Heydər Əliyev Fondu: möhtəşəm layihələr
Dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınan Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu ilə ölkəmizə olan diqqəti daha da artırır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dəyərlərinin, tarixi reallıqlarının təbliği istiqamətində gördüyü işlər bu diqqət və marağın, sferanın genişlənməsində önəmlidir. "Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir" - deyən Mehriban xanım Əliyeva milli dəyərlərimizin təbliğinə irimiqyaslı layihələri çərçivəsində nail olur və sübut edir ki, mədəniyyət və incəsənət ölkə həqiqətlərin təqdimində bir açardır. İncəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır.
Fondun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan şaxəli layihələr dünya xalqlarını Azərbaycana daha da yaxınlaşdırır. Müxtəlif məzmunlu tədbirlər çərçivəsində həyata keçirilən layihələrdə Mehriban xanım Əliyeva bir ideyanı gerçəkləşdirir: Azərbaycanı təbliğ etmək. Fondun fəaliyyəti dövrünə nəzər salsaq, nə qədər sayda bu məqsədlə layihələrin həyata keçirildiyinin şahidi olarıq. Reallaşan tədbirlərin əsasında Azərbaycanın panoraması kifayət qədər aydın görünür. Azərbaycanda Fondun dəstəyi ilə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin bərpası, Abdulla Şaiqin ev-muzeyinin bərpası, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir binanın inşası, Mərdəkan Mədəniyyət Sarayının yenidən qurulması, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması, Gəncə qapılarının ilkin şəkildə qurulması, Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulması, Ağcabədidə Qarabağ Muğam Mərkəzinin inşası, Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası, Ağdaşda Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin inşası, Bakı Müasir İncəsənət Muzeyinin yaradılması, Xəzər rayonunun Türkan və Binə qəsəbələrində yeni mədəniyyət mərkəzlərinin inşası, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində Etno-Ekoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin yaradılması, Gəncədə Nizami Gəncəvi Muzeyinin inşası, Məhsəti Gəncəvi Mərkəzinin inşası, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşası və s. həyata keçirilmişdir.
DÜNYA MƏDƏNİ İRSİNƏ TÖHFƏ
Fondun xarici ölkələrdə tarixi-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətinə Gürcüstanın Tiflis şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin — Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, 2011-ci ildə İkinci Dünya Müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin "Filosoflar zalı"nın təmirini və s. misal göstərmək olar.
BEYNƏLXALQ FESTİVAL VƏ MÜSABİQƏLƏRİN ÜNVANI
Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafı və təbliği, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə muğam müsabiqəsi keçirilmişdir. Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə muğam müsabiqələri təşkil olunmuşdur. Müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılmışlar.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə Bakıda Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalları, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalları, Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalları keçirilmişdir.
1945-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş "Arşın mal alan" filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan Hollivudda bərpa edilərək rəngli formatda hazırlanmışdır.
Heydər Əliyev Fondu bir sıra incəsənət festivalları və sərgilərinin təşəbbüskarı və təşkilatçısıdır. Bu tədbirlər həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda təşkil olunur. "Mən Azərbaycanı sevirəm" adlı rəsm sərgisi, "Qız qalası" Beynəlxalq İncəsənət Festivalı, "Azərbaycan əcnəbilərin gözü ilə" adlı fotosərgi, "Tullantıdan sənətə" adlı beynəlxalq sərgi və s. uğurla qarşılanan tədbrlər sırasındadır.
DÜNYA ÖLKƏLƏRİNDƏ REZONANS DOĞURAN TƏDBİRLƏR
Azərbaycanın dünyada tanıdılması, beynəlxalq nüfuzunun artırılması, Azərbaycanın tarixi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun qarşıya qoyduğu prioritet məsələlərdəndir. 2009-cu ilin noyabr ayında Avropa Parlamentinin mənzil-qərargahında ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günləri təşkil olunmuşdur. 2010-cu ilin noyabr ayında Londonda "Azərbaycan xalçaları ilə nağıllar aləminə" adlı sərgi keçirilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı dünya ölkələrində keçirilən tədbirlər maraq doğurub. Fransanın Miluz şəhərində müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib. Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində "Azərbaycan - tolerantlıq məkanı" adlı foto sərgisi açılıb. Kölndə "Azərbaycan gecəsi" keçirilib. Strasburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılıb. Avropa Parlamentinin mənzil-qərargahında ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günləri təşkil olunmuşdur. Londonda "Azərbaycan xalçaları ilə nağıllar aləminə" adlı sərgi keçirilmişdir. Bütün bunlar Azərbaycan milli mədəniyyətinin, tarixi ənələrinin nümayişidir.
İŞĞALDAN AZAD OLUNAN ƏRİZİLƏRİMİZƏ YENİ NƏFƏS
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərimizə də öz dəstəyini verir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2022-ci il mayın 12–14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilib. V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu tərəfindən təşkil olunub. Festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak ediblər. Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib. Əlbəttə ki, bu gün Azərbaycanda baş verən sıçrayışlardan, onun simasının gündən-günə dəyişməsindən, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasından danışarkən Heydər Əliyev Fondunun da fəaliyyətini vurğulamaq vacib məqamlardandır. Yarandığı zamandan Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrini reallaşdırır. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları ilə əməkdaşlığı genişləndirir. Qısa bir zamanda xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyəti təqdirəlayiqdir.
Gördüyümüz kimi, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliğini təmin edən layihələrin dəstəklənməsinə yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib. İnanırıq ki, Mehriban xanım Əliyeva gələcək fəaliyyətində də bu strateji istiqamətlərdə möhtəşəm layihələrin həyata keçirilməsini davam etdirəcək.
Nəzakət Ələddinqızı
Səs.-2024.-5 dekabr.-№224.-S.4.