Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycan Vatikan əlaqələri dostluq və qardaşlığa söykənir

Heydər Əliyev Fondu fəaliyyətə başladığı zamandan sərhəd tanımadan böyük və əhəmiyyətli layihələri həyata keçirərək humanizmin, xeyriyyəçiliyin ünvanı olduğunu dünyaya bir mesaj olaraq çatdırmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən reallaşan layihələr dövlətlərarası münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə öz töhfəsini verir. 

Humanist, xeyriyyəçi layihələrin təşəbbüskarı kimi nüfuz qazanan Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti, genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə nüfuza sahib olaraq, təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş layihələr həyata keçirir. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Heydər Əliyev Fondu tərəfindən Bakının Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahı, Heydər Cümə məscidi, Binə qəsəbəsindəki Möhsün Səlim məscidi, İmam Rza məscidi, Buzovna qəsəbəsindəki Cümə məscidi və digər məscid və ziyarətgahlarda əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur.

Dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında quran Fond tərəfindən Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində təmir-bərpa işləri aparılmış, kilsənin asma tavanı bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadı dəyişdirilmişdir. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqları üçün Xabad-Or-Avner Təhsil Mərkəzi inşa olunub. Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir.Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığını çıxışlarının birində bildirən Mehriban xanım Əliyeva "Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir" - deyib.

Fondun həyata keçirdiyi layihələr təkcə Azərbaycanı əhatə etmir, onun miqyası geniş və şaxəlidir. Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsi bərpa edilmişdir. 1320–1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub. Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına maliyyə yardımı ayırmışdır. Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılmışdır. Bütün bu və digər layihələr Azərbaycan ilə dünya dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib. Təbii ki, xalqlar və dövlətlərarası əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da yeri və rolu var. Rusiya, Gürcüstan, Fransa kimi dövlətlər mövcud olan əlaqələrin daha genişlənməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr öz müsbət nəticəsini verib. Mehriban xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, Fondun həyata keçirdiyi mühüm siyasətidir. Bu gün Azərbaycan ilə Vatikan arasında salınan körpünün yeni bir mərhələ təşkil etdiyini də qeyd etməliyik. Azərbaycan və Vatikan arasında münasibətlər bu gün yeni müstəvidədir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsi böyük hadisəyə çevrildi və Vatikan rəsmiləri tərəfindən Fondun həyata keçirmiş olduğu layihə öz yüksək qiymətini aldı. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi tədbirlər təkcə katakombaların bərpası ilə məhdudlaşmır. Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpasını da qeyd etməliyik. Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb. Belə ki, Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Bu gələcək əməkdaşlıq üçün əhəmiyyətli sənəddir. Təbii ki, əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunmasına səbəb olacaq. 2025-ci ildə Roma şəhərində Roma-katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən "Müqəddəs il" yubiley tədbirləri keçiriləcək və "əbədi şəhər"ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq. Heydər Əliyev Fondu dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən növbəti layihəsinə imza atıb. Vatikan ilə Azərbaycan arasında əlaqələr ölkəmizin dövlətlərarası qurduğu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisidir. Tarixi İpək Yolunda yerləşən Azərbaycan multikultural bir dövlət kimi dünyada tanınır və ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. Ökəmizdə hökm sürən mühit multikulturalizmi alternativi olmayan həyat tərzinə çevirib. Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan birgəyaşayışa, qarşılıqlı əməkdaşlığa töhfələrini verir, prinsipial və ədalətli mövqeyi ilə seçilir. Dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa üstünlük verir. Bu dəyərlər insanları sülhə və dostluğa çağırır.

Zümrüd Bayramova

Səs. - 2021. - 7 iyul. - № 118. - S. 3.