Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu: Xeyirxahlıq ocağı, ümid yeri

Məsuliyyətlərimizdən qaça bilərik, amma qaçışın sonuclarından qaça bilmərik.

J.Ç.Stamp,
ingilis iqtisadçısı, araşdırmaçı-yazar

Yeni təqvim ilinin ilk günlərini yaşayırıq. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində bir-birimizi aradıq, təbriklərimizi çatdırdıq, xoş arzular ifadə etdik. Ənənəmizə uyğun, bu bayram günlərində də hər birimiz fərdi xeyirxahlıq örnəklərini yaşadıq. Elə bu mövzudan çıxış edərək xeyirxahlıqdan söz açmaq istərdim. Etiraf edək ki, son illərədək bizdə belə bir təsəvvür vardı ki, xeyirxahlıq sanki Hacı Zeynalabdin Tağıyevin adında və dövründə qalıb. Amma Hacıdan öncə və sonra da, xalqımız xeyirxah əməlləri ilə fərqlənib. Əlbəttə, xeyirxahlıq xalqımızın ruhunda, xarakterindədir. Amma institutlaşmış xeyriyyəçilik Heydər Əliyev Fondunun təsis olunması ilə çiçəklədi. Azərbaycan xeyirxahlığı (xarakteri də adı kimi olan) ¬Mehriban xanımın adı ilə Günəş kimi yenidən doğdu.
 
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fondun ictimai-mədəni həyatımıza daxil olduğu günü Azərbaycan xeyirxahlıq institutunun bərpası günü də saymaq olar. Bütün digər xidmətləri, məziyyətləri öz yerində, yalnız bu cəhəti ilə belə Heydər Əliyev Fondu yeni dövr Azərbaycan tarixində özünəməxsus yer qazanmağı dərindən haqq etmişdir.

Əhalinin həssas qruplarının – uzun sürən, yaxud sağaldılması çox çətin olan xəstəliklərdən əziyyət çəkənlərin, valideynləri tərəfindən atılmışların, təbii fəlakətlərdən zərər çəkmişlərin, istedadlı balalarımızın, dəstəyə ehtiyac duyan qocaların ümid yeri, inam ünvanı Heydər Əliyev Fondudur. Mehriban xanım həm fondun, həm də özünün adına layiq işlərə imza atır. İstər ucqar qəsəbələrimizə, istərsə də xarici səfərlərdə Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın xeyirxahlıqları haqqında əfsanələşmiş faktları, həm sadə adamların, həm də ziyalıların dilindən eşitmək çox xoşdur, könülaçandır.

Bəli, Fond adına yaraşan miqyasda layihələr icra edir. Heydər Əliyev Fondu hansısa siyasi səbəbləri, ötəri hissləri, dini, milli və s. mənsubiyyəti qabartmır, köməyə, dəstəyə ehtiyacı olanları isti ürəklə qarşılayır, hamının ümid yeri, xeyirxahlıq ocağı olduğunu sübut edir və beləliklə də, könül bayrağı dalğalandırır, danılması mümkün olmayan faktların təntənəsini yaradır! Özü də heç bir qarşılıq gözləmədən, tam təmənnasız şəkildə! Dünyada mövcud olan bir çox fondlardan fərqli olaraq, burada hər hansı missionerlik, altşüur istismarı və s. yoxdur. Fondun fəaliyyəti “yaradılanı Yaradan xatirinə sevmək” kəlamına, haqsızın qarşısında, haqlının yanında olmağa daha çox uyğun gəlir. Bu missiya mübarək missiyadır! Ümidlər belə mandat–  missiyalarla cücərir, diləklər çin olur, göy üzü qara buludlardan bu şəkillənmələrlə təmizlənir, Günəşin al-əlvan şəfəqləri görünür... Nəhayət, torpaq, hava, su sevinir, insanlıq sevinir, Tanrıya şükranlıqlar çoxalır...

Fondun saytında ən başda ümummilli liderin bu sözləri yer alır: “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”. Bu sözlər, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələrinin mahiyyətini, yeni nəsil kadrların yetişdirilməsinin, fərqli problemlərə baxışın fəlsəfəsini aydın ifadə edir. Gəlin, bir az yaxından tanış olaq. Fond:

–  Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək;

–  respublikanın və xarici ölkələrin fondları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr reallaşdırmaq;

–  yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək;

–  insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək;

–  Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək;

–  uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək kimi ülvi çalışmaları özünün məqsədi elan edib.

Artıq sirr deyil ki, bu məqsəd elanı adi kağız üzərində və ya bilgisayar ekranında oxuduqlarımızdan (necə deyərlər, elanlıqdan) çoxdan çıxıb və gerçək müstəvi üzərində maddiləşib, insanlarımızın üzüntüsünü yox etmək, uğurlarını artırmaq üçün qoca çinar kimi qol-qanad gərib. Bu çinarın kökü dərinlərdən, başı səmadan – mavi buludlardan su içir.

Azərbaycana, azərbaycanlılara diqqətəlayiq xidmətdə zəngin keçmiş qazanmış Fond, ölkəmizin həqiqətlərini xaricdə yaymaqla şöhrət qazanıb. Avropada, Asiyada, yaxında –  uzaqda Heydər Əliyev Fondunun adı-sanı var, xeyirxah əməlləri dillərə düşüb.

Hacı Zeynalabdin Tağıyevin bir əsr bundan öncə göstərdiyi tarixi xeyirxahlıq dəstəyinin pakistanlılar tərəfindən unudulmadığını bilirik. Çağdaş dönəmdə isə Heydər Əliyev Fondu, Azərbaycan xeyirxahlıq məktəbini özünəməxsus şəkildə qardaş Pakistanda məktəb xeyirxahlığı ilə davam və inkişaf etdirdi. Bununla da, xalqımızın xeyirxahlığının ötəri olmadığını, yaşadığını, yeni naxışlar qazandığını nümayiş etdirmiş oldu.

Ölkə xaricində isə elə son üç-dörd il ərzində gerçəkləşdirilmiş və yalnız adına diqqət edəcəyimiz yaddaqalan çalışmalar (müsbət nəticələnmiş layihələr) belə zəngin təəssürat yaratmaq gücündədir:

– Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu,

– 58-ci Venesiya Biennalesində Azərbaycan pavilyonu,

– “Ağrı” romanı,

– Pekində Azərbaycan– Çin dostluq konserti,

– Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (Tbilisi, Berlin, London, Vatikan, Roma, Varşava, Paris),

– Moskvada “Yeddi gözəl” sərgisi, Nəsimi festivalı, Nəsiminin büstü, “Azərbaycanın payız sovqatları” adlı şəhərcik,

– Həştərxanda Azərbaycan Biznes Mərkəzi,

– Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi,

– Kannda Azərbaycan mədəniyyəti günləri –  2017,

– Fransada “Azərbaycan parkı” və Xurşidbanu Natəvanın abidəsi,

– 57-ci Venesiya Biennalesində Azərbaycan pavilyonu,

– Moskvada “Abşeron ulduzları. 1960– 1980-ci illərin Azərbaycan rəssamları” sərgisi,

– Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli,

– VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı,

– Parisdə “Azərbaycan şəhərciyi” – 2016,

– Kannda Azərbaycanın təbliği ilə bağlı sərgilər – 2016,

– Belçikada Xurşidbanu Natəvanın abidəsi...

Azərbaycanın təbliği işi Fondun fəaliyyətinin yalnız bir istiqamətidir. Fondun digər istiqamətləri də bunun qədər dəyərlidir, vacibdir və təxirəsalınmazdır. Bir anlığa düşünək: Heydər Əliyev Fondu olmasaydı, bu təxirəsalınmazlıq necə təzahür edəcəkdi? Açığı, bunu təsəvvür etmək, şəxsən mənim üçün o qədər də asan deyil.

Kütləvi informasiya vasitələrində axtarış verdikdə, Heydər Əliyev Fondu haqqında çoxsaylı bilgilər, internet resursları ilə qarşılaşırıq. Fondla bağlı informasiyaların yalnız bir hissəsini oxucuların diqqətinə çatdırmaqla, həyata keçirilən fəaliyyətlərin coğrafiyasını, janrını, kateqoriyasını aydın görmək mümkündür. Fond özünəməxsus unikallığı ilə seçilir və onu ən yaxşı təqdim etmək üçün bir söz axtarsaq, o söz, “fenomen” olardı. Bu təyini şərtləndirən məqamlardan biri də, Fondun fəaliyyətindəki arasıkəsilməzlik və artan templə çalışma, böyümə əzmidir.

Xronoloji ardıcıllıqla mediamızda yazılanların bir qisminə diqqət edək:

– Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edəcək (10 sentyabr 2008);

– Heydər Əliyev Fondu böyrək çatışmazlığı olan xəstələr üçün hemodializ aparatları alıb (6 noyabr 2009);

– Heydər Əliyev Fondunda “Muğam aləmi” nəşrinin təqdimatı olub (11 noyabr 2009);

– Horadiz sakinləri Heydər Əliyev Fonduna minnətdarlıq ediblər (9 iyul 2013);

– Rusiyalı şair Heydər Əliyev Fonduna müraciət etdi (13 avqust 2013);

– Heydər Əliyev Fondu cəbhə rayonunda uşaq bağçaları tikdirir (5 mart 2014);

– Heydər Əliyev Fondu Sumqayıtda “Şəhidlər xiyabanı” kompleksini təmir etdirəcək (28 mart 2014);

– Heydər Əliyev Fondu “Qabusnamə”ni iki dildə nəşr etdirib (10 may 2014);

– Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda uşaq bağçaları tikilir (24 may 2014);

– Heydər Əliyev Fondundan ağır xəstəliyə tutulan jurnalistə vacib dəstək (25 may 2015);

– Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər üzərində əməliyyatlar aparılır (5 oktyabr 2015);

– Heydər Əliyev Fondu xərçəngdən əziyyət çəkən rejissora yardım göstərəcək (12 sentyabr 2016);

– Heydər Əliyev Fondu Braziliya Senatına kitablar hədiyyə etdi (25 noyabr 2016);

– Heydər Əliyev Fondu 165 mindən çox aztəminatlı ailəni sevindirib (29 dekabr 2016);

– Heydər Əliyev Fondu uşaq evində böyüyən gənclərə toy etdi (5 mart 2017);

– Heydər Əliyev Fondunun cəbhə bölgəsindəki humanitar missiyası... (21 aprel 2017);

– Heydər Əliyev Fondu köçkünün evinin sökülməsinin qarşısını aldı (18 oktyabr 2017);

– Heydər Əliyev Fondu Qardabani rayonuna “Təcili tibbi yardım” maşını hədiyyə edib (16 iyun 2018);

– İşıq sürəti ilə hasil olan işıqlı məkanlar –  Heydər Əliyev Fondundan yayılan ZİYA (25 sentyabr 2018);

– Heydər Əliyev Fondunun nümayəndələri zəlzələ bölgəsində (6 fevral 2019);

– Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicə xərclərini öhdəsinə götürdü (8 fevral 2019);

– Fuad Muradov Heydər Əliyev Fondunun hədiyyəsini Gürcüstan azərbaycanlılarına çatdırdı (5 aprel 2019);

– Heydər Əliyev Fondu Pakistanın qızlar məktəbinə hədiyyələr göndərib (5 aprel 2019);

– Aprel şəhidinin övladı Heydər Əliyev Fondunda işə qəbul olunub (5 aprel 2019);

– Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikdirib (13 iyun 2019);

– Heydər Əliyev Fondundan aktyorun müalicəsinə dəstək (20 iyun 2019);

– Heydər Əliyev Fondu sosial layihələr müsabiqəsi keçirəcək (2 iyul 2019);

– Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu (17 iyul 2019);

– Heydər Əliyev Fondundan şəhid oğlunun müalicəsinə dəstək (24 sentyabr 2019);

– Heydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdü (5 noyabr 2019);

– Heydər Əliyev Fondu şəkər xəstələrinə yardım edəcək (14 noyabr 2019);

– Heydər Əliyev Fondu daha bir “Aprel şəhidi”nin ailəsini sevindirdi (18 dekabr 2019);

– Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatları çatdırıb (27 dekabr 2019)...

Bu informasiyaların başlıqlarını niyə xatırladırıq? Bilirsiniz, ictimai fikir və yaxud ictimai fikrə ötürülən impulslar özü də, toplumda məmnunluq, ümid, inam aşılayır, sabitlik əmsalını artırır, inkişafa səsləyir. Üstəlik, bu başlıqlar belə onu göstərir ki, Heydər Əliyev Fondu ardıcıl, ciddi, çoxfunksiyalı çalışma sahəsində sabitqədəmdir və davamlı informasiya mübadiləsini vacib bilir. Bu, özlüyündə həm hesabatlılıq, həm də trendlər yaratmaq imkanını ifadə edir. Bu, ictimai müraciətlər üçün açıq qapı siyasətinin də özünəxas ifadəsi olduğunu da düşünürəm.

Heydər Əliyev Fondunun saytında “Beynəlxalq mətbuat”, “Press-relizlər” bölmələri, habelə zəngin “Foto”, “Video” bölümləri sırf bu planda dediklərimizi, bir daha təsdiq edir. Doğrusu, respublikamızda, hətta yaxın bölgədə belə bu miqyasda fəaliyyət göstərən və onun ictimai fikirlə, kütləvi informasiya vasitələri ilə sistemli işi timsalında çalışması olan hansısa bir fondun varlığını xatırlamıram. Nə gizlədək, bəzən dövlət büdcəsindən maliyyələşən hansısa mərkəzi icra hakimiyyəti orqanımızın bu qədər mediaya açıqlığını, hesbatalılığını, gur çalışma əzmini görmürük. Deməli, Heydər Əliyev Fondunun, fondun törəmə qurumlarının (məsələn, 12 fevral 2016-cı il tarixdə təsis olunmuş “Regional İnkişaf” İctimai Birliyinin media siyasəti, əlçatanlığı da, özlüyündə bir örnək təşkil edir.

 Heydər Əliyev Fondunun digər fəaliyyət istiqamətlərinə nəzər salaq.

– Elm və təhsil sahəsində:

“Uşaq evləri və internat məktəblərinin inkişafı”,

“Yeniləşən Azərbaycana yeni məktəb”,

“Təhsilə dəstək”,

“Məktəbəqədər təhsil müəssisələrinin inkişafı”,

– Səhiyyədə:

“Diabetli uşaqlara ən yüksək qayğı”,

“Talassemiyasız həyat naminə”,

“Tibb müəssisələrinin yenidən qurulması və inşası”,

“Xeyriyyə aksiyaları”,

– Mədəniyyət sferasında:

“Mədəniyyət obyektləri və tarixi mədəniyyət abidələri”,

“Musiqi layihələri”,

“İncəsənət festivalları və sərgilər”,

“Tolerantlığın ünvanı – Azərbaycan” və s.,

– Sosial,

– İdman,

– İKT,

– Ətraf mühit,

– Nəşrlər...

Bəli, müstəqil Azərbaycanımız belə çoxfunksiyalı, çoxşaxəli çalışma həyatına malik bir fonda sahibdir. On beş ildir ki, adı Azərbaycanın adı ilə qoşa çəkilən bir fonda!

Fond haqqında rəsmi məlumatda oxuyuruq: “Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiridir”.

Bu yerdə, Fondun məqsədlərinə dair bilgiləri də (ixtisarla) oxucularımızla paylaşmağın faydalı olacağını düşünürəm:

–  Görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək;

–  Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək;

– Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək;

–  elmi tədqiqatların aparılmasına yardım etmək;

–  xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək;

–  uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək;

–  ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək;

–  Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək;

–  dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək.

Yəqin ki, Heydər Əliyev Fondundan danışarkən, “Xocalıya ədalət!” kampaniyası haqqında danışmadan keçmək düzgün olmazdı. “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası – Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir. Kampaniyaya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmışdır.

Kampaniya Xocalı soyqırımının (ümumən Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin) tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır.

Kampaniya, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması və özəlliklə də gənc nəsil tərəfindən unudulmamasına xidmət edir.

Üç dildə yayımlanan “justiceforkhojaly.org” portalından da tanış olduğumuz kimi, kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.

Leyla xanımın rəhbərlik etdiyi beynəlxalq kampaniya bir sıra ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı mərhələdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.

Ağrılı mövzuya həsr edilmiş bu məsuliyyətli kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəylik göstərməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir.

Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.

Əlbəttə, 15 ildən artıqdır belə gərgin fəaliyyət göstərən bir təsisat haqqında bir qəzet məqaləsində hər şeyi ehtiva etmək mümkün deyil.

Amma, ürəklə deyə bilirik: Heydər Əliyevin adını daşıyan Fond bax, belə olar!

Cəsarətlə deyirik: Mehriban xanımın rəhbərlik etdiyi Fond möhtəşəm layihələrə imza atır!

O gün olsun ki, Heydər Əliyev Fondunun Şuşada təmir-bərpa işlərinin, Kəlbəcərdə “İstisu müalicə-kurort mərkəzi”nin yenidən qurulmasının, Laçında yolların təmirinin, işğaldan azad edəcəyimiz digər ellərimizdə xeyriyyə aksiyalarının xəbərini paylaşaq! O günə bu gündən salam olsun!

Fondun fəaliyyət bayrağı və müstəqil respublikamızın dövlət bayrağı həmişə uca olsun!

Əkbər Qoşalı,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, 
şair – publisist

Xalq qəzeti.-2020.-10 yanvar.-№3.-S.3.