Çap etmək   ⁞     ⁞   Fond haqqında

Soltan Məmmədov: "Heydər Əliyev Fondu dünyada yüksək nüfuza malikdir"

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədovun "Report"a müsahibəsi

- Bir neçə aydır ki, Milli Məclisə deputat seçilmisiniz. VI çağırış Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiniz? Hansı çatışmazlıqlar, həllini gözləyən hansı məsələlər var?

- Sizin də qeyd etdiyiniz kimi, Milli Məclisin deputatı seçilməyim cəmi bir neçə aydır. Bu baxımdan, düşünürəm ki, mənim Milli Məclisin fəaliyyətinə qiymət verməyim bir qədər doğru olmaz. Ümumilikdə onu deyə bilərəm ki, həm parlamentin rəhbərliyi, həm də deputatlar çalışırlar ki, fəaliyyətlərini müasir dövrün çağırışlarına uyğun qursunlar. Cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Biz də çalışmalıyıq ki, fəaliyyətimiz, atdığımız addımlar bu islahatların ruhuna uyğun olsun. Dövlət başçısının Milli Məclisin ilk iclasındakı çıxışında qeyd etdiyi istiqamətlər bizim fəaliyyətimizin prioritetlərini təşkil edir.

- Seçiciləriniz daha çox hansı problemlərə görə Sizə müraciət edirlər? Elə olubmu ki, seçicilərinizin şikayəti ilə bağlı dövlət orqanlarına müraciət etmisiniz, amma cavabsız qalıb?

- Azərbaycanda son illərdə insanların həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, ölkənin bütün bölgələrinin bərabər səviyyədə inkişafı üçün çox böyük işlər görülüb. Biz əslində kifayət qədər uğurlu bir tarixi mərhələnin şahidləri və iştirakçılarıyıq. Hesab edirəm ki, Azərbaycan dövləti vətəndaşlarının rifahı, təhlükəsizliyi, ölkənin ümumi inkişafı, beynəlxalq münasibətlər sistemində güclü mövqeyə sahib olması üçün bütün zəruri addımları atır. Bununla yanaşı, əlbəttə ki, müəyyən həllini gözləyən problemlər də var. Təmsil etdiyim dairədə içməli su, yol, ictimai nəqliyyat, səhiyyə ilə bağlı müraciətlər daha çoxdur. Bu müraciətlərin bir çoxunu operativ qaydada müvafiq dövlət orqanlarının dəstəyi ilə həll edə bilirik. Mən fürsətdən istifadə edib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, TƏBİB-ə müraciətlərimizə operativ reaksiya verdikləri üçün təşəkkürümü ifadə etmək istərdim. Məhz bu qurumların dəstəyi ilə biz xeyli sayda müraciəti müsbət həll edə bildik. Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə çoxlu sayda vətəndaşın səhiyyə ilə bağlı problemlərini həll etmişik. Lakin müraciətlərə laqeyd yanaşan qurumlar da var. Ən pisi odur ki, bu qurumlar vətəndaşların da müraciətinə laqeyd yanaşır, əksər hallarda bu müraciətlərə ümumiyyətlə cavab vermirlər. Əlbəttə ki, hansısa dövlət qurumu bütün müraciətləri yüz faizlik göstərici ilə həll edə bilməz. Bu, təbiidir. Lakin istənilən müraciətə mütləq cavab verilməlidir, hətta bu cavab “yox” olsa belə. Bildiyiniz kimi, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin elektron infrastrukturunun qurulması, proaktiv xidmətlərin yaradılması istiqamətində uğurlu addımlar atılıb. Prezindetin Fərmanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “E-sosial” portalı pandemiya dövründə birdəfəlik ödəmə ilə bağlı yüz minlərlə müraciətin emalını, təhlil və qiymətləndirilməsini təmin etdi. Portal istifadəçilərə 100-dən çox sosial xidmət növündən yararlanmaq imkanı verir. "Məşğulluq” altsistemi işsiz və işaxataran vətəndaşlara qısa müddətdə iş yeri əldə etmək imkanı verib. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda ilk dəfə olaraq yaşa görə və əlilliyə görə pensiyaların elektron təyinat sistemi işə salınıb. Bu sistem vasitəsilə 95 mindən çox şəxsə pensiya, müavinət və təqaüd təyin edilib, həmçinin 145 min sığortaolunan qeydiyyata alınıb. Bunları ona görə qeyd edirəm ki, bu cür müasir innovativ yanaşmalar vətəndaşların müraciətlərinin operativ, subyektiv amillərin təsiri olmadan qısa vaxtda cavablandırılmasını təmin edir. Hesab edirəm ki, belə nümunələrdən digər qurumlar da faydalana bilər.

- Soltan müəllim, Siz Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbərisiniz. Hazırda Azərbaycan-Fransa əlaqələrini necə qiymətləndirirsiniz?

- Fransa Avropanın aparıcı dövlətlərindən biridir, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədridir. Azərbaycan Fransa ilə münasibətlərə həmişə xüsusi önəm verib. Fransa üçün də Azərbaycan strateji maraqlar baxımından vacib ölkədir. Bu amillər qarşılıqlı münasibətlərin xarakterini müəyyənləşdirən əsas detallardır. İndiki dövrdə iki ölkə arasında qarşılıqlı etimad var, hansı ki, bu, beynəlxaql münasibətlərdə çox mühüm faktordur. Azərbaycanın Fransadan əsas gözləntisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməsidir. Fikrimcə, Fransa münaqişənin ədalətli, beynəlxalq hüquqa uyğun həllinə daha önəmli töhfələr verə bilər.

- Zaman-zaman beynəlxalq təşkilatlarda Azərbaycana qarşı haqsız mövqe nümayiş olunur. Milli Məclisin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü kimi Sizcə, belə kampaniyaların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Çox təəssüf ki, dediyiniz hallarda qarşılaşırıq. Azərbaycan dövləti bütün ölkələrlə, beynəlxalq təşkilatlarla əlaqələrdə açıq siyasət yürüdür. Bizim dünyadan gozlətməli heç nəyimiz yoxdur. Bütün özünə hörmət edən dövlətlər kimi, milli maraqlarımızın müəyyən etdiyi qırımız cizgi var. Bu cizgini keçməyə cəhd edənlərə də kifayət qədər aydın və qətiyyətli şəkildə öz mövqeyimizi ifadə edirik. Bizim dünyadan yalnız bir gözləntimiz var - ədalət. Azərbaycan dövləti həmişə o mövqedən çıxış edib ki, beynəlxalq münasibətlər ədalətə əsaslanmalıdır. Ən əsas məsələ odur ki, Azərbaycan ötən müddətdə tam müstəqil dövlət kimi özünü təsdiq edib. Məncə bundan daha böyük nailiyyət ola bilməz. Lakin Azərbaycan dövlətinin müstəqil davranışı bəzi dairələri narahat edir və onlar ən müxtəlif üsullarla əsassız şəkildə ölkəmizə qarşı kampaniyalar həyata keçirməyə çalışırlar. Hesab edirəm ki, bu cür təşəbbüslərin heç bir perspektivi yoxdur və gələcəkdə də olmayacaq. Biz bundan sonra da müstəqil siyasətimizi davam etdirəcəyik. Təbii ki, bu beynəlxalq münasibətlərdə, diplomatiya sahəsində daha yüksək fəallıq, daha böyük əzmkarlıq, daha çox zəhmət tələb edir. Lakin müstəqillyin qiyməti də elə bundadır.

- Deputat həmkarlarınızla münasibətiniz necədir?

- Depuat həmkarlarımın bir çoxunu daha öncədən tanıyıram, bəzilərini yeni tanımışam. Hər biri ilə işgüzar, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Mümkün qədər bir-birimizə müxtəlif məsələlərin həllində dəstək olmağa çalışırıq.

- Hazırda ölkəmizdə karantin rejimi tətbiq edilir. Toyların, nişanların və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Ancaq bəzi vəzifəli şəxslər tərəfindən bu qadağalara laqeyd münasibət göstərənlər də olub. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Prezidenti də dəfələrlə öz çıxışlarında bildirib ki, qanunlar qarşısında hər kəs bərabərdir. İctimai statusu, vəzifəsi, xidmətləri heç kimə qanundan yayınmaq imtiyazı vermir. Hesab edirəm ki, hamımız qanunlara hörmət etməliyik. Bu, nəinki dövlətə və cəmiyyətə, həm də özünə hörmət deməkdir. Azərbaycan hüquqi dövlətdir. Hüquq isə elə bir sahədir ki, o insanlara deyil, onların davranışlarına, bu davranışların ictimai mənafelərə uyğunluğuna qiymət verir. Bu baxımdan, hesab edirəm ki, tətbiq olunan cəzaları şəxsi kontekstdə deyil, hərəkətə, davranışa verilən hüquqi qiymət kimi qəbul etmək lazımdır. 

- Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir, korrupsiya ilə mübarizə sahəsində ardıcıl sərt tədbirlər görülür. Bəzən bu islahatlara mane olan qüvvələrin olduğu da hiss edilir. Bunu necə qiymətləndirirsiniz?

- Tarix hələ heç vaxt islahatların cəmiyyətin bütün təbəqələri, qrupları tərəfindən birmənalı təqdir edildiyinin şahidi olmayıb. İslahatlar mane olmaq istəyən qüvvələr həmişə tapılır. Əsas məqam ondan ibarətdir ki, həyata keçirilən islahatlar əksəriyyətin maraq və mənafelərini ifadə etsin. İslahatlar sosial sifarişə əsaslananda, xalqdan dəstək görəndə uğurla nəticələnməsinə heç bir digər qüvvə mane ola bilməz. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların yeganə məqsədi dövlətimizin daha da güclənməsi, vətəndaşlarımızın daha yaxşı yaşaması, sabit, təhlükəsiz, dinamik inkişaf edən cəmiyyətin formalaşması prosesinin davam etdirilməsidir. Ona görə də, bu cür qüvvələrin mövcudluğu islahatlara mane olmaq gücündə deyil.

- Sİz həm də Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbərisiniz. Heydər Əliyev Fondunun beynəlxalq təşkilatlarla əlaqələri ilə bağlı nə deyə bilərsiniz? Fond beynəlxalq təşkilatlarla əlaqələr sahəsində hansı uğurlar əldə edilib və hansı yeniliklərin edilməsi planlaşdırılır?

- Heydər Əliyev Fondu dünyada kifayət qədər yüksək nüfuza malik bir təşkilatdır. Fondun bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri var. BMT, UNİSEF, Dünya Səhiyyə Təşkilatı və digər nüfuzlu qurumlarla birgə layihələr reallaşdırılıb. Səhiyyə, mədəniyyətlərarası dialoq, təhsil sahəsində müxtəlif ölkələrdə bir sıra uğurlu layihələr həyata keçirilib. Fondun əməkdaşlıq coğrafiyası kifayət qədər genişdir. Azərbaycan mədəniyyətinin dünyada təbliği, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər görülüb. Azərbaycan mədəniyyətinin təbliği, milli mənəvi dəyərlərin qorunmasına dəstək, Azərbaycan həqiqətlərini yaymaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr, xüsusi qayğıya ehtiyac duyan insanlara yardım etmək Fondun əsas məqsədləridir. Bütün bunlar isə, elə istiqamətlərdir ki, dünya, bəşəriyyət üçün mühüm əhəmiyyətə malikdir.

- Koronavirus (COVID-19) pandemiyası başlayandan bu günə qədər Heydər Əliyev Fondu tərəfindən bir sıra sosial aksiyalar həyata keçirilib, o cümlədən Fond tərəfindən aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları paylanılıb...

- Məlum olduğu kimi, karantin rejiminin tətbiqi ilə əlaqədar bir sıra iş yerləri fəaliyyətini dayandırdı, insanların həyatında müəyyən çətinliklər yarandı. Fond öz missiyasına və fəaliyyət fəlsəfəsinə uyğun olaraq, belə bir dövrdə ehtiyacı olan vətəndaşlara yardım etdi. “Biz birlikdə güclüyük” sosial aksiyası çərçivəində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri 100 mindən çox ailəyə ərzaq yardımı göstərdi. Bundan başqa Fond Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü.

- Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edilir. Fond koronavirus epidemiyası ilə mübarizənin ilk günlərindən TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə başlayıb. Qarşıdakı dövr ərzində hansı işlərin görülməsi planlaşdırılır?

- Heydər Əliyev Fondu pandemiya ilə mübarizə istiqamətində tədbirlərə öz töhfəsini verib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanımın tapşırığı əsasında ölkədə laboratoriya sisteminin gücləndirilməsi, yeni laboratoriyaların qurulmasında Fond da yaxından iştirak edib. Eyni zamanda, yüksək keyfiyyətli müayinələrin aparılması üçün Almaniya və İngiltərə istehsalı olan test kitləri alınmasında da fondun fəal dəstəyi olub. Fond tərəfindən həkimlərin təhlükəsizliyini təmin etmək məqsədilə, eləcə də uşaq evləri, körpələr evi, internat məktəbləri və digər sosial xidmət müəssisələri üçün maska, tibbi geyim, əlcək və digər qoruyucu vasitələr alınıb. Süni nəfəs aparatları, tibbi monitorlar və hemofiltrasiya cihazları gətirilməsində də Fondun müvafiq strukturları fəal şəkildə iştirak ediblər. Heydər Əliyev Fondu dünyanın nüfuzlu səhiyyə təşkilatları ilə əlaqələrindən istifadə edərək koronavirusla mübarizə işinə ciddi töhfələr verib. Bu fəaliyyətimizi şübhəsiz ki, bundan sonra da davam etdirəcəyik.  

İki sahil.-2020.-15 sentyabr.-№160.-S.22.