Cəmiyyətin ümid ünvanı – 21 il xalqın xidmətində
Bu gün 21 yaşını qeyd edən Heydər Əliyev Fondu müasir Azərbaycanın mənəvi simasını formalaşdıran, cəmiyyətin nəbzini tutan və gələcəyə işıq saçan bir missiyanın daşıyıcısıdır. Ötən illər ərzində Fond xalqın qəlbində əbədiyaşar Ulu Öndər Heydər Əliyevə olan dərin sevgi və ehtiramın ifadəsinə çevrilib. Bu Fond tarixi şəxsiyyətin irsini yaşadan, azərbaycançılıq məfkurəsini təbliğ edən və milli dövlətçilik ideyalarını gənc nəslə sevdirən bir xeyirxahlıq mənbəyidir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da Azərbaycanı humanizmin, mədəniyyətin və iradənin siması kimi təqdim edir. Təhsil, səhiyyə, elm, texnologiya, mədəniyyət, idman, ekoloji tarazlıq, sosial rifah və digər başqa sahələrə qədər Fondun palitrası genişdir. Hər yeni məktəb binası, hər bərpaolunan abidə, hər təmin edilən müalicə, hər sevinən uşaq baxışı Fondun cəmiyyətə verdiyi həyat nəfəsidir. O, kağız üzərində yazılmış proqramları deyil, həyatın özünü dəyişdirir. O, rəqəmlərlə ölçülə bilməyən, yalnız ürəklə duyulan savab iş görür.
Azərbaycan cəmiyyəti Heydər Əliyev Fondunu bir ümid ünvanı kimi görür. Burada insanın dəyəri ucaldılır, vətəndaşın rifahı qorunur, milli kimlik yaşadılır. Bu 21 il əslində yüzilliklərə bərabər bir mənəvi sərvətin qorunması, gələcəyə ötürülməsi deməkdir.
Zaman göstərdi ki, Heydər Əliyev Fondu təkcə xatirə deyil - həm də gələcəkdir. O gələcək ki, orada təhsilə dəyər verilir, tarixə sahib çıxılır, mədəniyyət qorunur və insan amili hər şeydən üstün tutulur. Heydər Əliyev Fondu Azərbaycanın hərtərəfli inkişaf yolunda sanki bir mənəvi lokomotivə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinə Fond öz fəal iştirakı ilə güclü dəstək verir, bu siyasətin sosial təməlini möhkəmləndirir. Hər yeni layihə - istər bir məktəbin açılışı, istər bir məscidin bərpası, istərsə də əlil gəncə verilən mənzil Fondun nəcib məqsədlərinin canlı təcəssümüdür.
Heydər Əliyev Fondu fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Fondun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri inşa olunub, dünyanın bir sıra ölkələrində Azərbaycan Mədəniyyət mərkəzləri yaradılıb. Fondun təşkil etdiyi beynəlxalq festivallar mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Sivilizasiyalar arasında dialoqun dərinləşməsinə xidmət edən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi xüsusi əhəmiyyət kəsb edir. Ümummilli liderin humanizm prinsiplərini layiqincə davam etdirən Heydər Əliyev Fondu yarandığı gündən etibarən xeyirxahlıq və mərhəmətlilik göstərərək yardıma ehtiyacı olan insanları daim diqqət mərkəzində saxlayır, onların problemlərinin həllinə yaxından kömək edir. Fondun insan hüquq və azadlığına göstərdiyi diqqət və qayğı, müxtəlif səbəblər üzündən azadlıqdan məhrum edilmiş şəxslərin və onların yaxınlarının, ailə üzvlərinin Fonda çoxsaylı müraciətlər etməsi Heydər Əliyev Fondunun ali prinsiplərinə olan ictimai etimadın mühüm göstəricisidir.
Digər tərəfdən, təhsil sahəsində Fondun müqayisəolunmaz əməyi vardır. 2024-cü tədris ilində Fondun təşəbbüsü ilə Bakıda və regionlarda əsaslı şəkildə yenidən qurulan, təmir edilən və sıfırdan inşa olunan 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə artıq müəllim və şagirdlərin ixtiyarına verilib. İl ərzində daha 10 yeni məktəbin qapıları şagirdlərin üzünə açılıb. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində bu günə qədər ölkənin müxtəlif guşələrində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən artıq məktəb ya yenidən qurulub, ya da inşa edilib. Bu, yalnız tikinti prosesi deyil - bu, gələcəyin inşasıdır.
Heydər Əliyev Fondu üçün hər bir uşaq dəyərlidir. "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı bu qayğının bariz nümunəsidir. Bu çərçivədə respublika ərazisində onlarla uşaq müəssisəsi əsaslı şəkildə bərpa olunub, müasir avadanlıqlarla təmin edilib, onların yaşayış və tədris şəraitləri daha da yaxşılaşdırılıb. Lakin Fondun yanaşması təkcə fiziki şəraitin yaxşılaşdırılması ilə bitmir, burada uşaqların mənəvi inkişafı da əsas götürülür. Uşaq evlərində və internat məktəblərində təhsil alanlar üçün keçirilən festivallar, müsabiqələr, tədbirlər onların öz güclərinə inamını artırır, həyatda yer tapmalarına dəstək olur. Üstəlik, yaşı 18-i keçmiş, uşaq evlərində böyümüş qızlar üçün ayrıca tikilmiş yaşayış binaları Fondun həyatın hər mərhələsində gəncləri tək buraxmadığını göstərir. Hazırda isə həm Bakıda, həm də bölgələrdə yeni məktəblərin, uşaq musiqi və incəsənət məktəblərinin inşası, mövcudlarının əsaslı təmiri davam edir.
Məlumdur ki, Azərbaycan mədəniyyəti tarix boyu qəlbləri fəth edən sədalarla, daşlara həkk olunan yaddaşla, minilliklərin süzgəcindən keçmiş sənət inciləri ilə formalaşıb. Bu gün isə həmin mədəniyyətin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını uğurla davam etdirən mühüm ünvanlardan biri Heydər Əliyev Fondudur. Fondun bu sahədəki fəaliyyəti təkcə layihələrdən ibarət deyil - bu, bir xalqın kimliyinə, ruhuna, tarixinə göstərilən ehtiramdır. Hər bir abidənin bərpasında, hər bir muzeyin açılışında, səslənən hər bir musiqidə Azərbaycan mədəniyyətinə olan sevgi duyulur. Gəncədə ucaldılan Cavad xan məqbərəsi milli qürurun daş üzərində həkk olunmuş şəklidir. Gəncə qapılarının, "Qu quşları" fəvvarəsinin bərpası şəhərin yaddaşına qayıdışın simvoludur. "Müasir incəsənət", "Tullantıdan sənətə", "XX-XXI əsr Azərbaycan rəngkarlığı", "Azərbaycan Xalça muzeyi", "Daş salnamə", "Dəmirçi" Arxeologiya Muzeyi kimi mədəniyyət məkanlarının yaradılması isə milli sənətimizin sabaha atılan körpüsüdür. Hər açılan muzey, hər yenilənən mədəniyyət sarayı, hər tikilən muğam mərkəzi Fondun mədəniyyət sahəsində apardığı genişmiqyaslı işlərin nümunəsidir. Lakin bu işlər təkcə binalarla məhdudlaşmır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən musiqi layihələri artıq bir ənənəyə çevrilib və Azərbaycanın mədəni həyatına yeni nəfəs gətirib. Qəbələdə, Şuşada keçirilən musiqi bayramları, muğam müsabiqələri, aşıq sənətinə həsr olunan festivallar, dünyaşöhrətli Mstislav Rostropoviç və Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalları - Azərbaycanın musiqi ruhunun dünya ilə paylaşılmasıdır. Xüsusilə, muğam müsabiqələri - bu qədim irsimizin yeni nəslin ifasında dirçəlməsi və gələcəyə aparılması baxımından misilsiz rol oynayır. Bununla yanaşı, Heydər Əliyev Fondunun xətti ilə UNESCO-nun iqamətgahında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, tarixi şəxsiyyətlərin, incəsənət və elm xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını alıb. Bu, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür.
Xüsusi vurğulanmalıdır ki, insan sağlamlığı hər bir cəmiyyətin güc mənbəyidir. Bu dəyərin qorunması və yüksəldilməsi isə yalnız tibbi infrastrukturla deyil, böyük ürəklə, mərhəmət və diqqətlə mümkündür. Heydər Əliyev Fondu məhz bu yanaşma ilə sağlamlıq sahəsinə nəfəs verən, insanlara şəfa, ümid bəxş edən yüzlərlə layihəyə imza atıb. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi layihələr minlərlə ailənin həyatına işıq salır. Bu layihələrin hər birində Ümummilli Lider Heydər Əliyevin insana, onun sağlamlığına verdiyi önəmin izləri görünür. Fondun təşəbbüsü ilə inşa edilən müasir Talassemiya Mərkəzində ağır xəstəliklərlə mübarizə aparılır. Daun sindromlu uşaqlar üçün yaradılan Reabilitasiya Mərkəzi ümid ünvanıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış mərkəzlər, Mərkəzi Neftçilər Xəstəxanasında fəaliyyət göstərən Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixo-nevroloji Uşaq Mərkəzi - bütün bunlar Azərbaycan səhiyyəsində bir dönüş nöqtəsi, yeni yanaşmanın bariz ifadəsidir. Bu layihələr yalnız paytaxtla məhdudlaşmır. Azərbaycanın hər bir bölgəsi Heydər Əliyev Fondunun şəfqət əlini hiss edir. Ən ucqar kənddən tutmuş böyük şəhərlərə qədər - fondun addımı dəyən hər yerdə sağlamlığın, rifahın, ümidin izi qalır. Və bu xeyirxah missiya sərhəd tanımır. Azərbaycan humanizmini, xalqımızın mərhəmətini dünyanın müxtəlif nöqtələrində də görmək mümkündür. Cibutidə, Bosniya-Herseqovinada, Rusiyada, Gürcüstanda reallaşan layihələr - Azərbaycan xalqının beynəlxalq aləmdəki şəfqət simasını, humanist obrazını nümayiş etdirir.
Göründüyü kimi, Fondun çoxvektorlu, cəmiyyətə xidmət edən əməlləri saymaqla bitmir. Bütün bunlar ölkəmizin, xüsusilə sosial rifaha xidməti addımlarıdır və cəmiyyətimiz bunu olduqca yüksək qiymətləndirir. Heydər Əliyev Fondu bu inamı yaşayır və yaşadır. Onun hər bir layihəsi sabaha yazılan parlaq əməl kimidir.
Nurlan Abdalov
Respublika. - 2025.- 10 may. - № 95. - S. 13.