Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müxtəlif ölkələrin din xadimləri ilə görüşmüşdür


Azərbaycanda səfərdə olan müxtəlif ölkələrin din xadimləri iyulun 6-da Heydər Əliyev Fondunda olmuşlar.

Fondla tanışlıqdan sonra qurumun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qonaqlarla görüşmüşdür. Mehriban xanım Əliyeva onları ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun olduğunu bildirdi.

Qurumun prezidenti Fondun artıq beş ildir ki, fəaliyyət göstərdiyini və onun yaranma ideyasının dahi şəxsiyyət Heydər Əliyevə məxsus olduğunu söylədi. Mehriban xanım vurğuladı ki, Fond yaranan gündən ümummilli liderin həyatının ən başlıca amalı olan Azərbaycana xidmət etməyi qarşısına əsas məqsəd kimi qoymuşdur. Qurum təhsil, səhiyyə, mədəniyyət, elm, gənclərə yardım və bir çox sahələrdə müxtəlif layihələr həyata keçirir.

Mehriban xanım əlavə etdi ki, Fondun ünvanına daxil olan məktubların heç biri cavabsız qalmır. Fondun əsas vəzifəsi insanlara və ilk növbədə köməyə ehtiyacı olanlara xidmət etməkdir.

Qurumun prezidenti Azərbaycanda həmişə dini dözümlülüyün olduğunu qeyd edərək, yarandığı gündən Fondun tolerantlığın qorunmasına istiqamətlənən layihələrə böyük önəm verdiyini vurğuladı. Mehriban xanım Əliyeva bildirdi ki, rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə ölkədə məscidlər tikilir. Fond pravoslav və katolik kilsələrə də lazımi yardımı göstərir.

Dini dözümlülüyün əsas məqsədlərimizdən biri olduğunu deyən Heydər Əliyev Fondunun prezidenti Təzəpir məscid kompleksinin açılışında iştirak etmək üçün Bakıya gəlmiş din xadimlərinin gözəl paytaxtımızla tanış olacaqlarına ümidvar olduğunu bildirdi. Mehriban xanım Əliyeva inamın ürəklərdə yaşadığını deyərək, məscidin açılışını xoş hadisə kimi dəyərləndirdi.


Xalq qəzeti.- 2009.- 7 iyul.-№ 145.-S. 5.