Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun"yaşıl töhfə"si

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda artıq öz işini uğurla yekunlaşdırmaq üzrədir. Noyabrın 11-dən etibarən iki həftəyə yaxın müddətdə Azərbaycanın paytaxtında qlobal iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması, onunla effektiv mübarizə aparılması üçün dünyanın dörd tərəfindən gəlmiş iştirakçılar tərəfindən mühüm təkliflər irəli sürüldü, effektiv qərarlar qəbul edildi.

Azərbaycanın layiqli evsahibliyi etdiyi beynəlxalq iqlim konfransında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu da fəal iştirakı, yeni təşəbbüsləri ilə xüsusi diqqət çəkdi. 

Milli hədəf

Fəaliyyətində təbiətin mühafizəsini daim diqqətdə saxlayan birinci xanım Mehriban Əliyeva BMT-nin nüfuzlu tədbiri çərçivəsində "yaşıl zona"da "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda təşkil olunan konfransda etdiyi çıxışda "yaşıl dünya"nın vacibliyini irəli sürdü. Nitqində COP29-un əhəmiyyətini vurğulayan Birinci vitse-prezident söylədi ki, dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir: "Bizim ölkəmiz də istisna deyil. Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik".

Mehriban Əliyeva "yaşıl zona"da təşkil olunan sözügedən konfransda diqqətə çatdırdı ki, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür: "Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik".

COP29 tədbirinin keçirildiyi ərazidə yüzdən çox pavilyon fəaliyyət göstərirdi. Noyabrın 11-dən etibarən bu pavilyonlarda innovasiyalar, iqlim dəyişmələrinin yaratdığı fəsadlara qarşı mübarizə üzrə vacib həll yollarının təqdim edilməsinə dair müzakirələr, panel iclaslar həyata keçirildi, müxtəlif sərgilər təşkil olundu. Həmçinin  "yaşıl zona"da yerləşən Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə yaratdıqları Həmrəylik Mərkəzi təbiətə həssas yanaşma çağırışları ilə xüsusi diqqət çəkdi. İki fond beynəlxalq tədbir zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirmişdilər. Bu pavilyonda Heydər Əliyev Fondunun ətraf mühitin qorunması üzrə təşəbbüsləri təqdim olunurdu. Belə ki, burada təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılmışdı.

Pavilyonun digər hissəsi isə sıfır atık layihəsinə həsr olunmuşdu.

"Azərbaycan. Təbiətin sehrində"

COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib. "Azərbaycan. Təbiətin sehrində" (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub. Nəşrdə Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin (İB) təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edərək kitabın hər kəsi təbiəti sevməyə və onu qorumağa səslədiyini bildirərək deyib: "Dünyada təbiət qədər dəyərli heç nə yoxdur. Biz hava ilə nəfəs alırıq. Susuz üç gün də yaşaya bilmərik. Torpaqdan, ağaclardan enerji alırıq, onunla qidalanırıq. Təəssüf ki, gün ərzində insan bunun haqqında çox az düşünür. İnanıram ki, bu kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq".

IDEA İB və "Great Whale Conservancy" təşkilatının əməkdaşlığı çərçivəsində noyabrın 19-da COP29-da həyata keçirilən "Dəniz ekosisteminin sağlamlığında və iqlim dəyişikliyinin azaldılmasında dəniz məməlilərinin rolu" mövzusunda panel müzakirələrində iştirak edən Leyla Əliyeva çıxış edərək, dəniz canlılarının ekoloji balans və iqlim dayanıqlılığının təmin edilməsi baxımdan əhəmiyyətini vurğulayıb. IDEA tərəfindən ötən 13 il ərzində icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva gənclər və geniş auditoriya üçün həyata keçirilən məlumatlandırma tədbirləri, könüllülərin iştirakı ilə baş tutan sahilyanı ərazilərin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və Xəzər dənizinin unikal biomüxtəlifliyinin qorunmasına yönələn bir sıra digər tədbirləri qeyd edib.

Noyabrın 19-da Leyla Əliyeva COP29 çərçivəsində təşkil olunan balıq körpələrinin suya buraxılışında iştirak edib. "Yaşıl zona"da onlayn yayımlanan aksiya çərçivəsində 50 min nərə və Xəzər qızılbalığı körpələri suya buraxılıb. Aksiya Neftçalanın Yenikənd kəndində təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 20-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən COP29-un "yaşıl zona"sındakı "Art Pavillion"da təqdim edilən sərgi ilə tanış olublar.  

Qlobal ekosistem və biomüxtəlifliyin qorunması

COP29 çərçivəsində noyabrın 21-də IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) əməkdaşlığı ilə "Mühafizənin 60 ili: BTMİ-nin Qırmızı Siyahısı" mövzusunda panel müzakirələri təşkil olunub. Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva nəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin qlobal ekosistem və biomüxtəlifliyin qorunmasında vacib rol oynadığını qeyd edib. Leyla Əliyeva vurğulayıb ki, canlı orqanizmlərin məhv olunmasının qarşısının alınması beynəlxalq həmrəylik və əməkdaşlıq mühitində birgə addımların atılmasını tələb edən qlobal çağırışdır.

IDEA İB tərəfindən 2011-ci ildən etibarən icra olunmuş fəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlıların qorunması, ölkəmizə xas olan unikal heyvan və bitki növlərinin mühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer tutur. IDEA İB-nin təsisçisi və rəhbəri BTMİ ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın "Böyük Beşliy"i layihəsini qeyd etdi. Bildirildi ki, Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalının populyasiyasının qorunması və artırılması məqsədilə bir sıra addımlar atılıb.

Daha sonra Leyla Əliyeva qeyd edib ki, nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanın müxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ci ilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda ceyranların reintroduksiyası layihəsi və digər müvafiq tədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8 minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpəsinin Xəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığı bildirilib.

"Yaşıl dünya" naminə

Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,  IDEA İB-nin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində "Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi" mövzusunda panel müzakirələri təşkil olunub. IDEA İB-nin rəhbəri Leyla Əliyeva tədbirin açılışında çıxış edərək iqlim dəyişmələrinin və qlobal ekoloji sistemdə mənfi tendensiyaların müşahidə edilməsinin Qafqaz bəbirləri də daxil olmaqla, bir çox canlının populyasiyasını təhlükə altına qoyduğunu bildirib. Qeyd edib ki, temperaturun yüksəlməsi və digər çoxsaylı təbii kataklizm bəbirlərin təbiətdə sağ qalmasını çətinləşdirir.

Həmçinin noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə keçirilən "Qlobal liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılması" mövzusunda panel müzakirələrində iştirak edib.

COP29 çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva iqlim dəyişmələrinin və biomüxtəlifliyin itirilməsinin planetimizə vurduğu zərərin miqyaslarını vurğulayaraq, beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.

Hər zaman Heydər Əliyev Fondunun gündəliyində duran prioritet məsələlərdən biri təbiətin mühafizəsi ilə bağlı olub. Fondun 2007-ci ildən ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədilə "Hərəmiz bir ağac əkək!" aksiyasını həyata keçirməyə başlaması da buna misaldır.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu COP29-da da fəal iştirakı, səyləri, təşəbbüsləri və çağırışları ilə yaşıl dünya naminə həmrəylik nümayiş etdirdi.

Yasəmən Musayeva

Azərbaycan. - 2024.- 23 noyabr. - № 258. - S. 5.