Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu il ərzində Azərbaycan milli mədəniyyətinə töhfələrini verdi


Yola saldığımız 2009-cu il mədəniyyət aləmində mühüm və əhəmiyyətli hadisələrlə yadda qaldı.

Qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malikdir və müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir. Azərbaycan öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus aspektləri əks etdirir. Buraya Yaxın Şərq, rus, yəhudi və digər xalqların mədəniyyət aspektləri daxildir.

Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və mətbəxi onun yaxın qonşuluq siyasətində mühüm rola malik olmasını sübut edir. Azərbaycan kimi bir ölkə ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək Avropa üçün zəruridir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin, mədəniyyətin və səhiyyənin inkişafı ilə bağlı gördüyü işlər danılmaz bir həqiqətdir. Azərbaycan həqiqətlərinin təbliği sahəsində fondun gördüyü işlərin coğrafi məkanı genişdir.

Yola saldığımız 2009-cu il mədəniyyət aləmində mühüm və əhəmiyyətli hadisələrlə yadda qaldı. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirlər Azərbaycan milli mədəniyyət və incəsənətinin dünya miqyasında təbliğ edilməsinə şərait yaratdı. Bu il Qəbələ şəhərində dünyanın 16 ölkəsindən –ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilərin iştirakı ilə Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirildi. Dünyanın tanınmış musiqi xadimlərinin iştirakı ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı və pianoçuların beynəlxalq müsabiqəsi yeni istedadların aşkara çıxarılmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan sənətin incəliklərini öyrənməyə imkan verdi. Festival çərçivəsində məşhur pianoçuların təşkil etdikləri ustad dərsləri gənc musiqiçilər üçün böyük töhfə oldu. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına müsbət təsirini göstərdi.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada, o cümlədən, Avropada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətin tərkib hissəsi olaraq, bu il "Azərbaycan muğamı" multimedia toplusunun və "Muğam aləmi" nəşrinin təqdimatı olmuşdur. Heydər Əliyev Fondunun 2005-ci ildən həyata keçirdiyi "Azərbaycan muğamları" layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Fond tərəfindən 2008-ci ildə hazırlanan "Muğam ensiklopediyası" qədim musiqi irsi-mizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri məhz "Azərbaycan muğamı" interaktiv audiovizual multimedia toplusu və "Muğam aləmi" nəşri oldu. Fondun "Azərbaycan muğamları" layihəsi çərçivəsində tədris vəsaiti kimi təqdim olunan "Azərbaycan muğamı" multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. "Azərbaycan muğamı" interaktiv audiovizual multimedia toplusu 8 diskdən ibarətdir. Toplu Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Dərs vəsaiti kimi nəzərdə tutulmuş topluda Azərbaycanın 7 əsas muğamının notları, Azərbaycanın simfonik muğamları haqqında ümumi məlumat, qədim musiqi alətlərimizin interaktiv mündəricatı, hər bir alət haqqında ətraflı məlumat, muğam sənətində sözünü demiş sənətkarların və bu sahədə tədqiqat aparanların, muğamın inkişafına böyük dəstək olan insanların, alimlərin, musiqi xadimlərinin həyatı və yaradıcılığı barədə məlumat vardır.

"Muğam aləmi" toplusu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ilin martında Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalına həsr olunmuşdur. Toplu Azərbaycan, rus, ingilis dillərindəki kitab və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etno-caz nümunələrinin toplandığı 33 DVD dən ibarətdir. Beynəlxalq festivalın materiallarını özündə əks etdirən "Muğam aləmi" nəşri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın sözləri ilə başlayır. Bu iki layihə muğam dünyasının təbliğində vacib addımlardan biridir.

Fondun mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti və təcrübəsi zəngindir. Fondun prezidenti Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, həmçinin, beynəlxalq mədəni proseslərdə fəal iştirak edir, mədəniyyətlərarası dialoqla bağlı təşəbbüslərə xüsusi diqqət yetirir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il Avropa Parlamentinin mənzil-iqamətgahında, ilk dəfə olaraq, Azərbaycan mədəniyyəti günlərinin açılışı münasibətilə təntənəli mərasim keçirilmişdir. Avropa Parlamenti deputatlarının, Avropa Birliyi təsisatları və Belçika hakimiyyət dairələri rəsmilərinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının, yerli ictimaiyyətin nümayəndələrinin və diaspor təmsilçilərinin iştirakı ilə keçirilmiş tədbir iştirakçılarda böyük təəssürat yaratmışdır. Azərbaycan ilə "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığa başlanmışdır. Tədbir Azərbaycanın qədim tarixinə, zəngin mədəniyyətinə, incəsənətinə və mətbəxinə həsr olunmuşdur. Bu tədbir həqiqətən böyük iqtisadi potensiala malik Azərbaycan haqqında daha ətraflı məlumat əldə olunmasına imkan yaradıb.

Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim ölkənin - Azərbaycanın mədəniyyətinə yüksək qiymət verilmişdir. Ölkənin zəngin tarixi boyunca onun nadir coğrafi mövqeyi nümunəvi mədəniyyətin yaranmasına, müxtəlif etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına xidmət etmişdir.

Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir və ölkədə əsrlər boyu yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi fikrin, poeziyanın və memarlığın, habelə, ölkənin maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin çiçəklənməsinə gətirib çıxarmışdır. Fondun təşəbbüsü ilə tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, o cümlədən, musiqi, təsviri incəsənət, xalq sənətkarlığı, folklor, milli rəqs və mətbəxi də təqdim edilmişdir.

Qeyd olunan mədəniyyət formaları Azərbaycanın özünəməxsusluğunun əsasını təşkil edir və Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət daşıyır. Avropa Parlamentində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycanın qədim tətbiqi və xalçaçılıq sənətlərini əks etdirən eksponatlarla yanaşı, eləcə də, Heydər Əliyev Fondunun beşillik fəaliyyəti dövründə müxtəlif sahələr üzrə gördüyü işləri əks etdirən albom və broşürlər nümayiş etdirilmişdir.

Mehriban Əliyevanın qayğısı və təşəbbüsü ilə mədəni müxtəlifliyə, mədəniyyətlər və dinlərarası dialoqa həsr edilmiş mötəbər beynəlxalq konfransların təşkili də deyilənlərə əsasdır.

Heydər Əliyev Fondunun ölkəmizdə dini abidələrin qorunması və bərpasına yardım etməklə fəaliyyət dairəsini şaxələndirir. Belə ki, fondun dəstəyi ilə paytaxtımızda pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmaqla yanaşı, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək vermişdir.

Strasburqun mərkəzində yerləşən Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti də böyük əks-səda doğurmuşdur.

Heydər Əliyev Fondunun Strasburqdakı kilsənin təmirinə ayırdığı maliyyə yardımı Azərbaycanın Avro-paya, onun mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirilir. Avropa Şurasının üzvü olan Azərbaycan öz mədəni irsinə xüsusi diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı ilə yanaşır. Strasburqdakı kilsə də Avropa mədəni irsinin bir parçasıdır.

Bu xeyriyyəçilik vasitələrinin müxtəlif xalqların və ölkələrin yaxınlaşmasında mühüm rol vardır. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanla bağlı Strasburqda bir sıra mədəni tədbirlər keçirilmişdir. Fond xeyirxahlıq məqsədi ilə Azərbaycanın inkişafına xidmət edir, müxtəlif sahələri əhatə edən irimiqyaslı proqram və layihələr həyata keçirir, bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edir.

Mədəniyyət sahəsində misilsiz xidmətlər göstərən Heydər Əliyev Fondu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına və təşviqinə ciddi diqqət göstərir. Bu, təqdirəlayiqdir.

Bu ilin yaddaqalan əlamətdar hadisələrindən biri və әn mühümü Beynəlxalq Muğam Mərkəzində 'Muğam aləmi" Beynəlxalq Festivalının keçirilməsi oldu. Bu, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə baş tutdu. Son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində fondun gördüyü işlərin davamı kimi qiymətləndirilir. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir.

Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Festival çərçivəsində elmi simpozium keçirilmişdir. Bundan başqa muğam ifaçılarının beynəlxalq müsabiqəsi keçirilərək, müxtəlif konsertlər də təşkil edilmişdir.

Fondun gördüyü işlər davam etməkdədir. İlin sonunda - yeni təqvim ili ərəfəsində mədəniyyət aləmində baş verən son hadisələrdən bir Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşasına başlanılan Nəsimi adına uşaq incəsənət məktəbi binasının təməlqoyma mərasimidir ki. bu rayon sakinləri üçün əsil bayrama çevrilib Bu musiqi məktəbinin fəaliyyəti yarım əsrlik dövrü əhatə etməsinə baxmayaraq, burada uzun illər əsaslı təmir aparılmadığından bina tam yararsız vəziyyətə düşmüşdür.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən bu binanın sahəsi 3264 kvadratmetrdir. Binada rəsm, rəqs, məşq və müəllimlər üçün otaqlar, akt zalı sərgi salonu. bufet nəzərdə tutulmuşdur. Ümumilikdə, burada müasir avadanlıqla təchiz ediləcək 54 otaq fəaliyyət göstərəcəkdir. Məktəbin həyətində yaşıllaşdırma və abadlıq işləri aparılacaqdır. Üçmərtəbəli müasir incəsənət məktəbi binasının tikintisinin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyət və incəsənətinə yeni ildə yeni məzmunda, yeni formatda olan layihələrlə xidmətini davam etdirəcək.


Zümrüd

Səs.- 2009.- 31 dekabr.- № 246.- S. 12.