Çap etmək   ⁞     ⁞   Fond haqqında

Yeni məktəblərin tikintisi sürətlə davam etdirilir

Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycan Prezidenti andiçmə mərasimində bu məsələyə toxunaraq demişdir: “Ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib.”

Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir: “Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub”.

 Məlumat üçün bildirək ki, 2017-ci ildə ölkəmizdə 133 yeni məktəb tikilmiş, 14 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır.

Son vaxtlar modul tipli məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Hazırda ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi gedir.

Ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə Prezident İlham Əliyevin qəzalı vəziyyətdə olan məktəblərin 2017-2018-ci illərdə modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırıq vermişdir. İlk pilot layihə çərçivəsində artıq Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb binası quraşdırılaraq təhvil verilib. 2017-2018-ci illərdə 232 məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Cari ilin sonuna qədər 100-dək bu tip məktəb binası təhvil veriləcək. 17 rayonda 23 modul tipli məktəbin quraşdırılması davam edir. Mayın sonunadək daha 19 məktəb binasının quraşdırılması nəzərdə tutulur.

Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun azaldılıb-artırıla bilməsindədir. Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, bu cür binalarda istilik itkisi iki dəfə az olur, rütubət isə ümumiyyətlə olmur. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.

Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri böyükdür. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib. Azərbaycanın Birinci vitse-prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yeni istifadəyə verilən məktəb və uşaq bağçalarının açılış mərasimlərində iştirak edir, kollektivlərlə görüşür, onlara milli təhsilimizin inkişafında uğurlar arzulayır.

 Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş dövlət proqramları da məktəb tikintisinin genişlənməsinə əhəmiyyətli stimul vermişdir. Məktəb tikintisini regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib.

Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin.

Təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Bu məktəblərdə təhsilin keyfiyyəti də yüksəlməkdədir. Müəllim hazırlığı, kurikulumun (tədris proqramlarının) hazırlanması,yeni dərsliklərin yaradılması və digər sahələrdə də islahatlar davam edir. Yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən yeniliklər son illər qazanılan uğurlardır.

Bir sözlə, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir. Lakin işlər bununla yekunlaşmır. Hazırda respublika üzrə cəmi 4500 məktəb var, onların çox hissəsi yenidən tikilib və bu proses davam edir.

M.MÜKƏRRƏMOĞLU

 Xalq qəzeti.-2018.-17 may.- № 110.-S.14.