Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Fəaliyyəti

Azərbaycan qadınının gücünü dünyaya tanıdan ictimai-siyasi xadim

Qadın sadəcə ana, bacı, həyat yoldaşı deyil. O, şairin qələmində ilham, musiqiçinin notlarında harmoniya, rəssamın fırçasında sonsuz rəng çalarlarıdır. O, bir xalqın, bir millətin ruhudur.

Tarix boyu qadınlar mübarizə aparıblar. Bu gün qadınlar təkcə öz haqlarını deyil, bütün bəşəriyyətin azadlığını, bərabərliyini müdafiə edirlər. Çünki qadın təkcə özünü yox, cəmiyyəti də dəyişmək gücünə malikdir. Beynəlxalq Qadınlar Günü isə bu gücün, əzmin, fədakarlığın bayramıdır. 8 Mart qadının yalnız sevgi və incəlik rəmzi deyil, həm də mübarizəsinin, gücünün, dəyişiklik yaratmaq qabiliyyətinin bayramıdır.

Dünya qadınları uzun illər bərabər hüquq uğrunda mübarizə aparmaq üçün ayağa qalxıblar. Onların səsi zaman-zaman boğulsa da, bu gün qadınlar siyasətdə, elmdə, iqtisadiyyatda, sənətdə, idmanda bir sözlə, hər yerdədirlər. Onlar öz yollarını özləri müəyyən edir, nəyi bacardıqlarını göstərirlər. Azərbaycan qadını da həmişə öz iradəsi ilə seçilib. Tariximizin hər səhifəsində onun izi var - gah torpağını qoruyan cəngavər, gah qələmi ilə cəmiyyətin maariflənməsinə yol açan ziyalı, gah da ən çətin anlarda ümidini itirməyən ana, bacı, həyat yoldaşı kimi.

Xurşidbanu Natəvanın qələmi qadının ağlını və incəliyini sübut edib. Sara Aşurbəyli tariximizi yazıb, elmə öz möhürünü vurub. Azərbaycan qadını sadəcə dövrə uyğunlaşan deyil, dövrü dəyişən olub. Bu gün də Azərbaycan qadını səsini dünyaya çatdırır. O, nəinki öz ölkəsində, həm də beynəlxalq arenada söz sahibidir. Elm adamıdır, sahibkardır, siyasətçidir, sənətkardır, idmançıdır. Bu gün isə Azərbaycan qadınının gücünü dünya səhnəsində təmsil edən, ölkəsinin adını yüksəklərə daşıyan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır.

Mehriban Əliyeva yalnız siyasi-ictimai xadim deyil. O, Azərbaycan mədəniyyətinin qoruyucusu, təhsilin inkişafına dəstək verən, milli-mənəvi dəyərləri dünyaya tanıdan liderdir. Onun fəaliyyəti beynəlxalq arenada da böyük rəğbətlə qarşılanır. Mehriban xanımın gördüyü işlər Azərbaycan qadınının nə qədər güclü, iradəli və uzaqgörən olduğunu bir daha sübut edir.

Mehriban xanımın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu ümummilli liderin ideyalarının gerçəkləşdirilməsində əvəzsiz xidmətlər göstərir. Heydər Əliyev Fondu həm də milli kimliyin qorunması, mədəni irsin təbliği və ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirdiyi layihələrlə tanınır. Fondun təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycan tarixinin, ədəbiyyatının, musiqisinin və incəsənətinin təbliğinə böyük töhfə verir. Mehriban Əliyevanın fəaliyyətinin ən mühüm istiqamətlərindən biri Azərbaycanın tarixi-mədəni irsinin qorunması və dünya səviyyəsində tanıdılmasıdır. Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın zəngin mədəni və təbii irsi UNESCO tərəfindən tanınıb və Ümumdünya İrs Siyahısına daxil edilib. Bu siyahıda İçərişəhər, Şirvanşahlar Sarayı və Qız qalası (2000-ci il), Qobustan qayaüstü rəsmləri (2007-ci il), Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi (2019-cu il), "Xınalıq və Köç yolu mədəni landşaftı" (2023-cü il), Hirkan meşələri (2023-cü il) kimi tarixi və təbii irs nümunələri yer alıb. Bu abidələrin beynəlxalq səviyyədə tanınması, onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca mühüm hadisədir. Eyni zamanda Azərbaycan muğamı, aşıq sənəti, "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti", "Dədə Qorqud irsi", Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Mehriban Əliyevanın liderliyi ilə Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqinə mühüm töhfələr verib.

Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bu təyinat onun illər ərzində ölkənin inkişafı, mədəni irsin qorunması və humanitar sahədə apardığı ardıcıl və səmərəli fəaliyyətinin məntiqi nəticəsidir. O, vəzifəyə başladığı gündən etibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, sosial rifahın artırılması və milli maraqların qorunması istiqamətində mühüm addımlar atıb. Mehriban xanımın bu vəzifəyə təyin olunarkən dediyi sözlər onun məsuliyyətini və xalqa olan bağlılığını ifadə edirdi: "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam".

Azərbaycanın mədəni irsi, incəsənəti və tarixi zənginliyi əsrlər boyu dünyanın maraq dairəsində olub. Bu mirasın qorunması və dünyaya tanıdılması istiqamətində həyata keçirilən işlərdə Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Onun təşəbbüsləri ilə ölkəmizdə mühüm mədəniyyət layihələri gerçəkləşib, Azərbaycan mədəniyyəti beynəlxalq miqyasda daha geniş tanıdılıb. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu muzeylərin yaradılması, incəsənət sərgilərinin keçirilməsi, milli irsin qorunması, xalq sənətkarlığının dəstəklənməsi və Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Bu tədbirlər Azərbaycanın mədəniyyət tarixində dərin iz qoyaraq gələcək nəsillər üçün milli-mənəvi dəyərlərin yaşadılmasını təmin edir.

Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyət sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri Bakıda Müasir İncəsənət Muzeyinin yaradılmasıdır. Bu muzey Azərbaycanın ən tanınmış sənətkarlarının əsərlərini bir araya gətirərək onların irsinin yaşadılmasına və yeni nəslə ötürülməsinə şərait yaradır. Muzeydə Azərbaycan Xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov və digər sənətkarların əsərləri nümayiş etdirilir. Eyni zamanda burada avanqard üslubda çalışan rəssamların və heykəltəraşların 800-dən çox əsəri toplanıb. Muzeydə yerləşən Qərbi Avropa incəsənəti salonu isə dünya mədəniyyətinə Azərbaycan incəsənətini təqdim etmək üçün mühüm platformadır.

Azərbaycan xalçaçılıq sənəti də dünyanın qeyri-maddi mədəni irsi sırasında yer alır və bu sahənin inkişafına və təbliğinə Mehriban Əliyeva xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə Dənizkənarı Milli Parkda Lətif Kərimov adına Azərbaycan Xalçası və Tətbiqi Sənəti Muzeyi inşa edilib. Muzeyin ümumi sahəsi 18 min 446 kvadratmetrdir və burada Azərbaycanın qədim xalçaçılıq ənənələrinin qorunmasına və tanıdılmasına xidmət edən nadir eksponatlar saxlanılır. Muzey Azərbaycan xalçaçılıq məktəblərinin incilərini, qədim toxuculuq nümunələrini və xalq sənətkarlığının nadir eksponatlarını təqdim edən unikal məkandır.

Azərbaycanın tarixi keçmişini özündə əks etdirən digər mühüm mədəniyyət layihələrindən biri də 2008-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksidir. Bu muzey Azərbaycanın qədim tarixini öyrənmək üçün geniş imkanlar açır. Kompleks 156 hektarlıq bir ərazini əhatə edir və burada eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrü əks etdirən kurqanlar, sərdabələr, yaşayış evləri, ovdanlar, qəsr qalıqları, məscidlər və hamamlar yerləşir. Muzey Azərbaycanın qədim yaşayış məskənlərini, xalqımızın həyat tərzini, adət-ənənələrini və tarixi abidələrini qoruyub saxlayan mədəniyyət mərkəzidir.

Mehriban xanım Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği və qorunması istiqamətində böyük xidmətləri ilə tarixdə iz qoyur. Mehriban Əliyevanın fəaliyyəti yalnız mədəniyyət və tarix sahələri ilə məhdudlaşmır. O, sosial, təhsil və səhiyyə sahələrində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Mehriban Əliyevanın təhsil sahəsində gördüyü işlər Azərbaycan gəncliyinin gələcəyinə yatırılmış ən böyük sərmayələrdəndir. Heydər Əliyev Fondu çərçivəsində icra edilən müxtəlif proqramlar minlərlə uşağın və gəncin daha yaxşı təhsil almasına şərait yaradıb. Belə ki, 2005-ci ildən icrasına başlanılmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində indiyə qədər 500-dən çox məktəb inşa edilib və əsaslı təmir olunub. Bu məktəblərdə 100 mindən çox şagird təhsil almaq imkanına sahib olub. Layihə çərçivəsində müasir tədris texnologiyaları ilə təmin olunmuş məktəblər inşa edilib, yeni laboratoriyalar və fənn kabinələri yaradılıb. Məqsəd Azərbaycanın bütün bölgələrində, xüsusilə ucqar kəndlərdə yaşayan uşaqların keyfiyyətli təhsil almasını təmin etməkdir.

Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən daha bir vacib layihə "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramıdır. Proqram çərçivəsində ölkə üzrə 40-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir olunub və yenidən qurulub. Məqsəd valideyn himayəsindən məhrum olan uşaqların rahat və təhlükəsiz şəraitdə böyüməsini, yüksəkkeyfiyyətli təhsil və psixoloji dəstək almasını təmin etməkdir. "Təhsilə dəstək" proqramı çərçivəsində aztəminatlı ailələrdən olan tələbələr üçün müxtəlif təhsil imkanları yaradılıb. "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" layihəsi çərçivəsində yeni uşaq bağçaları tikilib və mövcud olanlar müasir tələblərə uyğun şəkildə yenidən qurulub.

Mehriban Əliyevanın təşəbbüsləri ilə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi layihələr, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanlara yönəlmiş xeyriyyəçilik fəaliyyətləri böyük rəğbətlə qarşılanır. Həyata keçirilən səhiyyə proqramları sayəsində ölkədə müasir tibb mərkəzləri inşa olunub, aztəminatlı ailələr və xəstələr üçün müasir tibbi xidmətlər yaradılıb.

Hazırda ölkəmizdə 3200 talassemiya xəstəsi var. 2009-cu ildə istifadəyə verilən Talassemiya Mərkəzi müasir laboratoriyalar, qan bankı, müalicə və diaqnostika bölmələri ilə təmin edilib. Burada xəstələr üçün genetik müayinələr, sümük iliyi transplantasiyası və digər tibbi xidmətlər göstərilir. Mərkəz ölkədə talassemiya xəstəliyinin nəzarət altına alınmasında və müalicəsində mühüm rol oynayır. Diabet də müasir dövrün ən aktual problemlərindən biridir. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində Heydər Əliyev Fondu diabet xəstəsi olan uşaqlar üçün pulsuz tibbi avadanlıq təminatı həyata keçirir. Bu layihə minlərlə uşağın müalicəsinə və sağlam həyata qayıtmasına imkan yaradıb.

Mehriban Əliyevanın səhiyyə sahəsindəki ən böyük xidmətlərindən biri də yeni tibb müəssisələrinin inşası və mövcud xəstəxanaların müasir standartlara uyğun yenidən qurulmasıdır. Bu layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni xəstəxanalar və reabilitasiya mərkəzləri yaradılıb. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və tibbi reabilitasiyası üçün müasir şərait yaradır. 2013-cü il oktyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzin açılışında iştirak edib.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın regionlarında tibbi xidmətlərin inkişafı üçün müxtəlif layihələr həyata keçirir. Bölgələrdə müasir xəstəxanalar tikilir və tibbi avadanlıqlarla təmin edilir. Aztəminatlı ailələrə pulsuz tibbi xidmətlər göstərilib, ucqar kəndlərdə yaşayan insanlara tibbi yardımlar edilir. Bu addımlar nəticəsində Azərbaycanın bölgələrində tibbi xidmətlərin səviyyəsi xeyli yüksəlib, insanlara keyfiyyətli müalicə imkanları yaradılıb. Mehriban Əliyeva təkcə səhiyyə layihələri ilə deyil, həm də aztəminatlı ailələrin və xəstələrin dəstəklənməsi ilə məşğuldur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif xeyriyyə aksiyaları da keçirilir. Belə ki, fiziki məhdudiyyətli insanlara protez və reabilitasiya xidmətləri təqdim olunur. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən səhiyyə islahatları Azərbaycanın gələcək nəsillərinin sağlam böyüməsinə və cəmiyyətin daha güclü olmasına mühüm töhfə verir. Mehriban Əliyeva yalnız bu günün deyil, gələcəyin sağlam Azərbaycanını qurmaq üçün yorulmadan çalışır.

Birinci vitse-prezident beynəlxalq tədbirlərdə Azərbaycanın adını şərəflə təmsil edir. Onun apardığı diplomatik missiyalar, mədəniyyətlərarası dialoqun qurulması istiqamətindəki addımları ölkəmizin beynəlxalq imicini daha da gücləndirir. O, Azərbaycan qadınının gücünü, zərafətini və liderlik qabiliyyətini bütün dünyaya nümayiş etdirir. Bu gün Azərbaycan qadını həm də öz ölkəsini, xalqını beynəlxalq arenada təmsil edən qüvvədir. Mehriban Əliyeva bunun ən parlaq nümunələrindən biridir. Onun fəaliyyəti sübut edir ki, qadın həm incə, həm də güclü ola bilər, həm ana, həm lider ola bilər.

Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, eləcə də müxtəlif ölkələrdə mədəniyyətimizin və tariximizin təqdim olunması Mehriban Əliyevanın uğurla həyata keçirdiyi strateji xəttin tərkib hissəsidir. Paris, Afina, Kann, Brüssel, Moskva, Berlin, Roma və digər şəhərlərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, dünya miqyasında Azərbaycan mədəni irsinin tanıdılması, tarixi şəxsiyyətlərimizin abidələrinin ucaldılması bu istiqamətdə görülən işlərin yalnız bir hissəsidir. Belə ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın beynəlxalq informasiya məkanında uğurla təmsil olunması üçün Mehriban Əliyevanın rəhbərliyi ilə məqsədyönlü addımlar atıldı. Bu çərçivədə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmə çatdırılması üçün informasiya platformaları yaradıldı, beynəlxalq media orqanlarında Azərbaycan həqiqətləri əks etdirildi, Ermənistanın mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə geniş maarifləndirmə işi aparıldı. Azərbaycanın Qarabağ zəfərinin dünya ictimaiyyətinə daha geniş şəkildə təqdim olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirildi.

Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edib. 2012-ci il - "Eurovision" mahnı müsabiqəsi, 2015-ci il - Birinci Avropa Oyunları, 2017-ci il - IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışlarının (2016-cı ildən etibarən) yüksək səviyyədə təşkili Azərbaycanı dünyanın idman və mədəniyyət mərkəzlərindən birinə çevirdi. Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə təşkil edilən bu tədbirlər ölkəmizin nüfuzunu artırdı, turizmin inkişafına və beynəlxalq əlaqələrin güclənməsinə gətirib çıxardı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Qarabağın və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edir, eyni zamanda ölkənin mədəni, sosial və humanitar inkişafına misilsiz töhfələr verir. Mehriban xanımın fəaliyyət spektri genişdir və onun liderliyi ilə həyata keçirilən layihələr Azərbaycan xalqının rifahına, milli dəyərlərin qorunmasına və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına xidmət edir. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Mehriban Əliyeva bu prosesdə təkcə siyasi lider kimi deyil, həm də vətənpərvər bir azərbaycanlı kimi iştirak edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə azad edilmiş ərazilərdə bir sıra mühüm layihələr icra olunur. Xüsusilə tarixi-mədəni abidələrin bərpası və yenidən qurulması istiqamətində aparılan işlər diqqət çəkir. Şuşada Bülbülün ev-muzeyinin, Yuxarı Gövhər Ağa məscidinin və Saatlı məscidinin bərpası görülən işlərin bir qismidir. Bundan əlavə, Fond azad edilmiş ərazilərdə yeni məktəblərin, səhiyyə ocaqlarının və sosial obyektlərin inşasını da dəstəkləyir.

Fondun fəaliyyəti barədə ölkə başçısı İlham Əliyev deyib: "Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır".

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti beynəlxalq təşkilatlar, dövlət başçıları, nüfuzlu ictimai və dini qurumlar tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif mükafatlarla təltif olunmuşdur. Bu təltiflər onun beynəlxalq humanitar əməkdaşlığın inkişafına, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılmasına, səhiyyə və təhsil sahəsində həyata keçirdiyi layihələrə verilən qiymətdir.

Mehriban xanım xeyriyyəçilik və humanitar sahədəki təşəbbüslərinə görə də beynəlxalq mükafatlara layiq görülüb. "Qızıl Ürək" mükafatı (2007) - sosial rifahın yaxşılaşdırılması, aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək layihələri ilə bağlı fəaliyyəti yüksək qiymətləndirilib. Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatı (2007) - ailə sağlamlığının qorunması və səhiyyə sahəsində həyata keçirdiyi layihələrə, Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı (2020) - mədəniyyət, humanitar əməkdaşlıq və Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına verdiyi töhfələrə görə təqdim olunub.

Mehriban Əliyeva idman sahəsində də beynəlxalq səviyyədə tanınan liderlərdən biridir. Onun idmanın inkişafına verdiyi töhfələr beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Avropa Olimpiya Komitələrinin Ali Ordeni (2016) - Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsi tərəfindən təqdim olunub. Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə" medalı (2018) - idman və "Fair Play" prinsiplərinin təbliğindəki xidmətlərinə görə verilib.

Qadının gücü yalnız tarixdə deyil, bu gün də və gələcəkdə də öz parlaq izini qoyacaq. Mehriban xanım Əliyeva bu gücün canlı təcəssümü olaraq qadının istər siyasətdə, istər ictimai həyatda, istərsə də mədəniyyətdə nə qədər böyük təsir gücünə malik olduğunu bir daha sübut edir. Mehriban xanım Əliyeva sadəcə bir lider deyil - bir ilham mənbəyidir.

Ləman Təhməz

Respublika. - 2025.- 8 mart. - № 52. - S. 4.