Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mərhəmət hissini itirməməli!

“Fələstin üçün tək ürək”

Mehriban Əliyeva: Ölkəmiz İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır

Dünya birliyi oktyabrın 7-də başlayan və hələlik səngimək bilməyən növbəti Fələstin-İsrail qarşıdurmasına biganə qalmır. Xüsusilə də daim sülhün və ədalətin yanında olaraq bölgədə və dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verən qardaş Türkiyə atəşkəsin əldə olunmasına, problemin beynəlxalq prinsiplər əsasında ədalətli şəkildə həllini tapmasına böyük səy göstərir. Noyabrın 15-də İstanbulda dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısı baş tutub. Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciəti olub

Humanist yanaşma

Artıq bir aydan çoxdur ki, davam edən İsrail-Fələstin münaqişəsi ilə bağlı yayılan məlumatlar, foto və video görüntülər ən soyuqqanlı insanı belə biganə qoymur. Hər iki ölkədə, xüsusilə də Qəzzada  bir insanlıq faciəsi yaşanır. Burada münaqişə başlayandan bəri ölənlərin sayı 11 mini ötüb. Qurbanların 5 minə qədəri uşaqlardır. Rəqəmlər stabil deyil və hər ötən gün dəyişir. Bölgədə humanitar böhran son həddə çatıb. Ağır hücumlar nəticəsində xəsarət alanların artması fonunda tibbi ləvazimatlar, dərman vasitələri, həkim heyətləri kəskin şəkildə çatışmır. “Təxminən 1,1 milyon insana ərzaq yardımı çatdırılması üçün qarşıdakı iki ay ərzində Qəzzaya hər gün 40 yük avtomobili daxil olmalıdır”. Bu barədə mərkəzi qərargahı İtaliyanın paytaxtı Romada yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib. Qeyd olunur ki, Qəzza əhalisinin artan ehtiyaclarını qarşılamaq üçün davamlı yardımlara ehtiyac var. Hazırda Qəzzada yaşanan yanacaq qıtlığı ərzaq yardımlarının dayanmasına səbəb ola bilər. Yanacaq tədarükü çörək istehsalı, istiliklə təminat və yardımların nəqliyyat vasitələri ilə müvafiq yerlərə daşınması üçün mühüm əhəmiyyət kəsb edir.

Daim humanizm mövqeyindən çıxış edən Mehriban xanım Əliyeva müraciətində ilk növbədə münaqişənin humanitar fəsadlarına diqqət çəkib. “Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir. Mən həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyirəm”, - deyə müraciətdə vurğulanıb.

Müraciətdə diqqətə çatdırılır ki, son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərib. Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. “Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır”, - deyə Mehriban xanım Əliyeva vurğulayıb.

Birinci xanım ən çətin məqamlarda belə bəşəriyyətin mərhəmət hissini itirməməli olduğunu vurğulayıb.

Beynəlxalq təşkilatların qərəzli və selektiv münasibəti

Hazırda beynəlxalq münasibətlərdə ikili standartlar heç vaxt olmadığı qədər dərin kök salıb. Biz müşahidə edirik: Bir sıra hallarda nüfuzlu beynəlxalq təşkilatlar, güc mərkəzləri beynəlxalq hüquqdan kənar baş verən hadisələrin, o cümlədən də bir dövlətin başqa bir ölkəyə qarşı təcəvüzkarlıq əməllərinin qarşısını çox qısa müddətdə alır və günahkarları sərt şəkildə cəzalandırırlar. Digər oxşar vəziyyətlərdə isə həmin qurumların və güc mərkəzlərinin seyirçi mövqedə qalmaları acı təəssüf hissi doğurur. Belə ikili yanaşmaların nəticəsidir ki, dünya üzrə münaqişələrin sayı getdikcə artır. Mehriban xanım Əliyeva bildirib ki,  geniş səlahiyyətlərə malik beynəlxalq təsisatların üzləşdiyi hazırkı böhran vacib məsələlərin həllini əngəlləyir.

İkili standarlar şəritində transmilli medianın qərəzli informasiya siyasəti aparması da təəssüf doğurur. Bu məqama diqqət çəkən Mehriban xanım Əliyeva “İctimai rəyin çaşdırılması və beynəlxalq hüququn manipulyasiyası üçün qərəzli media platformaları vasitəsilə yalan hekayələr yayılır. Bundan daha təhlükəlisi isə mənəvi dəyərlərdən manipulyasiya məqsədilə sui-istifadə olunması hallarıdır”, - deyə bildirib.

Azərbaycan da dünyada ikili standartlardan əziyyət çəkən ölkələr sırasında yer alır. Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü nəticəsində ərazilərimiz işğal olunub, bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşüb, 300-dən artıq şəhər və kəndimiz darmadağın edilib, dini və mədəni irsimiz dağıdılıb. Vaxtilə işğal edilmiş torpaqlarımızda 67 məsciddən 65-i yerlə-yeksan edilib. Bütün bunlar açıq vandalizm nümunələridir. Lakin beynəlxalq təsisatlar uzun zaman kəsiyində hərəkətə keçib təcəvüzkarı cəzalandırmaq barədə düşünmədilər, əksinə onlar hər vəchlə çalışırdılar ki, işğal məhsulu olan keçmiş statuskvo sonsuzluğadək uzansın.  Belə olan halda Azərbaycanın ərazi bütövlüyünü özü təmin etmək məcburiyyətində qalmasına diqqət çəkən birinci xanım vurğulayıb: “Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını özü işğaldan azad etdi və bu ilin sentyabr ayında antiterror əməliyyatı ilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna və separatizmə son qoyaraq suverenliyini tam bərpa etdi”.

Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir

İsrail-Fələstin qarşıdurmasının aradan qaldırlmasına ən doğru yanaşmalardan biri münaqişənin həllinə Azərbaycanın münasibətidir. Müharibə dəhşətlərini yaşayan bir ölkə olaraq Azərbaycan İsrail-Fələstin qarşıdurmasının da tez bir zamanda sülh yolu ilə həllini tapmasını istəyir. Bir qədər bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəsə çağıran qətnamə qəbul edib. Səsvermə dünya təşkilatının saytında yayımlanıb. Məlumata görə, qətnamə İordaniya və daha 40 dövlət tərəfindən hazırlayıb. Sənəddə deyilir ki, BMT Baş Assambleyası Fələstin və İsrail vətəndaşlarına qarşı zorakılığı pisləyir. Həmçinin qətnamədə hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təcili humanitar atəşkəsə çağırış edilir. Azərbaycan da daxil olmaqla qətnamənin lehinə 120 ölkə səs verib, 14-ü əleyhinə olub, 45-i isə bitərəf qalıb. Ölkəmizin prinsipial mövqeyini bir daha diqqətə çatdıran Mehriban xanım Əliyeva qeyd edib: “Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir. Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir”.

Mübariz FEYİZLİ

Yeni Azərbaycan.-2023.-17 noyabr.-№210.-S.2.