Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Mehriban xanımın diqqəti və qayğısı ilə...

Əlil uşaqlarımız sağlam həyata şans qazanırlar

Onlar dünyanın ən dəyərli varlıqlarıdırlar... 

Onlar cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, qürur qaynağıdırlar... 

Hamıdan çox onların müdafiəyə, qayğıya, sevgiyə ehtiyacları var...

Onların gözləri ilə dünyaya baxdıqda xoşbəxtliyi, gözəlliyi, sevinci hiss edirsən...

Bu gün onların günüdür - Uşaqların Beynəlxalq Müdafiəsi Günü. 

Bu məqsədlə yolumuzu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsindən saldıq. 

Həyətə daxil olan kimi ilk diqqəti çəkən rəngbərəng şarlarla bəzədilmiş ərazi, yaşıllıqda yaradılmış piknik ab-havası olur. 

Bizi qarşılayan müəssisənin direktoru Sevinc Məlikova Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı səhər saatlarında tədbirin keçirildiyini diqqətə çatdırır. 

Dövlət qayğısı, günərzi mərkəzlər, valideynlərə dəstək...

Bu müəssisə 1984-cü ildə Mərdəkan qəsəbəsində fəaliyyətə başlayıb. Adı bir neçə dəfə dəyişdirilən mərkəz 2010-cu ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilib. Normativ üzrə 200 çarpayılıq olmaqla, əqli və fiziki sağlamlığı məhdud uşaqların daimi dövlət himayəsində yaşaması üçün yaradılıb.

Direktorla söhbətimiz zamanı o, bizə müəssisənin iş prinsipi, qəbul prosesi barədə məlumat verərək qeyd edir ki, sosial xidmət müəssisəsinə uşaqların qəbulu 5 yaşdan 18 yaşadəkdir. "Mərkəzdə stasionar və yarımstasionar (günərzi) şöbələr fəaliyyət göstərir.  Uşaqlar qidalanma, geyim, tibbi və digər bütün xidmətlərlə daim təmin olunurlar. Ümumilikdə valideynlərə dəstək üçün müəssisə daxilində iki günərzi qayğı mərkəzi fəaliyyət göstərir ki, onlardan biri burada, digəri isə Pirallahıda yerləşir". 

Hazırda müəssisənin stasionar şöbəsində 153, yarımstasionarda isə 17 uşaq olduğunu deyən S.Məlikova qeyd edir ki, onlar bütün sosial xidmətlərlə, dövlət qayğısı ilə əhatə olunurlar. 

Müəssisəyə uşaqların qəbulu üçün vətəndaşlar ərazi üzrə Sosial Xidmətlər Agentliyinin filiallarına və ya DOST mərkəzlərinə müraciət etməlidirlər. Tələb olunan sənədlər təqdim olunduqdan sonra uşağın göstəriciləri uyğun gəlirsə, Elm və Təhsil Nazirliyinin xüsusi məktəblərində təhsil almadığı halda müəssisəyə qəbul olunur. İlkin mərhələdə uşaqların psixoloji qiymətləndirilməsi həyata keçirilir. Daha sonra valideynlərin istəyinə, şəraitinə, sosial vəziyyətinə əsasən, uşaqların stasionar və ya yarımstasionarda yerləşdirilməsinə qərar verilir. "Çalışırıq ki, uşaqlar günərzi qayğı mərkəzlərinə yerləşdirilsin, ailədən qırılmasın. Bütün hallarda ailə qayğısı vacibdir. Mehriban xanım Əliyeva dəfələrlə öz çıxışında qeyd edib ki, heç bir müəssisə ailə qayğısını əvəz edə bilməz. Müəssisələşmənin qarşısını nə qədər ala bilsək, o qədər yaxşıdır. Leyla xanım Əliyeva da müəssisəyə tez-tez baş çəkir, uşaqlarla maraqlı vaxt keçirir", - deyə müəssisə rəhbəri əlavə edir. 

Xüsusi uşaqlarla işləməyin böyük məsuliyyət tələb etməsindən danışan S.Məlikova vurğulayır ki, mərkəzdə mühafizəçidən, sosial xidmət işçilərindən rəhbər heyətə kimi hər kəs səbir nümayiş etdirməlidir: "Sağlamlığından asılı olmayaraq, uşaqlarla işləmək, onlara qayğı göstərmək səbirli olmağı tələb edir. Bizim sahədə bu, çox vacibdir, çünki ən həssas əhali qrupu ilə işləyirik".

Şuşa şəhərinin maketi, Qız qalası və digər əl işləri...

Uşaq müəssisəyə qəbul olunandan sonra bir həftə ərzində sosial işçilər onun  bacarığını qiymətləndirirlər. Bundan sonra həmin uşaqda nəyi inkişaf etdirmək, nəyin üzərində işləmək lazım olduğu müəyyənləşir. Qiymətləndirmə əsasında reabilitasiyaya cəlb olunurlar. Bundan başqa, ehtiyac yaranarsa, uşaqlara dərman müalicəsi də tətbiq olunur. 

Uşaqlarda zəruri fiziki vərdişləri formalaşdırmaq, onların istedadlarını, bacarıqlarını, əmək qabiliyyətlərini inkişaf etdirmək üçün müəssisədə dərnəklər fəaliyyət göstərir. Elə biz də direktorla söhbətimizə davam edərək həmin dərnəklərdə uşaqların fəaliyyətini izləyirik.

İlk daxil olduğumuz Əl işi otağında uşaqların muncuqdan, müxtəlif rəngli kağızlardan, ağac qabığından hazırladıqları bayram atributları, Şuşa şəhərinin maketi, Qız qalası və digər əl işləri ilə qarşılaşırıq.

Daha sonra Sevinc xanımla digər otaqlara baş çəkirik. Əmək otağında qızların parça üzərində muncuqlu tikişlə məşğul olduqlarını görürük. 17 ildir müəssisədə çalışan metodist Lətafət Əliyeva bu bacarıqların uşaqlarda formalaşması üçün məyyən vaxt tələb olunduğunu qeyd edir. O bildirir ki, onların hansı işlə məşğul olmasına fiziki vəziyyətlərinə əsasən qərar verilir. Yəni elə uşaq var ki, qayçıdan, iynədən istifadə edə bilmir.

L.Əliyeva qeyd edir ki, 2010-cu ildə müəssisədə əsaslı təmir işlərindən sonra hər bir şərait yaradılıb: "Mehriban xanımın diqqət və qayğısını hər zaman hiss edirik. Valideyn himayəsindən məhrum, əlil uşaqlara xüsusi diqqəti, bu sahədə həyata keçirdiyi layihələr əvəzolunmazdır. Mehriban xanım Əliyevanın tapşırığı ilə uşaqların sağlam, xoşbəxt və firavan həyat sürmələri üçün müəssisədə lazımi şərait yaradılıb. Fond tərəfindən aparılan yenidənqurma işlərindən sonra uşaqlarımız daha rahat, müasir binada yaşayır, həm də həyat dərslərini öyrənirlər". 

Daha sonra üz tutduğumuz emalatxanada uşaqların hazır qəlibdən çıxmış tökmələri rəngləmələri ilə rastlaşırıq. Metodist Zoya Allahverdiyeva isə onları yönləndirirdi. Söhbətimiz əsnasında o qeyd edir ki, uşaqların bu vərdişlərə yiyələnməsi onların qavrama səviyyəsindən, həvəslərindən asılı olaraq dəyişir. Rəngləmə ilə məşğul olan Azad həm də bizə "Azərbaycan" şeirini söyləyir. Onu dinlədikdən sonra isə azyaşlılar üçün olan oyun otağına keçirik. Burada bizi Fəqan ürəkdən gülüşü ilə qarşılayır. Bizimlə ünsiyyətə, söhbətə can atır. Gözlərindəki sevinc hissini bir anlıq görmək isə hər şeyə dəyər. Onlarla sağollaşıb digər dərnəklərə baş çəkirik.

Uşaqlar yaşyarımdan psixoloji seanslara cəlb olunmalıdırlar

Psixoloq Könül Babaşzadə ilə söhbətimiz zamanı o qeyd edir ki, uşaqlarla iş əsasən fərdi şəkildə həyata keçirilir, amma qrup halında da seanslar baş tutur. "Ümumiyyətlə, proqram uşaqdan-uşağa dəyişir. Eləsi var ki, onda reaktivlik daha çoxdur. Eyniləşdirmə, fərqləndirmə, qruplaşdırma mexanizmi ilə aparılan seanslarda fiqurlardan istifadə olunur. Eyni zamanda art, əmək, musiqi, şəkil üzrə nağıl, kuklalardan istifadə etməklə terapiya növləri tətbiq edilir. Müəssisəyə 5 yaşdan yuxarı uşaqlar qəbul edildiyi üçün onlar gələndə artıq diaqnozları məlum olur", - deyə psixoloq bildirir.

K.Babaşzadə deyir ki, uşaqlarla onların inkişaflarına uyğun, qiymətləndirmə vərəqələrinə əsasən iş aparılır. Terapiyalar onların bacarıqlarına, inkişaflarına görə dəyişir: "İlk olaraq adaptasiya, sosiallıq, davranış və diqqət üzərinə fokuslanıram. Uşaqların bacarıqlarının inkişafı diaqnozun ağırlıq dərəcəsindən asılı olaraq, bir aydan bir ilə kimi dəyişə bilir".

Psixoloq həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün tövsiyələrini də açıqladı. "Ailələrdən xahiş edirəm ki, uşaq dünyaya gələndən sonra diqqətli olsunlar. Bəzən "camaat nə deyər?" düşünərək uşağın müalicəsini, müəssisəyə yerləşdirilməsini gecikdirirlər. Uşaqlar yaşyarımdan psixoloji seanslara cəlb olunsalar, valideyn nəzarəti olsa, o zaman ağırlaşmazlar. Onların özünəxidmət bacarıqları formalaşmış olar. Bu həmçinin valideyn üçün də rahat olar", - deyə Könül xanım vurğulayır. 

Psixoloq otağından ayrılaraq yolumuza davam edirik. Bizi müşayiət edən S.Məlikova deyir ki, stasionarda yaşayan uşaqlarla valideynləri istədiyi vaxt görüşə, hətta ərizə yazaraq istədiyi müddətə ev məzuniyyətinə götürə bilirlər. 

Musiqi sədalarının yayıldığı musiqi zalına üz tuturuq. Burada kimisi ifa edir, kimisi rəqs edirdi. Müəllim Natəvan Əliyeva bildirir ki, uşaqların bacarıqlarına, həvəslərinə əsasən, onlara rəqs, müxtəlif musiqi alətlərində ifa etmək öyrədilir. Bəziləri bir neçə dərsə, digərləri isə bir neçə aya bu bacarıqlara yiyələnə bilirlər. 

Ümumiyyətlə, əlilliyi olan uşaqların uğurları barədə çox eşidirik. Həm musiqi, həm idman, həm də digər sahələrdə. Elə Sevinc xanım da bildirir ki, müəssisənin uşaqları həm yerli, həm də beynəlxalq yarışlarda, festivallarda, tədbirlərdə iştirak edir və uğurlu nəticələr qazanırlar. 

Müəssisənin idman müəllimi Fərid Cəbrayılov deyir ki, uşaqlara stolüstü tennis, boccia, futbol kimi idman növləri üzrə təlimlər keçirilir. "Xüsusi uşaqlarla işləməyin çətinliyi yoxdur, sadəcə daha artıq diqqət və qayğı lazımdır. Bu, böyük məsuliyyət tələb edir. Digərlərinin bir-iki dəfəyə götürmə qabiliyyəti varsa, həssas uşaqlara bir neçə dəfə təkrarlamaq, səbirlə izah etmək lazımdır. Təlimlər, məşqlər əsasında belə uşaqlar bir neçə ay ərzində müəyyən bacarıqlara yiyələnərək milli və ya beynəlxalq idman yarışlarında iştirak edə bilirlər", - deyə o bildirir.  

Əlilliyi olan uşaqların iştirak etdiyi yarışlardan biri boccia idman növüdür. F.Cəbrayılov qeyd edir ki, bu idman növü üçün uşaqların ən azı 3-6 ay çalışması lazımdır. Oyun uzunluğu 24-28 metr, eni 2.5-4 metr olan düzbucaqlı meydançada həyata keçirilir. İki topdan istifadə olunur - uşaqların əlillik dərəcəsinə uyğun olaraq biri yumşaq, digəri bərk olur. Toplar iki oyunçu arasında hədəfə atılaraq oynanılır.

Sevginin günü yoxdur

Müəssisədə uşaqların nitq qüsurlarının aradan qaldırılması üçün loqoped də fəaliyyət göstərir. Səbuhi Soltanov deyir ki, ilk mərhələdə uşaqların nitq qüsurları ilə bağlı 3 aylıq proqram həyata keçirilir. Ehtiyac olarsa, növbəti baxışa götürülür. Bundan əlavə, diaqnozundan, danışıq qüsurundan asılı olaraq, reabilitasiya proqramı seçilir və ona uyğun bərpa prosesi keçirilir. "Bəzi uşaqlarda daha tez nəticə alınır, bəzilərində 3 aydan çox çəkə bilər. Yaxın və uzaq hədəflərimiz olur. Məsələn, samit səslərin tələffüzündə problem olanda korreksiya proqramı daha tez bitir. Amma autizm sindromlu, ümumilikdə inkişaf pozuntusu olan uşaqlarda  proqram daha uzun çəkir. Serebral iflicli uşaqlarda dizartriya nitq qüsuru olur ki, bu zaman işin əsas istiqaməti artikulyar motorikanın aktivləşdirilməsi, tək-tək səslərin korreksiyasıdır. Daha erkən yaşlarda nitq qüsurlarının korreksiyasına başlamaq yaxşı nəticə verir. Valideynlər bu baxımdan diqqətli olmalıdırlar", - deyə loqoped vurğulayır. 

Müəssisəni gəzdikcə hər otaqdan yayılan gülüş səsləri, təbəssümlə bizi qarşılamaları isə saatların necə keçdiyini unutdurur. Biz də onların rəqsini izləyir, əl çalır, gülüşlərinə qoşulur, onlarla birlikdə uşaq olmağa, həm də sevgimizi paylaşmağa çalışırıq. 

Amma nə olursa-olsun, heç nə onların verdiyi müsbət auranı, gözlərindəki saf baxışları, kiçik qəlblərindəki sevgini əvəz edə bilmir... 

Yalnız bir gün deyil, hər gün bu sevginin qarşılığını verməli, onları qorumalı və  sevməliyik!

Əsmər Qardaşxanova

Azərbaycan. - 2024.- 1 iyun. - № 114. - S. 6.