Heydər Əliyev Fondunun Yevlax, Salyan və Qaxda məktəb hədiyyəsi
Heydər Əliyev Fondu yeni tədris ilinə Yevlax rayonunun Xanabad kəndində 360 şagird yerlik məktəb binasını da istifadəyə verib. Kənddə 1978-ci ildə inşa olunmuş köhnə binanın yenisi ilə əvəz olunması toy-bayrama çevrilib.
Təhsil ocağı ilə tanışlıq zamanı bildirilib ki, üçmərtəbəli, 4 korpusdan ibarət məktəb binasında 19 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var. Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi də qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
* * *
Heydər Əliyev Fondu Salyan rayonunun Şorsulu kəndində bir əsrə yaxın yaşı olan Namiq İbrahimov adına təhsil ocağı üçün də yeni məktəb binası inşa edib.
Açılış mərasimində çıxış edənlər qeyd ediblər ki, kənddə yeni təhsil ocağının inşasına ehtiyac yaranmışdı. Yeni məktəbin tikintisini üzərinə götürən Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində 2023–2024-cü tədris ili üçün 300 şagird yerlik yeni məktəb istifadəyə verilib.
İkimərtəbəli məktəb üç korpusdan ibarətdir. Təhsil müəssisəsində 13 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var.
* * *
Qax şəhərindəki V.Əliyev adına 3 nömrəli tam orta məktəb 1950-ci ildə inşa olunduğundan istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Heydər Əliyev Fondunun bu ilin yanvarında yeni məktəbin tikintisi ilə bağlı apardığı işlər artıq yekunlaşıb və təhsil ocağı yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib. Müasir tələblərə cavab verən, hər cür şəraiti olan yeni binanın tikilməsi şagirdlərin, müəllim və valideynlərin böyük sevincinə səbəb olub. Açılış mərasimində çıxış edənlər yeni məktəbin təhsili müasir tələblər əsasında qurmağa imkan yaratdığını vurğulayıblar.
Hər üç məktəbin açılışında Prezident İlham Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ifadə edilib.
Xalq qəzeti. - 2023.- 17 sentyabr. - № 201. - S. 9.