Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban xanım Əliyevanın gördüyü işlər humanizm prinsiplərindən qaynaqlanır

Müasir dövrdə Azərbaycan dünyanın görünən bir tərəfinə çevrilib. Dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan orada öz sözünü deməsin. İstər ictimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər təbdirlərin iştirakçısı olaraq. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən biridir. Tolerant və mehriban birgəyaşama mədəniyyəti baxımından, artıq dünya üçün bir örnəkdir. Bu və ya digər ümumbəşəri dəyərləri Azərbaycanın adına həkk edən, onun mövqeyini dünyaya bəyan edən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fasiləsiz və qətiyyətli fəaliyyətini nəzərə çatdırmalıyıq. Bu gün mübaliğəsiz deyə bilərik ki, dünyanın eşidilən səsində Azərbaycan adının vurğulanmasında Mehriban xanım Əliyevanın xidmətləri kifayət qədərdir.

Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi və mənəvi rifahının yaxşılaşması naminə ardıcıl fəaliyyəti, eləcə də, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına təkan verib. Onun bu genişmiqyaslı layihələri təkcə Azərbaycanda deyil, dünya miqyasında da yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq, milyonlarla insanın ürəyini fəth edib. Belə ki, ətrafdakılara humanist münasibəti, ehtiyacı olan insanlara qayğısı, onların dərdinə şərik çıxması Mehriban xanım Əliyeva ətrafında yüksək imic formalaşdırıb. Odur ki, Mehriban xanım Əliyeva xeyirxahlığın və ümidin mücəssəməsinə çevrilib.

Qeyd edək ki, 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. 2002-ci ildə, O, Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il 10 may tarixindən Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un icraiyyə Komitəsinə üzv, 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının Sədr müavini vəzifəsinə seçilib. Bir il bundan əvvəl isə, Azərbaycan Respublikası Prezidenti ilham Əliyev Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə verilən qiymət, Ona göstərilən daha böyük bir etimad idi.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident seçildikdən sonra ilk keçirdiyi müşavirə də Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olundu və burada ciddi tapşırıqlarını verdi. Çox keçmədən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində yeni binaların tikintisinə başlanıldı. Bu istiqamətdə işlər indi də uğurla davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni və rahat mənzillərə köçürülüb.

Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər dünyanın müasir protez istehsalçıları olan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olundular

Vətən və torpaq uğrunda canından keçən, şəhid olan, yaralanan insanları Azərbaycan dövləti hər zaman diqqətə saxlayır, onların hər birinə böyük həssaslıqla yanaşır. Birinci vitse-prezidentin aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşməsi, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin, məhz onun təşəbbüsü ilə reallaşması, bir daha göstərdi ki, Mehriban Əliyevanın Vətənə xidmətinin təməlində xalqına böyük sevgi, hər bir vətəndaşa, cəmiyyətin hər bir üzvünə həssas və qayğıkeş münasibət dayanır: “Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır”.

Göründüyü kimi, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondu tərəfindən aprel döyüşlərində yaralanmış bir qrup hərbi qulluqçulara protezlərin təqdim edilməsi dövlət rəhbərliyinin silahlı qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.

“Tolerantlığın ünvanı - Azərbaycan”

Heydər Əliyev Fondu müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi diqqət ayırır. “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır və tədbirlər təşkil edilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan - tolerantlıq ünvanı” layihəsi çərçivəsində Bakıda Pir Həsən ziyarətgahı, “Müqəddəs Məryəm - Mövlud” pravoslav kilsəsi və Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Şamaxıda Cümə məscidi və Gəncədə “Həzrəti Zeynəb” məscidindən tutmuş Fransanın müxtəlif bölgələrində kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, habelə, Həştərxanda Knyaz Vladimirə abidə ucaldılmasına qədər müxtəlif dini obyektlərdə bərpa işləri aparılıb. Beynəlxalq Birlik Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpa olunmasını xristian aləminin müqəddəs abidələrinin qorunub-saxlanılmasını müsəlman dünyasının töhfəsi kimi qəbul edir.

“Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa və köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib”

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Regional inkişaf” ictimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən problemlərin aradan qaldırılması kimi məsələləri əsas məqsəd kimi qarşıya qoyaraq elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir. Qısa bir zaman məsafəsində insan kapitalının formalaşdırılması, əhalinin tibbi sağlamlığının mühafizəsi, sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif səpkili tədbirlər həyata keçirib, insanların müxtəlif növ problemlərlə üzləşərək, onların həlli üçün ayrı-ayrı qurumlara müraciət edən “Regional İnkişaf” ictimai Birliyi, məhz həmin problemləri aidiyyəti təşkilatlara çatdıran vasitəçi qurum kimi fəaliyyətini davam etdirir. Mehriban Əliyevanın vurğuladığı kimi, bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa və köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib: “Regional inkişaf” İctimai Birliyini təsis edərkən, əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaq, insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq. Regionlarda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatını əhatə edən mühüm layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir”.

Həqiqətən də, “Regional inkişaf” ictimai Birliyi qısa bir vaxt ərzində regionların həyatında mühüm rol oynayıb.

Ölkəmizdə keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilir

Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk oyunlara ev sahibliyi etməsi ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanırdı. ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın Sədr təyin edilməsi artıq hər şeyi demiş oldu. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxalq təşkilatlar, xarici qonaqlar “Eurovision-2012” yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində “Eurovision” tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı. 2017-ci ildə isə paytaxtımızda keçirilən islam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Mehriban Xanım Əliyevanın Sədrlik etməsi də, əlbəttə ki, IV islam Həmrəyliyi Oyunlarının 2017-ci ilin ən böyük idman hadisəsi olduğunu göstərdi.

İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Göründüyü kimi, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də, elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də elə gördüyü işlərin nəticəsidir. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə, Moskvanın və bütün Rusiyanın patriarxı Kirili təltif etdi. Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.

Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq, öz həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz bir obraz həkk edir. Azərbaycanın çiçəklənməsinin və beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban xanım Əliyevanın gələcək fəaliyyətinin əsasında daha geniş planlar və layihələrin həyata keçirilməsi dayanır.

Zümrüd Bayramova

Səs.-2018.-23 fevral.-№36.-S.3.