Çap etmək   ⁞     ⁞   UNESCO

UNESCO - Dünya mədəni irsinin qoruyucusu, yoxsa?..

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı UNESCO-nun Baş direktoruna ünvanladığı məktub Azərbaycan xalqının ədalətsizliyə qarşı diplomatik tələbidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun tarixi Zəfərilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra əyani şəkildə əmin olduq ki,  Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Yuxarı Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun zəbt edilməsi, 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır. Azərbaycan xalqına qarşı Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmış terror və soyqırımı siyasəti Azərbaycan mədəniyyətinə də ağır zərbələr vurub. Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, bütün dünyanın gözü qarşısında Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olub və bu siyasət qədim ata-baba torpaqlarımız olan İrəvan xanlığı ərazisində bu gün də davam etdirilir. Vətən müharibəsinin bitməsindən dərhal sonra məlum məsələ ilə bağlı Azərbaycan tərəfi UNESCO missiyasının erməni işğalından azad olunmuş ərazilərə səfəri ilə bağlı təkliflər hazırlayıb,  UNESCO Katibliyinə təqdim etdi. Rəsmi şəkildə bəyan edildi ki, “Biz tez bir zamanda onların işğaldan azad edilən ərazilərə gəlmələrini və tarixi abidələrin vəziyyətini öyrənmələrini istəyirik”.

Bu müddət ərzində işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərləri təşkil edildi. Ölkə başçısının qeyd etdiyi kimi, 2020-ci ilin noyabrına qədər o torpaqlarda törədilən vandalizmin və barbarlığın miqyasını bilmirdik.

Prezident İlham Əliyev cari il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı “siyasi məsələlərlə məşğul olmayan UNESCO”nun əslində elə siyasətlə hərəkət etdiyinə diqqət çəkərək bəyan etdi: “Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir. Heç bir qəbirüstü daş sındırılmayıb, heç bir kilsə dağıdılmayıb. Amma yəqin bilirsiniz, UNESCO ilə bağlı epopeyanı deyirəm, onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur”.

Əlbəttə, ikili standartlardan çıxış edənlər bir daha  özləri də gördülər ki, bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşan Azərbaycan xalqı qurub yaradır, kilsələri bərpa edir,  heç nəyi dağıtmır, viran qoymur, maddi-mədəniyyət nümunələrini yox etmir. İşğaldan azad olunan torpaqlara gələrkən nə ilə qarşılaşacaqdılar? İşğal edilmiş ərazilərimizdə ölkə və dünya əhəmiyyətli 100.000-dən artıq mədəniyyət nümunəsi dağıdılıb, qəsb edilib, o cümlədən 500-ə yaxın tarixi və 100-dən çox arxeoloji abidənin, 22 muzeyin əksəriyyəti tamamilə və ya qismən dağıdılıb. Erməni millətçiləri maddi mədəniyyət abidələri ilə yanaşı, Azərbaycan xalqının folklorunu, musiqisini, ədəbiyyatını və digər mənəvi sərvətlərini ardıcıl və sistemli şəkildə mənimsəməklə, əslində, işğalçılıq müharibəsini mədəni sərvətlər müstəvisində genişləndirirlər. Azərbaycanın xalq dastanları “Aşıq Qərib”, “Koroğlu”, “Şah İsmayıl” ermənilər tərəfindən qəsb edilmiş, “Tərəkəmə”, “Vağzalı”, “Yallı”, “Uzundərə” kimi bir çox məşhur xalq rəqs melodiyaları adları dəyişdirilməklə, bəzən də, hətta Azərbaycan dilində olan adları saxlanılmaqla, erməni musiqisi nümunələri elan edilib. Bunu inkar etmək olmaz. Ali Baş Komandanın da qeyd etdiyi kimi, o zaman bunu kimin etdiyini deməyə məcbur olacaqdılar.

2022-ci il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərilməsinə dair razılıq əldə olunmuşdur. Məsələ burasındadır ki, Azərbaycan tərəfinin erməni işğalı altında olan ərazilərdəki mədəni irsin qorunması üçün beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması istiqamətində dəfələrlə çağırışlar etməsinə baxmayaraq, təxminən 30 il beynəlxalq ictimaiyyət tərəfindən bu vəziyyətə biganə yanaşılıb. Bu müddətdə erməni tərəfinin razılığı olmadığına görə UNESCO-nun heç bir nümayəndə heyəti Qarabağda fəaliyyət göstərə bilməyib.

Azərbaycan torpaqlarımızın işğal altında saxlanıldığı 30 ildə özünü dünyaya tolerantlığı, multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi kimi  önəm verilən ölkə kimi tanıtdı. Milli- mənəvi dəyərlərimizin və mədəniyyətimizin  qorunub, təbliği istiqamətində gördüyü işlərlə fərqlənən Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan   tədbirlərin hər biri xeyirxahlıq,  humanizm nümunəsi oldu.  Qeyd etməliyik ki, Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti,  UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri - maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir.  Respublikamızda, işğaldan azad olunmuş Qarabağımızın incisi Şuşada  təşkil olunan və günlərlə davam edən  beynəlxalq əhəmiyyətli musiqi festivallarının təşkili, orada çıxış edən mədəni irsimizin incilərindən olan muğam ifaçılarımızın iştirakı mənəvi sərvətlərimizin təbliği istiqamətində ən uğurlu  addımlardan oldu.  

Bütün bunların fonunda illərdən bəri bizə UNESCO tərəfindən göstərilən qeyri-səmimi münasibət, müraciətlərimizə etinasızlıq Azərbaycan xalqını haqlı olaraq narazı salır. Noyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlayıb.

Məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu təşkilatın dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda 2013-cü ildə Azərbaycanla UNESCO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq Azərbaycan-UNESCO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub.

Məktubda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.

Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub. Ünvanlanmış müraciətdə Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.

Günel Eyyubova

İki sahil.-2022.-16 noyabr.-№209.-S.4.