Heydər Əliyev adına...
Azərbaycanlı olmağı ilə hər zaman fəxr hissi duymuş, həyatını başdan-başa doğma vətəninə həsr etmiş, sözün həqiqi mənasında, ömrünü Azərbaycan xalqının yolunda şam kimi əritmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən millətimizin qəlbində daim yaşayır, böyük, hörmət hissi ilə anılır.
Xalqımız ölkəmizi məhv olmaqdan, parçalanmaqdan, vətəndaş müharibəsindən, siyasi, iqtisadi böhranlardan qurtararaq qurtuluş yoluna çıxaran, müasir müstəqil Azərbaycanın təməllərini qoyan Heydər Əliyevə sonsuz minnətdarlıq duyur. Buna görədir ki, Ümummilli Lider Heydər Əliyevin vəfatından sonra adının əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevə ictimaiyyət tərəfindən saysız müraciətlər edilmişdi. Bu müraciətlərə baxılması üçün Prezidentin 2003-cü il dekabrın 26-da imzaladığı sərəncama əsasən yaradılan Dövlət Komissiyası təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmişdi və Prezident İlham Əliyevin 2004-cü il mart ayının 10-da imzaladığı fərmanda Ulu Öndərin adının əbədiləşdiriliməsinin konkret istiqamətləri müəyyənləşdirilmişdi. Beləliklə, vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən və hazırda ölkəmizin həyatında böyük rol oynayan Bakı Beynəlxalq Aeroportuna, Bakı Dərin Özüllər Zavoduna, Respublika Sarayına, Bakı İdman-Konsert Kompleksinə, o cümlədən Azərbaycan Ali Hərbi Məktəbinə və Bakı şəhərindəki küçələrdən birinə Ulu Öndərin adı verildi, həmçinin Milli Məclis tərəfindən "Heydər Əliyev" ordeni təsis edildi. Çəkilişi başa çatan Bakı-Tbilisi-Ceyhan neft kəmərinə Heydər Əliyevin adı verildi. Prezidentin fərmanına uyğun olaraq, 2007-ci il sentyabrın 10-da Heydər Əliyev Mərkəzinin təməli qoyuldu. Həmin il sentyabrın 20-də isə ölkəmizin başçısı tərəfindən "Heydər Əliyev" mükafatının əsasnaməsi təsdiq edildi.
Heydər Əliyev irsini layiqincə yaşadan fond
Heydər Əliyev Fondu dünyanın ən böyük azərbaycanlısı kimi şərəfli titula sahib Ulu Öndərin mənəvi irsinin yaşadılması, onun milli ideyalarının bugünkü və gələcək nəsillərimizə uğurla ötürülməsi istiqamətində misilsiz fəaliyyət göstərir.
Elə sözügedən fondun yaradılma qayəsi də müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.
Yarandığı gündən Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi altında müstəsna xeyriyyəçilik fəaliyyəti göstərir. Ötən 21 illik zaman diliminə nəzər saldıqda da fondun həyata keçirdiyi xeyli irimiqyaslı layihələrlə, respublikamızda və müxtəlif ölkələrdə uğurla gerçəkləşdirdiyi xeyriyyə layihələri ilə qarşılaşırsan. Xüsusi vurğulayaq ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən fond çoxşaxəli uğurlu fəaliyyəti ilə diqqət çəkir. Ulu Öndərin irsini layiqincə yaşadan fondun xeyriyyə əməlləri sərhədlərimizi xeyli kənara aşır.
Fondun Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə verdiyi töhfələr isə müstəsna əhəmiyyətə malikdir. Həm onilliklər ərzində düşmən tərəfindən dağıdılan bütün maddi-mədəni irsimiz bərpa olunur, həm də bununla ölkəmizdə hakimiyyətdə olduğu bütün dövrlərdə Qarabağın dirçəldilməsi, o yerlərdə azərbaycançılıq məfkurəsinin inkişafı, torpaqlarımızın azad edilməsi uğrunda həyata keçirdiyi hərbi, siyasi, diplomatik mübarizə ilə əsl vətənpərvərlik nümayiş etdirən Ulu Öndərin ruhu şad edilir.
Bu gün işğaldan azad edilən ərazilərimizdəki tarixi, dini, mədəni abidələr Qarabağın xilaskarı İlham Əliyevin təbirincə desək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə yenidən bərpa olunur.
Müasir Azərbaycanın rəmzi
"Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək, Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə etmişdir. Azərbaycançılıq məfkurəsi çərçivəsində ölkəmizdə xeyli iş aparılsa da, bu işlərin vahid bir mərkəzdən sistemli şəkildə istiqamətləndirilməsinə ehtiyac var. Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəninin, millətinin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirak edərək, arzu və niyyətlərini gerçəkləşdirmək əzmi müasir texnologiyalarla təchiz olunmuş və çoxşaxəli struktura malik Heydər Əliyev Mərkəzinin yaradılması zərurətini ön plana çəkir".
Bu fikirlər, Prezident İlham Əliyevin 2006-cı il dekabrın 29-da imzaladığı Heydər Əliyev Mərkəzinin yaradılması haqqında" sərəncamda öz əksini tapıb. Sərəncamdan sonra - 2007-ci il sentyabrın 10-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirildi.
Heydər Əliyev Mərkəzi Ümummilli Liderimizin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi baxımından ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynayacaqdı. Mərkəz beynəlxalq səviyyəli tədbirlərin, konfransların, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verən texnologiyalarla təchiz olunacaq, bir məkanda konfrans zalı, muzey və mədəni irs mərkəzi, açıq foye, kitabxana və digər məqsədlər üçün nəzərdə tutulan salonların özündə birləşdirən çoxşaxəli struktura malik olacaqdı. Bu möhtəşəm tikili Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılacaqdır. Tikinti üslubuna görə, Yaxın Şərq bölgəsində ilk belə layihə olan Heydər Əliyev Mərkəzi Ulu Öndərimizin adına layiqliolmaqla dünya memarlığında özünəməxsus yer tutacaqdı.
Bu gün Heydər Əliyevin adını daşıyan mərkəz müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir.
Heydər Əliyev Mərkəzinin loqosu da məhz bu ideyadan yaranıb və o, Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir.
Ən yüksək və ən ali mükafat
Müasirləri də hər zaman dilə gətirirlər ki, Heydər Əliyev şəxsiyyətinin ən ali özəlliklərindən biri sadəliyi və təvazökarlığı idi. Təsadüfi deyildi ki, Ulu Öndər sağlığında Azərbaycanın hər hansı dövlət ordeni və medalı ilə özünün təltif edilməsinə qətiyyən razılıq verməmişdi. Əslində, ən yüksək mükafatları almağı sonuna qədər haqq edən Ümummilli Liderin təvazökarlığı buna imkan vermirdi. Çünki o, doğma millətindən özünə qarşı gördüyü tükənməz sevgini, məhəbbəti, böyük hörməti bu dünyadakı ən qiymətli mükafatlarından, təltiflərindən, orden və medallarından üstün sayırdı.
Heydər Əliyevin ölkəsi, xalqı qarşısında müstəsna tarixi xidmətləri nəzərə alınaraq xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan hökuməti onun xatirəsini dövlət səviyyəsində əbədiləşdirmək məqsədilə respublikanın ən yüksək və ən ali mükafatı sayılan "Heydər Əliyev" ordeni təsis edib.
Ali ordenin təsis edilməsi Milli Məclisə dövlət başçısının "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli fərmanı ilə tövsiyə olunub. Milli Məclisin 22 aprel 2005-ci il tarixli qərarına əsasən, "Heydər Əliyev" ordeni təsis edilib və həmin qanun dərc edildiyi gündən - 28 aprel 2005-ci ildən qüvvəyə minib. Yəni ölkə qanunvericiliyinə görə, həmin tarixdən Azərbaycanın ən yüksək dövlət təltifi "Heydər Əliyev" ordenidir.
"Heydər Əliyev" ordeni statusuna görə Azərbaycanın tərəqqisinə, şöhrətinin artmasına töhfə verən, Vətənin müdafiəsində mərdlik və şücaət göstərən Azərbaycan vətəndaşlarına və azərbaycançılıq ideyasının həyata keçirilməsində dövlətlər arasında siyasi, iqtisadi, elmi, mədəni əlaqələrin qurulub inkişaf etdirilməsində xüsusi xidmətləri olan əcnəbilərə verilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə "Heydər Əliyev" ordeninin birnömrəli vəsiqəsi Prezident İlham Əliyevə verilib. Azərbaycanın ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni laureatlarının siyahısında Prezident İlham Əliyevdən savayı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko, İtaliya Prezidenti Sercio Mattarella, Tacikistanın prezidenti Emoməli Rəhmon, Türkiyənin keçmiş Prezidenti Abdulla Gül və digər görkəmli şəxslər var.
"Heydər Əliyev" mükafatı
Prezident İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanının bəndlərindən biri "Heydər Əliyev" mükafatının təsis edilməsi idi.
Dövlət başçısının fərmanı ilə "Heydər Əliyev" mükafatının əsasnaməsi təsdiq edilib. Mükafat üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və əlli min manat pul mükafatından ibarətdir. Heydər Əliyevin Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərini nəzərə alaraq onun xatirəsini əbədiləşdirmək məqsədilə təsis edilən bu mükafat ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
Əsasnaməyə görə, "Heydər Əliyev" mükafatı hər il mayın 10-da - Ulu Öndər Heydər Əliyevin doğum günündə verilir.
Əsrin möcüzəsi
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin, diplomatik məharətinin təzahürü olan "Əsrin müqaviləsi", sözün əsl mənasında, Azərbaycanın müstəqilliyinin zəmanəti, onu inkişaf və tərəqqi yoluna çıxaran böyük layihə kimi ölkəmizin həyatında müstəsna rol oynayıb, beynəlxalq üfüqlərə yelkən açmasına birbaşa təkan verib. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan neft kəməri isə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nin məntiqi nəticəsi kimi reallaşdırılıb.
2004-cü ildə "Əsrin müqaviləsi" ilə başlayan Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində tarixi hadisə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin (BTC) Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissəsinin birləşdirilməsi mərasimindəki nitqində Prezident İlham Əliyev də vurğulamışdı ki, BTC Azərbaycanda 1994-cü ildən başlanmış Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir: "On il bundan əvvəl, "Əsrin müqavilə"sinin imzalanmasından sonra Azərbaycanda yeni neft strategiyası həyata keçirilməyə başlandı. Bu müddət ərzində böyük uğurlar qazanıldı, böyük məsələlər öz həllini tapdı".
Bu baxımdan, kəmərə adının verilməsi Heydər Əliyevin haqqıdır. Və 2006-cı il iyulun 13-də tam sistem kimi istismara verilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyaraq yeni uğurlara imza atır.
Ulu Öndərin yadigarı
Ulu Öndərin adını daşıyan binalardan biri də vaxtilə Lenin və Respublika adlarını daşımış saraydır. Özülü 1962-ci ildə qoyulan sarayın sonradan tikinti işləri dayandırıldığı üçün, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk dönəmdən sarayın tikinti işləri ilə maraqlandı və belə işlərdə böyük səriştəyə malik Əliş Ləmbəranskini tikintiyə rəhbər təyin etdi. Bina Heydər Əliyevin şəxsi nəzarəti və diqqəti altında iki il müddətində tikilib başa çatdırıldı.
1972-ci il dekabrın 11-də saraya gələn Heydər Əliyevə buranın rəmzi açarı təqdim edildi. Bundan 3 gün sonra - dekabrın 14-də saray öz qapılarını tamaşaçıların üzünə açdı.
2004-cü il martın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə saraya Heydər Əliyevin adı verilib. Azərbaycanın sabiq Prezidenti, Ulu Öndər Heydər Əliyevin 1993 və 1998-ci illərdə, Prezident İlham Əliyevin 2003 və 2008-ci illərdə andiçmə mərasimləri bu sarayda keçirilib.
Paytaxtın "giriş qapısı"
2004-cü il martın 10-da Prezident İlham Əliyevin imzaladığı fərmanda Bakıda küçələrdən birinə Heydər Əliyevin adının verilməsi də əks olunur. Bir vaxtlar Moskva prospekti kimi tanınan prospekt indi Heydər Əliyevin adını daşıyır.
Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerləşir.
Unikal şəxsiyyət Heydər Əliyevin hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə respublikamızda tikdirdiyi elə müəssisələr var ki, bu gün də öz fəaliyyəti ilə iqtisadiyyatımıza xidmət edir - Qaradağ rayonunun ərazisində yerləşən Bakı Dərin Özüllər Zavodu kimi...
O zavod ki, məhz Ümummilli Liderin uzaqgörənliyi, şəxsi təşəbbüsü və xüsusi səyləri sayəsində inşa edilib. Əgər o dövr Heydər Əliyev bu məsələ ilə bağlı qətiyyət nümayiş etdirməsəydi, təbii ki, zavod digər Xəzəryanı respublikaların birinin ərazisində tikilə bilərdi.
1978-ci ilin sentyabrında zavodun tikintisi ilə məşğul olmaq üçün SSRİ Xüsusi Tikinti Quraşdırma İşləri Nazirliyinin tərkibində idarə heyəti yaradıldı. 1980-ci ildə müəssisənin bünövrəsi qoyuldu. İllik layihə gücü 60 min ton nəzərdə tutulan zavodun tikintisi ittifaq büdcəsindən maliyyələşirdi. Tikintidə çalışmış mütəxəssislərin sözlərinə görə, əgər Heydər Əliyevin şəxsi nəzarəti olmasaydı, zavodun inşasını başa çatdırmaq çətin olardı. Zavodun ilk bloku 1985-ci ilin avqustunda suya buraxıldı. 1987-ci ildə isə zavodun tarixində ən böyük nəticə əldə edildi. Bu gün də Dərin Özüllər Zavodu "Əsrin müqaviləsi" çərçivəsində görülən işlərə əvəzsiz töhfələr verir.
İdmana qayğı
1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda İdman Konsert Kompleksinin tikintisinə başlanılsa da, Moskva tərəfindən ölkəmizdə bu cür nəhəng obyektin tikintisinə məhz Ulu Öndərin şəxsi nüfuzu və qətiyyəti sayəsində icazə verilmişdi.
Ancaq Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsi bu kompleksdə tikinti işlərinin səngiməsinə səbəb olmuşdu. Buna görə də 1987-1990-cı illərdə sözügedən bina alayarımçıq şəkildə ancaq başa çatdırılmışdı. Ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin göstərişi ilə bu kompleksdə təmir işləri aparıldı, onun şəraiti dünya standartları səviyyəsinə çatdırıldı.
Heydər Əliyev adına İdman-Konsert Kompleksi 1995-ci il yanvarın 20-dən fəaliyyət göstərir. Ərazisi 6,1 hektar olan kompleksdə 7600 tamaşaçı tutumlu buz meydançası, fitnes zalı, gimnastika zalı, MMA zalı, "Fight club", Şahmat klubu fəaliyyət göstərir. Bunlardan əlavə kompleksdə basketbol meydançası, tennis kortu və voleybol meydançası da mövcuddur.
Bu nəhəng kompleks həm də Ulu Öndərin Azərbaycanda idmanın inkişafı üçün həyata keçirdiyi mühüm işləri bir daha əyani nümayiş etdirir.
"Heydər Əliyev İli"
Prezidentin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edildi. Həmin il Azərbaycanın dahi oğlunun 100 illik yubileyi həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda böyük təntənə ilə qeyd olundu. Bu, dünyanın ən böyük azərbaycanlısı, ömrünü millətinə, ölkəsinə həsr etmiş Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə xalqımızın sonsuz minnətdarlığının daha bir təzahürü idi.
Sözügedən sərəncamda da bildirilirdi ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir: "Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
Və heç şübhəsiz, Heydər Əliyev adı həm də Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti, əzmi və qətiyyəti ilə qazandığı Zəfərlə birgə qürurla anılır. Çünki şanlı Şuşa zəfəri başlanğıcını məhz 1994-cü ildə Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu Horadiz əməliyyatından götürmüşdü...
Yasəmən Musayeva
Azərbaycan. - 2025.- 10 may. - № 95. - S. 17.