qurumlarla sıx və ardıcıl əməkdaşlığı sayəsində həyata keçirmək mümkün olub. Şübhəsiz, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə xidmət edən  bu çeşidli layihələr, əldə edilən bu böyük uğurlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun on beş ilə yaxın bir müddət ərzində göstərdiyi məqsədyönlü və prinsipial fəaliyyət sayəndə mümkünləşib. Eyni zamanda, bu illər ərzində Heydər Əliyev Fondu təkcə Azərbaycanın deyil, bütün regionun ən böyük və ən nüfuzlu qeyri-hökümət təşkilatına çevrilib.

Ülkər Mehdiyeva,
tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet. - 2018.- 19 sentyabr. - № 161. - S. 2.