Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu çoxşaxəli və uğurlu fəaliyyət göstərir

Elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, idmanın inkişafına, sosial müdafiənin gücləndirilməsinə, ekoloji mühitin qorunmasına dair layihələrin, proqramların reallaşdırılması Heydər Əliyev Fondunun fəaliyyətinin mühüm istiqamətləridir. Fond yarandığı vaxtdan Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda qeyd etdiyimiz sahələrdə çox əhəmiyyətli işlər görüb. 

İyirmi ildir ki, çoxşaxəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində irimiqyaslı proqramlar həyata keçirilib. Ötən il Qubada iki yeni məktəb binası istifadəyə verilib. Pirvahid kənd tam orta məktəbin yeni binası 320, Bağbanlı qəsəbə tam orta məktəbin yeni binası isə 360 şagirdlikdir. Həmçinin 2023-2024-cü tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə istifadəyə verilib. Ümumiyyətlə isə Heydər Əliyev Fondunun təhsil sahəsində gerçəkləşdirdiyi layihələr çərçivəsində 500-dən çox məktəb inşa və təmir olunub. 

Valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun gördüyü işlər də təqdirəlayiqdir. Fondun reallaşdırdığı proqramlar çərçivəsində uşaq bağçaları üçün yeni binalar inşa edilib, onlarla uşaq müəssisəsi əsaslı şəkildə təmir olunub. Əhali arasında ekoloji təbliğatın gücləndirilməsi, ekoloji tarazlığın qorunması, nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin mühafizəsi kimi əhəmiyyətli məsələlərdə də fondun fəaliyyəti diqqətçəkəndir.

Heydər Əliyev Fondu fəaliyyətinin ilk vaxtlarından zəngin  mədəni irsimizin qorunması, inkişafı, tanıdılması və multikultural dəyərlərimizin təbliğində məqsədyönlü silsilə tədbirlər həyata keçirir. Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət ocaqları fondun təşəbbüsü ilə tikilib. Bundan başqa, dünyanın bir sıra ölkələrində də Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılıb. Qurumun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər beynəlxalq festivallar çərçivəsində dünyanın bir sıra ölkələrinin musiqiçiləri ölkəmizə gəlib sənət nümunələrini təqdim edirlər. Bu tədbirlər mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsində mühüm rol oynayır.

"Tolerantlığın ünvanı - Azərbaycan" Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun dərinləşdirilməsi baxımından  əhəmiyyətli layihələrindəndir.

2020-ci ildə Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi qəhrəman ordumuz Ermənistan silahlı qüvvələrinin işğalından azad etdi. Zəfərimizdən qısa müddət sonra Şuşaya səfər edən Prezident İlham Əliyev Ermənistanın işğalı nəticəsində otuz ilə yaxın keçirilməmiş mədəniyyət tədbirlərimizin bərpa ediləcəyi, düşmənin talan etdiyi, uçurub dağıtdığı tarixi-mədəni, dini ocaqlarımızda tikinti-təmir işləri aparılacağı müjdəsini verdi. Bu böyük işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun töhfələri misilsizdir. Fond işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində fəal iştirak edir. Heydər Əliyev Fondu tərəfindən Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidinin, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Tarixi-mədəni, dini abidələrin bir çoxunun bərpası artıq başa çatdırılıb. 2021-ci ildən bəri hər il Şuşada təşkil olunan Vaqif Poeziya Günləri və "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri də Heydər Əliev Fondudur. 

Fondun dəstəyi ilə Bakıda və digər bölgələrdə yerləşən bir sıra məscidlərdə də əsaslı təmir və yenidənqurma işləri aparılıb. Qəbələ şəhərində yeni məscidin tikilməsi, Şəki Xan məscidi kompleksinin, Nic qəsəbəsində "Cotari" alban-udi və Müqəddəs Məryəm Ana alban kilsələrinin bərpası, Şamaxıda Pirsaat Baba ziyarətgah-məscid kompleksinin yenidən qurulmasını və digər işləri buna misal göstərə bilərik.

Fondun təşkilatçılığı və dəstəyi ilə dünyaşöhrətli müğənni Müslüm Maqomayevin, böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin paytaxtımızda heykəllərinin açılışı olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti nəticəsində görülən bu böyük işlərlə yanaşı, qurum ICESCO, BMT-nin İnkişaf Proqramı, UNICEF və digər beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində bir çox mədəniyyət layihələri həyata keçirib. UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, eləcə də mədəni irs nümunələrinin daxil edilməsi fondun Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsində böyük xidmətləridir.

 Zöhrə Fərəcova

 Azərbaycan. - 2024.- 13 iyul. - № 145. - S. 14.