Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

İslam həmrəyliyinin təntənəsi


Bu gün Yer kürəsində müharibə ocaqlarını körükləyənlər, terrorçulara qol-qanad verib günahsız insanların qanına bais olanlar bunu İslam dininin adına yazmaqdan, müsəlman ölkələrinə qara yaxmaqdan çəkinmirlər. Bu dinin əsl mahiyyəti qardaşlıq, bərabərlik, sevgidir. İslam dini milli kimliyindən, dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün insanların xoşbəxt yaşamaq, azad olmaq, öz hüququna sahib çıxmaq kimi ali haqlarının təbliğatçısı və müdafiəçisidir.

Təəssüf ki, biz bu gün bəşəriyyəti barışa, sülhə, həmrəyliyə dəvət edən, multikultural dəyərləri milli-mənəvi sərvətimiz kimi qoruyub saxlayan, onun qədir-qiymətini dərk edib bütün dünyaya yayan, fəqət torpaqları işğal olunmuş, hələ də igid oğullarının şəhid xəbərlərini alan, əsir, girov götürülmüş övladlarının taleyini düşünən, dünyadan ədalət istəyən bir ölkənin vətəndaşlarıyıq. Lakin bu qədər dərdlərin, problemlərin içərisində belə, bu məmləkətdə böyükdən kiçiyədək hər kəs yalnız öz vətəninə, xalqına deyil, bütün dünyaya sülh, əmin-amanlıq arzulayır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi də bu ali məqsədin, böyük arzunun təcəssümüdür.

Azərbaycan daha bir beynəlxalq tədbirə evsahiblyi etməyə hazırlaşır. Respublikamızın paytaxtında - Bakıda 12-22 may 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları baş tutacaq. 

Azərbaycan xalqının qonağa ehtiramı hər zaman böyük olub. Bu dəfə də tədbirin möhtəşəmliyi ev sahibindən mükəmməl hazırlıq, zəngin təcrübə tələb edir. Şübhəsiz, hər bir beynəlxalq tədbirin təşkili yalnız onun təşkilatçılarının deyil, bütövlükdə ölkənin şərəfidir. Buna görə də məsuliyyət böyükdür. Və bu məsuliyyətli vəzifə - “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə həvalə edilib. Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanımın rəhbərliyi altında IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri yüksək səviyyədə tamamlanmaqdadır.

Ölkəmiz müstəqillik illərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT), İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO), eyni zamanda, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilib və qlobal əhəmiyyətli mühüm mədəni forumların təşkilatçısı olub. Azərbaycanın İslam aləmində qazandığı nüfuz nəticəsində 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı elan olunub. İƏT-in ən fəal üzvlərindən olan Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti addımı isə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsidir. Həm də elə bir zamanda ki, İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığına çox böyük ehtiyac var. Tarixin hazırkı keşməkeşli dövründə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsində də əsas məqsəd İslam həmrəyliyində Azərbaycanın rolunu gücləndirməkdir. 

Oyunların təşkilati məsələləri böyük diqqətlə, canıyananlıqla, əsl peşəkarlıqla düşünülüb həyata keçirilməkdədir. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının bütün elementlərində xalqımızın zəngin tarixi, misilsiz mədəniyyəti, eyni zamanda İslam dininə dərin köklərlə bağlılığı təcəssüm olunub. Ölkəmizin paytaxtında keçiriləcək yarışın brendi və loqosu hazırlanarkən, ümumilikdə İslam dövlətlərinin müasirliyi ilə yanaşı, onun böyük mədəni keçmişinə həssaslıqla yanaşılıb. Azərbaycanlı dizaynerlər qrupunun ərsəyə gətirdikləri loqoda İslam dövlətlərinin tarixi, irsi və mədəniyyəti məharətlə əks etdirilib.

Müasir mədəniyyəti, keçmişi və gələcəyi özündə birləşdirən brenddə müsəlman dövlətlərinə xas zəngin mədəni ənənənin tərkib hissəsi olan xalçaçılığın müasir təsviri yer alıb. Brenddə istifadə olunan xalça naxışlarının elementləri Azərbaycan irsini əks etdirir. Həmin elementlər UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərindəki tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə nəfis şəkildə birləşdirilib. Bu, İslam mədəniyyətinin və İslam Həmrəyliyi Oyunlarında nümayiş etdiriləcək idman tədbirlərinin müasir təsviridir. 

Azərbaycanda səbirsizliklə gözlədiyimiz İslam Həmrəyliyi Oyunlarının simvolu olaraq su ünsürü götürülüb ki, bu da böyük məna daşıyır. Azərbaycan xalqı həmişə suyu müqəddəs hesab edib. Su aydınlıqdır, su dirilikdir. Susuz dünya məhv olar. Bütün canlılar varlığına görə ona minnətdardırlar. Su həyat deməkdir.

Digər tərəfdən, Yer kürəsinin bugününü təsəvvürümüzdə canlandırmaq belə ağrılıdır. Çünki real mənzərələr XXI əsrin gözləntilərinə qətiyyən uyğun deyil. Dünyanın bir sıra yerlərini müharibələr, terrorlar alovlara bürüyüb, insanları dinc, əmin-amanlıq şəraitində yaşamaqdan, sevincdən, xoşbəxtlikdən məhrum edib. Xüsusilə İslam ölkələrinin çoxunda vəziyyət gərgin olaraq qalmaqdadır. Müharibələrə, terrorçuların hücumlarına düçar edilən həmin ölkələrə hər tərəfdən sanki od yağdırılır. Su həm də İslam ölkələrindəki alovun söndürülməsi simvolu kimi nəzərdə tutulub.

Azərbaycan da bu gün qan-qadadan, ədalətsiz müharibənin gətirdiyi ağır bəlalardan kənarda deyil. Xalqımızın ən ağrılı yeri Qarabağ torpaqlarının erməni təcavüzünə, namərd işğalına məruz qalmasıdır. O qədim yurd yerlərimizə məxsus, Qarabağ adı ilə şöhrətlənən və bizi dünyada tanıdan milli, mənəvi sərvətimiz çoxdur. Onlardan biri də məşhur Qarabağ atlarıdır. “At muraddır”, - deyib ulu babalarımız. At qəhrəmanlıq rəmzidir. Azərbaycan şifahi xalq ədəbiyyatında - nağıllarımızda, əfsanələrimizdə, dastanlarımızda da at igidə yoldaş, arxa, dayaq kimi təsvir olunub. Hər zaman at igidin qeyrəti sayılıb. IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi daha bir uğurlu seçim edib. Belə ki, Azərbaycanın milli sərvəti, gözəlliyi ilə ən yüksək təriflərə layiq Qarabağ atları “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının talismanı olub. 

IV İslam Həmrəyliyi Oyunlarının bütün rəmzləri kimi bu da böyük düşüncənin, xalqımıza sevginin, ehtiramın göstəricisidir. Belə mötəbər yarışın rəmzinin Qarabağ atları olması və tədbirin Qarabağ atlarının gəlişi ilə açılması həm də bütün Azərbaycan vətəndaşlarının böyük arzuya, ümidə yetişəcəyinin təcəssümüdür. Bir daha inamla düşünürsən ki, Qarabağ Azərbaycanın qürurudur və torpaqlarımız bir gün mütləq işğaldan azad ediləcəkdir. O qədim yurd yerlərimizdə igidlərimiz yenə at çapacaqlar. 

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəmzi hesab edilən Qarabağ atları “İncə” və “Cəsur” adlandırılıblar. “İncə” zəriflik, gözəllik nümunəsi, adət-ənənələrin, milli dəyərlərin, müasirliyin təmsilçisidir. “Cəsur” isə cəsarəti, dəyanəti və mərdliyi təcəssüm etdirir. Ona görə ki, qətiyyətli, iradəli, əzmkar və qorxmazdır. 

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan səyahət marşrutu artıq öz yolunu uğurla davam etdirməkdədir. Su səyahətinə aprelin 5-də Bakıdakı Daş Salnamə Muzeyində start verilib. Azərbaycan Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər. 

Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunmuş mərasimdəki çıxışında qeyd edib ki, bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik: “Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün kifayət qədər imkanları olacaqdır.

Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir ölkədir. Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb. Azərbaycan qədim müsəlman diyarıdır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir”. Ölkə rəhbəri İslam aləminin birliyini vacib hesab edərək xüsusi vurğulamışdır: “Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıda bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və birliyimiz bizim gücümüzü artırır”.

Mərasimdə uşaqların əllərində su səhəngləri ilə səhnəyə daxil olması maraqla izlənilib. Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edib. Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti 3 min kilometrdən çox məsafəni qət edəcək.

Keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları artıq Azərbaycanda ümumi bayram əhvali-ruhiyyəsi yaradıb. Çoxları bu böyük tədbirə öz töhfəsini vermək arzusundadır. Oyunların keçirilməsində 8 mindən çox könüllü iştirak edəcək. Prezident onların rolunun xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Ölkə başçısı İlham Əliyev təşkilatçıların misilsiz xidmətlərini, böyük zəhmətlərini də nəzərə çatdırıb, IV İslam Həmrəyliyi Oyunlarının hazırlanmasında xüsusi rola malik olan Təşkilat Komitəsinə, onun bütün üzvlərinə və komitənin sədri Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, Mehriban xanım Əliyeva bundan əvvəl I Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi dünya səviyyəli bir idman hadisəsinin təşkilinə rəhbərlik edib. Qədim Şərq mədəniyyətinin əsas mərkəzlərindən biri kimi ölkəmizi beynəlxalq miqyasda tanıtmaq, bütün sahələrdə ənənələrimizi, milli-mənəvi dəyərlərimizi təbliğ etmək yolunda Birinci vitse-prezident misilsiz xidmətlər göstərib. UNESCO və ISESCO-nun xoşməramlı səfirinin həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, dünyada Azərbaycana rəğbət bəsləyənlərin, onun haqqında daha məlumatlı olmaq istəyənlərin sayı artıb. Ölkəmizi tanıdıqca, tarixinə, mədəniyyətinə bələd olduqca onu sevənlər Azərbaycanın dostlarına çevriliblər. Bütün bunlar xalqımızın haqq səsinin dünyada daha aydın eşidilməsində, mənfur qonşularımızla ideoloji mübarizədə bizim qələbəmizi şərtləndirən böyük əhəmiyyətə malik inkaredilməz həqiqətdir.

Tarixən belə olub. Azərbaycan onu sevən, xoşbəxtliyi yolunda böyük əzmlə çalışan, fədakar vətəndaşlarının sayəsində yüksəlib. Mehriban xanım Əliyevanın da fəallığı, nüfuzu, İslami inanclara, milli-mənəvi dəyərlərə böyük hörmətlə, ehtiramla yanaşması onu yalnız öz xalqının gözündə ucaltmayıb. Respublikamızın hüdudlarından uzaqlarda da ölkənin Birinci vitse-prezidenti yüksək intellektə, yenilməz qətiyyətə malik, ədalətli, humanist mövqeli şəxsiyyət kimi qəbul edilir. O, öz məqsədyönlü fəaliyyəti ilə xalqımızın, ölkəmizin adını hər zaman yüksəklərə ucaldır. Mehriban xanım Əliyevanın dünya qadınları sırasında ilk dəfə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi də bütövlükdə Azərbaycanın sevinci, qüruru və uğurudur.

Respublikamızın ilk Avropa Oyunlarına yüksək peşəkarlıq və məharətlə evsahibliyi etməsində Mehriban xanımın misilsiz xidmətləri, bacarığı danılmazdır. 

2015-ci ildə Bakı I Avropa Oyunlarının paytaxtı, Azərbaycan isə bu yarışların vətəni oldu. O vaxt təşkilatçılıq məsələlərində peşəkarlıq, yüksək mədəniyyət və qonaqpərvərlik nümayiş etdirildi. Mötəbər idman tədbiri öncəsi infrastrukturdan tutmuş texniki məsələlərə, viza rejiminədək bütün işlər dəqiqliklə yerinə yetirildi. Ölkədə yeni idman qurğuları inşa edildi, mövcud idman mərkəzləri təmir olundu. Atletlər və Media kəndləri yaradıldı, nəqliyyat infrastrukturu təkmilləşdirildi, viza rejimi sadələşdirildı və digər vacib tədbirlər həyata keçirildi. “Bakı-2015” qitəmizin idman hərəkatında yeni bir dövrə start verdi. Avropanın 50 ölkəsindən gələn 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışı yüksək səviyyəli təşkilatçılığı, möhtəşəm açılış və bağlanış mərasimləri ilə unudulmaz oldu, tarixə əbədi həkk edildi.

“Bakı-2015” ilk Avropa Oyunlarının simvolu nar və ceyran idi. Bunların da öz mənaları var. Azərbaycanın təbiəti üçün unikal sayılan Ceyran və Narın seçilməsi Ana Vətənimizin dəyərli sərvətlərinin bütün dünyaya təqdimatının bir üsulu idi. Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini ifadə edir. O, ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu kimi təqdim olundu. 

Respublikamızın əksər bölgələrində və dünyanın bəzi ölkələrində yetişsə də, bizim Göyçay rayonunda unikal görünüşü, cənnəti gilələri, özünəməxsus dadı-tamı ilə tam fərqli olan, adı ilə məşhurlaşan nar isə meyvələrin şahı sayılır. Nar günəşi sevir. Günəş isə nur mənbəyidir.

I Avropa Oyunlarından sonra - 2015-ci il iyunun 29-da Mehriban xanım Əliyeva yüksək komanda işinə, vətən, torpaq, yurd sevgisinə görə ölkə başçısı tərəfindən “Heydər Əliyev” ordeni ilə təltif edildi. 

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə də əzmlə rəhbərlik edir. Oyunlarla bağlı keçirilən iclaslarda o, dəfələrlə bildirib ki, indiyədək ölkəmiz bir çox irimiqyaslı beynəlxalq tədbirlərə imza atıb.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında Prezident İlham Əliyev bu möhtəşəm tədbirin həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini yenidən nəzərə çatdırıb. Ölkə rəhbəri Oyunların Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini vurğulayıb.

Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva isə bu günədək ölkəmizdə bir çox irimiqyaslı beynəlxalq tədbirlər keçirildiyini xatırladıb: “Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərdi. Həm Siz, həm Azərbaycan xalqı, həm Oyunlarda iştirak edən idmançılar, həm də qonaqlar Oyunların çox yüksək səviyyədə hazırlanmasını qeyd etdilər. Ümumi fikrə görə, bu Oyunlar Yay Olimpiya Oyunları səviyyəsində hazırlanmışdı. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq”.

Bu gün müsəlmanlara, İslam ölkələrinə münasibət birmənalı deyil. Son illər dünyada, xüsusilə Qərbdə baş verən terrorlarda və digər cinayət əməllərində müsəlmanları günahlandırmaq, bunlara İslam adı ilə kölgə salmaq meyilləri çoxalıb. Daha bir acınacaqlı fakt budur ki, dünyanın onlarla ölkəsində davam edən silahlı münaqişələrin, müharibələrin əksəriyyəti ya müsəlman dövlətlərində baş verir, ya da müsəlmanlar həmin münaqişələrdə bu və ya digər şəkildə iştirak edirlər. Prezident İlham Əliyev dünyada İslama qarşı çirkin kampaniya aparanları nəzərdə tutaraq bildirib: “Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.

Əslində, İslamın ədalət, bərabərlik dini olduğunu bilənlərin də bir çoxu özünü bixəbər kimi göstərir. İslam dünyasında ictimai-siyasi durumun qeyri-sabit olmasının bir səbəbi də dini siyasi alətə çevirmək cəhdləri, təriqətlər, cərəyanlar və məzhəblərarası savaşlar, dini maarifsizlikdir. Bəziləri qəsdən, bəziləri isə bəşəriyyəti sülhə, barışa, insan haqlarına çağıran İslam dini və onun təməlini təşkil edən Qurandan xəbərsiz olduqlarından hansısa müsəlman ölkəsinin vətəndaşının siyasi və digər səbəblərə görə törətdiyi terrorları İslamın adına çıxarırlar. Bütün bunların fonunda vətəndaş müharibələrinin getdiyini, yüzlərlə, minlərlə günahsız müsəlmanın qətlə yetirildiyini müşahidə edirik. Müsəlmanların yaşadıqları bölgələrdə vəhşiliklər və zorakılıqlar tüğyan edir, yaşından, kimliyindən asılı olmayaraq insanlar öldürülür. Belə bir vaxtda dövlət başçımızın bütün dünyaya sülh, birlik, humanizm, barış mesajları verməsi ölkəmizin multikultural dəyərlərin daşıyıcısı olduğunu bir daha sübuta yetirir.

İslam birliyi, həmrəyliyi bütün dünyanı sülhə səsləyir. Azərbaycanda İslam dostluq, qardaşlıq və həmrəylik dini kimi qəbul edilir. Cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rolu olan bu din ölkəmizdə yaşayan xalqları bir-birinə bağlayan ən böyük mənəvi sərvətlərdən, ortaq dəyərlərdən biridir. İndi İslam həmrəyliyinin gücləndirilməsi və müsəlman dünyasının hərəkətə keçməsi, öz dəyərlərinə sahib çıxması, İslam dinini xürafata çevirərək, yanlış qələmə verənləri ifşa etməsi, bu dinin mahiyyətini, gözəlliklərini bəyan etməsi labüddür. IV İslam Həmrəyliyi Oyunları bu istiqamətdə də önəmli bir addımdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, İslam Həmrəyliyi Oyunları böyük siyasi, mədəni tədbirdir, böyük ictimai hadisədir: “Biz istəyirik ki, bütün dünya bilsin və görsün ki, İslam sülh dinidir, mərhəmət dinidir. Bizim qədim mədəniyyətimiz var və biz mədəniyyətimizlə fəxr edirik”.

Bu tarixi həqiqətdir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının və intibahının əsas mərkəzlərindən biri sayılıb, İslam dininin maddi və mənəvi irsinin formalaşmasında yaxından iştirak edib. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i keçib. Bu məscidlərin 300-dən çoxu tarixi-mədəni abidələr siyahısına salınıb. Tarixən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayıb, öz adət-ənənlərini, inanclarını davam etdirib, yaşadıblar. Bu gün istər respublikamızın paytaxtında, istərsə də regionlarda bütün dinlərin nümayəndələrinə öz milli adətlərini, dini ayinlərini sərbəst şəkildə icra etmələri üçün dövlət tərəfindən lazımi şərait yaradılıb, məbədlər, sinaqoqlar, kilsələr tikilib. “İslam həmrəyliyi ili” bir daha bütün dünya dinlərinin nümayəndələrini birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırır. 

“İslam həmrəyliyi ili” yalnız dini öhdəliklərinin təqdimatı məqsədilə deyil, müsəlman ölkələrinin həm sosial-iqtisadi, həm siyasi, həm də mədəniyyət sahəsində bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsi ilə səciyyələndirilməlidir. Müsəlman ölkələri arasında İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən işbirliyi qurumun üzv ölkələri arasında siyasi, iqtisadi, humanitar sahədə münasibətlərə kömək göstərsə də, həll olunmamış çox problemlər var. Dünya siyasətində və müsəlmanlar yaşayan regionlarda cərəyan edən bir sıra proseslər İslam ölkələri arasında sıx əməkdaşlığın vacibliyini ön plana çıxarır. İslam həmrəyliyi bölgənin tərəqqisinə rəvac verəcək. Müsəlman ölkələri arasındakı ayrı-seçkiliyin aradan qaldırılmasını, birliyin yaranmasını təmin edəcək. Mövcud gərgin vəziyyətlərdən çıxış yolu budur. İslam həmrəyliyi siyasi tələbat, siyasi maraq deyil, birlik, dostluq, qardaşlıq, sevgi kimi yüksək insani dəyərlərdir. İslam ölkələrinin dövlət xadimləri, qabaqcıl ziyalıları, din xadimləri müsəlman dünyasında birlik və bərabərlik, sevgi, hörmət, mərhəmət, tolerantlıq mühiti yaratmaq üçün səyləri artırmalıdırlar. İslam dünyası hərbi, siyasi və iqtisadi baxımdan birlik nümayiş etdirməli, həmrəy olaraq problemləri, onları yaradan səbəblərin həlli yollarını birlikdə axtarıb tapmalıdır.

İslam ölkələri ilə hərtərəfli münasibətlərin inkişafı, müsəlman dünyasında qardaşlığın, həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz İslam ölkələrinin bir araya gəlməsində bütün imkanlardan istifadə edir. IV İslam Həmrəyliyi Oyunları da müsəlman ölkələri arasında qarşılıqlı hörmət və anlaşma əlaqələrinin, birliyin möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin parlaq təntənəsinə çevriləcək.

Ölkəmizdə və bütün dünyada böyük maraqla, həyəcanla gözlənilən mötəbər idman yarışı - IV İslam Həmrəyliyi Oyunları günlərinin ərəfəsindəyik. Təşkilati istiqamətdə həyata keçirilən ilk tədbirlər göz önündədir. Artıq Azərbaycan bu sahədə öz standartlarını yaratmış, imicini formalaşdırmışdır. Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bu məsələyə xüsusi toxunmuşdur: “Biz “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq... Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni, artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir”.

Respublikamız təkcə İslam aləmində deyil, ümumən bütün dünyada həmrəyliyin və əmin-amanlığın təntənəsinə xidmət edən bu idman yarışını sülh, sabitlik və yüksək bayram ovqatında keçirməklə beynəlxalq ictimaiyyətə növbəti dəfə müasir şəhər infrastrukturunu, turizm imkanlarını, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzmini, tolerantlığını və qonaqpərvərliyini nümayiş etdirəcək. IV İslam Həmrəyliyi Oyunları müasir Azərbaycanın bütün dünyaya dolğun təqdimatını təmin edəcək.


Nurlana Əliyeva,
Bakı Slavyan Universitetinin rektoru, professor

Azərbaycan.- 2017.- 27 aprel.- № 88.- S. 5.