Heydər Əliyev Fondunun Azərbaycan naminə fəaliyyəti çoxşaxəlidir
2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan fondun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Ölkənin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilk dəfə ictimai-siyasi arenaya Heydər Əliyev Fondunun prezidenti kimi gəlib. Məhz həmin vəzifədə nümunəvi çalışmaları sayəsində xalqın inam, etimad və sevgisini qazanıb. Onun rəhbərliyi ilə yaradılmış fond tezliklə Azərbaycanın sosial-iqtisadi, elmi, mədəni və mənəvi həyatında öncül mövqeyə çıxıb. O milli dövlətçilik ideyalarına örnək sadiqlik göstərir, xalqın maddi rifahının yaxşılaşması yönümündə mühüm addımlar atır və ən müxtəlif sahələrə aid tərəqqi layihələrini ardıcıl şəkildə həyata keçirir.
Heydər Əliyev Fondunun dünyada tanınan loqosuna indi işğaldan azad edilmiş ərazilərimizdə tez-tez rast gəlmək mümkündür. Bu nişan fond tərəfindən Qarabağda dirçəliş, bərpa-quruculuq qayəsi ilə aparılan bir çox işlərin müəlliflik tanıtımı kimi diqqət çəkir.
Yeri gəlmişkən, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, soyqırımı siyasətinin ifşası və beynəlxalq ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir. Bu məqsədlə xarici ölkələrdə tədbirlər keçirilir, sərgilər təşkil olunur, müxtəlif dillərdə nəşrlər hazırlanır. 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımını əks etdirən 16 adda üç dildə buklet, 4 adda üç dildə kitab çap olunub. Fondun "Qarabağ həqiqətləri" bukletlər toplusu, bu silsilənin davamı olaraq "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı ingilis dilində nəşr edilib. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir. Bərpa-quruculuq işləri isə fondun Qarabağın dirçəldilməsinə konkret əməli fəaliyyətlə yardımçı olmaq əzminin təzahürləridir.
Prezident İlham Əliyevlə bərabər, birinci xanım Mehriban Əliyeva da şəhid ailələrinə, qazilərə olduqca qayğıkeş münasibət bəsləyir. Onun hərbçilərə və qazilərə dəfələrlə, özü də ürəkdən “Mənim əziz qardaşlarım!” deyə müraciət etdiyinin şahidiyik. Birinci xanımın Vətən müharibəsindəki tarixi Qələbədən bircə gün sonra Prezidentlə 1 saylı Kliniki Tibbi Mərkəzə gedərək, orada müalicə alan hərbçilərlə səmimi görüşməsi, eyni zamanda, Heydər Əliyev Fondunun Qarabağın adı keçən bütün məsələlərə necə həssas münasibət bəslədiyinin göstəricisidir. Dövlət başçısı orada bütün yaralıların tezliklə sağalıb sıraya qayıtması üçün nə lazımdırsa, ediləcəyini bildirərək dedi ki, qazilərimiz üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. Beləliklə, onlar fəal həyata daha tez inteqrasiya edəcəklər. Qolunu, qıçını itirmiş yüzlərlə igid Vətən oğlu bu gün artıq fondun köməyi ilə ayağa qalxmışdır.
Ümumiyyətlə, Heydər Əliyev Fondu illərdir ki, Qarabağ müharibəsi əlillərinə dəstək layihələrini icra edir. 2016-cı ilin məlum Aprel döyüşlərində yaralanan hərbçilərin müalicəsinə, onların sosial durumunun yaxşılaşmasına kömək fondun vətənpərvərlik amalı olub. Nəcib ənənə davamlı xarakter daşıyır.
Həm ötən ilin, həm də bu ilin may ayında Şuşanın məşhur Cıdır düzündə neçə illərdən sonra yenidən keçirilmiş “Xarıbülbül” musiqi festivallarının əsas təşkilatçısı da Heydər Əliyev Fondu olub. Bu çərçivədə beynəlxalq incəsənət festivalı təşkil edilib, xarici ölkə rəssamlarının sərgisi təşkil olunub, unikal “Xarıbülbül” maketləri hər tərəfi bəzəyib. Fondun hazırladığı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusu ictimaiyyətə təqdim edilib. Bu nəşr, həmçinin “Qarabağın mədəni irsi” toplusu,“Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasına Mehriban xanım Əliyevanın hədiyyəsidir. Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” adı altında təqdim edilib, xarici ölkələrin folklor qrupları öz iştirakları ilə “Xarıbülbül” musiqi bayramını daha da rövnəqləndiriblər.
Dördüncü “Xarıbülbül” festivalından bir qədər öncə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada olarkən Molla Pənah Vaqifin ermənilər tərəfindən dağıdılmış muzey-məqbərə kompleksinə gəliblər. Heydər Əliyev Fondu bu kompleksə də ikinci həyat verib. Payızda isə orada möhtəşəm Vaqif Poeziya Günləri təşkil edilib. Fond dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə dəstək məqsədilə "Azərbaycan muğamları" layihəsi çərçivəsində neçə-neçə nəşri nəfis şəkildə reallaşdırıb, 24 virtuoz ifaçının səsləndirdiyi muğam parçalarından ibarət "Qarabağ xanəndələri" albomunun Parisdə, UNESCO-nun Mənzil-Qərargahında təqdimat mərasimi keçirilib. Dumanlı Şuşada yağan narın yağışın altında keçirilən beşinci “Xarıbülbül” festivalının təəssüratları daha zəngin olub. Xarici ifaçılardan birinin orada özünəməxsus ləhcə ilə söylədiyi “Qarabağ Azərbaycandır!” sözləri hər kəsdə təbii bir qürur hissi yaşadıb.
İlham Əliyevlə birlikdə vaxtaşırı Qarabağa səfər edən birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində fond tərəfindən aparılan bərpa işləri ilə tanış olub. Şuşa işğaldan azad ediləndən sonra mütəxəssislər tarixi kompleksdə qiymətləndirmə işləri aparıblar və bunun əsasında bərpa prosesi icra olunur. Şəhərin mərkəzində, Mərdinli məhəlləsində vaxtilə məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın yaşadığı evin də ilkin memarlıq üslubu özünə qaytarılır. Dünyaca ünlü təsisat olan Heydər Əliyev Fondunun xətti ilə Şuşada mədəni ənənələrin bərpası hər kəsdə xoş duyğular yaradır.
Bütün bu işləri göz önünə gətirdikcə düşünürsən ki, Bakıda orta məktəbi qızıl medalla, Moskvada Seçenov adına Birinci Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən, beynəlxalq “Qızıl ürək” mükafatına, adı və qiymət əyarı qızıldan da üstün olan “Heydər Əliyev” ordeninə layiq görülən dəyərli şəxsiyyət özü də, əsl mənada, qızıl kimi insandır. Rusiyanın Müqəddəs Mələksima Knyaginya Olqa və “Dostluq ordenləri, İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni də onun halal haqqıdır.
Beş il öncə, 2017-ci il fevralın 21-də Prezident sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilənə qədər də yetərincə ad-san qazanmışdı. Ölkənin nəciblik mücəssəməsi olan birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi. İndi də həmin vəzifələrdə layiqincə çalışır. Sadəcə, onun dövlətə və xalqa xidmət statusu böyüyüb, məsuluyyəti daha da əhatəli olub.
Mehriban xanımın Birinci vitse-prezident kimi keçirdiyi ilk tədbir məcburi köçkünlərlə bağlı idi və bu, bir növ rəmzi səciyyə daşıyırdı. Didərginlik taleyi yaşayan, paytaxt Bakının və bizim Sumqayıt şəhərinin yataqxanalarında məskunlaşmış qarabağlı soydaşlarımızın köçürülməsinə həsr edilmiş o müşavirə sanki dünyaya bir mesaj idi ki, dövlət idarəetməsi nə qədər mürəkkəb proses olsa da, müharibə şəraiti ilə necə üz-üzə qalsaq da, biz ehtiyac duyan, qayğı uman bir vətəndaşımızı belə diqqətsiz qoymayacağıq. Mehriban Əliyevanın oradakı çıxışına, qaçqınlara qayğılı yanaşmasına sadə camaat da, media da, geniş ictimaiyyət də heyranlıqla reaksiya vermişdi.
Mehriban xanım Əliyevanın həyatında idmana qayğı da mühüm yer tutur. Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi çox fəaldır. Bundan başqa, ölkəmizdə Gimnastika Federasiyasının prezidentidir. 2015-ci ildə Bakıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyətinin nəticəsi kimi qeyd edilib. 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevanın adı ilə bağlıdır. Tokio-2020 Olimpiadasında və paralimpiya oyunlarında idmançılarımızın qələbələrinə ən çox sevinənlərdən biri Mehriban xanım olub. Təmsilçilərimizin hər qələbəsini, hər medalını özünün sosial şəbəkə hesablarında ayrıca qeyd edib, səmimi təbriklərini isti-isti çatdırıb. Qalib idmançılarla görüşlər, onların qayğılarının həlli dövlət başçısı ilə bərabər, mübaliğəsiz olaraq, onun da xidmətidir.
Fəaliyyəti insanpərvərlik, nəciblik missiyası üzərundə qurulmuş Heydər Əliyev Fondu COVID-19 pandemiyasına qarşı mübarizədə xüsusilə seçilib. Bildiyimiz kimi, müvafiq laboratoriyaların təcili təşkilinə, ölkəmizin yüksək keyfiyyətli testlərlə təmin olunmasına fond yaxından dəstək göstərib. Xaricdən mobil tipli müalicəxanalar üçün tibbi avadanlıq və ləvazimat, dərman preparatları alaraq Azərbaycana gətirib.
Daha bir xeyirxahlıq, mərdanəlik örnəyi: koronavirus səbəbindən talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı üçün Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyası təşkil edilib. Virusa yoluxmuş bir sıra tanınmış şəxslərə də Mehriban xanımın tapşırığına əsasən yaxından dəstək göstərilib və onlar zəruri müalicə alaraq sağalıblar. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində ardıcıl surətdə vətəndaşları ərzaq bağlamaları ilə təmin edib. Aztəminatlı və digər həssas qruplardan olan 100 minədək ailəyə dəfələrlə bayram sovqatları çatdırılıb. Mehriban Əliyevanın şəxsi təşəbbüsləri ilə xüsusi qayğıya ehtiyac duyan insanlara fərdi qaydada kömək göstərilməsi bu təşkilata əsl ümumxalq rəğbəti qazandırıb. Əksər ərazilərdə çəkilən yollar, tikilən sığınacaqlar, himayə uman uşaqlar üçün təşkil olunan bayram tədbirləri, yardımlar, hədiyyələr belə fərəh örnəkləridir.
Təşəkkül tapıb formalaşdığı və fəaliyyət dairəsini genişləndirdiyi 18 il ərzində Heydər Əliyev Fondu milli dövlətçilik ideyalarına sadiqliyi, xalqın maddi rifahının yaxşılaşması naminə yorulmaz səyləri, ən müxtəlif sahələrə aid tərəqqi layihələrini ardıcıl şəkildə həyata keçirməsi sayəsində dünyada böyük nüfuz qazanıb. Ötən illər ərzində Heydər Əliyev Fondunun reallaşdırdığı bir çox layihələr yaddaşlarda dərin iz buraxıb. “Təhsilə dəstək”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və digər layihələr, ilbəil genişlənən "Hərəmiz bir ağac əkək!" aksiyası, dünyaya səs salan “Qız qalası”, “Muğam aləmi” festivalları və muğam müsabiqələri, Qəbələdə keçirilən, həmçinin Rostropoviç adına ənənəvi Beynəlxalq Musiqi festivalları buna misal ola bilər. Azərbaycandan kənarda – London, Paris, Moskva, Berlin, Roma ... şəhərlərində keçirilmiş tədbirləri də fərəhlə xatırlayırıq.
Tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən fond illərdir ki, "Tolerantlığın ünvanı — Azərbaycan" layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur. Mərdəkandakı XVI əsrə aid Pir Həsən ziyarətgahı, ölkədəki bir sıra Cümə məscidləri, Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri, Strasburq kafedralının pəncərələri, Həştərxanda müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi, Luvr muzeyi, Versal sarayı, Vatikan və digər dini-mənəvi, mədəni ocaqlarda Heydər Əliyev Fondunun izləri aydın görünməkdədir.
Bir neçə il əvvəl fondun təşəbbüsü ilə Sarayevoda Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı hər kəsə unudulmaz təsir bağışlayıb. "Xocalıya ədalət" Beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər keçirilir. Prezidenti İlham Əliyevin Quba şəhərində "Soyqırımı Memorial Kompleksi”nin yaradılması ilə bağlı imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondu orada möhtəşəm abidə-muzey inşa etdirib.
Göründüyü kimi, Heydər Əliyev Fondu daim tariximizə və taleyimizə işıq saçır. Bu ünvana hər gün yüzlərlə məktub göndərilir, müraciətlər edilir. İnsanlar ümidlərinin doğrulacağına, müşküllərinin həllini tapacağına inanırlar. Elə də olur. Mərhəmət və nicat qapısı sayılan fond vətəndaşların hər bir müraciətinə həssas münasibət göstərir. Xalqın rifahının yüksəldilməsinə yönəlmiş bu xoşməramlı fəaliyyət elə xalq tərəfindən də yüksək qiymətləndirilir, görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.
Əli Nəcəfxanlı
Xalq qəzeti. - 2022.- 14 iyun. - № 124. - S. 7.