Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada Azərbaycan günləri ilə bağlı keçirilən tədbirlər davam edir


Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan günləri ilə bağlı “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində növbəti tədbir iyunun 14-də Fransanın Bove şəhərində keçirilmişdir.

Tədbiri açan Bove şəhərinin meri, departamentdən senator seçilən xanım Karolin Kayöks vurğulamışdır ki, ölkəmizlə bağlı təşkil olunan sərgi və konsert Azərbaycanı, onun tarixini, qədim və zəngin mədəni irsini, musiqi alətlərini, incəsənət əşyalarını yaxından tanımaqda xüsusi əhəmiyyət kəsb edir.

Mühüm mədəni və tarixi irslə zəngin Azərbaycanı qədim sivilizasiyanın məskəni kimi dəyərləndirən mer Fransanın iqtisadiyyatı dinamik inkişafda olan ölkəmizlə hərtərəfli əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirmişdir.

Uaz departamentindən deputat seçilən, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Fransua Mansel Azərbaycana səfərinin, buradakı gözəllik və qədimliyin onda zəngin təəssürat yaratdığını diqqətə çatdırmışdır. O, Azərbaycanda müxtəlif millətlər və dinlərin nümayəndələrinin heç bir problem olmadan dost və mehriban şəraitdə yaşadığını, ayrıseçkiliyə yol verilmədiyini, Şərqlə Qərb arasında hərtərəfli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində ölkəmizin körpü rolu oynadığını bildirmişdir.

Jan-Fransua Mansel Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri kimi dəfələrlə Fransaya səfər etdiyini, iki ölkə arasında dostluq əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini xatırlatmışdır. O, Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulamışdır.

Sərgidə nümayiş etdirilən müxtəlif eksponatların Azərbaycanın tarixi və mədəniyyətinin zənginliyindən xəbər verdiyini vurğulayan deputat azərbaycanlıların səmimiliyindən, qonaqpərvərliyindən bəhs etmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov artıq Fransanın 14 şəhərində Azərbaycan günləri ilə bağlı sərgi və konsertin təşkil edildiyini və gələcəkdə də bu təşəbbüsün davam etdiriləcəyini xüsusi vurğulamışdır.

Azərbaycanın qədim və zəngin tarixi olduğunu xatırladan səfir ölkəmizdə onlarla müxtəlif millətlərin azsaylı nümayəndələrinin yaşadığını, onların dil və dininin, mədəniyyətinin, ədəbiyyatının inkişafına heç bir məhdudiyyət qoyulmadığını, əksinə dövlətimiz tərəfindən xüsusi qayğı və diqqət göstərildiyini bildirmişdir.

Son illər Azərbaycanda turizm imkanlarının genişləndiyini və bu istiqamətdə yeni layihələrin reallaşdığını diqqətə çəkən E. Əmirbəyov Azərbaycanın Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən lider dövlətinə çevrildiyini qeyd etmişdir.

Uaz departamentinin perfekti Nikola Desforj Bove şəhərində təşkil olunan sərgi və konsertin iki ölkənin dostluğu istiqamətində atılan addım kimi dəyərləndirmiş, mədəni sahədə əməkdaşlığın vacibliyini vurğulamışdır.

Sonda “Bakustik” qrupunun və “Muğam” instrumental ansamblının ifasında Azərbaycan xalq və bəstəkar mahnıları səsləndirilmişdir.

Bovedə keçirilən Azərbaycan günlərinin şərəfinə şəhərin mərkəzindəki kafedralın fasadında lazer şou göstərilmişdir.

Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri, Bove

Xalq qəzeti.- 2013.- 19 iyun.- № 131.- S. 2.