Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun dəstəyi ilə Tovuzda yeni məktəb binası tikilib

Tovuz rayonunun Alakol kəndinin məktəbliləri yeni dərs ilini ən müasir standartlara cavab verən tədris ocağında qarşılamışlar. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş yeni məktəb binası istifadəyə verilmişdir.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov belə gözəl tədris ocağının istifadəyə verilməsini ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda gənc nəslin təlim-tərbiyəsinə göstərdikləri qayğının növbəti təzahürü kimi dəyərləndirmişdir. Hazırda fondun yaxından iştirakı ilə Bozalqanlı kənd orta məktəbi üçün 1200 şagird yerlik yeni məktəb binasının tikintisinin aparıldığını, eləcə də Aşağı Quşçu və Köhnəqala kənd məktəblərinin əsaslı şəkildə təmir edildiyini diqqətə çatdıran Məmməd Məmmədov qeyd etmişdir ki, son 3 ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq istifadəyə verilmişdir. Belə müasir məktəb binalarının istifadəyə verilməsi isə söz yox ki, tovuzlular üçün əvəzsiz tohfədir.

Tədbirdə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, kənd ağsaqqalı Alı Əsgərov, məktəbin şagirdi Təhminə Quliyeva, məktəbin adını daşıdığı şəhid Nurəddin Sadıqovun həyat yoldaşı Kifayət Sadıqova və kənd sakini Oktay İsmayılov çıxış edərək məktəbin tikintisində əməyi olanlara minnətdarlıq etmiş, pedaqoji kollektivə, şagirdlərə isə yeni dərs ilində uğurlar arzulamışlar.

Sabir Əliyev

Azərbaycan. - 2019.- 17 sentyabr. - № 204. - S. 6.