Xeyirxahlıq və ümid fondu
Heydər Əliyev Fondunu xalq arasında çox vaxt məhz bu cür adlandırırlar. Dahi liderin yaradıcılıq irsinin təbliği və öyrənilməsi ilə yanaşı bu fond xeyriyyəçiliyi, uşaqlara kömək etməyi, müxtəlif humanitar aksiyalar keçirməyi öz fəaliyyətinin prioritet istiqamətlərindən hesab edir. Hətta təcrübəli əcnəbi ekspertlər və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri də qısa müddətdə fondun işinin nəticələrinə, onun prezidenti, Fondun yarandığı ilk gündən ona başçılıq edən Mehriban xanım Əliyevanın əzmkarlığına və təşəbbüskarlığına, işə yaradıcı münasibətinə heyran olduqlarını gizlətmirlər.
Ölkəmizin birinci ledisi öz məsləkdaşlarından ibarət olan komandası ilə birlikdə millətin genetik fondunun qorunub saxlanması problemlərinə cəmiyyətin diqqətini cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir, öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Qaçqınların və məcburi köçkünlərin, talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi, Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə uşaq evlərində tərbiyə alanların tamdəyərli ailələrə verilməsi hərəkatının başlanması, şəhərlərin və kəndlərin yaşıllaşdırılması bu qəbildəndir. Minlərlə Azərbaycan məktəblisi, xüsusən ucqar kənd yerlərində yaşayan uşaqlar, növbəti genişmiqyaslı xeyriyyə aksiyasının gedişində beynəlxalq standartlara uyğun tikilmiş, qışda qızdırılan, kompyuterlər də daxil olmaqla, bütün zəruri avadanlıqları olan yeni məktəblərdə parta arxasında əyləşmək imkanına görə Heydər Əliyev Fondunun prezidentinə minnətdardırlar.
Mehriban xanımın heç də asan olmayan başqa ictimai vəzifələri də az deyil. O, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin Gimnastika Federasiyasının prezidentidir. Birinci ledi statusu da onun üzərinə çox vəzifələr qoyur. Bəzən məşhur siyasətçilər və ictimai xadimlər də təəccüblənirlər: zahiri gözəlliklə daxili mənəviyyatı bu dərəcədə heyrətamiz şəkildə özündə cəmləşdirən bu zərif qadın düşündüyü bütün planları qətiyyətlə həyata keçirmək üçün bu qədər qüvvə və vaxtı haradan tapır? Bu sualın bir cavabı var: son dərəcə yüksək məsuliyyət hissi, çox böyük siyasətçi və bacarıqlı təşkilatçı potensialı, ən başlıcası, öz ölkəsinə, doğma xalqına məhəbbət. Məhz xeyirxah işlərinə, geniş qəlbinə, insanların kədərinə şərik olduğuna görə ölkəmizin bütün guşələrində insanlar onu sevirlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ünvanına hər gün yüzlərlə vətəndaş müraciətləri, ərizələr daxil olur. Bu müraciətlərin heç biri diqqətdən kənarda qalmır. Mehriban xanım və onun başçılıq etdiyi fond çoxlarına öz imkanları daxilində kömək edir, məktubların bir qismi isə baxılmaq və əməli tədbirlər görülmək üçün müxtəlif dövlət orqanlarına və yerli qurumlara göndərilir. Ölkəmizin birinci xanımının poçtunda elə məktublar da var ki, onları oxuyanda Mehriban Əliyevanın ictimai xadim və xalqın elçisi kimi fəaliyyətinin miqyasını daha aydın dərk edirsən. Həmin məktubların müəllifləri xahişləri yerinə yetirildikdən sonra səmimi təşəkkürlərini bildirirlər. Bu məktubların hər birində sadə vətəndaşların ürək döyüntüləri hiss olunur.
Tovuz rayonundan Bayram Mustafayev yazır: “Əziz və hörmətli Mehriban xanım, mən yazmışdım ki, Siz 100 kişiyə dəyərsiniz. İndi isə deyirəm ki, 100 kişiyə yox, 200 kişiyə dəyərsiniz. Sizin mərhəmətinizin həddi-hüdudu yoxdur. Siz açıq qəlbinizlə hamıya eyni gözlə baxırsınız. Mənim kimi sadə bir adamın sözünü eşitdiniz. Mən 200 nəfərin adından müraciət edirəm. Siz onların problemlərinin həllinə kömək etdiniz. Bu məktub bizə etdiyiniz hörmətin cavabıdır...”
Füzuli rayonundan olan məcburi köçkün Müşfiq Namazəliyevin müraciətində deyilir: “Bu məktubu yazmaqda məqsədim Sizdən nə isə xahiş etmək deyil. İstəyirəm ki, gördüyünüz işlərin daim xalqın yaddaşında qalacağını Sizə çatdırım. Yəqin ki, hər adam Sizə belə məktub yazmır. Ancaq həyata keçirdiyiniz işləri görməmək üçün gərək kor olasan. Təəssüf ki, öz xalqı üçün çalışan insanlar o qədər də çox deyildir. Kaş Sizin kimilərin sayı yüzlərlə olaydı...”
Bu sözlər isə Bərdə rayonunun sakini Sücaət Baxşəliyevanın məktubundandır: “İndi biz bilirik ki, köməksiz qalmayacağıq”.
Bu fikir birinci lediyə ünvanlanmış bütün məktubların leytmotividir. Belə məktubların çoxu Mehriban xanımın köməyi ilə sağlamlığını bərpa etmiş insanlardandır. Heydər Əliyev Fondu yarandığı ilk gündən səhiyyə problemlərinə xüsusi diqqət yetirir, talassemiya və şəkərli diabet xəstəliklərinə tutulmuş uşaqlara kömək üçün mühüm proqramlar həyata keçirir. Bu proqramlar sayəsində minlərlə uşaq bahalı müalicə kursu keçmiş, əvvəllər onlar üçün əlçatmaz olan dava-dərmanı pulsuz əldə etmiş, sadəcə olaraq həyat şəraitini yaxşılaşdırmışlar. Lakin məsələ təkcə bu proqramlarda deyildir. Mehriban xanım Əliyeva bir ana kimi, həkim kimi uşağı ağır xəstə olan, az qala bütün ümidini itirərək son əlac yeri kimi birinci lediyə müraciət edən ananın dərdini yaxşı başa düşür. Mehriban xanım belələrinə kömək edir. Bunu çoxsaylı məktublar da təsdiqləyir.
Daşkəsəndən Nurlana İsmayılova yazır: “...Anam mənə deyəndə ki, sən Heydər Əliyev Fondunun hesabına müalicə ediləcək və sağalacaqsan, fikirləşdim ki, yəqin, bu da mənə 9 ildən bəri deyilən şirin sözlərdən biridir. Mənə ümid vermək üçün 9 ildən bəri deyilən bu cür sözləri çox eşitmişdim. Bəli, məni fondun hesabına Tehran şəhərinə müalicəyə göndərdiniz. Ürəyimdə bir neçə dəfə əməliyyat apardılar və bu, çox uğurlu alındı. Mənə ikinci ömür bəxş etdiyiniz üçün Sizə ailəmiz və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm”.
Azərbaycan Diabet Liqasının kollektivi adından yazılmış məktubdan sətirlər: “...Sizin Milli Məclisin deputatı kimi aylıq əmək haqqından bizim təşkilata ayırdığınız vəsaiti topladıq, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün ”Şirin həyat” adlı xüsusi yay düşərgəsinin təşkilinə sərf etdik. Lənkəranın “Palıdlı sahil” istirahət zonasında bir həftəlik unudulmaz istirahətə görə uşaqlar Sizə minnətdarlığını bildirirlər”.
Yevlax rayonundan olan Vüsalə Əzizovanın 1 yaş 9 aylıq körpə oğlu görmə qabiliyyətini itirə bilərdi. İndi isə xoşbəxt ana yazır: “Məhz Sizin köməyinizlə oğlumun gözlərində cərrahiyyə əməliyyatı aparıldı və artıq o da həyata sağlam gözlərlə baxır...”
Ana sevinci ilə dolu daha bir məktub. Bu qadının körpəsi birinci ledinin köməyi sayəsində yeriyə biləcək. Bakıdan Gülnarə Süleymanova yazır: “...Bilirəm ki, Sizin mənim təşəkkürümə ehtiyacınız yoxdur. Lakin bir neçə gündən bəri qəlbimdə yaşatdığım sevinc hisslərini Sizə çatdırmağa mənəvi ehtiyac duydum. Ürəyimdə çox sözlər var, hamısını yazsam məktub çox uzun olar. Sadəcə deyirəm: “Allah Sizi Azərbaycan xalqına çox görməsin”.
Bakılı balaca Murad Muradov da, sanki, ikinci dəfə həyata gəlmişdir. Heydər Əliyev Fondunun ayırdığı vəsait hesabına onun ürəyində mürəkkəb cərrahiyyə əməliyyatı aparılmışdı. Bu körpənin anası Məhbubə Muradova öz ürək sözlərini qısaca belə ifadə etmişdir: “Siz ona təkrar həyat verməklə biz valideynlərin ömürlük duasını qazanmış oldunuz”.
Mehriban xanıma ünvanlanmış hər bir məktubun arxasında öz problemləri, kədəri və sevinci olan konkret insan dayanıb. Birinci ledi də bu müraciətlərə həssaslıqla yanaşır, ilk baxışda ən ümidsiz görünən vəziyyətdə belə onlara necə kömək etmək lazım olduğunu axtarıb tapır. Arzu adlı qızı həyatdan vaxtsız getmiş bakılı Zenfira Həşimova belələrindən biridir: “Qızımın vaxtsız vəfatından sonra onun yaradıcılıq sərgisinin keçirilməsinə göstərdiyiniz köməyə görə Sizə minnətdaram. Qızımın bu arzusunu həyata keçirdiyiniz üçün çox sağ olun”.
Çoxlarının nəzərində Heydər Əliyev Fondunun fəaliyyəti həm də təhsil, Azərbaycanın mədəni irsinin qorunub saxlanması sahəsində dərin düşünülmüş proqramların həyata keçirilməsi ilə assosiasiya olunur. Fondun və onun prezidentinin sayəsində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkədə yüzlərlə məktəb binası tikilmiş və əsaslı təmir edilmiş, təhsil müəssisələrinin çoxu kompyuterlərlə və digər zəruri avadanlıqla təchiz olunmuşdur. Birinci ledinin səyləri sayəsində qədim Azərbaycan alim və mütəfəkkirlərinin nadir əlyazmaları, bəşəriyyətin musiqi mədəniyyətinin incisi olan muğam barədə bütün dünya xəbər tutmuşdur. Sadə insanlar birinci lediyə müraciətlərində bunun üçün minnətdarlıqlarını bildirirlər. Şəki rayonundakı 1 nömrəli orta məktəbin kollektivi adından göndərilmiş məktubda deyilir: “...Şəki Xan Sarayının yaxınlığında qədim bir tikilidə yerləşən və yararsız vəziyyətdə olan orta məktəb binasının əsaslı təmirinə və yeni korpusun tikintisinə köməyə görə bütün Şəki əhalisi adından Sizə öz təşəkkürümüzü bildiririk”.
Bu məktub isə Moskvadan, azərbaycanlı uşaqların təhsil aldığı 157 nömrəli orta məktəbin direktoru Aida Quliyevadan gəlmişdir: “...Məktəbimizə hədiyyə etdiyiniz kompyuterlər artıq quraşdırılıb və şagirdlərin istifadəsinə verilmişdir. Şagirdlərimizin, müəllimlərimizin və valideynlərin fikrincə, gördüyünüz bütün işlər tarixə düşəcək. Rusiyada yaşayan Azərbaycan ziyalıları Sizin bu addımınızı dəstəkləyir”.
Birinci ledinin poçtunda sosial-məişət problemlərinin həllinə göstərdiyi köməyə görə təşəkkür məktubları da çoxdur. Bu məktubların müəlliflərindən bəziləri çoxdan arzusunda olduğu mənzil almış, işə düzəlməkdə kiməsə kömək göstərilmiş, bəzilərində isə həyat ümidini artırmışlar. Ağstafa rayonundan Şirin Məmmədova yazır: “...Həyat yoldaşım ”Neft Daşları”nda işlə təmin olunduğuna görə Sizə ailəmiz adından təşəkkür edirik. Bununla Siz böyük bir ailənin çətin vəziyyətdən çıxmasına, ocağımızın yenidən alovlanmasına kömək göstərdiniz. Allah OCAĞINIZI daim gur yandırsın”.
Ağsu rayonundan Kamal Məmmədov Qarabağ müharibəsində göstərdiyi şücaətə görə çoxdan gözlədiyi “Hərbi xidmətlərə görə” medalını birinci ledinin köməyi sayəsində almışdır. O, Mehriban xanıma müraciətlə yazır: “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunsam da, həmin medalı ala bilmirdim. Məni süründürür, get-gələ salırdılar. Nə yaxşı ki, Siz varsınız! Bəlkə də, Sizə müraciət etməsəydim, hələ də məmur qapıları arxasında qalmışdım. İndi qanımla qazandığım medalı məhz Sizin sayənizdə fəxrlə sinəmdə gəzdirirəm”.
Masallı rayonundan İkinci Dünya müharibəsi veteranı Mürşüd Hüseynovun məktubunda deyilir: “...Hər yerdən əlim üzüləndən sonra ümidimi Sizə bağladım. Elə ilk müraciətimdən sonra da nəvəmi işlə təmin etdilər. Bu ahıl yaşımda ailəmizin maddi vəziyyətinin yaxşılaşmasına etdiyiniz köməyə görə Sizə nə qədər təşəkkür etsəm, yenə də azdır. ALLAH KÖMƏYİNİZ OLSUN!”.
Bir qrup Sumqayıt sakini yazır: “...Həyətimizdəki uşaq meydançasının yerində ucaldılan üçmərtəbəli binanın tikintisinin qarşısı yalnız Sizin sayənizdə alındı. İndi həyətdə uşaq şəhərciyi tikilir, körpələrin sevinci hədsizdir. Uşaqlarımızı sevindirdiyiniz üçün sağ olun”.
Müdriklər deyirlər ki, insan öz xeyirxah əməlləri ilə yadda qalır. Birinci ledinin ünvanına gələn məktublar bir daha onu göstərir ki, Mehriban xanım minlərlə insanın qəlbində yer tutmuşdur.
Xalq qəzeti.- 2007.- 26 avqust.- № 190.- S. 2.