Çap etmək   ⁞     ⁞   Fond haqqında

Böyük Qayıdışa Heydər Əliyev Fondu öz töhfələrini verir

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib

Ermənistanın otuz ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal altında olan ərazilərimiz darmadağın edilib, erməni vandallığına və təcavüzünə məruz qalıb, o məkanlardakı misilsiz mədəni irsimizə çox böyük ziyan dəyib. Yüzlərlə tarixi abidənin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması erməni əməllərini bir daha dünyaya təqdim etdi. Artıq işğaldan azad olunan ərazilərimizin, tarixi-dini, mədəni abidələrimizin təmir və bərpası uğurla həyata keçirilir. 

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. Vurğulamaq lazımdır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinə 2021-ci ilin noyabr ayından başlanılıb. Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Yuxarı Gövhər Ağa məscidində konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir. Bərpa prosesi Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə aparılır. Bugünədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb. Qeyd edək ki, Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid olan Yuxarı Gövhər Ağa məscidi Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Verşaginin təsvir etdiyi məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Həmin məscid bizim dövrümüzə yaxşı saxlanmış vəziyyətdə çatmışdır. Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra məscid qismən dağıdılmış, interyerləri demək olar ki, məhv edilmiş, minarələrinin dekoru zədələnmiş və çadırvari örtükləri dağıdılmışdır. Hazırda Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri davam etdirilir. Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. 

Heydər Əliyev Fondunun Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir Hacıbəylinin heykəlinin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Mehmandarovların da malikanəsi, məhz ermənilərin çirkin niyyətlərinin qurbanı olub. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Bəli, bu gün dağıdılmış ərazilərin bərpası və yenidən qurulması istiqamətində abadlıq-quruculuq işləri aparılır. Bu Böyük QAYIDIŞA Heydər Əliyev Fondu da töhfələrini verir.

Zümrüd Bayramova

Səs.-2022.-29 sentyabr.-№177.-S.4.