Çap etmək   ⁞     ⁞   Fond haqqında

Bəşəri missiya...

Vatikan Heydər Əliyev Fondunun qlobal xarakterli layihələrini təqdir edir

Bu günlərdə Azərbaycanda səfərdə olan Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabonenin başçılıq etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə heyəti Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb. Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafından danışılıb və qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətini yüksək dəyərləndiriblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti geniş və çoxşaxəlidir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gənclərin milli dövlətçilik ideyaları ilə tərbiyə edilməsi, qloballaşmada milli-mənəvi dəyərlərin qorunub saxlanılması kimi mühüm məsələlərin həllini qarşıya məqsəd qoyan Fond, həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində maraqlı layihələr həyata keçirir. Məqsədyönlü fəaliyyət nəticəsində Fond həm Azərbaycanda, həm də ondan kənarda böyük nüfuz qazanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri həyata keçirilir. Görülən işlər xüsusilə tarixi irsin qorunması, milli mədəni-mənəvi dəyərlərin bərpası, Böyük Qayıdış prosesinin və məskunlaşmanın təmin olunması baxımından çox önəmlidir. Fondun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə başlanılan bərpa, quruculuğa yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunub. Bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislərin iştirakı qarşıya qoyulan hədəflərə vaxtında çatmağa imkan yaradır. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi isə Heydər Əliyev Fondunun bəşəri missiyasını, xalqımızın tolerant mahiyyətini əks etdirir.

Fondun tolerantlıq prinsipinə əsaslanan bu fəaliyyəti ölkənin inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir. Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Fond tərəfindən Fransa, İtaliya, Bolqarıstan və başqa ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı əks etdirir. Təbii ki, həyata keçirilən tədbirlər, görülən işlər Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyalararası dialoqun inkişafına töhfəsidir.

Heydər Əliyev Fondunun beynəlxalq səviyyədə fəaliyyəti də xüsusi qeyd edilməlidir. Xarici ölkələrdə sosial layihələr həyata keçirən Fond Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım etmiş, 2011-ci ilin sentyabrında Fransa prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə Parisdə terrorizm qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə maliyyə dəstəyi göstərmişdir. Fondun dəstəyi ilə 2012-ci ilin fevralında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yenidən qurulmuş "Dostluq parkı", 2013-cü ildə "Görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz", 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində "Volqoqrad-Bakı dostluq parkı", 2012-ci ilin sentyabrında Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, 2018-ci ildə "Azərbaycan Biznes Mərkəzi" istifadəyə verilib.

Fondun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti də uğurludur. Məsələn, Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçellinio və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyda Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyinin bərpası da Fond tərəfindən həyata keçirilib.

Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsi, 1320-1340-cı illərdə salınmış, üzərində Müqəddəs Məryəm və İsa peyğəmbərin həyatı haqqında məlumat əks olunmuş vitraj şüşələri də bərpa olunub. 2011-2012-ci illərdə Fransanın müxtəlif regionlarında 20-dək kilsənin bərpasına da Fond tərəfindən vəsait ayrılıb.

Həyata keçirilən bu layihələr xeyirxahlıq və humanistlik, mənəvi zənginlik baxımından fərqlənir. Məqsəd müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Fondun layihələri qlobal xarakterlidir və keyfiyyətinə görə beynəlxalq səviyyədə müdafiə edilir, təqdir olunur. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO və onlarca mötəbər qurumun nümayəndələri Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələri daim yüksək qiymətləndirmişlər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə pandemiya dövründə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib. Belə ki, 2022-ci ildə COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə töhfə vermək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanın Sofiya şəhərində yerləşən "Həkimlərin İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutu - Tsaritsa Yoanna xəstəxanası"na Almaniya istehsalı olan 10 ədəd oksigen konsentratoru aparatı (ağciyərlərin süni havalandırma aparatları) təqdim olunub.

Bolqarıstan prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatında: "Heydər Əliyev Fondunun töhfəsini heç vaxt unutmuruq", - deyərkən Fondun Bolqarıstanda mədəni irsin mühafizə edilməsi, qorunması sahəsində tarixi paytaxt olan Veliko Tırnovoda reallaşdırdığı layihəni də yüksək dəyərləndirib.

Ümumiyyətlə, Fondun səmərəli fəaliyyətinə görə Mehriban xanım Əliyeva bir çox yüksək mükafatlara layiq görülüb. 2010-cu ildə UNESCO-nun "Qızıl Motsart" medalı, 2011-ci ildə Krans Montana Forumunun "Qızıl medal"ı, 2012-ci ildə "Prix de la Fondation" mükafatını alan Mehriban Əliyeva 2014-cü ilin mayında sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılması, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə "The Business Year" jurnalı tərəfindən 2014-cü ilin mayında "İlin Birinci xanımı" mükafatını alıb. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafındakı səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunub.

Müqəddəs Taxt-Tacın təmsilçisi Monsenyor Paskal Yakabone də görüşdə görülən bütün işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib, 2025-ci ildə Müqəddəs Taxt-Tacda keçiriləcək yubiley tədbirinə Heydər Əliyev Fondunun da dəvətli olduğunu bildirib.

Zümrüd Qurbanqızı

Respublika. - 2024.- 9 iyul. - № 141. - S. 7.