Mehriban Əliyevanın himayəsi ilə...
Həssas qrupa aid şəxslər fəal həyata dönürlər
Hamısı bu mərkəzin işığına yığışıb...
Sevincdən üzləri, gözləri gülür...
Mənəvi rahatlıq, ruhi dinclik tapdıqları isti ocaqlarıdır bura...
Əksəriyyəti həyatda ilk böyük uğurlarına da məhz bu məkanda imza atır...
Qayğı gördükləri bu ünvanın səmimi, doğma, mehriban mühitində özlərini olduqca inamlı, güvənli hiss edirlər...
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən danışırıq...
Əhalinin həssas qruplarına xidmət göstərilən, onların istedad və bacarıqlarını inkişaf və nümayiş etdirmələri üçün hər cür şəraitin qurulduğu unikal mərkəzdən...
Dünyanın qayğısına qal
3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə reportaj hazırlamaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə yollandığımızda da buranın benefisiarları və təlimçiləri qazandıqları növbəti uğurların xoş təəssüratları içərisində idilər. Onlar da ölkəmizdə keçirilən qlobal iqlim tədbiri - COP29-da əl işləri, musiqi çələngləri ilə iştirak etmiş, dünyamızın yaşıllaşması naminə öz həmrəyliklərini nümayiş etdirmişdilər.
Öyrəndik ki, COP29 tədbirinə hazırlıq öncəsi də mərkəz üzvləri ətraf mühitin mühafizəsinə xidmət edən təşəbbüslərə qoşulublar. Ölkəmizdə bu il elan olunan "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar mərkəz olaraq təbiətə töhfələrini öz sənət nümunələrində ifadə etməyə çalışıblar. Yaradıcılıq studiyalarında istifadəyə yararsız və eko-dost məhsullardan əl işləri hazırlanıb. Bu əl işlərinin bir hissəsi mərkəzdə "Take care of the Earth" (Dünyanın qayğısına qal) adlı layihə çərçivəsində təqdim edilib. Bundan əlavə, həssas əhali qruplarından olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyaları, eko-parklara və qoruqlara infoturlar təşkil edilib. Mərkəzin təlimçi və benefesiarlarının birgə hazırladığı əl işləri COP29 Əməliyyat Şirkətinin baş ofisində sərgilənib.
COP29-un "yaşıl zona"sında Art Pavilyonda mərkəz üzvləri sərgi və konsert proqramı ilə çıxış ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən COP29-un "yaşıl zona"sındakı Art Pavilyonda təqdim edilən sərgi və konsert proqramına baxıblar. Sərgidə mərkəzin və "DOST Evi" filialında hazırlanan 50-dən çox əl işi nümayiş etdirilib.
2021-ci il oktyabrın 22-də fəaliyyətə başlayan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Mərkəzdə həssas qrupa daxil olan şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladlarına, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı ailələrə və əlilliyi olan şəxslərə xidmət göstərilir.
Ümumilikdə 14 fəaliyyət və subfəaliyyət istiqamətləri olan mərkəzin əsas məqsədi müxtəlif həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.
Ötən müddət ərzində mərkəzdə 600 nəfərdən çox benefisiara xidmət göstərilib. Onların böyük əksəriyyətini - 70,1 faizini, yəni 425 nəfərini əlilliyi olan şəxslər təşkil edir. Hazırda həssas əhali qruplarından olan 160-a yaxın şəxs təlimlərdən yararlanır. Onlardan 126 nəfəri, yəni 82.4 faizi əlilliyi olan şəxslərdir. Mərkəzə 6 yaşdan yuxarı şəxslər qəbul edilir.
Ölkəmizdə inklüzivlik anlayışının regionlarda təşviqi istiqamətində də aktiv iş aparılır. Ötən il noyabrın 15-də İsmayıllıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "DOST Evi" filialının açılışı olub. Yaxın zamanlarda isə Qarabağ "DOST Evi" şöbəsi də fəaliyyətə başlayacaq.
Səmimi hisslərin, duyğulu anların sənətdə əksi
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tanış olduğumuz benefisiarlar və təlimçilərlə yaradıcılıq işləri ilə məşğul olduqları zaman söhbət etdik. Onların mərkəz barədə düşüncələrini, eyni zamanda burada özlərini hansı ab-havada hiss etmələri ilə bağlı duyğularını bölüşdük. Söhbətlərimizin ana mövzusunu isə onların demək olar ki, cari ilboyu xüsusi səy və həvəslə hazırlaşdıqları COP29 tədbiri təşkil etdi.
Öncə taxta-metal üzərində oyma emalatxanasına yollandıq. Otaq başdan-başa təlim iştirakçılarının əl işləri ilə bəzədilib. Mərkəzdə ağac üzərində oyma üzrə təlimçi, birinci qrup əlilliyi olan şəxs Asif Qasımov söylədi ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılması əlilliyi olan şəxslər üçün çox gözəl şansdır: "Evdə qapanıb hansısa bir işlə məşğul olmayan əlillər bu mərkəzə gəlib həm art terapiya ala, həm də sevdikləri peşə ilə məşğul ola bilərlər".
Asif Qasımov dedi ki, müəllim yoldaşı İslam Həmidov və benefisiarlarla birlikdə "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müxtəlif əl işləri hazırlayıblar: "Əlil olmamışdan əvvəl elektrik işlədiyim üçün qərara gəldik ki, eroziyaya uğramış, yanmış məftillərdən heykəl hazırlayaq və bu məftillərə ikinci həyat verək. Bir aya yaxın müddət ərzində "Yağış altında qadın" obrazı yaratdıq. Onu görənlərin reaksiyasından anlayıram ki, əl işimiz çox uğurlu alınıb. Bu əsərimiz, həmçinin "nar", "durna" və bir çox başqa hazırladığımız əl işi COP29-da təqdim etdiyimiz ekspozisiyada sərgiləndi".
Bu ünvanda diqqətçəkən studiyalardan biri də floristika studiyasıdır. Floristika üzrə təlimçi Ülkər Ağayeva məlumat verdi ki, burada peşəkar səviyyədə floristikaya yiyələnmək mümkündür. Eyni zamanda mərkəzdə xüsusi qayğıya ehtiyacı olan benefisiarlar üçün terapiya qrupları da var: "Bu qruplarla müxtəlif əl işləri hazırlayırıq. Hazırladığımız əl işlərinin bir qismi COP29-dakı pavilyonumuzda da sərgiləndi. Qeyd edim ki, ümumilikdə tullantıdan sənətə ideyasına uyğun olaraq, həmin tədbir üçün müxtəlif əl işləri hazırlamışdıq. Onlardan biri "Sakura ağacı" idi və demək olar ki, həmin iş üzərində təlimdə iştirak edən bütün benefisiarlar - ən ağır sindromlusundan tutmuş, belə deyək, peşəkar təhsil alan benefisiarlara qədər hər kəs bacardığı formada iştirak etmişdi. Kimisi ağacın budaqlarını hazırlamışdı, kimisi adicə yarpağı rəngləmişdi..."
Öyrənirik ki, 42 yaşlı Günel Rəsulova bu mərkəzə gələndə həvəsi olduğu üçün əvvəlcə dərziliyi seçərək bu peşəyə yiyələnməyə başlayıb. Sonra isə paralel şəkildə həm də bədii tikmə ilə məşğul olub. Hazırda muncuqla "nar" əl işi hazırlayan Günel xanım söylədi ki, bu mərkəzə gəlib sevdiyi peşələrlə məşğul olanda sanki ruhu da dincəlir.
"Həyatın əsası"
Xalçaçılıq studiyasına daxil olanda gördük ki, təlimçi Solmaz Səfərova könüllü xanım və digər təlimçinin köməyi ilə növbəti xalçanın toxunması üçün əriş çəkir. Bu maraqlı prosesi izləyə-izləyə Solmaz xanımla söhbətləşdik. O dedi ki, toxunacaq eskiz Heydər Əliyev Mərkəzi əsasında olacaq: "Bu xalçanın hazırlanma müddəti benefisiarların mərkəzə gəlişi müddətindən və onların əllərinin sürətindən asılıdır. Xalçatoxuma sənəti həm güc, həm səbir, həm də diqqət tələb edir. Benefisiarlar da fiziki məhdudiyyətli olduqlarına görə, bəzilərinin motorikalarında zəiflik olur. Məsələn, onlar qayçını, bıçağı tuta bilmir, həvəyə gücləri çatmır və sadəcə ilmə vurmağı bacarırlar. Təbii ki, təlimçilər hər zaman onlara kömək göstərirlər. Onu da deyim ki, benefisiarlarımız çətinliklər qarşısında geri çəkilmirlər, əksinə, daha böyük həvəslə xalça toxumağa çalışırlar".
Keramika studiyasında benefisiarlar dulusçuluğun incəliklərini öyrənirlər. Mərkəzin keramika üzrə böyük mütəxəssisi Cahan Namazova qeyd etdi ki, elə benefisiarlar var ki, gillə işləməyə gücləri çatmır, amma bu peşəyə həvəsləri olur. Həmin şəxsləri keramika üzərində rəngləmə işləri aparmağa yönəldirlər.
COP29-a bir neçə ay ərzində hazırlaşdıqlarını vurğulayan Cahan Namazova dedi ki, bu müddət ərzində benefisiarlarla birlikdə xeyli əl işi hazırlayıblar: "Bu bizim üçün maraqlı və uzun bir proses oldu. Təlimçilər böyük işlər üzərində işləyirdilər, benefisiarlar isə bacardıqları qədər onlara kömək edirdilər. Müxtəlif heyvan fiqurları, güldanlar hazırladıq. "Həyatın əsası" adlandırdığımız "tısbağa" əsərini isə yenə də benefisiarların kiçik də olsa köməyi ilə özüm işlədim. Yapışqandan başqa alınma materialdan istifadə etmədiyim, yalnız tullantılardan hazırladığım bu əsər COP29-un "yaşıl zona"sında sərgiləndi və çox maraqla qarşılandı".
Səbinə Abbasova ilə divarboyu sıra-sıra rəsmlərin düzüldüyü işıqlı və geniş təsviri incəsənət studiyasında tanış olduq. Əlindəki fırçanı həvəslə çəkdiyi üzüm rəsminin üzərində gəzdirən 19 yaşlı gənc qızı elə kənardan izləməyin özü dünyalara dəyərdi...
Səbinə danışdı ki, 5 yaşından etibarən rəssamlığı sevməyə başlayıb. Artıq 11 aydır ki, könül verdiyi bu peşə ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində məşğul olur: "Bu mərkəzin aurası tam fərqlidir, sanki hər kəs burada bir-birinə doğmadır. Məhz bu ünvanda özgüvən qazandım, seçdiyim peşə ilə daha da inamla məşğul olmağa başladım".
"Yaşıl dünya"nın musiqi sədası
Kamança ifaçısı Fatimə İsrafilova 2022-ci ilin fevralında bu mərkəzə gələndə Azərbaycan Milli Konservatoriyasının birinci kurs tələbəsi olub. Fatimə dedi ki, o zamandan etibarən xeyli sayda tədbirə, konsertə, müsabiqəyə qatılıb. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sayəsində püxtələşərək hazırda burada kamança üzrə təlimçi vəzifəsində çalışır. Ən çox çaldığı melodiyanın Fikrət Əmirovun "Mən səni araram" əsəri olduğunu vurğulayan gənc xanım söylədi ki, COP29 çərçivəsində keçirilmiş tədbirdə ansambl şəklində Elnur Mikayılovun "Yol" kompozisiyasını ifa ediblər: "Bu cür əzəmətli, beynəlxalq səviyyəli tədbirdə iştirak etdiyim üçün qürur duyuram. Demək olar ki, həyatımdakı ən böyük anlardan birini o zaman yaşadım".
Xaliq Şərifov da mərkəz açılanda bura benefisiar kimi gəlib, amma hazırda əməkdaşdır. Mərkəzdə olduğu müddətdə həm konsertlərdə, həm də çoxsaylı dövlət tədbirində iştirak edib: "Təbii ki, bütün bunlar inkişafım üçün böyük töhfələr verir. Eyni zamanda COP29-un "yaşıl zona"sındakı pavilyonumuzda keçirilən konsertdə ifaçı kimi çıxış etmək şərəfinə nail oldum. Bu, çox qürurverici hiss idi. Bizi orada dünyanın müxtəlif yerlərindən gələn qonaqlar dinlədilər. Mərkəzimiz tərəfindən möhtəşəm şəkildə təşkil olunan konsertdə sənət yoldaşım Səməd Novruzovla birlikdə dünya musiqisindən Luçano Pavarottinin repertuarından "Caruso" əsərini səsləndirdik", - deyə o bildirdi. Xaliq Şərifov onu da dedi ki, konsertdən sonra Leyla Əliyeva və Arzu Əliyeva onlarla görüşüb, foto çəkdiriblər: "Leyla xanım və Arzu xanım ifamızı bəyəndiklərini bildirdilər. Bu sözləri eşitmək bizə böyük ruh verdi. Ümumiyyətlə, bir musiqiçi üçün ən böyük mükafat alqışdır. Biz də COP29-da tamaşaçılar tərəfindən bu mükafatı qazandıq".
Gitara ixtisası üzrə təlimçi Fərqan Sadıqov dedi ki, COP29-da iştirak etmək üçün mərkəz olaraq çox ciddi hazırlaşıblar: "Ölkəmizin tarixindəki nadir tədbirlərdən birində çıxış etmək xüsusi, təkrarolunmaz təəssürat idi. Bu qlobal səviyyəli tədbirdə rolumuzun olması həm mərkəz, həm də fərd olaraq bizi çox sevindirdi. Konsertdə "Gəl-gəl maralım" mahnısını yeni aranjimanda ifa etdim. Tamaşaçılar tərəfindən çox bəyənildi".
Bəli, mehribançılığın, doğmalığın, qayğıkeşliyin hakim olduğu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində qısa müddət ərzində müxtəlif yaşlı, istedadlı, yaradıcı şəxslərlə tanış olduq. Bu şəxslərin rəsmlərdə, heykəllərdə, naxışlarda, melodiyalarda, ritmlərdə əks olunan daxili dünyalarına səyahət etdik...
Bir daha əmin olduq ki, insan sadəcə fiziki varlıq deyil və buna görə də əlillik onun üçün əsla əngəl sayıla bilməz. Sadəcə onların könüllərində, ruhlarında olan yaratmaq sevgisini üzə çıxarmaları üçün şərait qurulmalıdır.
Bu müstəsna imkanları isə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin timsalında birinci xanım Mehriban Əliyeva onlar üçün ən mükəmməl formada yaradıb...
Yasəmən Musayeva
Azərbaycan. - 2024.- 3 dekabr. - № 266. - S. 7.