Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Çoxşaxəli fəaliyyətin aynası

Cəmiyyətin sağlam və intellektual səviyyəyə yüksəlməsi dövlətin qarşıda duran vəzifələri sırasındadır. Bu, dövlətin apardığı məqsədyönlü fəaliyyət çərçivəsində reallaşır. Dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan dövləti günü-gündən daha da güclənərək, iqtisadi qüdrəti, dinamik inkişafı ilə seçilən dövlətlər sırasındadır. Müasir həyatımızda Prezident İlham Əliyev, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondu tərəfindən cəmiyyətin fiziki və mənəvi cəhətdən sağlam və inellektual səviyyədə formalaşması istiqamətində görülən işlərin sayı kifayət qədərdir. Xüsusilə, qeyd edək ki, Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyəti, gerçəkləşən layihələr ölkədə əks-səda doğurmaqdadır. Fondun fəaliyyəti çərçivəsində təhsil, səhiyyə, mədəniyyət kimi sahələrə önəm verilərək, yeni binalar inşa olunur, təmir və bərpa etdirilir. Qısa bir zamanda görülən işlər qeyd olunan sahələrdə ciddi dəyişikliklərlə nəticələnmişdir. 2004-cü ildən başlayaraq atılan bu addımın nəticələri bütövlükdə ölkə daxilində hiss olunmaqdadır. Yarandığı zamandan etibarən, xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondu, ilk növbədə, Ümummilli Liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəz kimi fəaliyyətdədir.

MƏRHƏMƏT VƏ XEYİRXAHLIQ ÜNVANI

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Xalqın böyük məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları Ulu Öndər Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın Birinci Xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Qısa bir zamanda xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətini genişləndirdi. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək, Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.

Heydər Əliyev Fondunun reallaşdırdıqları möhtəşəm işlər Azərbaycanın Birinci Xanımının daxili dünyasının və çoxşaxəli fəaliyyətinin aynasıdır. Cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Liderin ali ideallarını özündə ehtiva edir. Çox zaman Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə görə hətta beynəlxalq layihələri üstələyir. Bu, xalqımızda qürur doğuran reallıqdır.

"YENİLƏŞƏN AZƏRBAYCANA YENİ MƏKTƏB"

Yeni məktəblərin salınması, müasir tipli səhiyyə ocaqlarının inşası, uşaq evləri, internat məktəblərinin bərpası və tikilməsi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrinin əks-sədasıdır. Müəssisələrin yüksək səviyyədə yetişən nəslin ixtiyarına verilməsi gələcək nəslin sağlam, yetkin bir formada böyüməsinə təsirini göstərməkdədir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Qeyd edək ki, proqram hazırlanarkən Azərbaycanın məktəblərinin maddi-texniki bazasının vəziyyəti ətraflı öyrənilmişdir. Çox yaxşı, nümunəvi məktəblərimizlə yanaşı, acınacaqlı vəziyyətdə olan məktəblər də aşkarlanmışdır. "YeniləşənAzərbaycana yeni məktəb" Proqramını həyata keçirərkən ölkə üzrə vəziyyəti çox ağır hesab olunan 132 məktəb müəyyən edilmişdir. Bu məktəblərin hər birində videoçəkiliş aparılmışdır. Problemin həllinin ən yaxşı variantı həmin məktəblərin binaları qarşıdan yenisinin tikilməsi olmuşdur. Bunların 100, 200 və 400 yerlik məktəblər olacağı təyin edilmişdir. Fond tərəfindən artıq bu binaların əksəriyyətinin layihələri reallaşmışdır.

Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən yüzlərlə məktəb binası inşa olunaraq və yenidən qurulmuşdur. Respublikanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin bilikli, savadlı böyüməsi üçün təhsil müəssisələrində yaradılan şərait dövlətimizin qüdrətli, dinamik inkişafda olduğunu göstərən amillərdəndir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilən proqramlar, layihələr təhsildə əldə edilən uğurların sayını artırır.

Yeni təhsil ocaqlarında məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışaqədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şərait yüksək səviyyədədir.

Vurğulayaq ki, STEAM layihəsi də Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır.

Əlbəttə ki, bu reallıqdır ki, heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.

GƏNC NƏSİL BİLİYƏ VƏ MÜASİR TEXNOLOGİYALARA YİYƏLƏNİR

Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" kimi layihələri də uğurla davam etdirir. Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin hər bir yerində - Xaçmaz rayonunun Palıdlı kəndində, Şabran rayonunun Gilavar kəndində, Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Zaqatalada Ələddin Cavadov adına Bəhmətli kəndində və digər yerlərdə onlarla yeni məktəb binaları inşa edilib. Görülən işlər deməyə əsas verir ki, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli yüksək səviyyədə şərait mövcuddur.

Bununla da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini verir.

Həyata keçirilən tədbirlər ona əsaslanır ki, Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnməli, dünya təhsil sisteminə inteqrasiya olunmağı bacarmalıdır. Hazırlanmış proqramda da əsas məqsəd ölkəmizin hər bir gəncini daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü görməkdir.

Nəzakət Ələddinqızı

Səs.-2024.-25 yanvar.-№14.-S.3.