Çap etmək   ⁞     ⁞   UNESCO

YUNESKO və Azərbaycan güclü əməkdaşlıq imkanları yaradıb

Azərbaycanın BMT-nin ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq edir. Belə təşkilatlardan biri YUNESKO-dur

YUNESKO elm, təhsil və mədəniyyət üzrə BMT təşkilatıdır. Bu təşkilat son illərdə informasiya və kommunikasiya sahəsində də fəaliyyətini qurub. Təşkilatın yaradılmasında məqsəd adıçəkilən sahələr üzrə hökumətlərarası əməkdaşlığı gücləndirməkdir.

YUNESKO 16 noyabr 1945-ci ildə Londonda təsis edilib. Bir il sonra təşkilat 20 üzv dövlətlə fəaliyyətə başlayıb. YUNOSKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının məlumatına əsasən hazırda təşkilat 195 ölkə və 10 Assosiativ Üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, YUNESKO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.

YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.

Baş Konfrans YUNESKO-nun ali orqanıdır. Konfransın iclasları iki ildən bir keçirilir. Əhalisinin sayından və ya büdcəyə verdiyi vəsaitin həcmindən asılı olmayaraq, hər üzv dövlət bir səsə malikdir. Baş Konfrans təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

İcraiyyə Şurası YUNESKO-nun icra orqanıdır. O, Baş Konfransın işini təşkil edir və onun qərarlarının düzgün icra olunmasına nəzarət edir. Şuranın funksiya və vəzifələri Nizamnamə ilə və Baş Konfransın qayda və direktivləri ilə müəyyən olunur. Şuranın 58 üzvü var və onlar Baş Konfrans tərəfindən, əsasən, təmsil etdikləri mədəniyyətlərin müxtəlifliyi və mənsub olduqları coğrafi məkan əsasında seçilir. İcraiyyə Şurasının iclasları ildə iki dəfə keçirilir.

Katiblik YUNESKO-nun daimi fəaliyyət göstərən orqanıdır və Fransa Respublikasının Paris şəhərində yerləşir. Burada YUNESKO-ya üzv olan 170 dövlətin vətəndaşı çalışır.

YUNESKO-nun baş direktoru vəzifəsini 2017-ci ilin 15 noyabr tarixindən xanım Odre Azule (Fransa) icra edir.

YUNESKO Parisdəki baş qərargahından əlavə, dünyanın müxtəlif ölkələrindəki regional büroları, institutları və mərkəzləri ilə geniş şəbəkəyə malikdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində YUNESKO-ya üzv qəbul edilib.1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyev Fransaya rəsmi səfəri çərçivəsində UNESKO-nun baş direktoru Federiko Mayorla görüşüb. Görüşün sonunda Federiko Mayor Heydər Əliyevə YUNESKO-nun xatirə medalını təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılıb və Azərbaycan Prezidenti H.Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Xarici İşlər Nazirliyiyanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti" sözləri ilə əvəz edilib və Milli Komissiyanın tərkibi müəyyənləşdirilib. Azərbaycan Prezidentinin 10 mart 2015-ci il tarixli Sərəncamı ilə Milli Komissiyanın tərkibində bir sıra dəyişikliklər edilib. Həmçinin Azərbaycan Prezidentinin 11 iyul 2016-cı il tarixli Sərəncamı ilə 2005-ci il Sərəncamına növbəti dəyişikliklər olunub.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Elmar Məmmədyarovdur.

Azərbaycan Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi təsis edilib və Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunub (2004-2014). 23 may 2014-ci il tarixindən Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimovdur.

Azərbaycan ilə YUNESKO arasında uğurlu əməkdaşlığın inkişaf etdirilməsində, xalqımızın zəngin mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ edilməsində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın əvəzedilməz xidmətləri var. M.Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir. M.Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə YUNESKO tərəfindən 2004-cü ilin sentyabrında YUNESKO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülüb. Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer almaqdadır.

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban Əliyeva 2008-ci ildə keçmiş baş direktor Koiçira Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib

2013-cü il iyulun 18-də YUNESKO-nun baş qərargahında Azərbaycanın YUNESKO-ya üzv olmasının 20 illik yubileyi ilə əlaqədar, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə təntənəli tədbirlər keçirilib. Azərbaycan hökuməti tərəfindən 20 illik yubiley münasibətilə təşkilatın daxili həyətində yerləşdirilən daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilən sərginin açılış mərasimi keçirilib. Tədbirdə YUNESKO- nun baş direktoru İrina Bokova və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış edib. Təbrik iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanıb.

2015-ci ilin noyabrın 17-də YUNESKO-nun Nizamnaməsinin qəbulunun 70 illiyi münasibətilə Parisdə, təşkilatın baş qərargahında YUNESKO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Heydər Əliyev Fondu və YUNESKO arasında əməkdaşlıq çərçivəsində bir sıra sazişlər imzalanıb.

18 iyun 2007-ci il tarixində Heydər Əliyev Fondunda "BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair" Saziş imzalanıb.

19 mart 2009-cu il tarixində Heydər Əliyev Fondu və YUNESKO arasında qeyri-maddi mədəni irsin qorunması üzrə strateci hədəflərə nail olmaq məqsədi ilə Əməkdaşlıq sazişi bağlanıb.

27 oktyabr 2011-ci il tarixində YUNESKO ilə Azərbaycan arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədilə maliyyə yardımı ilə bağlı saziş imzalanıb.

18 iyul 2013-cü ildə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və YUNESKO-nun Baş Direktoru İ.Bokova tərəfindən "Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi" bağlanıb. Sazişdə nəzərdə tutulan və Azərbaycanın təşkilat üçün ayıracağı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində YUNESKO-nun işini möhkəmləndirəcək, eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına və Azərbaycan maraqlarının təşkilatda qorunmasına şərait yaradacaqdır.

Hazırda Azərbaycan YUNESKO-nun 4 alt-qurumunda təmsil olunur.

Bunlar İnsan və Biosfer Komitəsi (2015-2019), Fiziki Təhsil və İdman üzrə Hökumətlərarası Komitə (2015-2019), Ümumdünya İrs Komitəsi (2015-2019) və Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsidir (2015-2019).

2017-ci ildə YUNESKO üzrə Azərbaycam Milli Komissiyası fəaliyyətini davam etdirərək müxtəlif sahələr üzrə bir sıra layihə və tədbirlər həyata keçirib.

İl ərzində ölkəmiz YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında, komitə iclaslarında, YUNESKO üzrə Milli Komissiyaların tədbirlərində fəal təmsil olunub.

2017-ci ildə Azərbaycanın YUNESKO-ya üzvlüyünün 25 illiyi münasibətilə ölkədə və YUNESKO baş qərargahında bir sıra tədbirlər keçirilib.

Ötən ilin dekabrında Koreya Respublikasının Cecu adasında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası baş tutub. YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına təqdim olunan ölkəmizin iki nominasiyası "Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi" və "Simli musiqi aləti Kamança, onun düzəldilməsi və ifaçılığı sənəti" (İran İslam Respublikası ilə birgə irəli sürülüb) Komitə tərəfindən nəzərdən keçirilərək qəbul edilib.

Vasif Cəfərov

Ekspress. - 2018.- 12 aprel. - № 64. - S. 10.