Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Xalqını sevdiyi qədər sevilən insan


Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.

Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan - İrs" jurnalının baş redaktorudur.

Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında indiyədək çox kitablar yazılıb. Onun Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfır, təhsil sisteminin himayədarı və digər sahələrdəki fəaliyyəti geniş işıqlandırılıb. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Hüseynovun tərtib etdiyi "Humanizm və xeyirxahlıq missiyası" kitabı xüsusi qeyd olunmalıdır. İdeya və ön sözün müəllifi hüquqşünas-alim Əli Eyvazov, elmi redaktoru Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinin müəllimi Samirə Eyvazova olan bu kitab "Nurlan" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmişdir.

Kitabda qısa zaman kəsiyində millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra mühüm layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu xoş məramdan söhbət açılır. Müdrik siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müstəqil dövlətçilik strategiyasını bu gün onun siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirir. 2004-cü il may ayının 10-da cənab İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev Fondu da bu ali məqsədə xidmət göstərir. Fondun yaradılmasının ümdə məqsədlərindən biri məhz Heydər Əliyevin zəngin irsinin, onun xalq, Vətən qarşısında misilsiz xidmətlərinin dərindən, hərtərəfli öyrənilməsinə və təbliğinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına yönəldilmiş genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir.

Ulu öndərimizin çoxşaxəli fəaliyyətində ölkənin iqtisadi, sosial və mədəni tərəqqisində mühüm amillərdən olan elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi məsələləri əhəmiyyətli yer tuturdu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz növbəsində bütün bu sahələrdəki layihələrin həyata keçirilməsinə, xüsusilə də dünya standartlarına cavab verən və ən müasir informasiya - kommunikasiya texnologiyaları ilə təchiz olunmuş məktəblərin tikintisinə, azərbaycançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik, layiqli vətəndaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardım edir.

"Humanizm və xeyirxahlıq missiyası" kitabında fondun çoxşaxəli fəaliyyəti, onun cəmiyyətimizdəki əhəmiyyətli rolu öz geniş əksini tapıb. Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın, hüquqşünas-alim Əli Eyvazovun, BDU-nun müəllimi Samirə Eyvazovanın, "Azərbaycan" qəzetinin şöbə redaktoru Xalid Niyazovun, əməkdar jurnalist Ənvər Məşədiyevin, yazıçı Sabir Hüseynovun və digərlərinin yazılarında bu çoxşaxəli fəaliyyətin ayrı-ayrı istiqamətləri konkret faktlarla dolğun işıqlandırılıb. Eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən ətraflı söz açılıb. Kitabdakı elmi-publisistik yazılarla tanışlıq oxucuda canlı təəssürat oyadır, böyük el məhəbbəti qazanmış Mehriban xanım Əliyevanın siyasi portreti göz önündə canlanır.

"Humanizm və xeyirxahlıq missiyası" kitabında haqlı olaraq qeyd olunur ki, cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın, savab əməllərin müqəddəs ünvanına çevrilməklə, zaman etibarı ilə o qədər də böyük olmayan müddətdə ümumxalq mənafeyi baxımından bir sıra strateji layihələri uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsi özündə ulu öndərimizin ali ideallarını parlaq şəkildə təcəssüm etdirir. Qloballaşmanın bütün dünyada qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət steoritiplərinin hakim olduğu bir dönəmdə Heydər Əliyev Fondu minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini nəinki qoruyub saxlamağa, onu inkişaf etdirməyə, bəşəri miqyasda tanınmasına və təbliğinə nail olmuşdur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir.

Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunur.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli ictimai qurumdur. Hərtərəfli və dinamik inkişaf yolunu tutan, daim yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Fondun fəaliyyətinin öncül sahələrindən biridir. Kitabın sanballı cəhətlərindən biri də budur ki, Mehriban xanımın millətin maraqlarını, dövlətin siyasətini hifz edən, strateji əhəmiyyət daşıyan xarici ölkələrə səfərlərini, səlahiyyətli şəxslərlə görüşlərini, məzmunlu çıxışlarını, ictimaiyyətlə ünsiyyətini əks etdirən çox maraqlı materiallarla da burada tanış olmaq olar. Məsələn, Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: "Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".

Təhsilə qayğı müxtəlif layihələr çərçivəsində həyata keçirilir. Fondun önəm verdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi həyatda baş verən yenilikləri təhsil sahəsinə yönəltməyə, yeni texnologiyaların tətbiqinə imkan verir. Hüquqşünas-alim Əli Eyvazovun kitaba yazdığı ön sözündə bu layihənin reallaşması istiqamətində görülən möhtəşəm işlər öz real təcəssümünü tapır. Müəllif yazır: "Yalnız səmimi vətənpərvərlik hissi Vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xamım Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir".

Filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva öz elmi-publisistik məqaləsində xoşməramlı səfir Mehriban xanım Əliyevanın YUNESKO-dakı fəaliyyətini geniş təhlil edir. Məhz bu yüksək tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırdığını önə çəkir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə apardığı ictimai fəaliyyətin beynəlxalq miqyasda qiymətləndirilməsi nəticəsində verilmiş xoşməramlı səfır statusunun şərəf və nüfuz çəkisinə xüsusi toxunaraq bildirir ki, ingiliscə qudvil ("goodwill") kimi səslənən bu sözün məna çalarları çoxdur. Lakin onun bir dəyişməz mənası var: mövcudluğu ilə insanlarda etibar, inam oyadan xoş məram, xoş niyyət. Bu sözün arxasında narahat, ziddiyyətli dünyanın insanlarım mənən yaxınlaşdırmaq, gözəlləşdirmək, əsrlərin miras qoyduğu mənəvi və mədəni sərvətləri bu gün də yaşatmaq amalı durur. Belə ki, müasir dünya nə qədər praqmatik, maddiləşmiş olsa da, mənəvi dəyərlər aktuallığını itirmir, insan amili, şəxsi münasibətlər, mədəni-mənəvi ənənələr böyük təsir gücünə malikdir. Professor Nərgiz Paşayeva vurğulayır ki, YUNESKO-nun məramı, iş prinsipləri sırf humanitar xarakterli sayılsa da, o BMT-nin struktur bölməsi kimi real beynəlxalq siyasətdən təcrid edilməyib. Azərbaycanın birinci xanımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllini, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemlərini YUNESKO-nun məramına uyğun deyim və təbliğat vasitələrindən istifadə etməklə bir daha nüfuzlu tribunalarda mədəniyyət layihələri çərçivəsində qaldırır. Bununla da erməni işğalçılarına, soyqırımı siyasətinə qarşı növbəti diplomatik cəbhənin yaranmasına nail olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı xoş məramlar elçisi və nəcib əməllərin davamçısı adlandıraraq yazır: "Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübut və bütün xanımlarımız üçün örnəkdir. Onun fəaliyyəti möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır. Azərbaycanın birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə qadınlarımızın haqq isinin önündə getməyə və ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir".

Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyü işlər göz qabağındadır. Xüsusən, onun xeyriyyəçilik işləri, ehtiyacı olanlara hədsiz qayğısı cəmiyyətdə minnətdarlıqla qarşılanır. "Humanizm və xeyirxahlıq missiyası" kitabında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yüksək həyat amalını bir daha parlaq təcəssüm etdirən aşağıdakı fikirləri öz əksini tapıb: "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O öz, dərdi ilə, öz problemləri ilə təkbaşına qalır və ona elə gəlir kir heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq".

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri neçə-neçə xəstə uşağa şəfa ilə bərabər ümid, inam da bəxş edib. Belə layihələrin sayı yetərincədir. Məsələn, Heydər Əliyev Fondu kor və ya görmə qabiliyyəti zəif olan insanlara, xüsusən də uşaqlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından istifadəni zəruri sayır və bununla bağlı layihə həyata keçirir. Üç mərhələdən ibarət olan layihə BMT-nin İnkişaf Proqramı ilə birgə reallaşdırır.

"Humanizm və xeyirxahlıq missiyası" kitabında bütün bu məsələlər geniş və ətraflı əksini tapıb. Əminik ki, bu sanballı kitabı oxuyan oxucu Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini, onun liderlik keyfiyyətlərini, çalışdığı bütün sahələrdə yorulmaq bilmədən apardığı işin müxtəlif aspektlərini yaxşı dərk etmək imkanı əldə edəcəkdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri ortaq bir xətt birləşdirir - humanizm, insanpərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir.

Yazımı Mehriban xanım Əliyevanın fəaliyyətini təcəssüm etdirən bu fikirlə bitirmək istərdim: Xalqını sevdiyi qədər xalqı tərəfindən sevilən insan, görkəmli şəxsiyyət.


Xəlil İsmayılov,
Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı,
tarix elmləri doktoru, professor

Azad Azərbaycan.- 2008.- 12 dekabr.- № 181.- S. 5.