Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun layihələrinin coğrafi məkanı genişlənir

Mehriban xanım Əliyeva: “Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir”


Əsrlər boyu dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınan Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu ilə diqqətdədir. Bu dəyərlərin dünya miqyasında daha geniş sferada təqdimi dünyanın ölkəmizə diqqətini daha da artırır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dəyərlərinin, tarixi reallıqlarının təbliği istiqamətində gördüyü işlər bu diqqət və marağın genişlənməsində önəmlidir. “Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir” - deyən Mehriban xanım Əliyeva milli dəyərlərimizi irimiqyaslı layihələri çərçivəsində həyata keçirir. Həqiqətən də, mədəniyyət və incəsənət ölkə həqiqətlərinin təqdimində bir açardır. Belə ki, həm sənət nümayiş etdirilir, həm də Azərbaycan həqiqətləri sənətin müxtəlif növləri vasitəsi ilə dünya ictimaiyyətinə təqdim olunur. İncəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır.

Fondun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan şaxəli layihələr dünya xalqlarını Azərbaycana daha da yaxınlaşdırır. Müxtəlif məzmunlu tədbirlər çərçivəsində həyata keçirilən layihələrdə Mehriban xanım Əliyeva bir ideyanı gerçəkləşdirir: Azərbaycanı təbliğ etmək. Fondun fəaliyyəti dövrünə nəzər salsaq, nə qədər sayda bu məqsədlə layihələrin həyata keçirildiyinin şahidi olarıq. Təkcə son ayda reallaşan tədbirlərin əsasında Azərbaycanın panoraması kifayət qədər aydın görünüb. Belə ki, Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi fondun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb edir. Parisin məşhur Salomon de Rotşild malikanəsində açılan bu sərgi Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqlədi. Sərgi Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətini aldı. Sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirirdi.

Layihələr Fransanın Azərbaycan ilə tanışlıq coğrafiyasının genişlənməsində əhəmiyyətlidir. Azərbaycan icmasının Fransada az olmasına baxmayaraq, çox qədim tarixə malik ölkəmiz barədə müəyyən təsəvvürlər əldə etdiklərini və fransızların Azərbaycanla tanışlığa xüsusi diqqət ayırırılar. Onu da bildirək ki, Fransanın müxtəlif ali məktəblərində yüzlərlə azərbaycanlı gənc təhsil alır, Qafqazda ilk dəfə olaraq Bakıda fransız məktəbinin təməli qoyulub.

Fransada sərgilər, festivallar və konsertlərin təşkili Azərbaycanı təkcə yeraltı sərvətləri ilə deyil, həm də bu yeraltı sərvətlərdən daha zəngin tarixi-mədəni irslərə malik ölkə olduğunu dünya ictimaiyyətinə təqdim edir. Ölkəmizi Avropada, o cümlədən, dünyanın mədəniyyət beşiyi hesab edilən Fransaya təqdimi, təbii ki, böyük sənətin üzə çıxarılması deməkdir. Belə məzmunlu tədbirlər Azərbaycanı təkcə neft və qazla zəngin bir ölkə kimi tanıtmır. Ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu göstərir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərginin əhəmiyyətinə gəlincə bildirək ki, Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgini təşkil edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təntənəli açılışı olan sərginin əhəmiyyətini artıran ən mühüm cəhət də məhz bu amillə bağlıdır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və svilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunması idi. Sərgidə ilk insan məskənlərindən biri - Azərbaycan ərazisində tapılan arxeoloji materiallar nümayiş etdirildi. Təqdim olunan eksponatların hamısı Azərbaycanın mədəniyyətini və həyat tərzini layiqincə təmsili idi desək, fikrimizdə yanılmarıq. Müxtəlif sənətkarlıq nümunələrinin silahların, zinət əşyalarının və qədim misgərlik məmulatlarının nümayiş olunduğu sərgidə UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğam sənətinə və musiqi alətlərimizə də geniş yer ayrıldı. Qədim əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar isə ölkəmizdə tolerantlıq ənənələrinin nə qədər güclü dayaqlara söykəndiyini bir daha göstərdi. Coğrafi mövqeyinə, naxış kompozisiyasına, rənglərin ahənginə və texniki xüsusiyyətlərinə görə, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu xalçalar milli və dünyəvi dəyərləri ilə qonaqlara təqdim olundu.

Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı ölkələrimiz arasında əməkdaşlığın bir hissəsi olmaqla bərabər, dahi Nizaminin yaradıcılığının dünya ədəbiyyatına verdiyi töhfələri baxımından əhəmiyyətlidir. Əlbəttə ki, Nizamini İtaliyada yaxşı tanıyırlar. Onun əsərləri italyan dilinə tərcümə edilib, bütün yaradıcılığı bəşəri əhəmiyyət daşıyır. Nizami yaradıcılığı yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçilir. Hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədibləri Nizaminin əsərlərinə müraciət etmişdilər.

Heydər Əliyev Fondunun bu missiyası, demək olar ki, geniş coğrafi məkanı əhatə edib. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Ötən il ölkəmizdə keçirilən “Eurovision-2012” Mahnı Müsabiqəsinin iştirakçı dövlətlərində 9-18 yaşında fiziki qüsurlu məktəblilər arasında keçirilən “Mən Azərbaycanı kəşf edirəm” beynəlxalq inşa müsabiqəsinin 18 nəfər qalibinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizə səfəri Azərbaycanın tanıdılması istiqamətində daha bir addım kimi qiymətini aldı. Bu tədbirlər, layihələr Azərbaycanın milli dəyərləri, mədəniyyəti, incəsənəti və tarixinin təbliği ilə yanaşı, ölkələrarası mədəniyyət və qarşılıqlı münasibətlərin inkişafında önəmlidir.


Nəzakət Ələddinqızı

Səs.- 2013.- 5 mart.- № 41.- S. 4.