Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Xeyirxahlıq mücəssəməsi

İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və beynəlxalq aləmdə yüksək reytinqə malikdir.

“Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli – bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”, – deyən Mehriban xanım Əliyeva öz çoxtərəfli fəaliiyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Mehriban xanım Əliyeva böyük genetik irsin varisidir. Babası Mir Cəlal Paşayev Azərbaycanın mütəfəkkir ədibi, atası Arif Paşayev və anası Aida İmanquliyeva Azərbaycan və dünya elmində öz izini qoymuş böyük şəxsiyyətlərdir. Bu unikal ailənin övladı olan Mehriban xanım Əliyevanın dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi və sistemli analiz qabiliyyətinə malik olması, hadisə və proselərə münasibətdə prinsipial və qətiyyətli davaranış tərzi nümayiş etdirməsi bilavasitə genetik irsin və bu xüsusda fitrətən istedadın, eləcə də fədəkar zəhmətin nəticəsidir.

Yerli və xarici auditoriya qarşısında çıxışları zamanı problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, dinləyicilər ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət, ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması yuxarıda sadaladığımız amillərlə birbaşa bağlıdır.

Mehriban xanım Əliyeva böyük idarəçilik məktəbi keçərək, zəngin təcrübəyə malik olması ilə qarşısında duran müxtəlif istiqamətli və mürəkkəb vəzifələri ləyaqətlə yerinə yetirməsi üçün unikal imkanlar pəncərəsi açmışdır. Fikrimizi əsaslandırmağa çalışaq.

Birincisi, fəal ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmaqla başlayan Mehriban xanım. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis etməklə perspektiv və peşəkar fəaliyyəti üçün zəngin təcrübə qazanmaq imkanı əldə etmişdir. Bu amilləri nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyev vurğulamışdır ki, Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”.

İkincisi, Mehriban Əliyeva 3 dəfə (2005, 2010, 2015) seçicilərinin etimadını qazanaraq, Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz”, – deyən Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur. Vədi ilə əməli eyniyyət təşkil edən deputatlıq müddətində o, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atmış və seçicilərinin hüsn-rəğbətini qazanmışdır. Parlament fəaliyyəti çərçivəsində Mehriban xanım Əliyeva 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş və nəticədə 40 mindən artıq məhkumun cəzası tam və qismən ləğv edilmişdir.

Eyni zamanda, Mehriban xanım deputat kimi çox geniş beynəlxalq fəaliyyət göstərərək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdır. Bu fəaliyyətin nəticəsində ölkəmizə olan beynəlxalq etimad daha möhkəmlənmiş, dost və tərəfdaşlarımızın sayı artmışdır.

Üçüncüsü, demokratik dövlət quruculuğu istiqamətində ümummilli lider Heydər Əliyevin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Onun rəhbərliyi altında qeyd edilən sahələr ilə yanaşı, milli musiqinin inkişafı, mədəni irsin qorunması, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən, sivilizasiyalarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətlərində də misilsiz addımlar atılır.

Dördüncüsü, Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və bu istiqamətdə fəaliyyəti də həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətə layiq görülmüşdür. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban xanım Əliyeva xüsusi rol oynamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi, məhz Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır.” Təsadüfi deyildir ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının təşkili də hörmətli Mehriban xanım Əliyevaya həvalə olunmuş və bu mötəbər idman tədbiri də təşkilatçılıq nöqteyi-nəzərindən ən yüksək qiymətə layiq görülmüşdür.

Beşincisi, Mehriban xanım Əliyevanın beynəlxalq fəaliyyəti, ilk növbədə, ölkəmizin milli maraqlarının müdafiəsi və təminatı mənafeyinə xidmət etməklə yanaşı, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, əmin-amanlıq, tarixi mədəni irsin qorunması, mədəniyyətlərarsı və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi kimi olduqca vacib missiyanın yerinə yetirilməsi işinə böyük töhfə verir.

Bu baxımdan, təsadüfi deyildir ki, 2004-cü ildə birinci xanım Mehriban Əliyeva Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı ildə Azərbaycanın birinci xanımına ISESCO-nun xoşməramlı səfiri titulu verilmişdir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun.

Qeyd edilən reallıqlar fonunda 2017-ci il fevralın 21-də hörmətli Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq qabiliyyətinə əsaslanan misilsiz fəaliyyətinin müxtəlif istiqamətlərinə dair yuxarıda qeyd olunan nəzəri yanaşmalarımızı praktiki xarakterli analizlə davam etdirək.

Bu, həqiqətdir ki, ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır. 2004–2019-cu illərdə Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 75 fərman və sərəncam imzalamış, bir çox dövlət proqramlarını təsdiqləmişdir. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatmışdır. Eyni zamanda, hələ də yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda ağır şəraitdə yaşayan köçkünlərimiz vardır və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin qarşısında duran strateji məsələlərdəndir. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunur. Orta hesabla hər bir ailədə 5 nəfərin olduğu faktını əsas götürsək, bu, hər il 30 min köçkünün yeni ev və mənzillərlə təmin olunması anlamındadır. Bu il isə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, rekord sayda – 7 mindən çox köçkün ailəsi yeni mənzillər alacaqdır. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Olduqca xeyirxah missiya-məcburi köçkün və qaçqınlara xüsusi həssaslıq və qayğı ilə yanaşılması siyasəti Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı Mehriban xanım Əliyeva tərəfindən də uğurla həyata keçirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünün 2017-ci il martın 9-da məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara həssas yanaşmanın bariz nümunəsidir. “Qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək”, – deyən hörmətli Mehriban xanım Əliyeva müvafiq dövlət qurumu qarşısında konkret vəzifə də müəyyən etdi: “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə, əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”.

Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa dəstəyi sayəsində sözügedən istiqamətdə ciddi uğurlara imza atılmışdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşması, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərməsi özünü yeni inşa olunan “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində də aydın nümayiş etdirmişdir. Bütün bu yaşayış komplekslərinin inşası hörmətli Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.

Onu da qeyd edək ki, ölkəmizdə sosial layihələrin icrasına, o cümlədən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına özəl sektorun öz töhfəsini verməsi təqdirəlayiq haldır. Belə layihələrin investisiyalaşdırılması barədə Prezident İlham Əliyevin çağırışına cavab olaraq, bir sıra sahibkarlıq subyektləri öz vəsaitləri hesabına məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edirlər. “Qobu park – 3” də həmin komplekslərdən biridir. Bu davranış sahibkarların sosial məsuliyyətinin ifadəsi olaraq olduqca müsbət hadisədir.

Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdimək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. Heydər Əliyev Fondunun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilmiş və təmir olunmuş, yüksək standartlar səviyyəsində təhciz olunmuşdur. Təhsili dövlətin strateji və prioritet sahəsi kimi dəyərləndirən hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən “yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə start verilmişdir və bu layihə çox uğurla icra olunmuşdur: “Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar”. “Yeniləşən Azərbaycana yeni məktəb!” Proqramı və “Təhsilə dəstək” layihəsi təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun məzmununun zənginləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Birinci proqram çərçivəsində ölkəmizdə 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb əsaslı təmir olunmuş və ya yenidən tikilmişdir.

Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

“Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Ölkəmizin Birinci vitse-prezidentinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikilmişdir. 2012-ci ildə isə həmin məktəbdə əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan hökumətini qərarı ilə bu təhsil ocağına xeyirxahlıq mücəssəməsi olan Mehriban Əliyevanın adı verilmişdir.

Bundan savayı, hörmətli Mehriban xanımın dəstəyi ilə Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilmiş və ya əsaslı təmir edilmişdir.

2013-cü ildə ABŞ-ın Merilend ştatındakı məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilmiş, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulmuşdur.

Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə start vermişdir Bu layihə çərçivəsində ölkəmizdə 40-a yaxın uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edilmişdir. Bu layihənin icrası ölkəmizdəki özəl sektor ilə sıx işbirliyi hesabına reallaşmışdır.

Bundan başqa, 2014-cü ildə hörmətli Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu növbəti böyük bir layihəyə – “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın icrasına başlamışdır. Bu layihənin xüsusi aktuallığından bəhs edərkən Mehriban xanımın istinad etdiyi arqumentlər kifayət qədər əsaslıdır: “Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar, demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması, məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”, Fondun təşəbbüsü ilə ölkəmizdə yəhudu təhsil mərkəzi və fransız məktəbi yaradılmışdır.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond genişmiqyaslı səhiyyə layihələri həyata keçirir. Buraya xəstəxana və klinikalar üçün müasir avadanlıqların alınması, diabetli və talassemiya xəstələrinin müalicəsi daxildir. Bu istiqamət üzrə Mehriban xanımın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi olduqca əhəmiyyətli layihələrin həyata vəsiqə alması geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunmuş və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

2012–2013-cü illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda bir sıra digər sahələrlə yanaşı, səhiyyə sistemində əhəmiyətli layihələr icra olunmuşdur. “Serebral” iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılmışdır. Bundan savayı, mərhəmətli Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Pakistanın Peşəvər şəhərində Dünya Donorlar Gününə həsr edilmiş mərasimdə qan xəstəliklərinin müayinəsi ilə məşğul olan “Həmzə” Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz edilmiş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilmişdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Xayber Paxtunxva əyalətində həyata keçirdiyi himanitar layihələr çərçivəsində Xayber Göz Fondunun nəzdində fəaliyyət göstərən göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşası üçün maddi yardım göstərmişdir.

Azərbaycanda idman hərəkatının geniş vüsət almasında Mehriban xanım Əliyeavanın da müstəsna xidmətləri vardır. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra idmanın bu növünün populyarlığı ölkəmizdə kifayət qədər artmış və yüksək nəticələr özünü çox gözlətməmişdir. Beynəlxalq Gimnastika Federasiyası bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair müvafiq qərarlar qəbul etmişdir.

Mədəniyyətin və mədəni irsin qorunması Mehriban Əliyevanın rəhbərliyi altında fondun fəaliyyətinin başqa bir istiqamətidir. Fondun dəstəyi ilə musiqi tədbirləri, ənənəvi muğam festivalı, Qəbələ beynəlxalq musiqi festivalı və Rostropoviç klassik musiqi festivalı keçirilir. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilmiş, regionlarda yeni muzey və musiqi məktəbləri yaradılmışdır. Beynəlxalq təşkilatlarla, o cümlədən, UNESCO, İSESCO və UNİCEF ilə əməkfaşlıq yüksək səviyyədə qurulmuşdur. Məhz bu misilsiz fəaliyyətin nəticəsi olaraq

İşərişəhər, o cümlədən, Şivanşahlar sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Məhz Mehriban xanım Əliyevanın mədəni irsin qorunması sahəsində yorulmaz fəaliyyəti sayəsində muğam (2008-ci ildə), aşıq sənəti (2009-cu ildə), Novruz bayramı (2009-cu ildə), xalça toxuculuğu (2010-cu ildə), tar ifaçılıq sənəti (2012-ci ildə), kəlağayı (2014-cü ildə), Lahıc misgərlik sənəti (2016-cı ildə), lavaş (2016-cı ildə), dolma (2017-ci ildə), kamança (2017-ci ildə), “Dədə Qorqud” dastan mədənyyəti, nağılları və musiqisi (2018-ci ildə) UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Bunlardan savayı, Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu (2013-cü ildə) və Naxçıvanın ənənəvi qrup rəqsləri-yallı, köçəri, tənzərə (2018-ci ildə) UNESCO-nun təcili qorunma ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu baxımdan təsadüfi deyildir ki, 2019-cu ilin iyul ayında Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə ölkəmiz UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etmişdir.

Bütün bunlara baxmayaraq, fondun fəaliyyətinin ən böyük nəticəsi Azərbaycanda xeyriyyəçilik ənənələrinin canlandırılması olmuşdur. Ölkəmizdə xeyriyyəçilik fəaliyyətinin uzun tarixi vardır. İlk dəfə neft maqnatları Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev bu ənənələrin yaranmasına böyük töhfə vermişlər. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev qızlar üçün ilk dünyəvi məktəb tikintisini, ilk milli teatrın açılmasını maliyyələşdirmişdir. O, Azərbaycan gənclərinin Rusiyada və Avropada təhsil almasına da yardım etmişdir. “Musa Nağıyevin tikdirdiyi binalar Bakının memarlıq inciləri sırasındadır”, – deyən Mehriban xanım Əliyeva Azərbaycanda xeyriyyəçilik ənnənələrini nəinki bərpa etmiş, onu yeni forma və məzmunla zənginləşdirmişdir. Nəticədə xeyrirxahlıqdan yoğrulmuş bu ənənə qədim tarixi olan, Şərq və Qərbin kəsişdiyi yerdə qərar tutan tolerant və dünyəvi Azərbaycanda yeni inkişaf mərhələsinə daxil olmuşdur.

Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, sərgilər təşkil olunur. Bu məqsədlə, 2005-ci ildə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, 2006-cı ildə Bakının Binə qəsəbəsindəki Möhsün Səlim məscidində əsaslı təmir və bərpa işləri aparmışdır. 2006-cı ildə Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur. 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir.

“Tolerantlığın ünvanı – Azərbaycan” layihəsinin digər tərkib hissəsi Bakıda yaşayan yəhudi uşaqları üçün Xabad-Or-Avner Təhsil Mərkəzinin inşasıdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə XIV əsr Notr-Dam və Strasburq Kafedral kilsələrinin, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycanın nadir orta əsr əlyazmalarının və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirilmişdir. Parisdəki məşhur Luvr muzeyində İslam incəsənət bölməsi yaradılmışdır. Bundan başqa, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu Parisdə terror qurbanlarının VII Beynənxlaq konfransının təşkili məqsədilə 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərmişdir. Roma şəhərində yerləşən Kapitolini Muzeyində “Filosoflar zalı”nın bərpası fondun bu sahədə ən mühüm nailiyyətlərindən hesab olunur.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası istiqamətində atdığı addımlar sivilizasiyalararası dialoq və harmoniya baxımından misilsiz hadisələrdir. Həmin abidələrin 23 fevral 2016-cı il tarixində bərpadan sonrakı açılış mərasimində Kardinal Ravazinin: “Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdim. Lakin müsbət cavab almadım. Yalnız Heydər Əliyev Fondu bu çağırışa cavab verdi” – fikri Azərbaycan dövləti və onun ali rəhbərliyinin multikultural siyasətinə verilən yüksək qiymətin ifadəsidir.

Onu da qeyd edək ki, Müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyv Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilmişdir.

Heydər Əliyev Fondunun rəhbəri təkcə dünya mədəniyyətinin nadir nümunələrindən olan katakombalrın bərpası işinə maliyə dəstəyi göstərmir, eyni zamanda, onların bərpasından sonra açılış mərasimlərində də iştirak edir. Belə tədbirlər nəticə etibarilə iki müxtəlif sivilizasiya – İslam və xristian dünyaları arasında birgəyaşayış və harmoniya mühitinin möhkəmlənməsi mənafeyinə xidmət göstərir.

2016-cı il sentyabrın 26-da Mehriban xanım fondun dəstəyi ilə bərpa olunan Müqəddəs Sebastian katakombalarının bərpasından sonra açılış mərasimində iştirak etməsi də eyni xarakterli addımdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə dəfələrlə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edilmişdir. Bundan savayı, Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıq heyvanlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanılmışdır.

2014-cü ildə Mehriban xanımın rəhbərliyi ilə Pakistanın Dera İsmail xan bölgəsində “Heydər Əliyev Su Təchizatı” layihəsi həyata keçirilmişdir. Bu layihənin icrasının nəticəsi olaraq ərazidə yaşayan on minlərlə insan içməli su əldə etmişdir. Təsadüfi deyildir ki, Mehriban xanımın dost və qardaş Pakistan dövləti və xalqı qarşısındakı müstəsna xidmətləri nəzərə alınaraq o, bu dövlətin “Hilal-e Pakistan” ali ordeninə, “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı”na, habelə “Daily Times” qəzeti və “Qadın Könüllülər Təşkilatı” tərəfindən “Humanizmin Simvolu – 2012-ci ilin adamı” mükafatlarına layiq görülmüşdür.

Bundan savayı, fond Haitidə zəlzələdən, Rumıniyada isə daşqınlardan əziyyət çəkmiş insanlara yardımlar göstərmişdir.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən birini də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ifşası istiqamətində aparılan sistemli və ardıcıl iş təşkil edir. Fondun Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı portal və müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə münaqişənin kökləri və səbəbləri haqqında dürüst və obyektiv məlumat çatdırmaq məqsədi ilə edilmişdir. Bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası mühüm təbliğat aləti olaraq dünyanın, demək olar ki, bütün qitələrində Ermənistanın soyqırımı, terror və işğal siyasətini ifşa edir.

Adı imzası olan Mehriban xanım Əliyevanın lokal, regional və beynəlxalq miqyaslı fəaliyyəti həm ölkə, həm də bir çox xarici dövlətlərin ali mükafatları ilə təltif olunmaqla yüksək qiymətləndirilmişdir. Bunların sırasında “Heydər Əliyev” ordeni və Heydər Əliyev mükafatı (Azərbaycan Respublikası), “Şərəf legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni (Macarıstan Respublikası), “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni (Rusiya Federasiyası), UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitəsinin Ali ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Dünya Səhiyyə Təşkılatı İcraiyyə Komitəsinin “Ana, uşaq və ailənin sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk – Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adını, habelə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq “ ordenini göstərmək olar. Misilsiz və fədakar zəhmətə verilən bu mükafatlar nə qədər dəyərli olsa da, hörmətli Mehriban xanım üçün ən qiymətli mükafat ümumxalq sevgisi və məhəbbətidir. Elə məhz bu səbəbdəndir ki, birinci xanım xalqa müraciətlərinin sonunu “Sizin Mehriban” ifadəsi ilə yekunlaşdırır. Bu ifadə Mehriban xanımın adı ilə harmoniyada yaşadığını, xalqı ilə səmimi ünsiyyətdə və ülviyyətdə olduğunu təsdiqləyir.

Onu da qeyd edək ki, bütün dünya, o cümlədən, Azərbaycan Respublikası COVID–19 pandemiyası ilə hərtərəfli mübarizə dövrünü yaşayır. Azərbaycan xalqı və dövləti də tarixi sınaq qarşısındadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fors-major vəziyyətdə nümayiş etdirdiyi unikal idarəçilik mədəniyyəti, operativ reaksiya qabiliyyəti, preventiv, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti “taclı virus müharibəsi”ndə taktiki qələbəmizi təmin etmiş və strateji zəfər üçün münbit şərait yaratmışdır. Bu mübarizədə situativ qərarların qəbulu, mərhələli sərtləşmə və yumşalma tədbirlərinin sinxron yerdəyişməsinin tətbiqi insanlarımızın həyatının qorunması kimi ali məqsədə xidmət etməkdədir.

Eyni zamanda, pandemiya dövrü təkcə dövlətlərin və xalqların əsl simasını üzə çıxarmadı, liderlərin də simasını, şəxsiyyətini müəyyən etdi. Xalqlar bu situasiyada ya liderləri ilə sonsuz qürur hissi yaşadılar, ya da əksinə. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, elə də böyük olmayan dövlətinə xarizmatik, realist, prinsipial və qətiyyətli, fors-major vəziyyətlərdə isə sadalanan keyfiyyətlərinin unikal yüksəlmə əmsalına malik dünya səviyyəli lider – Prezident İlham Əliyev rəhbərlik edir. Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda, insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir: “Əminəm ki, müdrük xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”

Ölkəmiz təkcə bütün dünyanı hədələyən COVID–19 pandemiyası ilə sınağa çəkilməmişdir, eyni zamanda, ötən il sentyabrın 27-də faşizm və terrorizm ideologiyasını dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın növbəti və irimiqyaslı hərbi təxribatının hədəfinə çevrildi. Başlanan Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində Emənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Nəticədə bölgədə yeni tarixi reallıqlar formalaşmışdır. Ərazi bütövlüyümüz bərpa edilmiş, beynəlxalq hüququn uzun müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayan prinsipləri işlək vəziyyətə gətirilmişdir.

İşğaldan azad olunmuş bütün torpağlarımızın bərpası və yenidən qurulması mərhələsi başlanmışdır. Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmişdir. Mehriban xanım Əliyeva “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır”, – deməklə beynəlxalq təşkilatlar, hüquq-müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderlərinə müraciət edərək onları Ermənistan siyasi-hərbi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətləri pisləməyə və hüquqi müstəvidə adekvat addımlar atmağa çağırmışdır.

Eyni zamanda, Birinci vitse-prezident soydaşlarımızı müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq həmin torpaqların, xüsusilə də təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi növbəti tarixi vəzifənin icrası naminə daha da səfərbər olmağa və bu taleyüklü prosesə konkret töhfələr verməyə dəvət etmişdir. Bu, zamanın çağırışıdır!

Elman NƏSİROV,
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor

Xalq qəzeti.- 2020.- 21 fevral.- № 40.- S. 1-3.