Afrika İttifaqı Azərbaycanın qadın hüquqlarının təmini sahəsindəki təcrübəsinə maraq göstərir
Azərbaycanın Efiopiyadakı səfiri, Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqı Komissiyası sədrinin qadın, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi xanım Bineta Diopla görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı E.Abdullayev ölkəmizin tarixində qadınların rolundan bəhs edib, Azərbaycanın dünyada qadına səsvermə hüququ verən ilk ölkələrdən biri olduğunu vurğulayıb.
Səfir dövlətimiz tərəfindən qadınlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltdiyini, onun təşəbbüsü ilə mədəniyyətlərarası dialoqda qadının rolu və digər mövzularda müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini bildirib. Diplomat, həmçinin 2016-cı ilin Afrika İttifaqı tərəfindən “Qadın hüquqları ili” kimi qəbul olunduğunu xatırladaraq Azərbaycanın və UNESCO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsilin səviyyəsinin artırılması məqsədilə “Gənc qızların təhsili” adlı müxtəlif layihələrin icra olunduğunu qeyd edib.
Xanım B.Diop Azərbaycanın qadın hüquqlarının təmin olunması sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, Afrika qitəsi ölkələri üçün Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinin vacib olduğunu və Afrika İttifaqının bu sahədə ölkəmizlə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.