Çap etmək   ⁞     ⁞   UNESCO

UNESCO-nun ideyalarına sədaqət nümunəsi olan xoşməramlı səfir

Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinin 13 ili tamam olur

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsinin 13 ili tamam olur. Həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə layiq görülüb.

UNESCO-nun prinsiplərinə hər zaman sadiq olan Mehriban xanım Əliyeva hələ bu təşkilatın xoşməramlı səfiri təyin olunmazdan əvvəl mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti, milli-mədəni irsimizin qorunması və təbliği ilə bağlı gördüyü işlərlə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda rəğbət qazanıb. Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması sahəsində geniş fəaliyyət göstərən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Onun rəhbərlik etdiyi Fondun dəstəyi ilə müxtəlif illərdə muğam müsabiqəsi, uşaq musiqi festivalı, caz festivalı və digər mədəni tədbirlər keçirilib. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin daha geniş təbliğ olunması məqsədilə 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində dərc olunan, dünyanın onlarla ölkəsində yayılan “Azərbaycan - İrs” jurnalını təsis edib.

Şübhəsiz, Mehriban xanım Əliyevanın mədəniyyətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır.

Fond mütəmadi olaraq Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Məsələn, hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar dünya musiqisinin ən möhtəşəm nümunələrini dinləməklə yanaşı, Azərbaycan musiqisinin gözəl inciləri ilə də tanış olur, xalqımızın musiqi mədəniyyəti barədə aydın təsəvvür əldə edirlər. Həmçinin Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğamımızı dünyaya tanıdıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə təşkil edilib. Bakıda keçirilən bu tədbir müasir musiqi mədəniyyətimizin və müsabiqənin tarixinə parlaq səhifə kimi daxil olub.

Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib.

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Ölkəmizin UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq hazırda çox yüksək səviyyədədir. Heç şübhəsiz, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu var. UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura AZƏRTAC-a müsahibəsində deyib ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi: “Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir. O, Qeyri-maddi mədəni irs üzrə yeni Konvensiyanı nəinki Azərbaycanda, həmçinin dünyanın digər yerlərində böyük uğurla təşviq edir. Hazırda Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya 160-dan çox ölkə tərəfindən ratifikasiya olunub. Daha məşhur beynəlxalq Konvensiya 190 ölkənin ratifikasiya etdiyi Dünya irsi Konvensiyasıdır. Son zamanlar Qeyri-maddi mədəni irs üzrə konvensiya Dünya irsi üzrə Konvensiyaya böyük sürətlə çatmaqdadır. Şübhəsiz, bu işdə Mehriban Əliyevanın xüsusi əməyi var və o, yeni Konvensiyanın təşviqinə çox mühüm töhfələr verib”.

UNESCO-nun baş direktoru İrina Bokova da Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO əlaqələrinə və dünya mədəniyyətinə töhfələrini yüksək qiymətləndirib.

Bir sözlə, Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Məhz onun səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyəti yalnız qeyri-maddi mədəni irsin qorunması və təbliği ilə məhdudlaşmır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.

Heydər Əliyev Fondu, həmçinin istər ölkəmizdəki, istərsə də dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin təmirini və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının, II Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpası və Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri bu qəbildən olan işlərdir. Bütün bunlar Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Fondun mədəniyyətlərarası dialoqa verdiyi əməli töhfələrin göstəricisidir. Məhz mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətləri yüksək qiymətləndirilərək Mehriban Əliyeva UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülüb.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. Məhəmməd Füzulinin 500 illik, Kitabi-Dədə Qorqud dastanın 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib.

Mehriban xanım Əliyevanın UNESCO-nun mənzil-qərargahında xoşməramlı səfirlərin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, UNESCO-nun dünya mədəniyyətinin inkişafında rolu, təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları da böyük maraqla qarşılanır. Fondun prezidenti həmin tədbirlərdə diqqəti həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, UNESCO-nun mötəbər tribunasından Azərbaycan həqiqətlərinin çatdırılması üçün bacarıqla istifadə edir.

UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə gerçəkləşən mədəni tədbirlər, Azərbaycanın inkişafı, tarixi, mədəniyyəti ilə bağlı təqdimatlar, ölkəmizin mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə bir-birindən maraqlı nəşrlər, kataloqlar da ölkəmizin tanıdılması baxımından böyük önəm daşıyır. Azərbaycanın tanınmış incəsənət ustalarının, eləcə də gənc istedadların UNESCO-nun iqamətgahında möhtəşəm çıxışları isə Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini bir daha nümayiş etdirir.

Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfirləri arasında çox böyük nüfuzu var. Qurumda daim nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir, onun gördüyü işləri xoşməramlı səfirlər üçün örnək hesab edirlər. Əslində, onun UNESCO-nun xoşməramlı səfiri kimi fəxri missiyası elə beynəlxalq ictimaiyyət tərəfindən göstərilən nadir etimaddır.

Heç şübhəsiz, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən bütün bu işlər dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

AZƏRTAC
2017, 13 avqust