Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Ömrünü xalqa və dövlətçiliyə həsr edən şəriksiz qadın lider

Hər bir insanın yaşadığı ömür onun öz taleyinin və öz fəaliyyətinin çalarları ilə dolu gizli salnamədir. Əlbəttə ki, insan toplum halda bir bəşərdir, onun yaşadığı həyatın hamı üçün eyni və ya oxşar olması da mümkünsüzdür. Lakin elə insanlar var ki, onlar bütün bəşər üçün qürur yeridir.

Səmimi etiraf edək ki, həyat və fəaliyyətindəki mənəvi dəyərləri, davranış qaydalarını, maddi-mənəvi prosesləri hamı üçün eyni miqdarda xərcləməyi bacaran, insanlara olan vətəndaş sevgisini özünün yaşadığı mühit və mədəniyyət kimi qəbul edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məhz bütün bəşər insanının dəyər verdiyi, ehtiram göstərdiyi ali şəxsiyyətdir.

Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətində aparıcı rol oynayan əsas amil insanlıqdır və bu, onun ictimai-estetik zövqünü, bir sözlə milli simasını, mənliyini fərqləndirir, gördüyü işin bir hissəsi kimi təqdir olunur. Mehriban Əliyeva kimi insanların xeyirxahlıqları özünü xüsusilə parlaq şəkildə büruzə verir. Bu imkanları biz onun dövlətçilik işindəki uğurlu fəaliyyəti ilə də isbat edə bilərik.

Fərqli insanlar haqqında yazı hazırlayarkən dəfələrlə demişik ki, ömür imtahanından alnıaçıq, üzüağ çıxmaq hər kəsə nəsib olmur. Bu, əslində, böyük xoşbəxtlikdir. O insan ki, Tanrı sevgisində təcəlla edir, o, aləmdə yüksəlişə nail olur. Ömür və həyat yolu adidən mürəkkəbə istiqamət götürən, xalqımızın istedadlı, dəyanətli, mətin, xeyirxah və sadə, qayğıkeş və mehriban övladı Mehriban Əliyeva zəruri xoşbəxtliyə daha çox layiqdir. Çünki o, bütün ömrünü özündən daha çox xalqa, dövlətçiliyə həsr edir. Bu fəaliyyəti onun Allah yanında üzüağ olmağı üçün kifayət edir. Ümumiyyətlə, Mehriban Əliyevanın həyata baxışında, həmçinin ictimai-siyasi fəaliyyətində vətəndaş amalı, torpağa bağlılıq, xalqa sevgi, dövlətə məhəbbət hissi çox güclüdür. Sual oluna bilər: Bəs Mehriban xanımı bu zərurətə sövq edən nədir? O, nə üçün özündən çox xalqı düşünür, ömrünü bu xalq üçün əridir? Biz mənbələrdən oxumuşuq ki, tarixdə Mehriban Əliyeva kimi bir çox qadın hökmdar, bir çox qadın sərkərdə olub. Onlar da xalq və dövlət, torpaq və Vətən uğrunda böyük fədakarlıqlar göstərib, insana xüsusi dəyər veriblər. Mehriban Əliyevanın da vətəndaş əzmində o tarixi köklərin dərinlikləri, oradan püskürüb gələn insani hislər var. Buna görə Mehriban Əliyeva Azərbaycan vətəndaşına böyük dəyər və xüsusi önəm verir, onu dövlətçilik işində ən mühüm vasitə sanır. Bütün bunlar da Mehriban Əliyevanın timsalında bir şəxsiyyət surəti yaradır, bu həyati zərurətdəki maddi-mənəvi imkan özünün yeni fazası ilə çıxış edir, böyük vətəndaşlıq duyğusu yaradır.

Mehriban Əliyevanın fəaliyyətində yaddaşa təsir gücünü çox aydın sezirik. Onun real zəminə əsaslanan xidmətləri gerçək münasibətdə ehtiva edir. Mehriban Əliyevanın nə vaxtsa mübtəla olduğu tarixi məqamlar, haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizələr indi daha dolğun və rəngarəngdir. Onun hazırkı vətəndaş qayəsi, dövlətçilik gücü diqqəti xüsusilə çəkən cəhətlərdir.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti eyni ürəyin duyğuları ilə süslənir. Onun bu dolğun fəaliyyətində hər əməli addım bir həyat materialıdır. Bu prosesi cild-cild kitaba sığışdırmaq mümkün olmaz. Surətindəki qaynarlıq Mehriban xanımın Vətən hissinə hələ uşaq yaşlarından hopub. Buna görə indiki fəaliyyəti eyni sevgini ifadə edir.

Mehriban Əliyeva heç vaxt öz mərdanəliyini itirməyib. Zəhmətkeşdir, işgüzar insandır, bütün fəaliyyəti boyu xalq ənənəçiliyinə sadiq qalıb, əməllərində Vətən sevgisi sərgiləyib. Azərbaycan ictimai-siyasi mühitinin inkişafında onun danılmaz xidmətləri var.

A.Avqustin qadın haqqında deyib: "Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir".

Böyük düha H.Cavid isə deyib:

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Təbii ki, cəmiyyət özünün fədakar insanlarını həmişə uca tutur. Elə xeyirxah insan, fədakar, əməksevər ictimaiyyətçi, görkəmli dövlət xadimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya diqqət və hörmət də bu prosesdən qaynaqlanır. Mehriban xanım nümunəvi ailə başçısı və xeyirxah xanımdır. Onun xalq və dövlət müstəvisində gördüyü işlər çoxşaxəlidir. Zəhmətkeşdir, xeyriyyəçi insandır, milli-mənəvi dəyərlərin təbliğatçısıdır, elin-obanın yanında olmaqdan zövq alır. Məhz buna görə biz ona xalqın Mehriban qızı deyirik. Zərif cinsin nümayəndəsi olan bu xeyirxah xanım sözün əsl mənasında Vətən övladıdır. Vətən - Xalq onun üçün ayrılmaz qüvvələrdir, o, Vətəni də, Xalqı da çox sevir. Yaşadığı, üzərində gəzdiyi torpaq ona əzizdir.

Mehriban xanımın yüksək insani keyfiyyətləri ona həmişə başucalığı gətirib. Sənət adamları, müharibə veteranları, valideyn himayəsindən məhrum olan uşaqlar, əlil uşaqlar, şəhid ailələri, kimsəsiz, tənha insanlar Mehriban xanımı görəndə üzlərində isti bir təbəssüm görünür. Mehriban xanımın xoş və ürəkaçan sözləri onları həyata bağlayır.

Həyata, insanlığa və insanlara ürəkdən yanaşması Mehriban xanıma böyük diqqət yaradıb. Məhz dünyanın insanlığa dəyər verən adamlarının da diqqətini bu xeyirxah xanıma çəkən əsas məqamlar onun xeyirxah, vətəncanlı olmasıdır. Bu mənada, biz Mehriban xanımın insan varlığında ictimai rəyə xüsusi görkəm verən böyük, saf əməllər kəşf etmişik.

Ali hisslərlə yaşayan nəcib azərbaycanlı xanım Mehriban Əliyevanın yaşam dünyasını müxtəliflik və təzadlar da bəzəyir. O, bir vaxtlar həkim kimi fəaliyyətini də məhz yuxarıda sadaladığımız mənəvi prinsiplər üzərində davam etdirib. Onun həyat yolunu vərəqlədikcə istər həkim, istər siyasi xadim, istərsə də sadə bir vətəndaş kimi zaman-zaman etdiyi xeyirxahlıqların şahidi olursan. Dərhal da fikirləşirsən ki, bütün bunlar onun insanlara olan sevgi və məhəbbətindən irəli gəlir.

Könül oxşamaq, qəlb sevindirmək Mehriban xanımın həyatının ana xəttidir. O, bu gün də sağlam, xeyirxah əməlləri ilə insanı düşündürə bilir. Əgər gördüyü işlər saya-hesaba gəlmirsə, deməli o, fərqli insandır. Məhz bunun üçün zaman onu hamımızdan böyük edib.

Mehriban xanımın tez-tez dünya müstəvisində mükafatlandırılması onun geniş dünya məkanında azərbaycanlıların, bütün həmvətənlərimizin birləşməsi kimi xeyriyyəçi bir məqsədə xidmət etdiyini təsdiqləyir.

Daşıdığı ad Mehriban xanımın islami dəyərlərə olan məhəbbətindən qaynaqlanır. O, sıravi vətəndaşdan bacarıqlı ictimaiyyətçi mərtəbəsinə qədər də elə bu sevgi ilə ucalıb.

Mehriban Əliyevanın xalq, dövlət, Vətən üçün etdiyi fədakarlıqlar artıq həyat tariximizə qızıl hərflərlə yazılıb. Bu nailiyyətlər Mehriban xanımın övladlarını da qürurlandırır. Mehriban xanımın övladları da Azərbaycan ictimai mühitinin inkişafında müstəsna xidmətlər sərgiləyirlər. Təkcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın cəmiyyət və dövlət üçün etdiklərini dilə gətirsək, bu barədə əsaslı fikirlər səsləndirə bilərik.

Bəşər tarixində dünyaya örnək olacaq qadın aparıcı-liderlər az da olsa var. Adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, Ulu öndərin milli idarəçilik məktəbinin yetirməsi, Azərbaycanın Respulikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, milli mədəniyyətimizin dünyada tanınan hamisi Mehriban xanım Əliyeva da belə işqılı qadın şəxsiyyətlərdəndir. O, öz mötəbər mövqeyi və yüksək nüfuzu ilə Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm rol oynayır.

Bildiyimiz kimi, 26 avqust Türk və Müsəlman dünyasının şəriksiz qadın lideri, ölkəmizin və xalqımızın rifahı naminə öz fəaliyyətini uğurla davam etdirən, təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası və ümumiyyətlə bəşəriyyət üçün örnək işlər görən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban Əliyeva ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilərkən cənab İlham Əliyev onun haqqında dedi: "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır... Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək. Bu təyinat münasibətilə onu təbrik edirəm və yeni uğurlar arzu edirəm".

Biz də hamılıqla səmimi etiraf edirik ki, Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır...

Fürsətdən istifadə edib Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, sonsuz sayda xoşbəxt illər və Azərbaycan adına yeni-yeni nailiyyətlər arzulayırıq!

Və təkrar olaraq səmimi etiraf edirik ki, Mehriban xanım Əliyevanın dövlətçilik işindəki məsuliyyəti, gördüyü təqdirəlayiq işlər, həyata keçirdiyi məsələlər bundan sonra da öz həyatiliyi ilə diqqət çəkəcək.

Həsənli Eldar

Səs. - 2023.- 30 avqust. - № 155. - S. 5.