Çap etmək   ⁞     ⁞   Fond haqqında

Möhtəşəm layihələr müəllifi

Minilliklər boyu Böyük İpək Yolu üzərində Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan bu gün müasir dövrün qlobal çağırışlarına cavab və dəstək verən ölkə olaraq, dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Azərbaycanda bütün sahələrdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətləri, davamlı inkişafı Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Bu uğurlarla bərabər, bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini də vurğulamalıyıq. Bütün beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir.

Öz kökünə və ənənələrinə sadiq olan Azərbaycan başqa xalqların da dilinə, mədəniyyətinə böyük həssaslıqla, hörmətlə, qayğıkeşliklə yanaşıb və bu gün də bu ənənə davam etməkdədir. Müasir dövrümüzdə Azərbaycan milli-mənəvi dəyərləri ilə sivilləşir və dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycanın təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, əsas xətt olaraq, davam etdirilir. Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin, dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir:”İstər YUNESKO-nun Xoşməramlı Səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. ..Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə, bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

“Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib, milyonlarla dinc insani öz yurdundan didərgin salib - mədəniyyət abidələrimizi dağidib”

Mehriban xanım Əliyevanın gördüyü işlər, Azərbaycanı olduğu kimi, dünya panoramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla və mədəni körpülər vasitəsi ilə siyasət həyata keçirilir. Ehtiyacı olan insanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır. Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib və milyonlarla dinc insanı öz yurdundan didərgin salıb-mədəniyyət abidələrimizi dağıdıb. Buna baxmayaraq, Azərbaycan sülhsevər siyasətini davam etdirir, humanizm, mədəniyyət, tolerantlıq və dialoq vasitəsinə üstünlük verir. Bu, bir daha Azərbaycanın humanizmə, qarşılıqlı əməkdaşlığa, tolerantlığa, mədəniyyətlər və dinlər arasında real dialoqa töhfələr verdiyini ehtiva etmiş olur. “Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır”, - deyən Mehriban xanım Əliyeva Azərbaycan xalqının təcavüz və torpağının işğalı ilə XXI əsrə qədəm qoyduğunu vurğulayır. Odur ki, bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur. Fondun nəşrləri sırasında olan “Qarabağ həqiqətləri” bukletlər toplusunda da Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri və erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya vardır. Xocalı soyqırımı ilə əlaqədar isə, Heydər Əliyev Fondu xüsusi layihələr həyata keçirir. Onu da vurğulayaq ki, 2008-ci ildə Avropada ilk dəfə olaraq Niderlandın Haaqa şəhərində Xocalı faciəsinə həsr edilmiş abidə ucaldıldı. Moskvada “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Yaddaşın əbədiliyi” adlı gecə, Vilnüs, Bern, Afina, London və Parisdə matəm konsertləri, Berlində sərgi və s. təşkil edilib. Bosniya və Herseqovinada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Xocalıda baş verən dəhşətlərdən söhbət açan “Sonsuz dəhliz” filmi dünya xalqlarına təqdim olunub. Meksika, Kolumbiya, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama, Honduras, İndoneziya parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Cibuti Milli Assambleyası və Şotlandiya parlamenti Xocalı soyqırımını pisləyən qətnamələr qəbul edib.

Tədrisin və təlimin yüksək səviyyədə təşkilinə diqqət artib

Beynəlxalq miqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi də tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib. Fondun “Təhsilə dəstək” layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə, təhsil ocaqlarının əyani vəsaitlə və şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edib.

Heydər Əliyev Fondu gürcüstanlı soydaşlara, bütün sahələrdə olduğu kimi, təhsil səviyyəsinin müasir tələblərlə ayaqlaşması baxımından da, yardımını əsirgəməyib. Heydər Əliyev Fondu tərəfindən Gürcüstandakı azərbaycanlılara olan diqqət bir sıra layihələrin həyata keçirilməsi ilə özünü göstərir. İndiyədək azərbaycanlıların yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı bölgəsində uzun illər təmir olunmamış bir neçə məktəb binası fondun dəstəyi ilə əsaslı surətdə yenidən qurulmuşdur. “Təhsilə dəstək” layihəsi çərçivəsində belə təhsil ocaqları sırasına Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi daxildir. Bu məktəblər Heydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilib. Hər bir məktəb fond tərəfindən müasir tələblərə uyğun inşa və yaxud da təmir edilib. Həmin təhsil müəssisələri lazımi avadanlıqlarla təchiz olunub. Azərbaycanlıların təhsilinə böyük önəm verən fondun prezidenti onların tədrisinin və təliminin yüksək səviyyədə təşkilinə diqqət ayırıb. Adlarını sadaladığımız təhsil ocaqlarında müasir standartlara uyğun tədris üçün hər cür şərait yaradılıb.

Bu görülən işlər Heydər Əliyev Fondunun məqsədinin məntiqi davamıdır. Müasir standartlara uyğun olan belə bir gözəl məktəblərin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun rolu danılmazdır. Bütün bunlar Heydər Əliyev Fondunun humanizm prinsiplərini, eləcə də, Azərbaycan təhsilinə olan diqqətinin məntiqidir. Azərbaycanın elminin. təhsilinin yüksəldilməsi, yüksək intelktuala, dünyagörüşünə malik gənc nəsilin yetişməsi təhsilin bünövrəsindən, onun dünya standartlarına uyğun olaraq qurulmasından asılıdır ki, Heydər Əliyev Fondu tərəfindən də bu həyata keçirilir. “Təhsilə dəstək” layihəsinin məzmununda da bu özünün təsdiqini tapır. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın təhsilinə, yaşayış tərzinə və hüquqlarının qorunmasına diqqət ayrılır. Odur ki, dünya ölkələrində yaşayan soydaşlarımız özünün azərbaycanlı olduğundan qürurlanır.

Gördüyümüz kimi, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, təhsil və s. inkişafını təmin edən layihələrin dəstəklənməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib. İnanırıq ki, Mehriban xanım Əliyeva gələcək fəaliyyətində də bu strateji istiqamətlərdə möhtəşəm layihələrin həyata keçirilməsini davam etdirəcək.

Nəzakət Ələddinqızı

Səs. - 2018.- 9 yanvar.-№3. - S.4.