Çap etmək   ⁞     ⁞   Fond haqqında

Çinin “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan Azərbaycan pavilyonu açılıb

Çin Xalq Respublikasının Benbu şəhərindəki “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı pavilyon fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, parkda məhdud sayda xarici milli pavilyonlar­dan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonudur. Pavilyon­da Azərbaycan müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradı­cılıq və şəbəkə sənəti nümunələri, bəzək əşyaları, milli geyimlər, musiqi alətləri, habelə Fondun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müa­sir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunur. Bundan başqa, Azərbaycanın dahi şari və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qaya rəsmlərinin imitasiyası da nümayiş olu­nan eksponatlar arasındadır.

“I love Baku” stendində isə ziyarətçilərə Azərbaycana aid müxtəlif suvenirlər təqdim edilir. Pavilyon­da quraşdırılmış monitorlarda isə mədəniyyətimizə, ölkəmizin tarixi və müasir memarlığına, Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlərə aid videoçarxlar nümayiş olunur.

Əldə olunmuş razılığa əsasən, Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək və Çinin ən iri turizm layihələrindən olan “Qədim məskənlər” mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq Azərbaycan mədəniyyəti haqqında məlumat əldə edə biləcək.

Oktyabrın 11-də Çin Xalq Nümayəndələr Yığıncağı Daimi Komitəsinin (parlament) sədr müavi­ni, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen, Anhuy vilayətinin və Ben­bu şəhərinin rəhbər şəxsləri, Çindəki diplomatik korpusun təmsilçiləri “Qədim məskənlər” pakında açılan Azərbaycan pavilyonunda olublar.

Qeyd edək ki, Benbu şəhərindəki Lonci gölünün ətrafında salınmış “Qədim məskənlər” mədəniyyət par­kı 333 hektar sahəni əhatə edən iri mədəniyyət layihəsidir. Ərazidə Çin tarixində və mədəniyyətində xüsusi yer tutan məbədlərin oxşarı da daxil olmaqla, ənənəvi Çin memarlığı üslubunda 450 bina inşa edilib. Parkın ərazisində təxminən 10 min növ nadir ağac əkilib. An­huy vilayəti və Benbu şəhər hökumətinin dəstəklədiyi “Qədim məskənlər” parkı ta­rixi, mədəni və ekoloji muzey rolunu oynayır. Parkdakı pavil­yonlarda Çin mədəniyyətinə, ölkənin müxtəlif bölgələrinə, Çinin tarixi şəxsiyyətlərinə və tanınmış incəsənət adamlarına həsr olu­nan pavilyonlarla yanaşı, müxtəlif xalqla­rın mədəniyyəti də təqdim ediləcək.

Xalq qəzeti. - 2021.- 12 oktyabr. - № 219. - S. 12.