Çap etmək   ⁞     ⁞   Millət vəkili

Mehriban Əliyeva seçicilərin hüquqlarını müdafiə edən ən fəal deputat elan olunub


Dünən "Trend" informasiya agentliyində Azərbaycan Parlamentinin Jurnalistlər Birliyi "İlin ən fəal millət vəkilləri" adlı sorğunun nəticələrini açıqlayıb. 3 nominasiya üzrə keçirilən sorğuda ilin ən fəal millət vəkilləri diplom və hədiyyələrlə təltif ediliblər. Milli Məclisin Əzizbəyov rayonundan seçilmiş deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2008-ci ildə seçicilərin hüquqlarını müdafiə edən ən fəal deputat elan olunub. Həmçinin, millət vəkilləri Qənirə Paşayeva, Fuad Muradov, Qüdrət Həsənquliyev, Cəmil Həsənli, İkram İsrafilov, Sabir Rüstəmxanlı, İltizam Əkbərli də həmin nominasiyaya layiq görülüblər.

Tədbirdə millət vəkili Q.Paşayeva çıxış edərək bildirdi ki, üç ildə əldə etdiyi mükafatların ən qiymətlisi birliyin təqdim etdiyi mükafatdır: "Bu mükafat jurnalistlərin daha çox etibar etdiyi bir sənəddir, etimaddır. Torpaqlarımızın 20 faizi işğal altında olan və bir milyondan çox məcburi köçkün və qaçqınlarımızın yaşadığı ölkəmizdə bütün ictimaiyyətə daha obyektiv materialların çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan, gücün rəmzi qılınc olduğu üçün bu qılınc hədiyyəni sizə təqdim edirəm. Bu yolda uğurlar."

Millət vəkili F.Muradov parlament jurnalistlərinin ölkənin ictimai-siyasi proseslərində aktiv iştirak etdiyinə və problemlərin həllində obyektiv yol tutduğunu bildirdi. Parlament üzvi Qüdrət Həsənquliyev isə jurnalistləri ideal olmağa və düzgün mövqe tutmağa çağırdı. Millət vəkili Cəmil Həsənli parlament jurnalistlərinin qələmini, sözünün iti olmasını və əsil jurnalist kimi fəaliyyət göstərməsini arzuladı: "On əsrdir ki, qılınc qələmlə yanaşı gedib. Ona görə də, bu qələmi sizə hədiyyə kimi təqdim etməklə ölkənin bütün ictimai-siyasi həyatında birlik nümayiş etdirməyə və faktları düzgün qələmə almağı arzulayıram."

İlin fəal millət vəkili Zahid Oruc, Aydın Mirzəzadə parlament müxbirlərinin fəaliyyətini müsbət qiymətləndirərək qeyd etdilər ki, jurnalistlərin tribunası ədalətli tribunadır. Onların sözlərinə görə, deputat üçün iki əsas etimad - seçici və mətbuat vacib şərtdir. Çünki mətbuat vasitəsilə biz özümüzü görürük. Bu mükafatlar biz millət vəkillərindən tələb edir ki, qədəm qoyduğumuz ildə əvvəlki illərdən daha fəal çıxış edək və seçicilərimizin etimadını doğruldaq. Həsənbəy Zərdabi ənənəsinə sadiq olan Azərbaycan jurnalistikası bu gün daha uğurlu yolla gedərək fəaliyyət göstərməkdədir.

Mükafatlandırılan millət vəkilləri öz çıxışlarında jurnalistlərə peşə fəaliyyətlərində uğurlar arzuladılar.

Tədbirdə "Milli Məclisin iclaslarında iştirak edən ən fəal millət vəkili" nominasiyası üzrə millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc, Aydın Mirzəzadə, Pənah Hüseynov, Vahid Əhmədov, Azay Quliyev, Əli Mənsimov və Arzu Səmədbəyli mükafatlandırıldı.

"Beynəlxalq fəaliyyətinə görə ən fəal millət vəkili" nominasiyasının qalibləri Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və Milli Məclisin sədrinin müavini Bahar Muradova oldu.

Ötən ilin ən passiv millət vəkilləri isə Məcid Kərimov, Maqsud İbrahimbəyov, Mixail Zabelin, Xəlilbəy Günəşov, Miri Qəmbərov, Əhəd Əhmədov, Rafiq Məmmədhəsənov, Sabir Hacıyev, Əhməd Vəliyev və Nəsib Nəsibli idi.

Görüşün sonunda qalib millət vəkilləri ilə mətbuat nümayəndələri birgə şəkil çəkdirdilər.


Rəfiqə Kamalqızı

Səs.- 2009.- 17 yanvar.- № 10.- S. 3.