Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Mehriban xanım Əliyevanın himayəsi ilə...

Birinci vitse-prezident valideyn himayəsindən məhrum uşaqların ən böyük hamisidir

Bir evdən danışırıq: geniş, işıqlı, rahat, səliqəli, yataqları yumşaq, yeməkləri dadlı... Divarları başdan-başa rəsm əsərləri ilə bəzədilmiş bu evdə o qədər oyuncaq var ki, sanki nağıllar aləmidir... 

Bu evin kandarından içəri addım atandan etibarən fərqli auraya bürünürsən...

Bu ocağın işığına yığışan bir-birindən yaraşıqlı, qabiliyyətli müxtəlif yaşlı oğlan və qızlarla tanış olanda sözün əsl mənasında heyran qalmaya bilmirsən... 

Etdikləri rəqslərə, çəkdikləri rəsmlərə, toxuduqları xalçalara baxanda, yazdıqları şeirlərə, oxuduqları mahnılara qulaq asanda yaşları az da olsa, bu uşaqların hər birinin necə böyük ürəyə sahib olduğuna şahidlik edirsən...

Təhsildə qazandıqları uğurlarla, nailiyyətlərlə sevinən bu uşaqların şadlığına sən də qoşulursan və o an istər-istəməz ürəyindən sevinc və qüssə hissləri eyni anda keçir...

Amma bu evin valideyn himayəsindən məhrum olan uşaqlar üçün mənəvi rahatlıq, ruhi dinclik tapdıqları, doğmalıq gördükləri isti ocaq olduğuna əminlik bütün kədərli hisslərinin üstündən xətt çəkir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindən danışırıq. O müəssisə ki daim Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi diqqət mərkəzində, himayəsindədir. 

Xilas edilmiş bir uşağın təbəssümü

Düz 21 ildir ki, Mehriban xanım Əliyeva digər bu tipli müəssisələrlə yanaşı, 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin valideyn himayəsindən məhrum sakinlərinə də ana qayğısı, nəvazişi göstərir. Mehriban xanım mütəmadi olaraq bu müəssisəyə baş çəkir, uşaqlarla görüşür, onların problemləri ilə maraqlanır, sağlam böyümələri üçün hərtərəfli kömək edir. Uşaqların təhsil almaları, həyatda öz yollarını tapmalarına görə malik olduqları bacarıqlarını inkişaf etdirmələri istiqamətində dəstək göstərir, gələcək həyata daha sağlam qədəm basmaları üçün onları ruhlandırır. Əlamətdar günlərdə, bayramlarda, hətta öz ad günündə belə uşaqları hədiyyələrlə sevindirməyi özünün mənəvi borcu sayır. O da təsadüfi deyil ki, Mehriban xanım "Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir" deyir...

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə adıçəkilən müəssisəyə reportaja yollandığımızda da uşaq evinin sakinləri özlərinə doğma, əziz, mənəvi ana bildikləri Mehriban xanım Əliyeva ilə bir müddət əvvəl görüşmələrinin xoş təəssüratları içərisində idilər.

Uşaq evinin müxtəlif yaşlı, gülərüzlü şən balaları Mehriban xanımın bu müəssisəyə qonaq gəlməsindən, onları doğma övladları kimi qucaqlayıb öpməsindən, həmsöhbət olmasından, təqdim etdikləri rəqslərə, mahnılara necə maraqla tamaşa etməsindən sevinclə danışırdılar.

"Mehriban xanım evimizə qonaq gəlmişdi. Onun qarşısında rəqs edəcəyim üçün çox həyəcanlı idim, amma Mehriban xanım bizimlə elə doğma rəftar etdi ki, həyəcanımı tamamilə unutdum. Mehriban xanım bizə çoxlu hədiyyələr, oyuncaqlar da gətirmişdi... Həmin gün biz çox sevindik, əyləndik...", - deyə uşaq evinin 9 yaşlı sakini Adəm sevinclə bizimlə təəssüratlarını bölüşdü...  

Heydər Əliyev Fondunun qayğısı

1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin 1950-ci illərdə tikilmiş və uzun illər təmir edilmədiyindən yararsız hala düşmüş binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb və Mehriban Əliyevanın iştirakı ilə açılışı həyata keçirilib. 2023-cü ilin yay mövsümündə fond tərəfindən burada yenidən yüksək səviyyədə təmir işləri həyata keçirilib.

Sosial xidmət müəssisəsində uşaqlara peşə qabiliyyətinin öyrədilməsi və əl işləri ilə bağlı inkişaf etmələri üçün hər cür şərait yaradılıb. Xalçaçılıq, tikiş, rəssamlıq, rəqs və digər dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnmələrinə imkan verir. Fondun dəstəyi ilə uşaqların əl işləri mütəmadi olaraq sərgilənir və bu, uşaqlar üçün böyük motivasiya olur. 2015-ci ildə Müasir İncəsənət Muzeyində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib və orada 500 adda əl işi sərgilənib.

Heydər Əliyev Fondu burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür.

2017-ci ildə uşaq evinin iki sakini - Yasəmən və İbrahim ailə həyatı qurublar. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.

Vurğuladığımız kimi, birinci xanım Mehriban Əliyeva 2004-cü ildən etibarən dəfələrlə 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsini ziyarət edib. 2006-cı ildə isə Prezident 

İlham Əliyev bu sosial xidmət müəssisəsində məxmərəyə qarşı peyvənd kampaniyasında iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ilin aprelində Nizami rayonundakı 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində olublar.

Müəssisənin sakinləri əziz qonaqları Mehriban Əliyeva və Leyla Əliyevanı şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. 

Doğma mühit

Hazırda 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin 97 nəfər sakini var və onların 57 nəfəri məktəblidir.

Öyrənirik ki, bu il 9-cu sinfi bitirən Məmməd adlı şagird çox sevdiyi bərbərlik ixtisası üzrə peşə məktəbinə gedəcək. Həmçinin Maral və Nuray adlı şagirdlər Azərbaycan bölməsi üzrə, Aydan isə rus bölməsi üzrə məktəbdən məzun olurlar. Hər üç məzun təhsillərini davam etdirmək niyyətindədir.  Maral tibb kollecində təhsil almaq istəyir. Nuray və Aydan isə incəsənət sahəsinə yönəliblər.

Bu yaxınlarda isə müəssisənin benefisiarı Aysu Namazova mükafata layiq görülüb. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən IX-XI sinif şagirdləri arasında təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində ikinci yeri tutub.

Müəssisənin psixoloqu Nərgiz Dadaşovanın sözlərinə görə, burada təhsilini başa vuran hər bir məzun ali məktəblərə daxil olmaq, yaxud sevdikləri peşələr üzrə təhsillərini davam etdirmək üçün qarşısına məqsəd qoyur və bu istiqamətdə həvəslə çalışır: "Müəssisədə kiçik yaşlarından onlarda bu istək yaradılır və inkşaf etdirilir. Onlar sərbəst şəkildə ixtisas seçimlərini edirlər. Biz də hazırlıqlar, imtahanlar və sair işlərdə onların yanında olur, uşaqlara mənəvi dayaq dururuq. Hazırda da həyəcanla builki məzunlarımızın nəticələrini gözləyirik".

Psixoloq qeyd etdi ki, uşaq müəssisəyə addım atdığı andan onun üçün elə mühit yaradırlar ki, o özünü yad yox, doğma hiss etsin: "Uşaqları daha çox tədbirlərə yönəldirik və o artıq burada öz yerini tapır, xüsusi qabiliyyəti və bacarığı varsa, o yöndə inkişaf etməyə başlayır. Müəssisədə uşaqların təhsillərinə xüsusi diqqət yetirilir. Bilirsiniz, uşaq özünü o zaman tənha hiss edir ki, ona diqqət, qayğı göstərilməsin. Əgər o uşaq  bilirsə ki, qayğı ilə əhatə olunub və bütün nəzərlər onun üzərinə yönəlib, o da fəallaşır və başqa fikirləri arxa plana, bilik və bacarıqları, göstərdikləri səyləri, uğurları isə önə keçirir. Onların ən kiçik uğurlarına da sevinirik və qiymətləndiririk. Bu da uşaqlara ayrıca motivasiya verir, özlərini doğma məkanda hiss edirlər. Doğru mühitdə dostlarının əhatəsində olduğunu bilirlər".

Öyrənirik ki, 3-5 yaş aralığındakı 1-ci qrupdakı uşaqların təlim-tərbiyəsi ilə Tərminə Əhmədova məşğul olur. O, şipşirin balalara məşğələlər keçir, açıq havada yaşlarına uyğun oyunlar təşkil edir, nağıl, şeir danışır... 

Uşaq dünyası

Uşaq evinin rəsm otağında əsl sənət ab-havası hökm sürür. Molbertlərin üzərindəki hazır rəsmlərə, eləcə də stol arxasında sıra ilə cərgələnmiş müxtəlif yaşlı uşaqların böyük həvəslə çəkdikləri şəkillərə baxanda istər-istəməz insanda bu uşaqların gələcəyin peşəkar rəssamları olacaqlarına qəti əminlik yaranır.

Rəsm dərnəyinin müəllimi Cəmilə Əkbərova məlumat verdi ki, bu il aprelin 20-də UNESCO tərəfindən Parisdə keçirilən rəsm sərgisində uşaq evinin balaca "rəssam"ları da öz əl işləri ilə təmsil olunublar: "Orada "Bahar" adlı sərgi təşkil etdik və rəsmlərimiz çox bəyənildiyi üçün uşaqlarımızdan 8 nəfəri sertifikat aldı". 

Uğur qrafiklə, Adəm və Aydan rəngli boya ilə, Rüxsarə və Ülvi sulu boya ilə rəsm çəkməyi xoşlayırlar. Turac isə burada portret "usta"sı kimi tanınır... 

Xalça toxuma otağında Maral, Nazlı və Şərəfxanım həvəslə xalça toxuyurdular. 20 ildir burada çalışan Sevil Qafarova xalça sənətini qızlarla yanaşı, oğlanlara da öyrədir. Onların toxuduqları xalçalar sərgilərdə nümayiş olunur.

Şən mahnı sədaları yayılan otaqda rəqsə könül verən uşaqlarla tanış olduq, böyük istəklə təqdim etdikləri rəqsləri seyr etdik. 10 yaşlı Günayla 11 yaşlı Əlinin "Naz eləmə" rəqsini necə böyük şövq və məharətlə ifa etmələrinə heyran qaldıq...

Özü də bu uşaq evinin yetirməsi olan Azər Azərsoy burada uşaqlara rəqsin sirlərini öyrədirdi. Mədəniyyət və İncəsənət Universitetini bitirən Azər artıq neçə ildir ki, bu uşaq evinin "Azəri" mahnı və rəqs ansamblının bədii rəhbəri, xoreoqrafı kimi çalışır. 

1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin direktoru Nərminə Zöhrabova söylədi ki, bu müəssisənin bütün uğurları Heydər Əliyev Fondunun dəstəyi sayəsində mümkün olub: "Hər zaman fondun, şəxsən Mehriban xanım Əliyevanın diqqətindəyik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mütəmadi olaraq uşaqların görüşünə gəlir, onlarla söhbət edir, hər birinin istək və arzusunu dinləyərək böyük səylə onların yerinə yetirilməsinə çalışır. Hətta Leyla xanım buradakı uşaqları adbaad tanıyır". 

Direktor qeyd etdi ki, fondun dəstəyi ilə xeyli sayda uşaq müxtəlif tibbi əməliyyatlardan keçib. 2023-cü ildə 15 yaşı olan Aydan onurğa sütunundan əməliyyat olunub.

Onu da öyrəndik ki, hər iki valideynini itirmiş uşaqlar məzun olduqdan sonra Sosial Xidmətlər Agentliyi tərəfindən evlə təmin edilirlər. Hər həftənin bazar günü isə 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində "görüş günü" keçirilir.

İndiyə qədər qanunauyğun şəkildə uşaqlardan bir çoxu öz bioloji anasına qaytarılıb, himayədar ailəyə verilib, övladlığa götürülüb.

Bayram arzusu

Bəli, bir neçə saat ərzində biz də bu isti məkanın qonağı olduq. Doğmalığın, mehribanlığın hökm sürdüyü bu evdə gözəl, yaraşıqlı, bilikli, istedadlı uşaqlarla həmsöhbət olmaq, onların böyük həvəslə ərsəyə gətirdikləri, hər biri fərqli duyğunun - sevginin, nisgilin, sevincin tərənnümü olan rəngarəng əl işlərinə baxmaq, uğur hekayələrini dinləmək insanı o qədər təsirləndirir, xoş hisslərə bürüyürdü ki...

Bir daha əmin olduq ki, 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi valideyn himayəsindən məhrum uşaqların mənəvi rahatlıq, ruhi dinclik tapdıqları doğma məkandır. 

Lakin dünyadakı heç bir nəsnənin, yaradılan şəraitin ailə istiliyini əvəz edə bilmədiyi də danılmaz gerçəklikdir. Elə Mehriban xanım Əliyeva da hər zaman bu həssas məqamı vurğulayır ki, ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz...

Bu bayram günündə də arzumuzdur ki, qoy  dünyadakı heç bir uşaq ata-ana həsrəti, ailə özləmi ilə sınağa çəkilməsin... 

Yasəmən Musayeva

Azərbaycan. - 2025.- 1 iyun. - № 113. - S. 5.