Şərəfli missiya
2006-cı ilin 24 noyabrında Mehriban xanım Əliyeva İCESCO-nun xoşməramlı səfiri adına layiq görülüb
Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu yarandığı vaxtdan bəri qurumun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkə daxilində genişmiqyaslı fəaliyyəti ilə yanaşı, beynəlxalq səviyyədə də müstəqil Azərbaycanı layiqincə təmsil edib, respublikamızın hər cəhətdən müsbət reallıqlarının, xalqımızın tolerantlıq ənənələrinin, o cümlədən də zəngin mədəniyyətimizin dünyada təbliğinə mühüm töhfələr verib. Belə səmərəli fəaliyyət isə həm Azərbaycan cəmiyyəti, həm də ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir.
Tarixin bu günü - 24 noyabr 2006-cı il Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın İCESCO-nun xoşməramlı səfiri seçildiyi tarixdir.
İCESCO-nun xoşməramlı səfiri adına layiq görülən ilk qadın ictimai xadim
Dünyada böyük coğrafiyanı əhatə edən İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı olan İCESCO-nun təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (o zaman İslam Konfransı Təşkilatı) üzv dövlətlərin xarici işlər nazirlərinin Dakarda (Seneqal) keçirilmiş 9-cu Konfransında (24-28 aprel, 1978-ci il) irəli sürülüb. İƏT-ə üzv dövlətlərin Məkkədə keçirilmiş 3-cü zirvə görüşündə (25-28 yanvar 1981-ci il) İslam dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı olan İCESCO-nun təsis edilməsi və daimi qərargahının Rabat (Mərakeş) şəhərində yerləşdirilməsi qərara alınıb. Qurumun təsis Konfransı 3 may 1982-ci ildə Mərakeş Kralı II Həsənin himayəsi ilə Krallığın Fəs şəhərində baş tutub. Hazırda quruma 50-dən çox İslam dövləti daxildir.
Dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan 1991-ci ildən İCESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İCESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəlib. “Mehriban Əliyeva - təşkilatın bu yüksək adına layiq görülmüş ilk qadındır”, - deyə İCESCO-nun sabiq Baş direktoru, doktor Əbdüləziz bin Osman əl Tuveycri Azərbaycanın birinci xanımına fəxri adın verilməsi haqqında diplomu ona təqdim edərkən bildirib. İCESCO-nun baş direktoru Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi xidmətlərini, Fond tərəfindən həyata keçirilən təhsil və mədəniyyətin inkişafına, xüsusi diqqəti və qayğıya ehtiyacı olan insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş proqramları yüksək qiymətləndirib. O, Azərbaycan və İCESCO arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.
“İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı İCESCO-nun mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir”, - deyə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mükafatlandırma mərasimində bildirib.
Təhsilin inkişafına verilən davamlı töhfələr
Mehriban xanım Əliyeva İslam dünyasını birləşdirən nüfuzlu qurumun xoşməramlı səfiri adına layiq görülərkən onun təhsilin, mədəniyyətin, sivilizasiyalar arasında dialoqun inkişafına verdiyi sanballı töhfələr nəzərə alınıb. Heydər Əliyev Fondunun qeyd olunan istiqamətlərdə fəaliyyəti həqiqətən çox geniş əhatə dairəsinə malikdir. Fond tərəfindən ölkəmizdə təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə yeni-yeni layihələr reallaşdırılır. Təşəbbüslər isə bir qayda olaraq Fondun prezidenti Mehriban xanım Əliyevadan gəlir. Ötən illərdə bu istiqamətdə mühüm uğrlara imza atılıb. Hazırda ölkəmizdə Fondun dəstəyi ilə yeni məktəblərin inşası, habelə mövcud təhsil müəssisələrinin əsaslı təmiri prosesi uğurla davam etdirilir.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Layihə çərçivəsində vaxtilə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hər il çanta və məktəb ləvazimatları hədiyyə edilir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin, Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub. Bunlardan əlavə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işləri də uğurla həyata keçirilir.
Azərbaycan tolerantlıq məkanıdır
Son illərdə Azərbaycan multikultural dəyərlərin təbliğ olunduğu müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkana çevrilib. Ölkəmizdə davamlı olaraq mədəniyyətlərarası dialoq və humanitar forumlar keçirilir. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olan Azərbaycan sivilizasiyalararası əlaqələrin gücləndirilməsində nadir rol oynayır. Məhz Azərbaycanın təşəbbüsü əsasında Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət və digər sahələrdə dialoqun əsasını təşkil edən “Bakı prosesi”nə uğurla start verilib. Heydər Əliyev Fondu da bu sahədə dövlət siyasətinə güclü dəstək göstərir. Fondun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində keçirilən silsilə tədbirlər tolerantlıqla bağlı Azərbaycanın ənənələrinin təbliğində müstəsna rol oynayır. Multikulturalizm ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, eyni zamanda, “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilib.
Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr də dünyada humanizm prinsiplərinin təbliği nöqteyi-nəzərindən çox əlamətdardır. Fondun Bolqarıstanda, Vatikanda və digər ünvanlarda tarixi mədəni irs nümunələrinin bərpası ilə bağlı reallaşdırdığı layihələr də çox doğru olaraq sivilizasiyalararası dialoqa verilən dəyərli töhfələr kimi dəyərləndirillir.
Milli mədəniyyətimizin hamisi
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun İslam dünyasının mədəni irsinin zənginləşməsində mühüm rol oynayan Azərbaycanda milli mədəniyyətin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq lazımdır. Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin hamisi kimi çıxış edərək onun qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Milli mədəniyyətimizin ən mühüm qollarından olan muğam sənəti məhz Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində hazırda özünün yeni bir intibah dövrünü yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan albomlar, mütəmadi olaraq keçirilən festivallar, Bakıda və bölgələrdə yaradılan mərkəzlər respublikamızda muğama böyük maraq oyadıb. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Mehriban xanım Əliyeva 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir.
Eyni zamanda, Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. İşğaldan azad edilmiş bir çox regionlarımızda isə bir çox məscidlər məhz Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa və rekonstruksiya edilib.
İslam dünyasına gözəl nümunə
Mehriban xanım Əliyeva qurumun xoşməralı səfiri seçildikdən sonra Azərbaycan - İCESCO əlaqələri davamlı olaraq inkişaf edir. Bu gün Azərbaycanın İCESCO ilə münasibətləri İslam dünyasına gözəl bir nümunədir. Bunun nəticəsidir ki, təşkilatın bir sıra mühüm tədbirləri məhz Bakıda keçirilib. İCESCO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti özünün geniş spektiri ilə fərqlənir.
Hər bir azərbaycanlı üçün çox əziz şəhər olan Şuşa 2024-cü ildə zəngin İslam mədəniyyətinin qovuşduğu bir məkan kimi diqqət mərkəzində olub. Ötən il Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri yekdil dəstəklə 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçilib. Bu ilin may ayında Şuşada tarixi Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu tədbirdə iştirak edib. Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıblar. Yeri gəmişkən, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
Həmçinin İCESCO Azərbaycanın uğurlarının beynəlxalq miqyasda təbliğinə xüsusi önəm verir. Təşkilatın aylıq jurnalında Azərbaycanla əlaqələrə həmişə geniş yer ayrılır. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasət ilə bağlı jurnalda mütəmadi olaraq yazılar dərc olunub, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrasiyasında təşkilatın xidmətləri böyükdür.
Əməkdaşlığın perspektivi...
Gələcək əməkdaşlığın perspektivləri də kifayət qədər genişdir. 2024-cü il 11 may tarixində Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur. ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələrin müzakirəsində Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib.
Mübariz Abdullayev
Yeni Azərbaycan.-2024.-24 noyabr.-№216.-S.3.