Birinci xanımın təşəbbüsü ilə tibb işçilərinin əməkhaqları artırılır
Maliyyə aksiyası 72 mindən artıq sağlamlıq keşikçisini əhatə edəcək
Azərbaycanda səhiyyə sisteminin davamlı inkişaf etdirilməsi, bu sahədə müasir və qabaqcıl standartların tətbiqinin diqqətdə saxlanılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq diqqət çəkib. Son illər həyata keçirilən ardıcıl islahatlar səhiyyə infrastrukturunun yenilənməsi ilə yanaşı, insan kapitalının gücləndirilməsinə, tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsinə və onların peşə fəaliyyətinin stimullaşdırılmasına da xidmət edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədi daşıyan bu təşəbbüsü müsbət qarşılayıb və onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydaların 2026-cı il sentyabrın 1-dən tətbiqinə başlanılacaq. İslahat TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək. Onlardan 36 min 41 nəfəri orta, 20 min 367 nəfəri kiçik tibb heyətidir. Bundan başqa 8 min 675 nəfəri ambulator tibbi xidmət göstərən, 7 min 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətlərində, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
TƏBİB-in icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında bildirib ki, həyata keçirilən islahat nəticəsində qurum üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Onun sözlərinə görə, əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensial şəkildə tətbiq olunacaq.
Yeni yanaşmanın əsas məqsədi tibb işçilərinin peşəkarlığının, daşıdığı məsuliyyətin və yerinə yetirdiyi iş yükünün əməkhaqqında daha dolğun əks etdirilməsidir. Bununla yanaşı, fəaliyyət və keyfiyyət göstəricilərinin tətbiqi vasitəsilə göstərilən tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi və pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsi nəzərdə tutulur.
İslahat çərçivəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələrində çalışan həkim-mütəxəssislərin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata çatdırılacaq. Beləliklə, bu kateqoriya üzrə əməkhaqqı 850 manat və ya 74 faiz artacaq.
Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində çalışan həkimlərin aylıq əməkhaqqı 1550 manatdan 2200 manata yüksələcək. Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin əməkhaqqı isə 1550 manatdan 2500 manata çatdırılacaq. Bu, 950 manat və ya 61 faiz artım deməkdir.
Eyni zamanda, 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 2100 manatdan 3000 manata yüksəldiləcək.
Əməkhaqqı islahatının mühüm istiqamətlərindən biri də həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması və bölgələrdə kadr təminatının gücləndirilməsidir. Bu məqsədlə Bakı, Abşeron, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox hiss olunduğu ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrin tətbiqi nəzərdə tutulur.
Belə ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1450 manatdan 3000 manata yüksələcək. Bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1450 manatdan 2400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım təşkil edir. Hemodializ üzrə çalışan həkimlərin aylıq əməkhaqqı isə 1450 manatdan 2250 manata yüksəldiləcək. Bu kateqoriya üzrə artım 800 manat və ya 55 faiz olacaq.
Həkim çatışmazlığı müşahidə olunan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə çalışan həkimlərin aylıq əməkhaqqı da 1450 manatdan 2150 manata çatdırılacaq. Beləliklə, həmin həkimlərin əməkhaqqında 700 manat və ya 48 faiz artım nəzərdə tutulur.
Regionlarda həkim fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq ediləcək. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya, anesteziya, eləcə də invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan əlavə ödənişlərə 1,3 əmsalı tətbiq olunacaq.
Bu isə o deməkdir ki, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, fəaliyyətlərinin nəticələrinə görə hesablanan əlavə ödənişlərə tətbiq edilən yüksək əmsaldan da faydalana biləcəklər. Belə bir mexanizm xüsusilə ixtisaslı tibbi kadrların bölgələrə cəlb olunması və onların regionlarda uzunmüddətli fəaliyyətinin stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ambulator tibbi xidmətlər göstərən həkimlər üçün də yeni yanaşma tətbiq ediləcək. Mövcud hər pasiyentə görə hesablanan kiçik faiz ödənişləri əvəzinə, aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə müəyyən olunacaq. Bu mexanizm həkimlərin iş yükünün daha obyektiv qiymətləndirilməsinə və əməkhaqqı sistemində daha ədalətli yanaşmanın təmin edilməsinə xidmət edəcək.
Eyni zamanda, yeni əməkhaqqı qaydalarında həkimlərin həvəsləndirici ödənişlərinin göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa əlaqələndirilməsi nəzərdə tutulur. Bu yanaşma tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilinə və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsinə yönəlib.
Başqa sözlə, göstərilən tibbi xidmətin keyfiyyəti nə qədər yüksək qiymətləndirilərsə, həkimin əldə etdiyi həvəsləndirici ödəniş də bir o qədər yüksək olacaq. Beləliklə, yeni sistem keyfiyyətli, məsuliyyətli və qayğıkeş tibbi xidməti təşviq etməklə yanaşı, həkimlərin pasiyentlərlə daha yüksək səviyyədə münasibət qurmasına da əlavə stimul yaradacaq.
Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçotun aparılması, pasiyent təhlükəsizliyinin təmin edilməsi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin yüksəldilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisələrinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək.
Məsələn, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1454 manatdan 2125 manata yüksələcək. Bu isə 671 manat və ya 46 faiz artım deməkdir.
Orta və kiçik tibb heyəti də əməkhaqqı islahatının geniş əhatə etdiyi əsas kateqoriyalar sırasındadır. 36 min 41 orta tibb işçisinin aylıq əməkhaqqında orta hesabla 17 faiz, 20 min 367 kiçik tibb işçisinin əməkhaqqında isə 18 faiz artım nəzərdə tutulur.
Həyata keçirilən islahat nəticəsində tibb işçilərinin sosial rifahının daha da yaxşılaşdırılması, tibb peşəsinin cəlbediciliyinin artırılması, ixtisaslı həkimlərin regionlara cəlb olunmasının stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi əsas hədəflər sırasında yer alır.
Ümumilikdə, TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin səhiyyə işçilərinə, onların əməyinə və sosial rifahına göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür. Həkimlik və ümumiyyətlə, tibb sahəsində fəaliyyət böyük məsuliyyət, yüksək peşəkarlıq, davamlı fədakarlıq və insan taleyi qarşısında cavabdehlik tələb edir.
Məhz buna görə də tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi yalnız sosial təminat məsələsi deyil, həm də səhiyyə sisteminin gələcək inkişafı, peşəkar kadr potensialının qorunması və gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeni əməkhaqqı islahatı bu baxımdan həm tibb işçilərinin maddi rifahının yüksəldilməsinə, həm də Azərbaycanda daha keyfiyyətli, əlçatan və pasiyentyönümlü səhiyyə sisteminin formalaşdırılmasına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər.
Vaqif Bayramov
Xalq qəzeti. - 2026.- 3 sentyabr. - № 159. - S. 9.
