Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycan-Fransa mədəni əlaqələrinin bariz nümunəsi

Məqsədimiz sülh, rifah və tərəqqi üçün çalışmaqdır!

Mehriban ƏLİYEVA 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Çoxəsrlik tarixə malik qədim mədəniyyət ölkəsi Azərbaycanda nəinki indi, həm də on illər bundan əvvəl Fransa anlayışı həmişə yüksək mədəniyyətlə, savad və ziyalılıqla bağlanmışdır. Bütün bunlar azərbaycanlıların bir çox nəsillərinə Fransa tarixinə, mədəniyyətinə, mədəni-mənəvi dəyərlərinə ehtiram hissi aşılamışdır. Azərbaycan xalqı Fransa tarixini, onun yazıçılarının əsərlərini, mədəniyyət xadimlərini, habelə dünya sivilizasiyasına bu ölkənin verdiyi töhfələri, müasir naliyyətlərini yaxşı bilir və tanıyır.

Zəngin mədəniyyətə, ənənələrə sahib olan Fransada 14 iyul 1789- cu ildə baş vermiş inqilabdan sonra dünyada demokratiyanın inkişafında və yayılmasında fransız xalqı mühüm rol oynamışdır. Fransız xalqının mütəfəkkir insanları, böyük şəxsiyyətləri – Jan Jak Russo, Şarl Lui Monteskyö, Robespyer, Volter, Didro və digərlərinin yaratdıqları demokratiya prinsipləri həm Fransada, həm də demokratiyanı qəbul etmiş digər ölkələrdə yayılmış, özünə hüquq qazanmış və bu təcrübə dünyanın hər yerində çox faydalı örnək olmuşdur. Hazırda Fransa Respublikası öz zəngin tarixi ənənələrindən istifadə edərək, onun əcdadlarının müəyyənləşdiridiyi yol ilə qətiyyətlə gedir və öz ölkəsini dünya birliyində layiqincə təmsil edir.

Demokratik və bəşəri dəyərlərə sadiq müstəqil Azərbaycan xarici siyasətində məhz Fransa Respublikası ilə əlaqələrə xüsusi diqqət yetirməsi heç də təsadüfi deyildir. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi kökləri orta əsrlərə gedib çıxır. Bu əlaqələrin tarixi qədimliyini sübut edən dəlillərə IX və X əsrlərdə rast gəlmək olar. Bu gün də Şərq və Qərb arasında böyük ticari körpü rolunu oynayan Qədim İpək Yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoymuşdur.

Məlumat üçün deyə bilərik ki, ilk dəfə olaraq fransız şərqşünası Bartelemi D'Erblo 1697-ci ilə aid “Şərq kitabxanası ensiklopedik lüğəti”ndə Azərbaycan ədəbiyyatına dair altı məqalə yazmışdır. Bu məqalələr Av¬ropada Azərbaycan haqqında ilk yazılı məxəzlər hesab olunur. Daha sonra dünya ədəbiyyatına əvəzsiz töhfələr vermiş yazıçı-səyyah Aleksandr Düma 1858–1859-cu illərdə Qafqaza səfər etmiş və Azərbaycan haqqında xoş xatirələrini “Qafqaz səfəri” kitabında bölüşmüşdür. Bu səfər ona o qədər təsir göstərmişdir ki, "Qafqaz" adlı qəzet də nəşr etməyə başlamışdır.

XIX əsrin dünya şöhrətli fransız yazıçısı, məşhur fantastik əsərlərin müəllifi Jül Vern özünün “Klodius Bombarnak” (1892) əsərində Azərbaycanın Gəncə və Bakı şəhərlərindən bəhs etmiş, Bakının ticarət və liman şəhəri kimi xüsusi əhəmiyyətini vurğulamış, bu şəhərin Asiya və Avropa mədəniyyətlərinin qovuşma məkanı kimi təsvir etmişdir. Əlbəttə tarixi keçmişimiz Avropanın aparıcı dövlətlərindən biri olan Fransa ilə əlaqələrimizdən bizə çox məlumat verə bilər. Lakin bu əlaqələrin tarixindən qısaca danışmaqla əsas diqqəti ancaq müasir mərhələdə, yəni ölkəmiz müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranmış əlaqələrdən bəhs olunması yerinə düşər.

1991-ci il dekabrın 31-də Sovet İttifaqının süqutu elan edildikdən az sonra Fransa rəsmi olaraq Azərbaycanın müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur. Belə ki, Fransa 16 mart 1992-ci ildə Azərbaycanda, 20 oktyabr 1994-cü ildə isə Azərbaycan Fransada səfirliyini açmışdır.

Bir faktı qeyd etmək yerinə düşər ki, Türkiyədən sonra Azərbaycanda səfirliyini açmış ikinci dövlət Fransa olmuşdur. Ümummilli lider Heydər Əliyev Prezident vəzifəsinə seçildikdən sonra ilk xarici rəsmi səfərini 1993-cü ildə Fransaya etmişdir. Səfər zamanı Fransa ilə Azərbaycan arasında əməkdaşlığa dair sənədlər imzalanmış və bundan sonra dövlət və hökumət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri hər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin ildən-ilə daha da möhkəmlənməsinə xidmət etmişdir. Ulu öndər demişdir: “Şübhəsiz ki, Fransa ilə Azərbaycan arasında, xalqlarımız arasında dövlətlərarası münasibətlər həmişə paklığı, səmimiliyi, açıqlığı ilə ümumbəşəri dəyərlərə və demokratik prinsiplərə sadiqliyi ilə səciyyələnəcəkdir.”

Tarixi və mədəni köklərə əsaslanan, möhkəm dostluq, əməkdaşlıq şəraitində inkişaf edən Azərbaycan–Fransa münasibətlərinin bugünkü səviyyəsi xüsusi məmnunluq doğurur. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də xaricə ilk rəsmi səfərini Fransadan başlamışdır. 23 yanvar 2004-cü ildə Yelisey Sarayında Fransa Respublikasının sabiq Prezidenti Jak Şirak tərəfindən ümumilli liderimiz Heydər Əliyevin təltif edildiyi “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeninin Prezi¬dent İlham Əliyevə təqdim olunması mərasimi keçirilmişdir. Bütün bu tarixi faktların təhlili xalqlar arasında böyük etimadın və qarşılıqlı anlaşmanın möhkəmliyindən xəbər verir.

Məlum olduğu kimi, hər iki ölkə arasında münasibətlərin inkişafına rəvac verən siyasi, iqtisadi sahələrdə olduğu kimi, o cümlədən, irqindən, dilindən, dinindən aslı olmayaraq, xalqları bir araya gətirən humanitar və mədəniyyət sahəsindəki əlaqələrin çox böyük rolu vardır. Bu gün Fransanın ali təhsil ocaqlarında yüzlərlə azərbaycanlı tələbə təhsil alır, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALCO) bir neçə fakültəsində Azərbaycan dili və tarixi tədris olunur. Ötən il isə Fransanın Nant şəhərində Azərbaycan məktəbi fəaliyyətə başlamışdır. Eyni zamanda, respublikamızın 338 məktəbində, eləcə də yeddi ali təhsil müəssisəsində fransız dili tədris edilir. Fransız dilinin tədrisi Azərbaycanda rus və ingilis dillərindən sonra üçüncü yerdə gəlir. Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi yaradılmışdır. Əlavə olaraq qeyd edək ki, Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə yaradılan və fəaliyyətlərini uğurla davam etdirən Bakı Fransız Liseyi və Azərbaycan–Fransız Universi-teti (UFAZ) ölkələrimiz arasında elm-təhsil, ümumilikdə, mədəni əlaqələrimizin inkişafına töhfə verməkdə davam edir.

2004-cü ildən fəaliyyətə başlamış elm və təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya, sosial sahələrdə, həmçinin Azərbaycanın xaricdə dəstəklənməsinə, onun mədəni irsinin qorunmasına yönəlmiş digər sahələrdə müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Tolerantlığın ünvanı – Azərbaycan”, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” və s. kimi bir sıra layihələri çərçivəsində Fransanın müxtəlif regionlarında 20-dən çox kilsənin bərpasına yardım edilmişdir. Belə ki, 1320–1340-cı illərdə salınmış, üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin (ə.) həyatı əks olunmuş Strasburq Kafedral kilsəsinin vitraj şüşələrinin, Versal Sarayının parkın¬dakı qədim, ümumbəşər abidələrin – “Amazonka” (1685–1693, müəllif Jak Buirret) və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın (1687–1705, müəllif Klod Berten), Fransanın Orn Departamentində X–XII əsrlərə aid 7 kilsənin bərpası işlərini həyata keçirmişdir. Azərbaycanın Avropa mədəni irsinə verdiyi töhfələri yüksək qiymətləndirən Fransa rəsmisi, Strasburq şəhərinin meri R. Ris vurğulamışdır: “Biz Heydər Əliyev Fondunun ayırdığı maliyyə yardımını gözəl jest kimi dəyərləndirir, XI əsrə aid qədim tarixi abidənin təmiri məqsədilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk”.

Aparılan uğurlu mədəniyyət diplomatiyasının növbəti bariz nümunəsi olaraq, 2011-ci il aprelin 18-də Parisin “Vandom” meydanındakı “Eğvö” hotelində “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi açılmışdır. Azərbaycanın 18 modern rəssamının müxtəlif mövzulu rəsm əsərlərinin nümayiş edildiyi sərgidə Fransanın sabiq Mədəniyyət və Kommunikasiya naziri Frederik Mitteran da iştirak etmişdir. 2011-ci il iyulun 16-da isə San-Trope şəhərində II Ramatüel Klassik Musiqi Festivalı çərçivəsində “Azərbaycanın mədəni zənginlikləri” mövzusunda sərgi təşkil edilmişdir. 2012–2014-cü illərdə Kann, Miluz, Strasburq, Şabli, Bove, Van, La Roşel, Bordo, Evian və Leqldə bir sıra layihələr çərçivəsində sərgi və konsertlər keçirilmiş, burada ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar –xalça və xalça məmulatları, misgərlik nümunələri, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, eləcə də milli mətbəximizlə bağlı fransız dilində nəşr olunmuş kitablar nümayiş etdirilmişdir.

2013-cü ildə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi, görkəmli söz ustadı Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar sərgi keçirilmiş, Məhsəti Gəncəvinin 900 illiyi Fransanın Reyms və Miluz şəhərlərində təntənəli şəkildə qeyd olunmuşdur. Daha sonra “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində Fransanın bir sıra şəhərlərində tədbirlər təşkil edilmişdir. Belə ki, Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası açılmışdır. Elə həmin layihə çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə univeristetin filologiya fakültəsinin konfrans zalı təmir edilərək Məhsəti Gəncəvinin adı verilmişdir.

Azərbaycanın mədəniyyət siyasətinə dəstək məqsədi daşıyan bu layihələrin davamı olaraq Tovuz və Konyak şəhərləri arasında imzalanan qardaşlaşma xartiyası əsasında Konyak şəhərinin mərkəzində – meriya bağında dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin ağ mərmərdən heykəli ucaldılmışdır. Daha sonra İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində – Leman gölü sahilində hər iki ölkə və xalq arasında daha böyük anlaşma və qarşılıqlı fəaliyyətin rəmzi olan “Azərbaycan parkı”, “Dostluq bulağı” salınmış və orada görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəli qoyulmuşdur.

Dünya mədəniyyət çələnginin formalaşmasında əsrlər boyu mühüm rol alan, yüksək humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzi olan Fransa incəsənəti, ədəbiyyatı, musiqisi, rəssamlıq məktəbi, tarixi və memarlıq abidələri ölkəmizdə yüksək dəyərləndirilmişdir. Heydər Əliyev Fondu, Fransa Mədəniyyət və Kommunikasiya Nazirliyi, Fransa Dövlət Muzeylər Birliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyatı qurumların təşkilatçılığı ilə 2012-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın Versal Sarayına, Luvr və Orse muzeylərinə, Pompudi Mərkəzinə, Fransa Dövlət Kitabxanasına və bir çox məşhur mədəniyyət ocaqlarına aid 400-ə yaxın eksponat iki aydan çox sərgilənmişdir.

Hər iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verən mühüm məqamlardan biri də ölkəmizin xaricdə ilk Mədəniyyət Mərkəzinin məhz Fransada açılması faktıdır. 2012-ci ilin sentyabrın 19-da Parisin mərkəzində – Eyfel qülləsi yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin təbliğ olunması istiqamətində atılan ən önəmli addımlardandır. Hər birimizə məlumdur ki, Azərbaycanın mədəniyyət tarixindən xüsusi əhəmiyyəti ilə seçilən bu hadisə dünya gündəminə mədəniyyətlər və sivilizasiyalararası dialoqun önəmli platforması kimi daxil olan ölkəmizin tanıdılmasına xidmət edir.

Göründüyü kimi, Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafına və möhkəmləndirilməsinə xidmət edən layihələri sadaladıqca bitməz. Odur ki, qeydlərimi yekunlaşdırıb, bir mədəniyyət işçisi olaraq, vuğulamaq istərdim ki, bütün bu nailiyyətlər və uğurların böyük iradəyə, zəngin dövlətçilik təcrübəsinə və dərin siyasi təfəkkürə söykəndiyini dilə gətirməyimiz şərtdir. Ölkə rəhbərliyinin davamlı inkişafa əsaslanan siyasi strategiyası yeni-yeni potensialların aşkar olunmasına, innovativ yeniliklərin və kreativ yaradıcılığın inkişaf etməsinə rəvac verir. Şübhəsiz ki, qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan gənci öz qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin. Bu gün müasir dünya mədəniyyəti platfor-masında mühüm rol alan ölkəmizin uğurlu çağırışları hər birimizi qürurlandırır və daha da təşəbbüskar olmağa dəvət edir. Bu baxımdan, biz daim irəli addımlamalı, Vətənimiz doğma Azərbaycanımızın inkişafı və tərəqqisi naminə bütün səylərimizi, intellektual potensialımızı səfərbər etməliyik.

Günay Əliyeva,
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri

Xalq qəzeti.-2020.-19 may.-№97.-S.3.