Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Ziyalılığın uca zirvəsində - Azərbaycan qadını

Müasirimiz olan Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malikdir. Mehriban xanım Əliyevanın vətənpərvərliyi, milli heysiyyat kimi mənəvi dəyərləri, məhz onu hər bir insanın doğma simasına çevirib. Hər zaman xalqın yanında olan onun problem və qayğıları ilə maraqlanan və onların çözülməsinə çalışan Mehriban xanım Əliyevanın hər bir əməli fəaliyyəti addımı böyük rəğbətlə qarşılanır. Fondun humanitar missiyada fəaliyyət proqramlarının həyata keçirilməsi vətəndaşdların qayğı və problemlərinin həllində müstəsnadır. Həyata keçirilən bütün layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun gördüyü işlərin uğuru olaraq qəbul edilir. Mehriban xanım Əliyeva isminə böyük bir məhəbbət və ehtiram hissi yaratmışdır. Öz varlığı ilə məmləkətinə şərəf gətirən Mehriban xanım Əliyeva Azərbaycan qadını, Azərbaycan İnsanı obrazını yaradıb.

"FOND DA, JURNAL DA KİFAYƏT QƏDƏR MÜRƏKKƏB VƏZİFƏLƏRİ YERİNƏ YETİRMƏLİ İDİ"

Aktiv ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. Müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva belə maraqlı izah etmişdir: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

QLOBALLAŞMA PROSESİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ AYRILAN DİQQƏT

Yer üzündə sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoq mühitinin formalaşması, tarixi-mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə Mehriban Əliyevanın verdiyi şəxsi töhfələr, etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın zəngin təcrübəsi dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir və öyrənilir. Mehriban xanım multikultural dəyərlərin və milli mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yorulmadan fəaliyyət göstərir. Məhz onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti", "Dədə Qorqud irsi", Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

Qloballaşma prosesində Azərbaycan mədəniyyətinə xüsusi diqqət ayrılaraq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər də diqqətdən kənarda deyil. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın Birinci Xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq muğam festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rastropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib. Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilib, açıq səma altında "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb.

BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇATDIRILAN GERÇƏKLİKLƏR

Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir. "Qarabağ həqiqətləri" silsiləsinin davamı olaraq 2007-ci ildə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində nəşr etdirdi. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub. Rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin general - adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan", "Sovet İttifaqı adından" kitabları rus dilində nəşr olunub.

Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış Heydər Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək, cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

ALİ DƏYƏRƏ SÖYKƏNƏN XİDMƏT

Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm "Xarıbülbül" Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.

Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali bir dəyərə söykənir. İllərdir ki, yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva gördüyü işlərlə mənəvi rahatlıq tapır. Bu fəaliyyət özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir", - deyən Mehriban xanım Əliyeva valideynlərindən əxz etdiyi dəyərləri hər zaman üstün tutaraq, onların öyrətdikləri həqiqətə və mənəviyyata can atmağı özünün həyat məqsədinə çevirib: "Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur". Bəli, bu yol böyük bir yoldur. İnsanlığa aparan yoldur. Söhbət insan anlamından gedirsə, bu məfhumun arxasında dayanan amillər ən böyük dəyərlərə yol açır.

Nəzakət Ələddinqızı

  Səs. - 2024. - 28 avqust. - № 155. - S. 3.